Məhkəmə qərarları › İş №2-1(116)-3461/2025

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3461/2025

09.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3461/2025 09.02.2026 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədli Jalə Rahim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fonduna qarşı “iddiaçıya sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, iddiaçıya sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin əsaslarına görə, “iddiaçı xx.xx.2010-cü ildə X7 ilə nikaha girməklə evlənmişdir. Birgə evlilikdən 4 uşaqları olmuşdur: 08 dekabr 2011-ci il təvəllüdlü Adilə, xx.xx.2013-cü il təvəllüdlü Nəbi, xx.xx.2017-ci il təvəllüdlü Cənnət, xx.xx.2020-cİ il təvəllüdlü Ramilə. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-346/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı X7 arasında 10 avqust 2010-cu ildə Mingəçevir şəhər Nikah evində qeydə alınmış nikahın pozulması qət edilmişdir. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyun 2023-cü il tarixli 2( 107)-675/2023 saylı qətnaməsi ilə iddiaçının cavabdeh X3 qarşı Adilə, Nəbi, Cənnət və Ramilə adlı uşaqlari ilə birlikdə Mingəçevir şəhəri Müşfiq Rəhimov küçəsi 4 nömrəli fərdi yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilmiş, iddiaçının Mingəçevir şəhəri M.Rəhimov küçəsində yerləşən X1 mülkiyyətində olan 4 nömrəli fərdi yaşayış evinə istifadə hüququ 2 il müddətinə saxlanılmışdır. Keçmiş əri Bəbir Nəbiyev 4 övladı da iddiaçının yanında qoyaraq yenidən ailə qurduğundan uşaqlarının bütün tələbatlarını iddiaçı ödəyir. İddiaçı də olan gəlirlərini təqdim etməklə cavabdeh orqana sosial müavinət təyin olunması üçün müraciət etmişdi. 13 iyun 2025-ci il tarixdə qurumlararası yoxlanış üzrə vətəndaş müraciətinin emalı zamanı texniki problemin yaranması əsası ilə imtina verilmişdir. Halbukı, inzibati orqanın belə bir imtina vermək səlahiyyəti olmamışdır.”. Cavabdeh orqan iddia tələbinə etirazını belə əsaslandırır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Nazirlik) qarşı “ünvanlı dövlət sosial yardımın təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş vardır. İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, 253378000S725 nömrəli ərizə ilə Nazirliyə müraciət etmişdir. Daxil olan müraciətə ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbindən imtina edilmişdir. Belə ki, iş üzrə maddi-məişət şə aitinin yoxlanılması zamanı təmsilçi tərəfindən boşanmaya dair 2018-ci il tarixli məhkəmə qətnaməsi (3 uşaq üçün aliment ödənişini nəzərdə tutan) yoxlanışı həyata keçirən əməkdaşlara təqdim olunsa da, daha sonra dünyaya gəlmiş övladı X8 ilə bağlı aliment ödənişinin ödənilməsi ilə bağlı məhkəmə qətnaməsini təqdim etməmişdir. Əldə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli arayışında təmsilçinin övladı R.Nəbiyevanın adı “Kamilə” olaraq qeyd olunduğundan sözügedən hal ərizə-bəyannamədə qeyd olunmuş məlumatlarla müqayisədə uyğunsuzluq təşkil etmişdir. Qeyd olunan əsaslara uyğun olaraq təmsilçi İddiaçı müraciətindən imtina olunmuşdur. Bildiririk ki, VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. “Ünvanlı dövlət sosial yardım haqqında “Qanun”un 1.0.3-cü maddəsinə əsasən ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu kimi qeyd edilmişdir. Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 477 saylı Fərmanının icrası ilə əlaqədar olaraq, vətəndaşların sosial təminat sahəsində sürətli, rahat və şəffaf xidmətlərə geniş çıxışının təmin edilməsi, ünvanlı dövlət sosial yardımı üzrə dövlət orqanlarının fəaliyyətinin innovativ texnologiyaların tətbiqi ilə qabaqcıl dünya təcrübəsinə uyğun təşkil edilməsi və bu əsasda aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 nömrəli qərarı ilə “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq olunmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində (MEİS) ünvanlı dövlət sosial yardımı üzrə X10 və X16 (VEMTAS) yaradılmışdır. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sözügedən Qanunun 6.3-cü maddəsinə əsasən, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Sözügedən Qanunun 7.1-ci maddəsinə əsasən, sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Sözügedən Qanunun 7.3-cü maddəsinə əsasən, ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 1.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiiyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Sözügedən Qaydaların 3.1-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydaların 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Sözügedən Qaydaların 3.3cü maddəsinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST" mərkəzlərinin (bundan sonra - Mərkəz) sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Qaydaların 3.4.1-ci yarımbəndinə əsasən VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə’də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. Sözügedən Qaydaların 3.4.2-ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Sözügedən Qaydaların 3.7-ci maddəsində sosial yardımın təyin olunmasından imtina edilməsi əsasları sadalanmışdır. Həmin maddənin 3.7.1-ci yarımbəndinə əsasən “Ərizəbəyannamə”də qeyd edilmiş melumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin edilməsindən imtina edilir. Belə ki, maddi-məişət yoxlaması zamanı İddiaçı təqdim etdiyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin arayışında qeyd olunmuş X4 adının “Kamilə” olaraq qeyd olunması “Ərizəbəyannamə”də əks olunmuş məlumatlarla müvafiq arayış arasında ziddiyyətlərin yaranmasına və sistem üzərindən qeyd olunan hala uyğun olaraq imtina verilməsinə əsas yaratmışdır. Əlavə olaraq onuda qeyd edək ki, analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(102)-442/2021 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayət təmin edilmişdir. Belə ki, Ali Məhkəmənin mövqeyinə görə iddiaçının ərizə bəyannamədə qeyd etdiyi məlumatlarla maddi- məişət şəraitinin yoxlanılması zamanı aşkar olunmuş məlumatlar arasındakı ziddiyətlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 37 nömrəli Qaydalarda birbaşa olaraq imtina əsası kimi göstərilmişdir. Odur ki, ərizə bəyannamə ilə maddi-məişət şəraitinin yoxlanılması zamanı əldə olunmuş məlumatlar arasındakı uyğunsuzluq birmənalı olaraq imtina əsasıdır. Sözügedən Qaydaların 5-ci maddəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası qeyd edilm şdir. 5.22-ci maddəyə əsasən, ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1%)+R+RM Burada: YM - yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalan”nın 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi mənbələrdən (o cümlədən ailənin maddi məişət şəraitinin müayinəsi zamanı aparılan video və foto çəkiliş üzrə məlumatlardan) istifadə edilir. Qaydaların 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. Digər gəlirlərə münasibətdə ailənin əldə etdiyi və yuxarıda sözügedən gəlirlər kateqoriyasına aid edilməyən gəlirlər daxil edilir. Məlum olduğu kimi, İddiaçı 3 övladına münasibətdə məhkəmə qətnaməsini təqdim etsə də, digər övladı R.Nəbiyevaya münasibətdə isə müvafiq məhkəmə qətnaməsini təqdim etməmiş, nəticədə ailə gəlirləri ilə bağlı məlumatların dəqiqləşdirilməsi mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2025-ci il tarixdə imtina verilməsinə baxmayaraq, iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən “məcburetmə haqqında” iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM- də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM- in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bununla bağlı olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)-584/2024 nömrəli qərarında müəyyən etdiyi hüquqi mövqeyə əsasən qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında" Qanunun 64.1, 64.2-ci 5 maddələrinin tələbinə görə inzibati akt, ünvanlandığı şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri və işin faktiki hallarına nəzərən qeyd edilməlidir ki, iddiaçı tərəfindən daxil edilən müraciətə əsasən müvafiq araşdırma aparılmış, ünvanda müayinə keçirilmiş və ərizə-bəyannamədə qeyd olunan məlumatlarda uyğunsuzluq olduğu aşkar edilmişdir. Bu səbəbdən də, iddiaçıya ÜDSY-ın təyin olunması mümkün olmamışdır. Beləliklə, iddiaçının iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək bildirdi ki, mənim 4 uşağım var. Hamısı barədə ərizədə məlumat qeyd etmişəm. Bizə evə yoxlama üçün əməkdaşlar gəldi. Yoxlanış edəndən sonra mən onlara məlumat verdim və mənə verilən telefon nömrəsinə qətnamənin surətini atdım. Sonradan telefon söndürüldü mən isə qaynar xəttə zəng edib bu barədə məlumat verdim. Qarşı tərəf istəmirki mən sosial yardım alım. Mən keşmiş həyat yoldaşımla 2018 məhkəmə qətnaməsi ilə ayrılmışıq. Sonradan barışıq oldu və 4-cü övladım dünyaya gəldi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Əlavə edərək bildirdi ki, bizə təqdim edilən qətnamə 2018-ci il tarixlidir. Həmin qətnamədə 3 övlad qeyd edilib. Sonradan 4-cü uşaq X9 ilə bağlı aliment ödənişi ilə bağlı aliment ödənişinin təmin edilməsi ilə bağlı məhkəmə qətnaməsi təqdim edilməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 180595/3-16 nömrəli arayışın surətindən görünür ki, təmsilçi övladı X11raq qeyd olunduğundun sözügedən hal ərizə bəyannamə qeyd olunmuş məlumatlarda uyğunsuzluq olmuşdur. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur:

1. Ünvanlı sosial yardımın alınması üçün iddiaçının xx.xx.2025-ci il tarixli müraciəti və imtina bildirişi.

2. Ünvanlı sosial yardımın alınması üçün iddiaçının xx.xx.2025-ci il tarixli müraciəti və imtina bildirişi.

3. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli 180595/3- 16 nömrəli arayışının surəti.

4. İddiaçıya məxsus AA7193118 seriya nömrəli şəxsiyyət vəsiqəsinin surəti.

Tətbiq edilən hüquq “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3 Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması,müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 6.4. Sosial yardımın təyin edilməsi və təyin olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X5 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X5 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 05 fevral tarixli 37 saylı qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2.1. Ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə)[1] yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notarius tərəfindən təsdiq edilir. Notarius tərəfindən təsdiq olunmuş ərizə üzrə məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindən bu Qaydaların 1.3.3-cü yarımbəndinə uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra - VEMTAS) ötürülür. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. 2.1-1. Təmsilçilik barədə ərizə bu Qaydaların 2.1-ci bəndinə uyğun olaraq təsdiq edildikdən sonra müraciət üçün 90 (doxsan) gün müddətində, sosial yardım təyin olunduğu halda isə sosial yardımın alındığı dövrdə qüvvədədir. 3.1. Sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.2. VEMTAS tərəfindən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların X5 Sistemi üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3. Bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddiməişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin maddi-məişət şəraitinin müayinəsi”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin (Təmsilçi yaşayış ünvanında olmadıqda, ailənin yetkinlik yaşına çatmış və əmək qabiliyyətli üzvlərindən birinin) iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.4.1. VEMTAS tərəfindən xüsusi proqram təminatı vasitəsilə həmin məlumatların “Ərizə-bəyannamə”də əks olunan məlumatlarla uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.4.2. Məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır. 3.4-1. Sosial yardım təyin olunmuş ailənin tərkibi, yaşayış ünvanı dəyişmədikdə və ailədə ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ailə üzvü və ya orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 2 (iki) və daha çox ailə üzvü, 3 (üç) və daha çox uşaq olduqda sosial yardımın təyin edilmə müddəti bitdikdən sonra həmin ailənin sosial yardımın alınması üçün növbəti 1 (bir) il ərzində təkrar müraciəti Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisinə tapşırıq göndərilmədən VEMTAS tərəfindən araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. 3.5. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 (bir) il müddətinə təyin olunur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda;[26] 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi və ya Mərkəz tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. 3.7-1. Bölmə və ya Mərkəzin sosial yardım üzrə işçisi tərəfindən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılarkən aşağıdakı halların aşkar edilməsi səbəbindən sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarıldıqda və həmin ailənin növbəti müraciəti zamanı bu hallar aradan qaldırılmadıqda maddi-məişət şəraitinin müayinəsi aparılmadan ailəyə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır: 3.7-1.1. ailənin “Ərizə-bəyannamə”də göstərdiyi ünvan düzgün olmadıqda; 3.7-1.2. ailənin əmlakı barədə məlumat düzgün göstərilmədikdə. 5.1. Sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsbedən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından vənəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanınxidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü iləəlavə sübutlar toplamağa borcludur. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdimolunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; Maddə 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuşhallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. Maddə 28.4. Bu Qanunun 28.1.1-ci və 28.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarüzrə inzibati icraat bu fəsildə müəyyən olunmuş qaydalara uyğun olaraq aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Əsaslandırma hissə:

İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu isə “ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi” səbilə müraciəti təmin etməmişdir. Məhkəmə aşağıdakılara görə cavabdehin dəlilini əsaslı hesab etmir. Cavabdehin istinad etdiyi arqument ondan ibarətdir ki, iş üzrə maddi-məişət şəraitinin yoxlanılması zamanı təmsilçi tərəfindən boşanmaya dair 2018-ci il tarixli məhkəmə qətnaməsi (3 uşaq üçün aliment ödənişini nəzərdə tutan) yoxlanışı həyata keçirən əməkdaşlara təqdim olunsa da, daha sonra dünyaya gəlmiş övladı X8 ilə bağlı aliment ödənişinin ödənilməsi ilə bağlı məhkəmə qətnaməsini təqdim etməmişdir. Əldə olunmuş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli arayışında təmsilçinin övladı R.Nəbiyevanın adı “Kamilə” olaraq qeyd olunduğundan sözügedən hal ərizə-bəyannamədə qeyd olunmuş məlumatlarla müqayisədə uyğunsuzluq təşkil etmişdir. İddianın hüquqi əsasına münasibətdə məhkəmə əvvəla onu qeyd edir ki, cavabdeh ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı şəxsin ərizəsi üzrə icraat aparmağa və ödəmənin həyata keçirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş dispozisiya şərtlərinin şəxsə münasibətdə mövcud olub-olmamasını xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yalnız belə icraat nəticəsində tələb olunan dispozisiya şərtlərinin şəxs tərəfindən ödənilmədiyinin müəyyən olunduğu təqdirdə, cavabdeh həmin vəsaitin ödənilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Məhkəmə analoji mübahisələr üzrə məhkəmə təcrübəsini yaradan Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1139/2023 nömrəli qərarını qeyd etməyi zəruri hesab edir. Həmin qərarda formalşmış hüquqi mövqe belə ifadə olunur ki, “ 30.Nəzərə almaq lazımdır ki, ünvanlı sosial yardımın təyin edilməsi ilə bağlı edilmiş müraciət əsasında cavabdeh tərəfindən inzibati icraat başlanılır. Həmin icraat isə inzibati icraatla bağlı əsas qaydaları müəyyən edən “İnzibati icraat haqqında” Qanunun və sahəvi tənzimləmələri əks etdirən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın tələbləri birgə nəzərə alınmaqla aparılmalıdır. 31. “İnzibati icraat haqqında” Qanun inzibati orqan tərəfindən verilmiş müraciətə baxılmasının nəticəsi kimi üç mümkün qərar qəbul edilməsi imkanını nəzərdə tutur ərizənin baxılmamış saxlanılması, müraciətin təmin edilməsi haqqında qərar verilməsi və ya imtina edilməsi haqqında qərar çıxarılması. 32. Sahəvi qanunvericilik aktı kimi çıxış edən “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalar”ında isə inzibati orqanın iki qərar qəbul etmək imkanı təsbit edilmişdir - sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə. 33. Beləliklə, cavabdeh iddiaçının ona edilmiş müraciəti əsasında yalnız sözügedən qərarlardan birini qəbul etmək imkanına malikdir. Belə qərarı o, icraat gedişində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul etməlidir. Həmin qərar isə yekun nəticəyə gəlmək imkanı verən iş üzrə əhəmiyyətli bütün halların araşdırılmasının sonunda çıxarılmalıdır. Bu zaman cavabdeh xidməti vəzifəsinə görə iş üzrə əhəmiyyət kəsb edən bütün halları, o cümlədən iddiaçının xeyrinə olan halları araşdırmalı, zərurət olduqda iddiaçıya hüquqi yardım etməlidir. 34. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası ünvanlı dövlət sosial yardımın təyin edilməsi üçün daxil olmuş müraciətlərin iki mərhələli yoxlamadan keçirildiyini, yoxlamanın hər iki mərhələsindən uğurla keçdiyi təqdirdə şəxsə ünvanlı sosial yardımın təyin edilməsi barədə qərar qəbul edilməsinin mümkünlüyü ilə bağlı cavabdehin mövqeyinə dair aşağıdakıları qeyd edir. 35. Qanunvericiliyin tələblərinə görə müraciətə baxılması nəticəsində onun təmin edilməsindən imtina olunması qənaətinə gələrkən, cavabdeh imtinaya əsas təşkil edən bütün halları eyni andan yoxlamalı, qəbul etdiyi qərarında bütün imtina səbəblərini bir dəfə və aydın şəkildə göstərməlidir. Bu, hüquqi dövlət və dövlət idarəçiliyinə etimad prinsiplərindən irəli gəlir. Ona görə də, müraciət üzrə ayrı-ayrı vaxtlarda, ayrı-ayrı imtina səbəblərinə istinad etməklə ünvanlı sosial yardım təyin edilməsindən imtina edilməsi yolverilməz və qanunsuzdur.”.

Hazırkı halda cavabdeh inzibati orqan imtinasının əsası kimi yalnız iddiaçı tərəfindən aliment ödənişinin ödənilməsi ilə bağlı məhkəmə qətnaməsinin təqdim etməməsinə əsaslansada, bu məlumatın iddiaçı tərəfindən verilməməsi ailənin əmlakı barədə məlumatın düzgün göstərilmədiyi anlamına gəlmir. Belə ki, ailə qanunvericiliyinə əsasən aliment, bir şəxsdən digərinə (adətən uşaqlara və ya keçmiş həyat yoldaşlarına) maddi dəstək vermək üçün qanunla müəyyən edilmiş öhdəlikdir. Hazırkı halda alimentin məqsədli təyinatı yalnız ona təyin edilmiş azyaşlının normal inkişafını təmin etməkdən ibarətdir və ailənin ümumi əmlakı kimi qəbul edilməməlidir. Odur ki məhkəmə belə hesab edir ki, iddiaçının VEMTAS vasitəsilə ünvanlı sosial yardımla bağlı müraciətlərində göstərdiyi və cavabdehin müvafiq məlumatların yoxlanılması zamanı düzgün məlumat vermədiyi hallar kimi göstərdiyi hallar (uşağa alimentin təyin edilməsi ilə bağlı məhkəmə aktı) özü-özlüyündə iddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtinaya səbəb olan hallar kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən məlumatlar cavabdehin özündə (tabeçiliyində olan qurumlarda) mövcud olmaqla, həmin məlumatlardakı uyğunsuzluğun aradan qaldırılması imkanına malik olmuşdur. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına əsasən cavabdehin ünvanlı dövlət sosial yardım təyin edilməsindən imtinasının əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Odur ki, iddia təmin edilməli, iddiaçının müraciətindən imtina xx.xx.2025-ci il tarixdə verildiyindən “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən 1 il müddətinə sosial yardımın təyin edilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

Qərara aldı:

İddia təmin edilir. Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiə Fondunun üzərinə İddiaçı xx.xx.2025-ci il tarixdən 1 il müddətinə ünvanlı dövlət sosial yardımının təyin olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar