Məhkəmə qərarları › İş №2-1(116)-3467/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3467/2024

04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3467/2024 04.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı X5 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1ində yerləşən qanuni istifadəsində olan 0.46 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçılar X6, X3, X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ”ünvan 1ində yerləşən qanuni istifadələrində olan Ziyayev Raşiddinə məxsus 0,96 ha, X2 məxsus 0,46 ha və X7 məxsus 0,46 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-1234/2023 nömrəli qərardadı ilə Oğuz rayonu Kərimli bələdiyyəsi hazırkı iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-98/2024 nömrəli qərardadları ilə iddiaçı X8 və X1 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ünvan 1i ünvanda yerləşən qanuni istifadələrində olan 0.46 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” barədə iddia tələbləri ayrıca icraata ayrılmışdır. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - ünvan 2i ünvanda yerləşən, ailə üzvlərinin qanuni istifadəsində olan həyətyanı və bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alaraq ailə üzvlərinin adına Dövlət Reyestrindən Çıxarış verilməsini cavabdehdən xahiş etmişdir. Lakin araşdırma nəticəsində aydın olmuşdur ki, ailə üzvlərinin qanuni istifadəsində olan, müvafiq olaraq X7 məxsus 0,46 ha bağ torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alaraq adına Dövlət reyestrindən çıxarış verilməsindən cavabdeh imtina edilmişdir. İmtina məktubunda hüquqmüəyyənedici sənədlər tələb olunmuşdur. Bundan başqa torpaq islahatı zamanı ünvan 2i üzrə torpaq payı alan subyektlərin siyahısının, ailə üzvlərinin adına olan həyətyanı torpaq sahələri barədə məlumatı, ünvan 2 X9 Komissiyasının qərarının və həmin qərarın təsdiq olunması barədə Oğuz Rayon Aqrar İslahat Komissiyasının qərarının və digər müvafiq islahat sənədlərinin təsdiq olunmuş surətlərinin göndərilməsi Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən xahiş etmişdir. Qeyd edilən sənədlərin müvafiq qaydada təsdiq olunmuş surətləri göndərilmişdir. Həmin torpaq sahələri hal-hazırda da onun istifadəsindədir. Lakin uzun illərdir müxtəlif dövlət orqanlarına dəfələrlə müraciət etsə də, mülkiyyət sənədi ala bilməmişdir. Həmin torpaq sahələrində dəfələrlə ölçmə işləri aparılmış və mütəxəssis rəyi verilmişdir. Heç bir mübahisə və digər mülkiyyətçilərlə üst-üstə düşmə yoxdur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını iddia olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi ilə əsaslandırmış, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il tarixli 68 saylı iclas protokolundan çıxarış, ünvan 1 inzibati ərazi vahidliyi üzrə torpaq payı almaq hüququ olan vətəndaşların püşk ardıcıllığı üzrə siyahısı, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubu və ona əlavə olunmuş Oğuz rayonu, Kərimli kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlər siyahısından X5 (JN-404) və onun ailə üzvlərinin adları qeyd olunmuş hissədən çıxarışlar, cavabdehin xx.xx.2023-ci il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Torpaq islahatı haqqında Qanun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır:

1. Sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər; 3) sovxoz və kolxozlardan təqaüdə çıxmış və müvafiq rayonun (şəhərin) ərazisində yaşayan şəxslər; 4) sovxozun və ya kolxozun ərazisindən həqiqi müddətli hərbi qulluğa çağırılmış və müvəqqəti qaib olmuş şəxslər; 5) bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər.

2. Torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirlər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılır. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı X9ı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı faktiki istifadəsində olan 0,46 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına nail olmaqdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəyi ilə müəyyən edilir ki, Kərimli kəndi ərazisində aparılmış torpaq islahatına dair yerquruluşu xəritəsinə əsasən (DVG) iddiaçı X5 istifadəsində olan faktiki naturada ölçülmüş 0,3570 hektar torpaq sahəsi bütünlüklə bələdiyyə mülkiyyətinə aid topaq sahəsi ilə üst-üstə düşür. X4 Uçotu informasiya Sistemində (TEKUİS) iddiaçı X5 istifadəsində olan faktiki naturada ölçülmüş 0,3570 hektar torpaq sahəsi kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Oğuz rayonu Kərimli bələdiyyəsinin mülkiyyətinə, iddiaçı X5 istifadəsində olan faktiki naturada ölçülmüş 0,28 hektar torpaq sahəsi kateqoriyası yaşayış məntəqəsi torpaqları, uqodiyası çoxillik əkmələr olmaqla Oğuz rayonu Kərimli bələdiyyəsinin mülkiyyətinə aid ərazidə göstərilmişdir. Göründüyü kimi iddiaçının faktiki istifadəsində olduğu bildirilən və mütəxəssis tərəfindən tədqiq edilmiş 0,3570 və 0,28 hektar torpaq sahələri yeni elektron uçot məlumatlarında yaşayış məntəqəsi torpaqları təyinatlı, Oğuz rayonu Kərimli bələdiyyəsinin mülkiyyətinə aid ərazidə yerləşir. İddiaçı, həmin torpaq sahəsinin verildiyi gündən bu günə kimi istifadəsində olmasını bildirsə də, sözügedən torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi iş üzrə hər hansı mötəbər sübutla təsdiqlənmir. İş materiallarında olan ünvan 1 inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan subyektlər siyahısında iddiaçının və ailə üzvlərinin adının qarşısında icra edilmiş “0,46” qeydinə münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qeyd iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsünü ifadə edir və torpaq islahatı zamanı iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi kimi qiymətləndirilə bilməz. Nəzərə alınmalıdır ki, iddiaçının faktiki istifadəsində olduğunu bildirdiyi “0,46” qeydi onun özünün təqdim etdiyi “ünvan 1 inzibati ərazi vahidi üzrə pay almaq hüququ olan vətəndaşların püşk ardıcıllığı üzrə siyahısında” da “artıq istifadə etdiyi torpaq sahəsi” qrafasında (7-ci) qeyd edilmişdir. Eyni zamanda "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş xx.xx.2008-ci il tarixli siyahıdan müəyyən edilir ki, iddiaçının ailə üzvlərinin faktiki istifadəsində olan ümumi torpaq sahəsinin ölçüsü 0,5667 ha (0,1614+0,1653+0,0168+0,2232) qeyd edilmiş, həmin torpaq sahəsinin 0,4067 ha hissəsi bələdiyyənin ehtiyat fondu, 0,16 ha hissəsi isə mülkiyyətçiyə verilən torpaq sahəsi olaraq göstərilmişdir. Göründüyü kimi torpaq islahatı aparılan zaman iddiaçının faktiki istifadəsində olan, hazırkı mübahisənin predmeti kimi çıxış edən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır. İş materiallarında olan JN-596 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli 68 nömrəli qərarı ilə iddiaçıya ailə üzvləri ilə birlikdə 2,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair ********** (1,4784 ha), ********** (0,0654 ha), ********** (0,6172 ha) qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar tərtib edilməklə iddiaçının ümumibirgə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. “Torpaq islahatı haqqında Qanunun 12-ci maddəsinin 2-ci hissəsində birmənalı olaraq müəyyən edilmişdir ki, torpaq payı almaq hüququ olanların siyahısı təsdiq edilənədək özbaşına zəbt etdikləri torpaqları geri qaytarmayan şəxslər həmin siyahıya daxil edilmirər. Zəbt edilmiş torpaqlar qanunvericiliklə müəyyən edilən qaydada geri qaytarılmalıdır. Hazırkı işdə isə iddiaçı faktiki istifadəsində olan, zəbt torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması tələbini irəli sürmüşdür ki, zəbt edilmiş torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı birbaşa “Torpaq islahatı haqqında Qanunun tələblərinə ziddir. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınması üçün şəxsin həmin normalarda əsas qismində nəzərdə tutulmuş etibarlı hüquqmüəyyənedici sənədə malik olması zəruridir. Qeydiyyatın aparılması zamanı cavabdeh hüquqmüəyyənedici sənədin məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində öz əksini tapmışdır. İddia olunan torpaq sahəsinə münasibətdə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı ”ünvan 1ində yerləşən qanuni istifadəsində olan 0.46 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınaraq adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar