Məhkəmə qərarları › İş №2-1(116)-342/2021

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-342/2021

24.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-342/2021 24.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1971-1973, 1979-1997-ci illərdə sabiq “Komsomol” adına kolxozda işlədiyi illərin sosial sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “1971-1973, 1979-1997-ci illərdə sabiq “Komsomol” adına kolxozda işlədiyi illərin sosial sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1955-ci il tarixdə Zərdab rayonunda anadan olmuşdur. İddiaçı 1971-1973, 1979-1997-ci illərdə sabiq “Komsomol” adına kolxozda işləmişdir. Lakin onun kolxozda iş illəri əmək kitabçasında qeyd edilməmişdir. İddiaçının həmin illərə dair əmək fəaliyyəti Zərdab Rayon Dövlət Arxivinin arayışında öz təsdiqini tapır. İddiaçı yaşa görə əmək pensiyasına çıxmaq üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********9 nömrəli etiraz məktubunda qeyd edilir ki, iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Belə ki, iddiaçı iddia ərizəsində 1971-1973, 1979-1997-ci illərdə sabiq “Komsomol” adına kolxozda işlədiyini qeyd etmişdir. Lakin həmin illər iddiaçının əmək kitabçasında qeyd edilməmişdir. Həmin illərdə işləməsi Zərdab rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 269 nömrəli arayışı ilə təsdiq olunur. İddiaçı DSMF-nun Zərdab rayon şöbəsinə (bundan sonra - 12 saylı regional ərazi filialı) müraciət edərək işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Lakin şöbə (bundan sonra - filial) tərəfindən vətəndaşın 25 il sığorta stajı tamamlanmadığı üçün imtina verilmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı 1971 - 1997-ci illərdə sabiq “Kommunist” kolxozunda işləmiş, lakin iddia tələbində “Komsomol” kolxozunda işlədiyi illərin sığorta stajına daxil edilməsini tələb etmişdir. “Kommunist” kolxozunun adının sonradan “Komsomol” kolxozu olaraq dəyişdirilməsi ilə bağlı heç bir sübut yoxdur. Bunlardan əlavə, arxiv arayışlarına əsasən, iddiaçının 1971-ci ildə faktiki iş günü 8 gün, 1972-ci ildə 195 gün, 1973-cü ildə isə 143 gün müəyyən olunmuşdur. Bu səbəbdən də, “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” xx xxx 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan verinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx xxxxxxxx 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuşdur. Qanunun 67-ci maddəsində geyd olunur ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan verinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zərdab rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. Məhkəmə iclasında iddiaçı tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Zərdab rayonunda anadan olmuşdur. İş materiallarında olan ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan ******* nömrəli, xx.xx.1983-cü il tarixdə doldurulan əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1993-cü il tarixədək “Kommunist” kolxozunda mexanizator vəzifəsində işləmişdir. xx.xx.1993-cü il tarixdən zavodda gözətçi vəzifəsində işə başlamış və xx.xx.2000-ci il tarixdən işdən azad edilmişdir. İş materiallarında olan Zərdab Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 269 nömrəli arayışının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 1971-1973-cü illərdə, həmçinin 1979-1997-ci illərdə müvafiq olaraq 8, 195, 143, 350, 365, 365, 325, 356, 363, 338, 362, 361, 340, 319, 272, 301, 352, 218, 205, 230 və 223 adam günü olmaqla “Kommunist” kolxozunda işləmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə tərtib edilmiş Aktla Zərdab Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 269 nömrəli arxiv arayışında qeyd edilənlərin doğru olması öz təsdiqini tapmışdır. İş materiallarında olan DSMF publik hüquqi şəxsin Zərdab rayon filialının xx.xx.2020-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı Bayrəməli oğlunun yaşa görə pensiya hüququ xx.xx.2020-ci il tarixdə yaranır. İddiaçı Bayrəməli oğlunun mübahisələndirilən Zərdab rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2006-ci ilədək xx.xx.2019-ci il tarixli 269 saylı arxiv arayışı üzrə 19 il 04 ay qəbul olunmayan sığorta stajı vardır. Vətəndaşın xx.xx.2006-cı ilədək Hərbi xidmət üzrə 01 il 11 ay 29 gün, əmək kitabçası üzrə 02 il 06 ay 18 gün qəbul olunan sığorta stajı vardır. Sabiq “Kommunist” adına kolxozlarda kişilər üçün minumum adam günü norması 1971-1973, 1979-1982-ci illər dövrü 240, 1983-1993-cü illər dövrü 200 adam günü olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.12.7-ci maddəsinə əsasən vətəndaşın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə azı 25 il sğorta stajı tələb olunur. İş materiallarına əsasən məhkəmə qeyd edir ki, hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı tələb olunan 25 il sosial sığorta stajını tamamlamaqla bağlıdır. Cavabdehin məktubundan göründüyü kimi iddiaçının arxiv arayışında qeyd edilən 19 il 04 ay kolxoz illəri mübahisələndirilir. Cavabdeh orqan tərəfindən iddiaçının 01 il 11 ay 29 gün hərbi xidmət illəri və əmək kitabçası üzrə 02 il 06 ay 18 gün mübahisələndirilməyən sığorta stajı vardır. Həmçinin işdə ola DSMF-yə ödənilən MDSSH haqları da 6 ay müddətinə ödənilmişdir. Məhkəmə iş materiallarına əsasən hesab edir ki, iddia tələbində qeyd olunan 19 il 04 ay müddət iddiaçının sosial sığorta stajı kimi nəzərə alınsa belə tələb olunan 25 il sığorta stajı tamamlanmadığı üçün iddiaçıya əmək pensiyasının təyin edilməsi mümkün olmayacaqdır. Belə ki, iddiaçının mübahisələndirilən sosial sığorta stajı nəzərə alınarsa, İddiaçı sığorta stajı cəmi 24 il 04 ay 17 gün təşkil etmiş olacaqdır ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verməyəcəkdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunması bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (bənd - 5.1, 5.2, 5.3, 5.4, 6.1, 6.2, 7). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 35 və 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “1971-1973, 1979-1997-ci illərdə sabiq “Komsomol” adına kolxozda işlədiyi illərin sosial sığorta stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2 vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar