Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3492/2024 28.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı ”Qəbələ rayonu İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolun və Qəbələ RİH başçısının xx.xx.2024-cü il tarixli, 26 saylı Sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “azyaşlı uşaqları X4 və X2 ana nənələri X1 qəyyumluğuna və himayəçiliyinə verilməsi haqqında Qəbələ rayonu İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolun və Qəbələ RİH başçısı Səbuhi Abdullayev tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 26 saylı Sərəncamın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili izahat verərək göstərdi ki, o, hazırkı mübahisənin mülki xarakterli olmasını hesab edərək ilkin olaraq iddia ərizəsi ilə Qəbələ rayon Məhkəməsinə müraciət etmiş, lakin yaranmış mübahisəyə inzibati məhkəmədə baxılmalı olması qeyd edilərək xx.xx.2024-cü il tarixli, e-2(025)-1304/2024 saylı qərardadla iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş, iddia ərizəsi və ona əlavə edilmiş geri qaytarılmışdır. Həmin qərardaddan apellyasiya şikayəti versə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(107)-1161/2024 saylı qərardadı ilə şikayət təmin edilməmişdir. Buna görə də, mübahisə mülki xarakterli olsa da, məcburiyyət qarşısında qalaraq inzibati məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsinin qanunvericiliyin tələbləri baxımından təhlil edərək, hesab edir ki, ilkin iddia tələbi mümkün sayılmamalıdır. Qanunvericiliyin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. İş materiallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Qəbələ rayonu İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolu və Qəbələ RİH başçısının xx.xx.2024-cü il tarixli 26 saylı Sərəncamı ilə həll edilən məsələ Qəbələ rayon sakini xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 ana nənələri Qəbələ rayonu Mirəzbəyli kənd sakini xx.xx.1969-cu il təvəllüdlü X1 qəyyumluğuna və himayəçiliyinə verilməsi ilə bağlıdır. İddiaçı, sözügedən sənədləri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirsə də, məhkəmə hesab edir ki, Qəbələ rayonu İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolu və Qəbələ RİH başçısının xx.xx.2024-cü il tarixli 26 saylı Sərəncamı ilə həll olunan məsələlər xüsusi hüququn tənzimetmə predmetinə aid olduğundan mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılması üçün tərəflər arasında yaranmış hüquq münasibətləri inzibati xarakterli olmalıdır. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. Qəyyumluq və himayəçiliklə bağlı qərarların qəbul edilməsi inzibati orqanlar tərəfindən həyata keçirilsə də, bu, həmin qərarların inzibati akt olmasını birmənalı olaraq müəyyən etmir. Başqa sözlə, qəyyumluq və himayəçilik məsələləri dövlətin ümumi idarəetmə funksiyasını yerinə yetirməkdən daha çox, şəxslərin fərdi hüquq və maraqlarının qorunmasına yönəlir. Bu baxımdan, inzibati orqanın qəyyumluq sahəsində qəbul etdiyi qərarları inzibati akt yox, xüsusi hüquq münasibətləri çərçivəsində qəbul edilmiş fərdi qərarlar hesab olunmaqla Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir və ailə hüququ çərçivəsində konkret şəxslərin fərdi maraqlarını həll etməyə xidmət edir (ailə hüququ xüsusi hüquq münasibətlərini əhatə etməklə ümumi (publik) hüquq sahəsinə aid deyildir). Həmin qərarların hüquqi təsiri yalnız konkret şəxslərə yönəldiyindən, inzibati idarəetmə funksiyasına aid edilə və inzibati akt kimi qiymətləndirilə bilməzlər. Çünki, yuxarıda qeyd edildiyi kimi onlar dövlət orqanlarının və ya vəzifəli şəxslərin publik fəaliyyətindən irəli gələn məsələlərin tənzimlənməsinə yox, ailə hüququ və xüsusi hüquq sahəsinə aid məsələlərin həllinə yönəlmişdir. Bu məsələlər şəxslərin fərdin maraqlarını qorumağa və uşaqların mənafeyini təmin etməyə yönəlib. Publik idarəetmə və ya ümumi hüquq sahəsinə aid deyildir. Buna görə də, Komissiyanın və İcra Hakimiyyəti başçısının qəyyumluqla bağlı qərarları inzibati akt sayılmır. Qəyyumluq məsələsi konkret bir vəziyyəti (uşaqların qəyyumluğa verilməsi) həll edərək hüquqi nəticələr yaratsa da, qeyd olunan hal inzibati idarəetmə funksiyası kimi nəzərdən keçirilmir. Belə ki, bu nəticələr yalnız konkret şəxslərin xüsusi hüquq münasibətlərinə təsir edir. İnzibati aktın əsas xüsusiyyəti isə onun birbaşa dövlət idarəetmə funksiyası ilə bağlı olmasıdır. Lakin mübahisələndirilən sənədlər belə bir funksiyanı yerinə yetirmir, dövlətin inzibati idarəetmə səlahiyyətlərindən irəli gələn inzibati akt qəbul etmək məqsədi daşımır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Göründüyü kimi inzibati akt dövlətin inzibati idarəetmə funksiyasını həyata keçirən bir orqan tərəfindən qəbul olunmaqla yalnız ümumi (publik) hüquq münasibətlərinin tənzimlənməsi və inzibati idarəetmə ilə əlaqədar məsələlərə aid olur və hüquqi nəticə yaradır. Bu, şəxslərin özəl hüquqları (məsələn, ailə hüququ) ilə deyil, dövlət idarəetmə funksiyaları ilə bağlı olmalıdır. Məhkəmə həmçinin onu qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar olduğu beynəlxalq sənədlər (məsələn, BMT-nin Uşaq Hüquqları Konvensiyası) uşaqların mənafeyinin bütün hallarda üstün tutulmasını tələb edir. Belə olan halda, mülki hüquq sahəsi bu mənafenin qorunması üçün daha məqsədəuyğundur. Odur ki, mübahisəyə mülki məhkəmə icraatı qaydasında uşaqların mənafeyinin qorunması və digər aidiyyəti hüquqi aspektlər əsas götürülməklə hüquqi qiymət verilməlidir. Hazırkı iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi məhkəmə iclasında iddiaçının vəkilinə izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı ”Qəbələ rayonu İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş 18 nömrəli protokolun və Qəbələ RİH başçısının xx.xx.2024-cü il tarixli, 26 saylı Sərəncamının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-3492/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3492/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver