Məhkəmə qərarları › İş №2-1(116)-3405/2024

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3405/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3405/2024 11.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi cavabdehin nümayəndəsi X2, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Yevlax şəhərində yerləşən 80.0 ha torpaq sahəsinin üzərindən heç bir əsas olmadan yüklülüyün saxlanılmasının qanunsuz hesab edilməsi və həmin torpaq sahəsinin üzərindən yüklülüyün, yəni həbsin və qadağanın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “iddiaçının mülkiyyətində olan Yevlax şəhərində yerləşən 80.0 ha torpaq sahəsinin üzərindən heç bir əsas olmadan yüklülüyün saxlanılmasının qanunsuz hesab edilməsi və həmin torpaq sahəsinin üzərindən yüklülüyün, yəni həbsin və qadağanın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı bildirir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(116)-6/2022 və MXMT(116)-7/2022 saylı qərardadları ilə İddiaçı MMC-nin mülkiyyətində olan Yevlax şəhərində yerləşən 80,0 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Hazırda qeyd edilən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsi başa çatdığından, həmin torpaq sahəsinin üzərində əsassız olaraq qadağanın saxlanılması İddiaçı MMC-nin mülkiyyət hüququnun pozulmasına səbəb olur. Bunu nəzərə alaraq, Lalə-Tekstil” MMC-nin mülkiyyətində olan. Yevlax şəhərində yerləşən 80,0 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsinə dair Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(116)-6/2022 və MXMT(116)- 7/2022 saylı qərardadlarının ləğv ediməsi və torpaq üzərindən qadağanın götürülməsinə dair ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Şəki İnzibati Məhkəməsinin MXMT(116)- 7/2022 saylı xx.xx.2024-cü il tarixli Qərardadı ilə Lalə-Tekstil MMC-nin ərizəsi mümkün sayılmamış və qərardadda göstərilmişdir ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(116)-6/2022 və MXMT (116)-7/2022 saylı qərardadları qüvvədə olmadığından, həmin qərardadların ləğvinə dair ərizəyə baxılması mümkün deyildir. Bundan sonra, İddiaçı MMC-nin həbsin götürülməsinə dair ərizəsi və həmçinin Şəki İnzibati Məhkəməsinin qərardadı və müvafiq məktubu cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə təqdim edilmiş, lakin cavabdeh tərəfindən “Lalə-Tekstil" MMC-nin mülkiyyətində olan, Yevlax şəhərində yerləşən 80,0 ha torpaq sahəsinin üzərindən yüklülük heç bir əsas olmadan götürülməmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli imtina məktubunda göstərmişdir ki, əmlak üzərində mövcud olan həbsin saxlanılması məqsədəuyğun olduğundan, yüklülüyün aradan qaldırılması hazırkı vəziyyətdə mümkün deyildir. Hesab edirik ki, cavabdeh tərəfindən “Lalə-Tekstil" MMC-nin mülkiyyətində olan, Yevlax şəhərində yerləşən 80,0 ha torpaq sahəsinin üzərində heç bir əsas olmadan yüklülüyün saxlanılması qanunsuz hesab edilməli və İddiaçı MMC-nin mülkiyyətində olan. Yevlax şəhərində yerləşən 80,0 ha torpaq sahəsinin üzərindən yüklülüyün, yəni həbsin və qadağanın ləğv edilməsi (götürülməsi) vəzifəsi cavabdehə həvalə edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu;

2. Şəki İnzibati Məhkəməsinin MXMT (116)-7/2022 saylı xx.xx.2024-cü il tarixli Qərardadı;

3. Torpaq sahəsinin sənədləri;

4. Hüquqi şəxsə dair reyestrdən çıxarış;

Əsaslandırma hissəsi:

Məhkəmə iddia ərizəsini qanunvericiliyin tələbləri baxımından təhlil edərək, aşağıdakılara əsasən hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddianın mümkünlüyünə dair məhkəmənin hüquqi mövqeyini iddiaçının diqqətinə çatdırılması,onunla müzakirə edilməsi məqsədi ilə 11 dekabr 2024-cü il tarixli məhkəmə iclası təyin edilmiş,məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilmişdir.Nəticə etibarı ilə iddiaçının dinlənilmə hüququ təmin edilmişdir. İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı iddiaçının mülkiyyətində olan Yevlax şəhərində yerləşən 80.0 ha torpaq sahəsinin üzərindən heç bir əsas olmadan yüklülüyün saxlanılmasının qanunsuz hesab edilməsi və həmin torpaq sahəsinin üzərindən yüklülüyün, yəni həbsin və qadağanın ləğv edilməsinə nail olmaqdır. İddia ərizəsindən göründüyü kimi Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, MXMT(116)-6/2022 və MXMT(116)-7/2022 saylı qərardadları ilə İddiaçı MMC-nin mülkiyyətində olan Yevlax şəhərində yerləşən 80,0 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi qadağan edilmişdir. Məhkəmə hesab edir ki,iddiaçı həmin qərardadlar üzrə icra dönüş haqqında müvafiq qaydada müraciət edə,həmin məsələ məhkəmə qərardadı əsasında həll edilə bilər.Yəni,hazırkı mübahisə yenidən inzibati mübahisə predmeti deyildir. İnzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub-olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi-hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün ilkin şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 6 və 7-ci bəndləri ilə məhkəmələrə izah olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Həmin Qərarın 2.3, 4.2, 5.1, 6.1, 6.2 və 8.5-ci bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar (4.2). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarında göstərilir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində qeyd edilir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Beləliklə, Məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək qeyd edir ki,hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılmalı olmadığından, iddia mümkün sayılmamalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə,

qərara aldı :

İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “iddiaçının mülkiyyətində olan Yevlax şəhərində yerləşən 80.0 ha torpaq sahəsinin üzərindən heç bir əsas olmadan yüklülüyün saxlanılmasının qanunsuz hesab edilməsi və həmin torpaq sahəsinin üzərindən yüklülüyün, yəni həbsin və qadağanın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar