Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-346/2024 26.09.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “AA000526 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla düzəliş edilməsi, AA000525 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla faktiki istifadə vəziyyəti ilə üst-üstə düşən hissədə Qax rayonu Qıpçaq bələdiyyəsinə məxsus ********** qeydiyyat nömrəli və həmin qeydiyyat əsasında tərtib edilmiş X6 məxsus ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Qax rayonu, Oncallı kəndində yerləşən çoxillik əkmə torpaqları ilə bağlı DƏDKRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatına dair daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* və ******* çıxarışlarda, eləcə də, AA 000525 və AA 000526 plan-ölçü sənədlərində torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması və Qax rayonu, Oncallı kəndində yerləşən ona məxsus olan çoxillik əkin torpaqlarında əkilmiş fındıq bağlarının X6 icarəyə verilməsinə dair DƏDKRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestrindən seriya RX № ******* çıxarışda, eləcə də, plan-ölçü sənədində torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasının təmin etməklə düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi 2- 1(116)-346/2024 nömrə ilə qeydə alınmışdır. Məhkəmə iclasında iddiaçı, tələbini dəqiqləşdirərək “AA000526 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla düzəliş edilməsi, AA000525 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla faktiki istifadə vəziyyəti ilə üst-üstə düşən hissədə Qax rayonu Qıpçaq bələdiyyəsinə məxsus ********** qeydiyyat nömrəli və həmin qeydiyyat əsasında tərtib edilmiş X6 məxsus ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-346/2024 nömrəli qərardadı ilə X7, X8, X9 və Qax rayonu Qıpçaq bələdiyyəsişəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər. İddia ərizəsi aşağıdakı kimi əsaslandırılmışdır: - Qax rayonu, Oncallı kəndində yerləşən torpaq sahəsi ata-baba torpaqlar olmaqla 100 ildən artıqdır ki, iddiaçı və ailəsi tərəfindən fındıq bağları salınmaqla istifadə olunur. Qeyd olunan bağ sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 04 saylı qərarı ilə “Torpağa mülkiyyət hüququna dair” JN-036; KOD 40313048 Dövlət Aktına əsasən iddiaçının və ailəsinin mülkiyyətinə verilmişdir. Daha sonra həmin torpaqlara dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınarkən yanlışlığa yol verilmiş torpaq sahəsinin kordinantları faktiki vəziyyətə uyğun olaraq elektron xəritələrə işlənilməmişdir. Bu hal ailələrinin 100 ildən artıq əkib becərdiyi çoxillik ağacların adına qeydə alınmış torpaq sahəsinin hüdudlarından kənarda qalmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq, yuxarıda qeyd olunan torpağın faktiki vəziyyəti ilə hüquqları təsdiq edən sənəd (Seriya RX N0254464 və ******* Çıxarışlarda və AA 000525 və AA 000526 Plan olçülədə) uyğunsuzluqların aradan qaldırılmasını, faktiki və qanuni istifadədə olan torpaq sahəsinin əsassız və qanunsuz olaraq X6 icarəyə verilmiş torpaq sahəsinin hüdudlarına daxil edilməsi və 100 ildən artıq qanuni istifadədə və sahibliyində olan min-bir əziyyətlə yetişdirdiyi çoxillik ağacların başqa bir şəxsə icarəyə verilməsi ilə nəticələnmişdir. Bu iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanlarla bağlı o, cavabdehə xx.xx.2023-cü il tarixdə etdiyi müraciətə cavab olaraq həmin qurumdan xx.xx.2023-cü il tarixli 3-21-3-39/2A-00xx-xx/2023 saylı cavab məktubu almışdır. Həmin məktubla cavabdeh təşkilat xahişi təmin etməmiş, imtina cavabı vermişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, idarənin mütəxəssisi tərəfindən iddiaçının iştirakı ilə naturada sözügedən torpaq sahəsinə baxış keçirilmişdir. Torpaq sahəsi həm faktiki vəziyyətdə, həm də elektron kadastr informasiya baza məlumatlarında göstərilən ölçülərlə tam olaraq tamamlanır. İddiaçının digər iddia etdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətidir. Bundan əlavə olaraq bildirilir ki, iddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən sözügedən torpaq sahəsinə baxış keçirilmiş və naturada 1.30 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Qax rayon Qıpçaq bələdiyyəsinin xx.xx.2017-ci il tarixli 10 saylı iclas protokolundan görünür ki, Qıpçaq bələdiyyəsinin mülkiyyətinə aid 8,02 ha çoxillik əkmə və 2,40 ha əkin torpaq sahəsinin kənd təsərrüfatı təyinatı üzrə uzun müddətli icarəyə verilməsi məqsədilə keçirilmiş müsabiqənin qalibi X9 ilə bələdiyyə arasında müsabiqənin nəticəsi olaraq qəbul edilmiş illik icarə haqqı çoxillik əkmənin bir ha (fındıq bağı) 150 manat olmaqla və əkin sahəsinin hər hektarı 70 manat olmaqla 49 illik icarə müqaviləsi bağlanması qərara alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Baydarlı kəndində yerləşən 8,02 ha torpaq sahəsi üzərində xx.xx.2017-ci il tarixli 3M-58 nömrəli icarə müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2066-cı il tarixədək X4 icarə hüququ dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Baydarlı kəndində yerləşən 2,4 ha torpaq sahəsi üzərində xx.xx.2017-ci il tarixli 3M-57 nömrəli icarə müqaviləsinə əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2066-cı il tarixədək X4 icarə hüququ dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Baydarlı kəndində yerləşən 2,4 ha torpaq sahəsi Qax rayonu Qıpçaq bələdiyyəsinin tam mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Baydarlı kəndində yerləşən 8,02 ha torpaq sahəsi üzərində Qax rayonu Qıpçaq bələdiyyəsinin tam mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Oncallı kəndində yerləşən 0,2989 ha torpaq sahəsi üzərində İddiaçı, X8 və X3 ümumbirgə mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - JN-0036 kod 40313048 nömrəli Dövlət Aktından görünür ki, Qax rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 04 nömrəli qərarı ilə X5 və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3,03 ha torpaq sahəsi ayrılmışdır. - Qax rayonu Qıpçaq bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 11 nömrəli qərarından çıxarışdan görünür ki, Qıpçaq bələdiyyəsinin icarə məqsədilə 6,04 ha torpaq sahəsinin kənd təsərrüfatına yararlı məqsədli üçün mülkiyyətə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması proseduruna başlanması qərara alınmışdır. - Qıpçaq bələdiyyəsi kəndi ərazisindən bələdiyyə mülkiyyətində olan bağaltı (fındıq) və əkin torpaqlarının hərrac və ya müsabiqə yolu ilə uzunmüddətli icarəyə verilməsi nəzərdə tutulan sxematik plandan görünür ki, bağaltı (fındıq) torpaq sahəsi- 8,02 ha, əkin torpaq sahəsi isə 6,04 ha qeyd edilmiş, tərtib edilmiş sxematik plan DTXK-si Qax rayon şöbəsi və Qıpçaq bələdiyyəsi tərəfindən təsdiqlənmişdir. - Qax rayonu Qıpçaq bələdiyyəsinin xx.xx.2013-cü il tarixli 11 nömrəli qərarından çıxarışdan görünür ki, Qıpçaq bələdiyyəsinin icarə məqsədilə 8,02 ha torpaq sahəsinin kənd təsərrüfatına yararlı məqsədli üçün mülkiyyətə verilməsi məqsədilə müsabiqənin keçirilməsi barədə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmışdır. - RX seriyalı ******* nömrəli xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Qax rayonu Oncallı kəndində yerləşən 1,3026 ha torpaq sahəsi üzərində İddiaçı, X8 və X3 ümumbirgə mülkiyyət hüququ Dövlət qeydiyyatına alınmışdır. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, AA000526 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0,2989 ha torpaq sahəsi JN-0036 (kod: ********) nömrəli Dövlət Aktının 36H planşetində qeyd edilmiş 2989.80 kv.m torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşür. TEKUİS məlumatlarında X1 adına göstərilmiş torpaq sahəsi ilə AA000526 nömrəli plan-ölçü sənədi və JN-0036 (kod ********) nömrəli Dövlət Aktının 36H planşetində qeyd edilmiş torpaq sahəsinin coğrafi yerləşməsində uyğunsuzluq vardır. AA000525 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1.3026 ha torpaq sahəsi JN-0036 (kod: ********) nömrəli Dövlət Aktının 36C planşetində qeyd edilmiş 13626.46 kv.m torpaq sahəsi sənəd üzrə üst-üstə düşür. TEKUİS məlumatlarında X1 adına göstərilmiş torpaq sahəsi ilə AA000525 nömrəli plan-ölçü sənədi və JN-0036(kod ********) nömrəli Dövlət Aktının 36C planşetində qeyd edilmiş torpaq sahəsinin coğrafi yerləşməsində uyğunsuzluq vardır. AA000526 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 0.2989 ha torpaq sahəsi JN-0036 (kod: ********) nömrəli Dövlət Aktının 36H planşetində qeyd edilmiş 2989.80 kv.m torpaq sahəsi, A143358 №-li və xx.xx.2017-ci il tarixli **********04¬04301 reyestr nömrəli (183072) plan-ölçü sənədində qeyd edilmiş 8.02 ha torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmür. AA000525 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1.3026 ha torpaq sahəsi JN-0036 (kod: ********) nömrəli Dövlət Aktının 36C planşetində qeyd edilmiş 13626.46 kv.m torpaq sahəsi, A143358 №-li və xx.xx.2017-ci il tarixli **********04¬04301 reyestr nömrəli (183072) plan-ölçü sənədində qeyd edilmiş 8.02 ha torpaq sahəsi ilə sənəd üzrə üst-üstə düşmür. xx.xx.2017-ci il tarixli **********04-04301 reyestr nömrəli (183072) çıxarışda göstərilən torpaq sahəsi ilə xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********04-04201 reyestr nömrəli Qax rayonu Qıpçaq bələdiyyəsinin adına tərtib edilmiş 143358 nömrəli plan ölçü sənədində göstərilən 8.02 ha torpaq sahəsinin sənəd üzrə eynilik təşkil edir. - cavabdehin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunmuş mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş yerquruluşu planında qara cizgidə göstərilmiş iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin yaşıl cizgidə qeyd edilmiş **********04 reyestr nömrəli çıxarışla üst-üstə düşən hissəsi 627 kv.m-dir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 2.1 Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. İddia tələbindən görünür ki, iddiaçının cavabdehə qarşı yönəlmiş tələbləri aşağıdakılardan ibarətdir:
1. AA000526 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla düzəliş edilməsi,
2. AA000525 nömrəli plan-ölçü sənədinin koordinatlarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla faktiki istifadə vəziyyəti ilə üst-üstə düşən hissədə Qax rayonu Qıpçaq bələdiyyəsinə məxsus ********** qeydiyyat nömrəli və həmin qeydiyyat əsasında tərtib edilmiş X6 məxsus ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi. Məhkəmə tərəfindən mübahisəli torpaq sahəsinin faktiki, o cümlədən yeni elektron uçot məlumatlarında və islahat xəritəsində yerləşmə vəziyyəti tərtib edilmiş sənədlərlə müqayisəli tədqiq edilmiş və müəyyən edilmişdir ki, 0.2989 ha torpaq sahəsinə dair AA000526 nömrəli plan-ölçü sənədi JN-0036 nömrəli Dövlət Aktının 36H planşeti (2989,80 kv.m) əsasında tərtib edilmişdir və həmin plan-ölçü sənədi islahat xəritəsinə uyğun olaraq ilkin dövlət aktı ilə üst-üstə düşür. TEKUİS məlumat bazasında sözügedən torpaq sahəsi 0,48 ha olmaqla **********04 nömrəli çıxarışın tərkib hissəsində göstərilmişdir və ümumiyyətlə iddiaçının faktiki istifadəsinə uyğun deyil. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin yerləşmə vəziyyəti konfiqurasiya fərqləri nəzərə alınmaqla JN-0036 nömrəli Dövlət Aktının 36H planşeti ilə qismən uyğunluq təşkil edir. Bununla belə iddiaçının faktiki istifadəsində olmayan torpaq sahəsinin TEKUİS-ə hansı əsasla daxil edilməsi aydın deyil. Nəzərə alınmalıdır ki, torpaq sahəsinin TEKUİS məlumatında iddiaçının adında göstərilməsi hüquqi və texniki sənədlərin məzmunundan irəli gəlməli, yaxud həmin torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmalıdır (məhkəmə təcrübəsindən bu kimi halların TEKUİS məlumatında mütəmadi baş verməsi məlumdur). AA000525 nömrəli plan-ölçü sənədində qeyd edilmiş 1,3026 ha torpaq sahəsinə münasibətdə müəyyən edilmişdir ki, həmin plan-ölçü sənədi JN-0036 nömrəli Dövlət Aktının 36C planşeti (13026,46 kv.m) əsasında tərtib edilmişdir və həmin plan-ölçü sənədi islahat xəritəsinə uyğun olaraq ilkin dövlət aktı ilə üst-üstə düşür. TEKUİS məlumat bazasında sözügedən torpaq sahəsi 1,30 ha olmaqla 627 kv.m hissədə **********04 nömrəli çıxarışla üst-üstə düşür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin (1,08 ha) yerləşmə vəziyyəti konfiqurasiya fərqləri nəzərə alınmaqla JN-0036 nömrəli Dövlət Aktının 36C planşeti ilə qismən uyğunluq təşkil edir. Bununla belə həmin torpaq sahəsinə münaisbət də, iddiaçının faktiki istifadəsində olmayan torpaq sahəsinin TEKUİS-ə hər hansı hüquqi əsas olmadan daxil edilməsi aşkar edilmişdir. Cavabdeh orqanın sərəncamında olan elektron bazaya yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 627 kv.m hissəsi **********04 nömrəli çıxarışla üst-üstə düşdüyündən TEKUİSdə həmin torpaq sahəsini sürüşdürmüş, iddiaçının faktiki istifadəsində olmayan torpaq sahəsi TEKUİS-də onun adına işlənməklə kəsir torpaq sahəsi tamamlanmış, nəticədə iddiaçının uzun illərdən bəri faktiki istifadəsində olan torpaq sahəsi (üzərində olan fındıq kolları ilə birlikdə) qonşu torpaq sahəsinə tərtib edilmiş çıxarışın tərkibində göstərilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində olmayan torpaq sahəsi TEKUİS-də iddiaçının razılığı olmadan qeyd edilə, o cümlədən cavabdeh orqan müstəqil şəkildə torpaq sahəsinin yerləşmə vəziyyətini müəyyən edərək iddiaçının adında göstərə bilməz. Mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən X2 məxsus torpaq sahəsinin 35C planşetində qeyd edilmiş sahənin islahat xəritəsinə əsasən elektron baza məlumatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin torpaq sahəsi ilə iddiaçıya məxsus (1,30 ha) torpaq sahəsi qonşu torpaqlar olmaqla aralarında hər hansı boşluq və məsafə yoxdur. Torpaq sahələrinin yanaşı yerləşməsi JN-0036 nömrəli Dövlət Aktının 36C planşetindən aşkar görünür. Bununla belə tərtib edilmiş çıxarışların elektron baza məlumatlarında hər iki torpaq sahəsi arasında boşluq buraxılması müəyyən edilir. Sözügedən boşluq isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsidir. Cavabdeh orqan qonşu torpaq sahəsinə münasibətdə çıxarış tərtib edərkən torpaq sahəsinin faktiki istifadə vəziyyətini nəzərə almış, lakin iddiaçıya münasibətdə torpaq sahələrinin yanaşı olmasını və faktiki istifadə vəziyyətini nəzərə almadan islahat xəritəsinə uyğun çıxarış tərtib etmişdir. İddiaçının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılmasını tələb etdiyi torpaq sahəsi də, məhz 35C planşeti ilə göstərilən torpaq sahəsinin birbaşa qonşuluğudur. Beləliklə yuxarıda qeyd edilmiş işin hallarından göründüyü kimi 0,29 ha torpaq sahəsinə münasibətdə TEKUİS məlumatlarının düzgün olmaması aşkar müəyyən edilir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının 2.3.5-ci bəndində ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi nəzərdə tutulmuşdur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi konfiqurasiya fərqləri ilə dövlət aktı və plan ölçü sənədi ilə uyğunluq təşkil edir. Odur ki, cavabdeh orqan iddiaçının faktiki istifadəsini nəzərə almaqla, konfiqurasiya fərqlərini aradan qaldıraraq yeni plan-ölçü sənədi tərtib etməlidir. İddiaçı tərəfindən mübahisələndirilən Qax rayonu Qıpçaq bələdiyyəsinə məxsus ********** qeydiyyat nömrəli çıxarış həmin bələdiyyənin xx.xx.2013-cü il tarixli 11 nömrəli qərarı əsasında, X6 məxsus ********** qeydiyyat nömrəli çıxarış isə həmin bələdiyyənin xx.xx.2017-ci il tarixli 10 saylı iclasının qərarı və icarə müqaviləsi əsasında tərtib edilmişdir. Bununla belə iddiaçı, Qax rayonu Qıpçaq bələdiyyəsinin müvafiq qərarlarını yox, bundan irəli gələn torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlı cavabdeh orqanın hərəkətlərini mübahisələndirir. İş materiallarında olan, 8,02 ha torpaq sahəsinin yeruquruluşu sxemi ilə cavabdeh orqanın mübahisəli torpaq sahələrinə dair tərtib etdiyi plan-ölçü sənədi arasında torpaq sahəsinin yerləşmə vəziyyəti ilə bağlı fərqlər aşkar visual baxışla müəyyən edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 17-ci bəndinə əsasən ... reyestrdəki qeydiyyat hər hansı mülkihüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Cavabdeh orqan bələdiyyənin və sonradan Nigar Nəzərlinin adına tərtib edilmiş çıxarışları və plan-ölçü sənədlərini ilkin torpaqayırma sənədinə (yerquruluşu planına) uyğun yox, ərazinin faktiki yerləşmə xüsusiyyətlərinə uyğun tərtib etmiş, lakin, nəzərə almamışdır ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi ona torpaq islahatı zamanı verilmiş torpaq sahəsidir. Odur ki, iddiaçı Qax rayonu Qıpçaq bələdiyyəsinin qərarları əsasında hüquqların qeydiyyatı ilə bağlı cavabdeh orqanın hərəkətlərini mübahisələndirməkdə haqlı olmuşdur. Mübahisələndirilən qeydiyyat Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı qəbul edildikdən sonra aparılmış, müvafiq çıxarışların tərtib edilməsinin ərazidəki digər subyektlərin hüquqların müdaxilə edib-etməməsi araşdırılmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələbləri baxımından ərazi vahidləri üzrə layihələr həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırıldığı, ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarını pozmadığı hallarda torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə müvafiq sənədlərin tərtib edilməsinə yol verilir (2.3.5). Yəni faktiki istifadə vəziyyətinə uyğun konfiqurasiya fərqlərini aradan qaldırmazdan əvvəl cavabdeh orqan sadalanan halları nəzərə almalı idi. “İnzibati İcraat haqqında” Qanun: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə AA000526 nömrəli plan-ölçü sənədinin koordinatlarına düzəliş etməklə faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması, AA000525 nömrəli plan-ölçü sənədinin koordinatlarını faktiki istifadə vəziyyətinə uyğunlaşdırmaqla faktiki istifadə vəziyyəti ilə üst-üstə düşən hissədə Qax rayonu Qıpçaq bələdiyyəsinə məxsus ********** qeydiyyat nömrəli və həmin qeydiyyat əsasında tərtib edilmiş X6 məxsus ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.