Məhkəmə qərarları › İş №2-1(116)-341/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-341/2024

21.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-341/2024 21.05.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rəsulova Rahidə Qurban qızının katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı ünvan 1 ünvanında yerləşən 553 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 17 saylı Yevlax ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Mingəçevir şəhəri Günəşli yaşayış massivi ev 17 ünvanında yerləşən torpaq sahəsi üzərində onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin yaşayış sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-341/2024 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Mingəçevir şəhəri Günəşli yaşayış massivi ev 17 ünvanında yerləşən 553 kv.metr torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi aşağıdakı kimi əsaslandırılmışdır: - ünvan 2 ünvanında yerləşən torpaq sahəsi Mingəçevir şəhəri XDS İcraiyyə Komitəsinin 21 sentyabr 1989-cu il tarixli 367 saylı qərarına əsasən “Qaya” kollektiv bağçılıq təsərrüfatının 10 mart 1992-ci il tarixli 18 saylı orderi ilə ona ayrılmışdır. Lakin bu günədək onun həmin yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarış almamışdır. Bu məqsədlə cavabdeh orqana müraciət etmiş, müraciətinə cavab olaraq, torpaq sahəsinə çıxarış verilməsi üçün hüquqmüəyyənedici sənədlər təqdim olunmadığından ərizənin icrasından imtina edildiyi bildirilmiş, məhkəməyə müraciət etmək hüquqlarım izah olunmuşdur. Cavabdeh orqan iddia tələbinə etirazında aşağıdakıları qeyd etmişdir: - iddiaçı Mingəçevir şəhərində yerləşən, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin “Qaya” kollektiv bağçılıq təsərrüfatı tərəfindən ayrılmış 622.51 kv.metr torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsinə köməklik edilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Nəzərə çatdırılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7. maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. İddiaçının ərizəsinə əsasən torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim olunan sənədlər (surətləri) araşdırılmışdır. Araşdırma nəticəsində məlum oldu ki, yuxarıda qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri iddiaçının ilkin müraciəti zamanı ərizəsinə əlavə edilməmişdir. Ləğv edilmiş Mingəçevir şəhər Bağlar İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin “Qaya” kollektiv bağçılıq təsərrüfatının adlı siyahısında İddiaçı adı qeyd edilməmişdir. Ərizəyə əlavə edilən ləğv edilmiş DTXK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən verilmiş 622.51 kv.m bağ sahəsinə dair torpaq sahəsinin planı və ölçüsü X4 kitabında xx.xx.2009-cu il tarixində 1175 nömrə ilə uçota alınmış A seriyalı 155799 nömrəli, müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini, şərti işarələr və nişanələr vasitəsilə əks etdirən texniki sənəd olduğu üçün həmin sənəd əsasında torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər razı olmadıqda, mübahisələrə qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin mövcud tələblərini rəhbər tutaraq iddia tələbinin rədd olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, X2 filialının xx.xx.2020-ci il tarixli arxiv arayışı, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 367 saylı qərarı, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin “Qaya” kollektiv bağçılıq təsərrüfatının xx.xx.1992-ci il tarixli 18 nömrəli orderi, A155799 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi, cavabdehin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli məktubları və onlara əlavə olunmuş mütəxəssis rəyləri, cavabdehin xx.xx.2024-cü il tarixli məktubu, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilmiş Mingəçevir şəhəri üzrə vətəndaşların xüsusi mülkiyyətinə verilən bağ sahələrinə aid subyektlər siyahılarından İddiaçı aid hissədən çıxarışlar, Mingəçevir Şəhəri İcra Hakimiyyəti Başçısının Sərəncamı xx.xx.2008ci il tarixli 161 nömrəli sərəncamı. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı ilə yaradılmış komissiya vətəndaşlara, idarə, müəssisə və təşkilatlarda DƏDRX-nin Mingəçevir bölməsində olan sənədlərə istinad edərək ilkin siyahıda dürüstləşdirmə aparmış, ailə başçılarının, ailə üzvlərinin soyadı, adı, atasının adı dəqiləşdirərək, vətəndaşların istifadələrində olan bağ torpaq sahələrinin qanuni ölçülərini müəyyənləşdirməklə yekun siyahı hazırlamış, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı ilə komissiyanın iştirakı ilə hazırlanmış akt və yekun (dürüstləşdirilmiş) siyahı təsdiq edilmişdir. İş materiallarında olan, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin “Qaya” kollektiv bağçılıq təsərrüfatının xx.xx.1992-ci il tarixli 18 nömrəli orderi ilə müəyyən edilir ki, iddiaçı “Qaya” kollektiv bağçılıq təsərrüfatının üzvü olmuşdur. Odur ki, iddia olunan torpaq sahəsi iddiaçının qanuni istifadəsində olduğundan Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 09 sentyabr 2008-ci il tarixli 161 nömrəli sərəncamı əsasında torpaq sahəsi iddiaçının adına sənədləşdirilərək, A seriyalı 155799 nömrəli “torpaq sahəsinin planı və ölçüsü” sənədi tərtib edilmişdir. Buna görə də Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli 20 saylı sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun 8.0.1-ci maddəsinə əsasən sözügedən torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsasdır. Digər tərəfdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair tələb edilən sənədlərin siyahısından görünür ki, maddi hüquq normasının mahiyyəti - torpaq sahəsinin həqiqətən də bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşa ayrılıb ayrılmamasının, o cümlədən torpaq sahəsi ayrılmış şəxsin kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olub-olmamasının müəyyən edilməsindən və yalnız bundan sonra mülkiyyət hüquqlarının qeydiyyatının aparılmasından ibarətdir. Bunun üçün isə torpaq sahəsi ayrılan şəxslər müvafiq ayrılmanı və kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olmasını təsdiq edən sübutları (icarə müqaviləsi, sərəncam və order, üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış) təqdim etməlidirlər. Hazırkı işdə iddiaçı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində birbaşa nəzərdə tutulmuş orderi cavabadeh orqana təqdim etsə də, cavabdeh orqan hüquqmüəyyənedici sənədlərin, o cümlədən iddiaçının adının adlı siyahıda mövcud olmamasına istinad edərək imtina cavabı vermişdir. Nəzərə alınmalıdır ki, bağ sahələrinə dair verilən orderlər istinad olunan normada qeyd edilən digər sənədlərlə eyni hüquqi statusa malik olmaqla hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Həmçinin iddia olunan torpaq sahəsinin yeri bəllidir və cavabdeh orqanın hüquq varisi olduğu DT və XK-nin Mingəçevir şəhər şöbəsi tərəfindən müvafiq plan-ölçü sənədi tərtib edilmişdir. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəylərində qeyd edilmişdir ki, iddia olunan torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları təyinatlı olmaqla mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Həmin torpaq sahəsi “Qaya” kollektiv bağçılıq təsərrüfatının ərazi hüdudlarında yerləşməklə A155799 №-li plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinə uyğundur. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı ünvan 4 ünvanında yerləşən 553 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar