Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-341/2025 17.02.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1974-cü il tarixdə Şəki rayonu Dərəcənnət kəndində anadan olmuşdur. 03 dekabr 1992-ci il tarixdə Şəki RHK tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, həmin tarixdən 1996-cı ilə kimi müxtəlif cəbhələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 12 fevral 1993-cü ildə Ağdərə rayonunun Çıldıran ərazisi adlanan hissəsini düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə yaralanmış və hərbi qospitala yerləşdirilmişdir. 01 aprel 1993-cü ilə kimi Mingəçevir şəhər Mərkəzi xəstəxanasında stasionar müayinə və müalicə olunmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra iddiaçıya aldığı xəsarətlərə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı döyüşlərdə yaralanan zaman ona "Sağ çiyinin kor güllə yarası, Döş qəfəsinin sivişi" və xx.xx.1993-cü ıl tarixdən xx.xx.1993-cü il tarixədək, Şəki mərkəzi rayon xəstəxanasında müalicə və müayinə olunduğu yaralanma diaqnozu - "sağ bazunun yuxarı 1/3 hissəsində güllə yaralanmasından sonra irinli yara. Asteno- nevrotik reaksia" olmuşdur. Həmin diaqnozlar qoyularkən səbəbinin "hərbi travma olması, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınması" göstərilmişdir. Hal-hazırda səhhətində ciddi problemlər mövcuddur. Özü özünü idarə etməkdə çətinlik çəkir. Özü müharibə vaxtı kantuziya almışdır. Belə bir vəziyyətdə iddiaçının əlilliyinin dayandırılması qanunzaidd olmuşdur. İddiaçının əlillik səbəbi əsassız və qanunsuz olaraq dayandırılmışdır. İddiaçı birinci Qarabağ müharibəsində iştirak etmiş və müharibə nəticəsində güllə yaraları almışdır. İddiaçını əlillik səbəbi sırf birinci Qarabağ müharibəsinin nəticəsi olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vanında Dövlət tibbi sosial ekspertiza və reablitasiya xidməti tərəfindən verilmiş arayışdan göründüyü kimi iddiaçıya Azərbaycan Respublikasının ərazi bütovliyinin müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlillik verilmişdir. Lakin 25 iyul 2022-ci il tarixdə təkrar müayinə zamanı iddiaçıya əlillik dərəcəsinin təyin edilməsindən imtina olunmuşdur. Səbəb kimi diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilmişdir. İddiaçı çoxsaylı şikayətlər etdikdən sonra yenidən xx.xx.2023-cü il tarixdə yenidən eyni səbəblə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdeh etirazını aşağıdakı kimi əsaslandırmışdır : İddiaçının əlillik vəziyyətinə Şəki Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Sağ bazunun yuxarı 1/3-nin odlu silah yaralanmasından sonrakı vəziyyət. və Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir olmuşdur. O cümlədən qeyd edirik ki, tərəfimizdən vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, Şəki şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********1). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2010-cu il tarixli 953 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ çiynin kor güllə yarası. Döş qəfəsinin sivişi. Sağ bazunun yuxarı 1/3 hissəsində güllə yaralanmasından sonra irinli yara. Asteno- nevrotik reaksiya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ bazunun yumşaq toxumaların zədələnməsindən sonrakı dəri çapığı qeyd olunsa da, əlillik təyinatına əsas verən hərəki məhdudiyyət və əzələ atrofiyası, oynaqlarda kontraktura izlənilməmişdir. Yuxarı ətrafların əzələ gücü ~4,0 bal kimi dəyərləndirilmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol yuxarı ətrafda hərəkət məhdudluğundan şikayətlənmişdir. Müayinə zamanı sağ bazu nahiyəsinin yuxarı 1/3-də çapıq toxuma izlənilmiş, yuxarı ətraflarda əzələ inkişafı paralel, hipotrofiya, atrofiya, parez, iflic aşkarlanmamış, hərəkətlər sərbəst və ağrısız olmuşdur. Təqdim olunmuş hərbi biletdə 1993-cü ildə yaralandığı,1996-cı ilə qədər hərbi xidmətini davam etdiyi haqqında məlumat qeyd olunmuşdur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli ********** nömrəli Arayışında diaqnoz “Sağ bazunun yuxarı 1/3-in odlu silah yaralanmasından sonrakı vəziyyət. Körpücük sümüyünün sternal meninksi xroniki osteomieliti, funksiya edən fistula. Sağ bazu oynağının postravmatik artrozu. Kontrakturası (bükmə 10°, acma 20°, uzağlaşma 70°). Sağ bazunu ön və arxa səthinin çapıq toxuması. Ətraf funksiya pozğunluğu. Ağrı sindromu” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. MediPlanet Klinikasının xx.xx.2023-cü il tarixli EMQ müayinəsinin nəticəsi “M.Deltoideus-da denervasiya əlamətləri olan spontan aktivlik (PKD, FİBB) qeyd olundu. Bu ENMQ-sağ tərəfli radial, axillar nevropatiya ilə xarakterizədir (seqmental demielinizasiya)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasına üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər:
1. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məlumatı;
2. İddiaçıya məxsus Ə019201 seriya nömrəli İİ qrup əlillik vəsiqəsinin surəti.
3. xx.xx.2023-cü il tarixli ********** nömrəli arayışın surəti.
4. Mərkəzi Həkim Komissiyasının 953 nömrəli, xx.xx.2010-cu il tarixli qərarı;
5. İddiaçı barəsində Əlilik Altsistemindən çıxarışlar;
6. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-1747/2024 nömrəli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir.
7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1-Təcrübi və Tədris Birliyi”-nin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-nin xx.xx.2025-cİ il tarixli 193 nömrəli məktubu və ona əlavə edilmiş ekspert rəyi.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir.Müddətin pozulması baş verməmişdir. Məhkəmə işin hallarını araşdıraraq,aşağıdakı normaları işin hallarına tətbiq edərək mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlilliyin təyin edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Əlillik Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunmasına dair Əsasnamə” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən əlilliyin qiymətləndirilməsi elektron qaydada aparılır. Əlilliyin qiymətləndirilməsi üçün əsas sənəd dövlət tibb müəssisəsinin göndərişidir (Forma 88) və qiymətləndirmə zamanı yalnız göndərişdə qeyd olunmuş məlumatlar əsas götürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası : 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.1 və 1.3-cü bəndlərinə əsasən məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilir. Məhkəmə tərəfindən iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması barədə ekspertiza təyin edilmişdir.Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli T862/2024 nömrəli rəyində deyilir: “1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Sağ bazunun yuxarı 1/3-nin odlu silah yaralanmasından sonrakı vəziyyət” diaqnozu şəxsin anamnestik, kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilmiş, şəxsin əyani müayinəsində diaqnozdakı göstərilənlər klinik olaraq öz təsdiqini tapsa da hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən olunmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrindən hər hansı birini aid etmək mümkün olmadı Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının barəsində təqdim edilmiş forma 88 göndərişi və onun hazırkı sağlamlıq vəziyyəti yoxlanılmışdır. Nəticədə iddiaçı barəsində qoyulmuş “Sağ bazunun 1/3-nin odlu silah yaralanmasından sonrakı vəziyyəti” diaqnozu təsdiq olunmuşdur.Lakin,həmin diaqnoz qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan əlillik təyinatına əsas verən diaqnoz kimi nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, ilkin əlillik təyinatı zamanı şəxsdə mövcud olan xəstəliklər hazırda mövcud olsa da, həmin xəstəliklərin uzunmüddətli reabilitasiyasının mümkünlüyü nəzərə alınaraq ona yenidən əlilliyin təyin edilməsindən cavabdehin imtinası əsassız olmamışdır. Nəzərə alınmalıdır ki, məhz iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyü və onun sağlamlıq vəziyyətinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nəzərdə tutulmuş diaqnozun hər hansı birinə uyğunluğu sübuta yetirildiyi halda iddiaçıya əlilliyin təyin edilməsi mümkün ola bilərdi. Qüvvədə olan Meyarlara əsasən insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri aşağıdakı kriteriyalara əsasən müəyyən edilmişdir : 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. Həmin kriteriyalara əsasən isə sağlamlıq imkanlarının məhdudluq dərəcəsinə uyğun olaraq əlillik dərəcələndirilmişdir.Sözügedən Meyarların : 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: qərara aldı:
İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı “iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcəli əlilliyinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə