Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3448/2025 13.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Velicanova Fidan Telman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə qarşı “ümidsiz borcunun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə müraciət edərək, “iddiaçının şəxsi hesab vərəqəsinin borc vərəqəsində movcud olan 36060,68 manat vergi, 7193,22 manat maliyyə sanksiyası və 13210,65 manat faiz borcunun ümidsiz borc qismində silinməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, “iddiaçı "xxxx" MMC-nin 36060,68 manat vergi, 7193,22 manat maliyyə sanksiyası və 13210,65 manat faiz borcunun üçün cavabdeh inzibati orqana və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Cavabdeh tərəfindən ümidsiz vergi borclarının silinməsindən əsassız olaraq imtina edilmişdir. Şəxsi hesab vərəqəsinə nəzər yetirildikdə görünür ki, yuxarıda qeyd edilən vergi borcları silinməlidir. Bundan başqa qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində “İntelligence ARK İV.LTD" MMC-də vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması ilə bağlı cinayət işi istintaqı olunmuş və cinayət işinin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Qeyd edilməlidir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz.”. Cavabdeh iddiaya münasibətində bildirmişdir ki, “iddiaçı ərizəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində İddiaçı MMC-i barəsində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması ilə bağlı cinayət işi istintaqının olması və cinayət işində cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Prossesual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən işə xitam verildiyini qeyd etmişdir. Həmçinin iddiaçı ərizəsində hazırkı münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.20211-ci il tarixli Qərarında, eləcədə oxşar mübahisəli işlər üzrə Qərarlarında ifadə olunmuş hüquqi mövqeyin nəzərə alınmasını qeyd etmişdir. Belə ki iddiaçıya cavabdeh tərəfindən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulması ilə bağlı Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətin bitməsi səbəbindən həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq tutulma müddəti bitmiş vergilər, faizləri və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinməlidir. Odur ki, iddiaçı ərizə ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cəmiyyətin şəxsi hesab vərəqəsində olan 36060,68 manat verginin, 7193,22 manat maliyyə sanksiyasının və 13210,65 manat faiz borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məlumat üçün bildirilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçındə (VÖEN: **********) vergi orqanına təqdim olunmuş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilməklə, 2014-cü- 2015-ci illər üzrə 65020,15 manat mənfəət vergisi, 2014-cü ilin sentyabr-2015-ci ilin yanvar, mart-iyul, oktyabr ayları üzrə 120868,81 manat əlavə dəyər vergisi az, 2014-cü ilin avqust- 2015-ci ilin yanvar, mart, oktyabr-noyabr, 2016-ci ilin avqust-oktyabr ayları üzrə 70,14 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və 2015-ci ilin fevral, avqust ayları üzrə 6603,66 manat əlavə dəyər vergisi artıq olmaqla, ümumilikdə 179215,16 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktına dair xx.xx.2018-ci il tarixdə Baş İdarənin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikası CMnin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. xx.xx.2019-cu il tarixdə həmin cinayət işi icraata qəbul edilmiş və iş üzrə istintaq aparılmışdır. Həmin cinayət işi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 Ərazi Vergilər İdarəsi mülki iddiaçı və zərərçəkmiş şəxs kimi tanınması üçün Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə müraciət olunmuşdur. Cinayət işi üzrə istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorun birinci müavininin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il tarixdə cinayət işi üzrə icraat Cinayət Prossesual Məcəllənin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, xx.xx.2020-ci il tarixdə təzələnib zəruri istintaq hərəkətləri aparılaraq, həmin tarixdə Cinayət Prossesual Məcəllənin 53.1.1-ci maddəsinə əsasən dayandırılmış, xx.xx.2023-cüil tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnərək icraat davam etdirilmişdir. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin 2-ci şöbəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi, kiçik ədliyyə müşaviri X1 4 fevral 2020-ci il cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarına əsasən Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə icraat, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunanadək dayandırılmışdır. İNTELLİGENCE ARK İV. LTD” MMC barəsində cinayət işi üzrə icraatı dayandırılmış 36.160,68 manat borc məbləği “AR CPM-nin 53-cü maddəsinə əsasən dayandırılmış cinayət işləri üzrə borc vərəqəsi” şəxsi hesab vərəqəyə işlənilmişdir. Cəmiyyətin dövlət büdcəsinə xx.xx.2025-cü il tarixə borcu aşağıdakı kimidir: - Vergilər üzrə 36060,68 manat əsas, 7193,22 manat maliyyə sanksiyası, 13210,65 manat faiz borcu. Yuxarıda qeyd olunanlardan görünür ki, vergi ödəyicisinin iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi vergi orqanı tərəfindən ona hesablanmış vergi məblğlərini ödəməkdən yayınmaq üçün özünümüdafiə məqsədi daşıyır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-cı maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Qeyd olunanlardan aydın olur ki, "xxxx" MMC-nin (VÖEN: **********) hesab vərəqəsində olan 36060,68 manat verginin, 7193,22 manat maliyyə sanksiyasının və 13210,65 manat faiz borcunun ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə ərizəsi əsassızdır və buna görə də təmin edilməməlidir.”. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 486/2023 nömrəli qərarının surəti.
2. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 287/2023 nömrəli qərarının surəti.
3. Q2301923 nömrəli xx.xx.2023-cü il tarixli Cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın surəti.
4. 2409120025953800 nömrəli Şəxsi hesab vərəqəsində düzəliş edilməsi barədə məktubun surəti.
5. Cavabdehin xx.xx.2025-ci il tarixli etiraz məktubu.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Maddə 77.2. Vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. Maddə 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Maddə 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Bu maddənin digər müddəalarından asılı olmayaraq, xarici dövlətlərin səlahiyyətli orqanlarından sorğu və ya xaricdə əldə olunan gəlirlər üzrə müvafiq məlumatlar daxil olduğu hallarda, kameral vergi yoxlamaları sorğu və ya məlumat daxil olduğu tarixdən, səyyar vergi yoxlamaları isə yoxlamanın keçirilməsi haqqında vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 5 illik dövrü, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamaları üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlbetmə müddəti ilə müəyyən edilən dövrü əhatə edir. Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Maddə 93.2. Digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Əsaslandırma hissə:
İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada düzgün cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddianın qaldırılması üçün iddiaçı subyetktiv hüquqa malik olmuşdur. Aşağıdakılara əsasən məhkəmə iddianı əsaslı hesab eir. Belə ki, işin müəyyən edilən hallarına görə Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan İddiaçı tərəfindən vergi orqanına təqdim olunmuş bəyannamələrə təhrif olunmuş məlumatlar daxil edilməklə, 2014-cü-2015-ci illər üzrə 65020,15 manat mənfəət vergisi, 2014-cü ilin sentyabr-2015-ci ilin yanvar, mart-iyul, oktyabr ayları üzrə 120868,81 manat əlavə dəyər vergisi az, 2014-cü ilin avqust-2015-ci ilin yanvar, mart, oktyabr-noyabr, 2016-ci ilin avqust-oktyabr ayları üzrə 70,14 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və 2015-ci ilin fevral, avqust ayları üzrə 6603,66 manat əlavə dəyər vergisi artıq olmaqla, ümumilikdə 179215,16 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktına dair xx.xx.2018-ci il tarixdə Baş İdarənin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsində Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. Cinayət işi üzrə istintaq müddəti Azərbaycan Respublikası Baş prokurorun birinci müavininin xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2019-cu il tarixədək uzadılmışdır. xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə cinayət işi üzrə icraat Cinayət Prossesual Məcəllənin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Cinayət işi üzrə icraatı dayandırılmış 36.160,68 manat borc məbləği “AR CPM-nin 53-cü maddəsinə əsasən “dayandırılmış cinayət işləri üzrə borc vərəqəsi” iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. xx.xx.2023-cüil tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş, xx.xx.2023-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin ibtidai Araşdırılması Baş idarəsinin İstintaq və təhqiqat idarəsinin qərarı ilə cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, “Beləliklə də, İddiaçı MMC-də 2014-cü il üzrə üzrə 41972,66 manat, 2015-ci il üzrə 23047,49 manat olmaqla, cəmi 65020,15 mənfəət vergisi, 2014-cü ilin sentyabr ayı üzrə 2128,15 manat, oktyabr ayı üzrə 19068,13 manat, noyabr ayı üzrə 15000,00, dekabr ayı üzrə 22765,43 manat, 2015-ci ilin yanvar ayı üzrə 3450,61 manat, mart ayı üzrə 12616,01 manat, aprel ayı üzrə 15264,00 manat, may ayı üzrə 16390,00 manat, iyun ayı üzrə 0,02 manat, iyul ayı üzrə 0,02 manat, oktyabr ayı üzrə 14186,44 manat olmaqla, cəmi 120868,81 manat əlavə dəyər vergisi az, 2014-cü ilin avqust-2015-ci ilin yanvar, mart, oktyabr-noyabr, 2016-ci ilin avqust-oktyabr ayları üzrə 70,14 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və 2015-ci ilin fevral, avqust ayları üzrə 6603,66 manat əlavə dəyər vergisi artıq hesablama olmaqla, ümumilikdə 179215,16 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması ilə bağlı Azərbaycan Respublikası CM-nin 213.2.2ci maddəsinə əsasən istintaq olunan ********* nömrəli cinayət üzrə icraata, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən, Azərbaycan Respublikası CPM-nin 39,1.3-cü maddəsinə əsasən xitam verilməlidir.”. Hazırkı halda iş üzrə müəyyən edilir ki, iddiaçının vergi məsuliyyətinə səbəb 2014-cü il 2015-ci illər üzrə mənfəət vergisi cəmi 65020,15, əlavə dəyər vergisi az cəmi 120868,81 manat , 2014-cü ilin avqust, 2015-ci ilin yanvar, mart, oktyabr, noyabr, 2016-ci ilin avqustoktyabr ayları üzrə 70,14 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi və 2015-ci ilin fevral, avqust ayları üzrə 6603,66 manat əlavə dəyər vergisi artıq hesablama olmaqla, ümumilikdə 179215,16 manat məbləğində vergilərin dövlət büdcəsinə ödəməkdən yayındırması ilə bağlı olmuşdur. “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən, vergi orqanları tərəfindən vergi ödəyicilərinə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 2017-ci İlin 1 yanvar tarixinə onların şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Qeyd olunmalıdır ki, iddia müddəti keçmiş, və icrası mümkün olmadığına görə mülkü qanunvericiliyə görə öhdəliyə xitam verilmiş borclar “ümidsiz borclar” hesab edilir. Ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir . Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Hazırkı işdə tələb etmə müddətinin axımının dayanmasına səbəb ola biləcək VM-nin 85.5-2-ci maddədə sadalanan hallardan hər hansı biri və müddətin hesablanmasının yeni qaydasını zəruri edə biləcək hər hansı məhkəmə qərarı mövcud deyildir. Mübahisələndirilən borc məbləğinin cinayətin predmeti olduğundan ümidsiz borc kimi silinməsi ilə bağlı qanunvericilikdə hər hansı qadağa və ya istisna nəzərdə tutulmamışdır. Vergi Məcəlləsinin 93.1-ci maddəsində ümidsiz borcların vergi orqanları tərəfindən hansı hallarda silinməli olması imperativ qaydada müəyyən edilmişdir. Bununla bağlı nəzərə almaq lazımdır ki, cavabdeh hesablanmış borcun zamanında tutulması məsələsini Vergi Məcəlləsinin 89.1-ci və 90-cı maddələrinin tələbləri çərçivəsində həll etmək imkanına malik olsa da, həmin imkandan yararlanmamışdır, yəni iddiaçının bu istiqamətdə hər hansı bir hərəkəti cavabdehin vergi qanunvericiliyinin müddəalarına riayət etməklə adıçəkilən borcun zamanında tutulmasını məhdudlaşdıra bilməzdi. Vergi Məcəlləsinin 85.5-2-ci maddəsində 5 illik müddətə daxil edilməyən hallar üzrə müddətlərin dairəsi müəyyən olunmuşdur. Qanunverici cinayət işinin başlanmasını müddətin axımına təsir edən hal kimi qiymətləndirməmiş, yalnızca 5 illik müddət ərzində həmin cinayət işi üzrə mülki iddianın təmin edilməsi barədə məhkəmə hökmü qəbul edildiyi təqdirdə, müddətin axımının hesablanmasının yeni üsulunu - müddətin qərarın qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qaydasını müəyyən etmişdir. Buna baxmayaraq, cavabdeh vergi orqanı iddiaçının şəxsi hesab vərəqəsində tələb etmə müddəti ötmüş borcu silməkdən imtina etmişdir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dairs 12 yanvar 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, “....Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə VMin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, VM-in 85.4cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. VM-in 85.4cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir.”. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında əks olunmuş hüquqi mövqeyi və yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının şəxsi hesab vərəqəsinin borc vərəqəsində movcud olan 36060,68 manat vergi, 7193,22 manat maliyyə sanksiyası və 13210,65 manat faiz borcu ümidsiz borc olduğundan, onun silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin üzərinə iddiaçının şəxsi hesab vərəqəsinin borc vərəqəsində movcud olan 36060,68 manat vergi, 7193,22 manat maliyyə sanksiyası və 13210,65 manat faiz borcunun ümidsiz borc qismində silinməsi öhdəliyi qoyulur. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Etibar Mustafayev