Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3430/2025 04.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi ilə İddiaçı iştirakı ilə cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Reabilitasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı 2-ci qrup əlilliyinin bərpa edilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə Şəki İnzibati Məhkəməsinin binasında, açıq,şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı 2ci qrup əlilliyinin bərpa edilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün xx.xx.2026-ci il tarixə məhkəmə iclası təyin edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək bildirdi ki, əvəllər pensiya almış, 2015-ci ildən 2021-ci ildə pensiyası kəsilmişdir. Pensiyasının bərpası ilə bağlı cavabdeh müraciətindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, iddiaçıya ilk əlillik 2016-cı il tarixdə təyin edilib. 5 il müddətinə əlillik verilmişdir. Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar olaraq 2-ci dərəəcli əlillik verilmişdir. Müddət bitdikdən sonra vətəndaş barəsində sonuncu dəfə göndəriş xx.xx.2022-ci il tarixdə rəsmiləşdirilmişdir.Qeyd olunan göndərişə dair vətəndaş barəsində xx.xx.2022-ci il tarixdə diaqnoz əlillik təyin etmir qərarı qəbul edilmişdir. Qərar vətəndaşa xx.xx.2022-ci il tarixdə sms vasitəsiə gpndərilmişdir. Biz verdiyimiz vəsatəti müdafiə edirik. İddianın mümkün sayılmamasını xahiş edirik. Məhkəmə aşağıdakılara görə iddianı mümkün hesab etmir. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İnzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İş materiallarından görünür ki, iddiaçıya 2016-ci ildə təyin edilmiş əlillik 2021-ci ildə dayandırılmışdır. Həmçinin iddia məhkəməyə təqdim edilmiş sənədlərdə qeyd edilir ki, iddiaçı sonuncu dəfə xx.xx.2022-ci ildə Tibbi-Sosial Ekspert Komissiyasında müayinə olunmuş və əlilliyin təyin edilməsindən imtina edilmişdir. Nəzərə alınmalıdır ki, iddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Göründüyü kimi iddiaçı ona əlilliyin təyin edilməsindən xx.xx.2022-ci il tarixdə imtina edildikdən 3 il sonra hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı, xx.xx.2022-ci il tarixdə qərar diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilərkən xx.xx.2022-ci il tarixdə artıq cavabdeh orqanın ona əlilliyin təyin edilməsindən imtina cavabı verdiyindən məlumatlı idi. İnzibatı Prosessual Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı müəyyən inzibati aktın qəbul edilməsi üçün inzibati orqana müraciət edir. İnzibati orqan belə aktın qəbul edilməsindən imtina etdiyi təqdirdə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində iddia qaldırmaq mümkündür. Başqa sözlə məcburetmə haqqında iddiaçılar iddia müddəti 30 gün təşkil edir və bu zaman müddət axımı müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasının (Göndərişin verilməsi qaydası) 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. “Qaydalar”ın tələbindən göründüyü kimi şəxsin (onun qanuni nümayəndəsinin) və ya müalicə həkiminin müraciəti olmadan səhiyyə müəssisəsi tərəfindən göndərişin verilməsi mümkün deyil. İddiaçının, ona əlilliyin təyin edilməsindən imtina cavabı verildiyinə görə növbəti göndərişlərin cavabdeh orqana göndərilməsi məqsədilə səhiyyə müəssisəsinə müraciət etməsi və əlilliyin təyin edilməsi ilə bağlı gözləntisinin olması onu deməyə əsas verir ki, faktiki olaraq o, cavabdeh orqanın ona əlilliyin təyin edilməsindən imtina etməsindən məlumatlı idi. Belə ki, iddiaçı, səhiyyə müəsissəsi tərəfindən göndəriş tərtib edildikdən sonra cavabdehin onun barəsində tərtib edilmiş göndərişə münasibətdə müsbət və ya mənfi qərar qəbul etməsini ağlabatan müddətdə gözləməli və müraciəti təmin olunmadıqda (və ya cavabsız saxlandıqda) bunu mübahisələndirməli idi (Hazırkı tələbin irəli sürülməsi üçün iddiaçının 3 ildən artıq müddət gözləməsi iddia ərizəsində əsaslandırılmamışdır). Odur ki, , xx.xx.2022-ci il tarixli qərara münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən cavabdeh orqanın imtina etməsindən iddiaçının məlumatsız olması ağlabatan görünmür. Məhkəmə xüsusilə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-na Əlavədə bir çox xəstəliklərə münasibətdə orqanizmin funksiyalarının pozulmasının minimum müddəti 1 il müəyyən edilmişdir. Odur ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina edildiyinə dair məlumat verildikdən sonra 3 ildən artıq müddət keçdikdən sonra hazırkı tələbin irəli sürülməsi nəinki iddiaçının sağlamlıq vəziyyətinin tibbi göndərişin verildiyi vaxta uyğun qiymətləndirilməsini mümkünsüz edir, hətta ilkin göndərişdə qeyd edilmiş diaqnozların aradan qalxmasına və ya əksinə ağırlaşmaların olduğu halda bunun göndərişdə əks olunmamasına gətirib çıxardır. Buna görə də məhkəmə hesab edir ki, İPM-nin 38.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla hazırkı iddianın qaldırılması üçün iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Qərara aldı:
İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Reabilitasiya Xidmətinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi ilə bağlı 2ci qrup əlilliyinin bərpa edilməsi öhədliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər.
Hakim Etibar Mustafayev.