Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-348/2020 23.06.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müvafiq tələblərə uygun gələməməyi barədə qərarın ləğv edilməsi, həqiqi hərbi xidmət keçməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərisəi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müvafiq tələblərə uygun gələməməyi barədə qərarın ləğv edilməsi, həqiqi hərbi xidmət keçməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03.10.2019-cu il tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə göndərilmiş və 27.11.2019-cu il tarixində Şəki İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuşdur. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 03.08.2000-ci il tarixdə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə qəbul olmuşdur. 01.09.2000-ci il tarixdə Hərbi And içmişdir. 24.06.2004-cü il tarixdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinidə bitirmiş və leytenat hərbi rütbəsi almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 24.06.2004-cü il tarixli 0362 saylı əmrinə əsasən 26.07.2004-cü il tarixdən 13.05.2005-ci il tarixədək Silahlı Qüvvələr Təlim və Tədris Mərhələsinin zabit ixtisas taburunda dinləyici zabit kimi işləmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13.05.2005-ci il tarixli 0276 saylı əmrinə əsasən intizamsızlığa görə 16.05.2005-ci il tarixdən Silahlı Qüvvələr Təlim və Tədris Mərkəzinin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılmaqla xidməti davam etdirmək üçün N saylı hərbi hissəsində artilleriya divizionun artilleriya batareyasının, artilleriya tağımının komandiri vəzifəsinə təyin olunmuşdur. 02.01.2010-cu il tarixdə yazdığı ərizə əsasında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 23.07.2010-cu il tarixli Azərbaycan Respublikası Silahlı Qüvvələr sıralarında “Hərbi Xidmətə keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) tərxis olunmuşdur. 02.08.2010-cu il tarixdə N saylı Hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Qeydiyyata düşmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinə göndərilmişdir. 01.07.2011-ci il tarixdə Azərsu “ASC”-nin Bakı Sukanal İdarəsdən +160 şimal Su Ambarları və Nasos stansiyasına səkkizinci dərəcəli aparıcı mühəndis vəzifəsinə işə qəbul olmuşdur. 19.03.2012-ci il tarixdə həmin idarənin X5 stansiyasına 13cü dərəcəli növbə rəisi vəzifəsinə köçürülmüşdür. 05.03.2014-cü il tarixdə həmin idarənin Suyun Tənzimləməsi sahəsinin (Bakı şəhəri üzrə) sahə rəisi 14-cü dərəcə ilə təyin olunmuşdur. 01.09.2016-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən işdən çıxmışdır. Bundan əlavə 01.06.2016-ci il tarixdən 17.06.2017-ci il tarixədək "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləmişdir. 17.06.2017-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ilkin hissəsinin “a” bəndinə əsasən işdən çıxmışdır. Xidmətdə olduğu vaxt 20.06.2008-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilindiyi üçün, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən cərimə cəzasına məhkum olmuşdur. 331.3-cü maddə ilə təqsirli bilinmiş, Gəncə Hərbi Məhkəməsinin 01.11.2007-ci il tarixli hökmü ilə cərimə cəzasına məhkum olmuşdur. Gəncə Hərbi Məhkəməsinin 12.03.2009-cu il tarixli Qərarına əsasən cəza vaxtından əvvəl götürülmüşdür. Bundan başqa Azərbaycan Respublikası Milli X2 ilə əlaqədar verdiyi 17.03.2009-cu il tarixli amnistiyaya 22.04.2009-cu il tarixdə düşmüşdür. 2015-ci ilin aprel ayında Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti sıralarında zabit kimi qəbul olunmaq üçün müraciət etmişdir. Müraciəti icraaya götürülüb lakin, hal-hazırda Dövlət Sərhəd Xidməti həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müvafiq tələblərə uyğun gəlmədiyini bildirmişdir. Cavabdeh etirazında bildirmişdir ki, iddiaçı Z.M.X4 Xidmətində həqiqi hərbi xidmətə qəbul olmaq barədə müraciətinə 22.07.2015-ci il tarixdə «Hərbi xidmətə qəbul komissiyası»nda baxılmış və Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən həqiqi hərbi xidmətə qəbul edilməsi məqsədəuyğun hesab edilməmişdir. İlkin öyrənilmə tədbirləri zamanı İddiaçı barəsində Bakı Hərbi Məhkəməsinin 20.06.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.3-cü, Gəncə Hərbi Məhkəməsinin 01.11 2007-ci tarixli hökmü ilə isə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarıldığı və onun 2 (iki) halda məhkum olunması müəyyən edilmişdir. Göründüyü kimi İddiaçı 2005-ci ildə az ağır cinayət törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilərək məhkum olunduğu vaxtdan 2 (iki) il keçdikdən sonra islah olunmayaraq yenidən qəsdən cinayət törətmiş və məhkum edilmişdir. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş hərbi xidmətkeçmə haqqında Əsasnamənin Xİ fəslinə (Həqiqi hərbi xidmətdən buraxılma) əsasən törətdikləri cinayətlərə görə məhkum edilmiş hərbi qulluqçular azadlıqdan məhrum edilməklə bağlı olmayan cəzalara məhkum edilmişlərsə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) Cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçının mübahisələndirdiyi qərarla bağlı məhkəmə qeyd edir ki, iddiaçının Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətə qəbul olmaq barədə müraciətinə 22.07.2015-ci il tarixdə «Hərbi xidmətə qəbul komissiyası»nda baxılmış və Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən həqiqi hərbi xidmətə qəbul edilməsi məqsədəuyğun hesab edilməmişdir. Bununla bağlı ona məlumat verilmiş, onun imtinadan həmin tarixdən xəbəri olmuş, qeyd olunan imtinadan sonra o, dəfələrlə cavabdehə müraciət etmiş, ona 18.02.2019-cu il tarixli, 02.05.2019-cu il tarixli, 01.08.2019-cu il tarixli məktublarla cavab verilmişdir. Azərbaycan Respublikası İPM-nin: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər. Beləliklə, iddiaçı tərəfindən verilmiş iddiaya məhkəmədə baxılması üçün bu şərtlərə riayət edilib-edilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin: -24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-ci maddəsinə əsaəsn, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Maddələrin tələblərindən göründüyü kimi, prosessual qanunvericiliklə müəyyən edilmiş müddətin maraqlı şəxsin ərizəsi əsasında bərpa edilməsi və həmin ərizənin verilməsi müddəti buraxılmış prosessual hərəkətlə birlikdə aparılması nəzərdə tutulmuşdur. İddiaçıya münasibətdə bu maddələrinin tətbiqi onu ehtiva edir ki, inzibati aktın mübahisələndirilməsi barədə iddia ərizəsini verərkən, iddiaçı müəyyən edilmiş müddətin onun təqsiri olmadan buraxıldığını əsaslandırmaqla ərizə ilə onun bərpasını xahiş edə bilər. Lakin işin yuxarıda əks olunmuş prosessual vəziyyətindən göründüyü kimi, iddiaçı tərəfindən belə ərizə təqdim edilməmişdir “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Yuxarıda sadalanan normalardan da göründüyü kimi iddiaçıya inzibati akt elan edilmiş, müraciətinə baxılmasının nəticəsindən onun xəbəri olmuş, ona yuxarıda sadalanan məktublarla məlumat verilmişdir. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, və 80 maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “həqiqi hərbi xidmətə qəbul olunmaq üçün müvafiq tələblərə uygun gələməməyi barədə qərarın ləğv edilməsi, həqiqi hərbi xidmət keçməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi 1) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-348/2020
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-348/2020
23.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver