Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-342/2020 02.03.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, məshətçi (iclas katibi) X3 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbəblə rayon şöbəsinə qarşı “01.09.1972-ci il və 20.06.1973-cü illərdə Texniki Peşə Məktəbində təhsil aldığı və 1974-cü ilin yanvar, fevral, mart aylarında Kolxozlararası Tikinti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci ildə Qəbələ rayonunda doğulmuşdur. Orta məktəbdən sonra 01.09.1972-20.06.1973-cü illərdə Texniki Peşə Məktəbində peşə təhsili almış, təhsilini başa vurub texniki peşə məktəbini bitirdikdən sonra 28.06.1973-20.12.1973-cü illərdə 10 nömrəli İxtisaslaşdırılmış Tikinti İdarəsində, 1973-cü ilin noyabr və dekabr aylarında, 1974cü ilin yanvar, fevral və mart aylarında Kolxozlararası Tikinti İdarəsində işləmişdir. 30.05.1974-cü ildən 23.05.1976-cı ilədək hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra 1977-ci ildən kolxozda işə başlamış və 1999-cu ilədək müxtəlif təşkilatlarda əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun əmək fəaliyyətinin bir hissəsi əmək kitabçasına qeyd edilsə də, 1973-cü ilin noyabr və dekabr aylarında, 1974cü ilin yanvar, fevral və mart aylarında Kolxozlararası Tikinti İdarəsində işlədiyi illər və Kino qurğuları birliyində işlədiyi müddət əmək kitabçasına yazılmamışdır. Kino qurğuları birliyində işə girmə əmri tapılmadığından həmin müddətin əvəzinə ona 2019-cu ilin iyun, iyul, avqust və sentyabr aylarında DSMF-nin Qəbələ rayon şöbəsinin hesabına sosial sığorta haqqı ödənilmişdir, ümumilikdə 25 ildən çox iş stajı var. Hazırda yaşa görə pensiyaya çıxmaq üçün bütün sənədlərini cavabdeh orqana təqdim etmişdir və pensiyaya çıxmaq barədə müraciətinə cavab olaraq bildirmişlər ki, 1972-1973-cü illərdə təhsil aldığı müddətin qanunda nəzərdə tutulmadığı üçün və 1973- 1974-cü illrədə Kolxozlararası Tikinti idarəsində işlədiyi müddətlə bağlı əmək kitabçasında müvafiq qeyd aparılmadığı üçün sığorta stajı kimi hesablaya bilmirlər. Bunu əsassız hesab edir, çünki arxiv tərəfindən verilən arayışlar əmək stajı kimi hesablanmalıdır, bundan başqa o Sovet ittifaqı zamanında texniki peşə məktəbində oxumuşdur, zamanında pensiya qanunvericiliyində təhsil illəri staja daxil edilirdi. Ona görə də X6 orqanın imtinasını əsassız hesab edir və məhkəməyə müraciət etmişdir. İddiaçı 02.03.2020-ci il tarixli iddia tələbinin dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, “01.09.1972-ci il və 20.06.1973-cü illərdə Texniki Peşə Məktəbində təhsil aldığı və 1974-cü ilin yanvar, fevral, mart aylarında Kolxozlararası Tikinti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin imtinasın dəlilləri: Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayon şöbəsi bildirir ki, yaşa görə pensiya təyin olması tələbi ilə şöbəyə təqdim etdiyi 15.05.2019-cu il tarixli ərizəyə əsasən pensiya hüququna X6 komissiyada baxılmışdır. Təqdim etdiyi sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, iş stajını təsdiq edəcək sənəd qismində əmək kitabçası, peşə təhsili barədə attestat, hərbi xidmətdə olmanız barədə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 15.05.2019-cu il tarixli 82 saylı Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş 18.12.2018-ci il tarixli 192 saylı arayışlar təqdim etmişdir. Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş 18.12.2018-ci il 92 saylı arayışda, 1977-1985-ci illərdə “M.Ə.Sabir” adına kolxozda iş dövründən 1973-1974-cü illərdə Kolxozlararası Tikinti İdarəsində işləyərək əmək haqqı aldığı və Kino qurğuları birliyində 27 iyun 1977-ci ildə işdən azad olunmağı qeyd olunmuş, işə qəbul olunmağı barədə qeyd aparılmamışdır. Eyni zamanda, arayışda qeyd olunan 1973-1974-cü iliərdə Kolxozlararası tikinti idarəsində və Kino qurğuları işləməyi barədə əmək kitabçasında qeyd olunmamışdır, habələ rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda qeyd olunmuş 1973-1974 cü kolxozlararası tikinti idarəsində və kino qurğuları idarəsində işlədiyi dövr, «Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları»nın 3.1.1-ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı, həmçinin, kino qurğuları birliyində işə qəbul olunmağı barədə əmr müəyyən edilmədiyi üçün, 1972-1973-cü illərdə təhsil müddəti isə, "Əmək haqqında" Azərbaycan Respublikası Qanununda təhsil müddətinin iş stajına daxil edilməsi nəzərdə tutulmadığından ümumi iş stajına daxil edilməmişdir. Digər sənədlər əsasında 23 il 6 ay iş stajı və 16979.22 manat pensiya kapitalın olması müəyyən olunmuşdur. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası almaq hüququ verən azı 25 il iş stajı və ya 23040.00 manat pensiya kapitalı tamamlanmadığı uçün, 15.05.2019-cu il tarixli ərizəsi təmin olunmamışdır. Cavabdehin iddiaya münasibəti: Rayonun Cığatelli kənd sakini İddiaçı yaşa görə əmək pensiyası təyin olunması tələbi ilə daxil olmuş ərizəsinə əsasən sənədləri araşdırılaraq, əmək kitabçasında qeyd olunmuş məlumatlar və hərbi xidmət dövrü nəzərə alınmaqla, 01.01.2006-cı il tarixədək 23 il 6 ay sığorta stajı və 16979.26 manat pensiya kapitalının olduğu müəyyən edilmişdir. Qeyd olunan məbləğdə pensiya kapitalı, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq, yaşa görə əmək pensiyasının, müraciət etdiyi 15.05.2019-cu il tarixə qüvvədə olmuş minimum məbləğində - 160.00 manat pensiya təminatına imkan vermədiyindən (16979.26:144=117.91manat), yaxud 25 il sığorta stajı tamamlanmadığından, vətəndaşın yaşa görə əmək pensiyası təyin olunması tələbi təmin olunmamışdır. 01.01.2006-cı il tarixədək sığorta stajı hesablanarkən, iddiaçının əmək kitabçasında qeyd olunmuş iş müddətləri və 09.06.1974-21.05.1976-cı illərdə hərbi xidmətdə olduğu dövr ümumi iş stajına daxil edilmiş, lakin, təhsil müddəti 01.01.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmadığından, 1973-1974-cü illərdə işləməsi barədə Qəbələ rayon Dövlət Arxivi tərəfindən verilmiş 18.12.2018-ci il tarixli arayışda qeyd olunmuş müddət isə, «Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydaları»nın 3.2.1 -ci bəndinə əsasən, əmək kitabçasında qeyd olunmadığı üçün ümumi iş stajının hesablanmasında nəzərə alınmamışdır. İddia tələbi ilə bağlı cavabdeh bildirir ki, 01.01.2006-cı il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Hesab edir ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş yaş həddi 05.05.2019-cu il tarixdə tamam olduğundan, hüquq münasibətləri eyni tarixdə yaranmışdır ki, bu səbəbdən də 1972-1973-cü illərdə qüvvədə olmuş qanunvericilik yeni yaranmış hüquq münasibətlərinə şamil edilə bilməz və vətəndaşın pensiya hüququnun müəyyən olunması üçün ümumi iş stajı hesablanarkən, hazırda mövcud olan qanunvericiliyə istinad olunmalı, əyani təhsil müddəti sosial sığorta stajına daxil edilməməlidir. Əgər iddiaçının əyani təhsii aldığı müddət 9 ay 19 gün, 1974-cü ildə iş dövrü isə 3 ay olmaqla (1973-cü ildə 2 ay iş müddəti digər iş yerində iş dövrü ilə üstüstə düşdüyündən, ümumi staja təsir göstərmir) iş stajına daxil edilərsə, bu halda pensiya kapitalına həmin müddətə görə 760.15 manat vəsait əlavə olunar (1 il staj 722.52 manat pensiya kapitalı formalaşdırır) və pensiya kapitalının ümumi məbləği 17739.41 manat (16979.26+760.15), ümumi iş stajı isə 24 il 6 ay 19 gün təşkil edər ki, həmin məbləğ və sığorta stajı da ona minimum məbləğdə əmək pensiyası təyin olunması hüququ yaratmır (17739.41:144 =123.19). İddiaçının 64 yaşının tamam olduğu tarixə minimum məbləğdə əmək pensiyası təminatı əldə etməsi üçün azı 25 il sığorta stajı və ya 23040.00 manat pensiya kapitalının olması tələb olunur (23040:144 = 160.00). İddiaçı məhkəmə iclasnda iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavbabdehin nümayəndəsi məhkəmə iclasında qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara AZE seriyalı, 0******* nömrəli ş/v-nin təsdiqlənmiş surəti, Qəbələ Rayon Dövlət Arxivinin 18.12.2018-ci il tarixli 192 nömrəli arxiv arayışı, 2456 nömrəli attestatın əsli, Cavabdeh 20.05.2019-cu il tarixli **********7 nömrəli imtina məktubu, 13.12.2019-cu il tarixli **********7 nömrəli məktubu, 24.05.2019-cu il tarixli 93 nömrəli X6 Komissiyanın qərarı, НЗ seriyalı ******* nömrəli hərbi biletinin əsli, 20.12.1973-cü il tarixli və AZE seriaylı 00244718 nömrəli əmək kitabçaların əsilləri, 13.012.2019-cu il tarixli akt, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 Salı Ərazi Vergilər İdarəsinin 11.02.2020-ci il tarixli **********745300 məktubu və 10.02.2020-ci il tarixli **********913100 nömrəli hesab vərəqəsindən çıxarış, iddia tələbini dəqiqləşdirmə barəsində 02.03.2020-ci il tarixli ərizə aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanuna ziddir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Şəki şəhər şöbəsinin 13.12.2019-cu il tarixli **********7 nömrəli məktubundan görünür ki, 01.09.1972-ci il tarixdən fərdi sabihkar kimi fəaliyyətə başlamışdır və fərdi sahibkar kimi, fəaliyyətə başladığı 27.06.2019-cu il tarixdən sonrakı dövr sığorta stajına əlavə olunarsa, 01.01.2020-ci il tarixə İddiaçı 25 il sığorta stajı tamamlanır. İddiaçının 01.09.1972-ci il tarixdən 20.06.1973-cü il tarixədək X5 Məktəbində təhsil alması, 21.06.1973-cü il tarixli 2456 nömrəli attestat ilə öz təsdiqini tapır. İddiaçının 1974-cü ilin yanvar, fevral, mart aylarında Kolxozlararası Tikinti İdarəsində işləməsi 18.12.2018-ci il tarixli 192 nömrəli Arxiv arayışı ilə öz təsdiqini tapır. İddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olub-olmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bundan başqa, sonrakı tənzimləmələr iddiaçıya münasibətdə onun hüquqi vəziyyətini pisləşdirdiyi üçün də tətbiq edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Yuxarıda qeyd olunanlara əsasın məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı,işlədiyi dövrlər ümumi iş stajına daxil olunmalı və öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə İddiaçı “01.09.1972-ci il və 20.06.1973-cü illərdə Texniki Peşə Məktəbində təhsil aldığı və 1974-cü ilin yanvar, fevral, mart aylarında Kolxozlararası Tikinti İdarəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-342/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-342/2020
02.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver