Məhkəmə qərarları › İş №2-1(116)-35/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-35/2020

31.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-35/2020 31.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinə (üçüncü şəxs: Cavabdeh1) qarşı “İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinin Cavabdeh1 0.12 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2012-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” təbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdehlər İsmayıllı rayon Qurbanəfəndi Bələdiyyəsi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarının, həmin qərar əsasında AR ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və 0.12 ha həyətyanı torpaq sahəsinin onun mülkiyyətinə verilməsi” barədə qərar verilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Qurbanəfəndi bələdiyyəsi tərəfindən ona verilmiş 0,12 ha torpaq sahəsi özünün qanuni istifadəsindədir. Həmin torpaq sahəsi əslində 0,25 ha torpaq sahəsidir. 28 ildən çox o və ailəsi həmin torpaq sahəsində yaşamış və həmin torpaq sahəsindən istifadə etmişdir. Həmin torpaq sahəsində 2 mətəbəli ev tikilmişdir. Həmin torpaq sahəsi İsmayıllı-Qəbələ yolunun alt hissəsində yerləşir və iddiaçının qanuni mülkiyyətindədir. Belə ki, islahat zamanı iddiaçı ailə üzvlərinə əkin sahəsindən 1,90 ha torpaq sahəsi verilməli olduğu halda 1,63 ha torpaq sahəsi verilmişdir. Çünki 0,25 ha həyətyanı torpaq sahəsi onların zəbtində olduğu üçün əkin sahəsindən 0,25 ha torpaq sahəsini qəbul etməmişdir və əvəzinə həmin həyətyanı torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Bu, RİH-nin Qurbanəfəndi kənd İƏD üzrə nümayəndəliyin xx.xx.2017-ci il tarixli 197 saylı arayışı ilə təsdiq olunur. Həmin arayışda göstərilir ki, “Qurbanəfəndi kənd sakini İddiaçı və ailə üzvlərinin hazırda yaşadıqları 0,25 ha zəbt olunmuş həyətyanı torpaq sahəsindən savayı başqa yerdə zəbt olunmuş torpaq sahəsi olmamışdır. Zəbt olunmuş 0,25 ha torpaq sahəsi İsmayıllı-Qəbələ yolunun alt tərəfində (sol tərəfdə) yerləşir. Həyat yoldaşı ilə rəsmi ayrıldıqdan sonra ona 3 uşağı ilə məhkəmə qətnaməsinə əsasən əvvəllər mal-qara saxladığı kolxoz dövründə həyətyanı sahə kimi verilmiş, hazırda iddiaçı Cavabdeh1 Qurbanəfəndi bələdiyyəsi tərəfindən xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə qanunsuz yolla satılmış torpaq sahəsində yarı çay daşı ilə, yarı divarı isə kubiklə hörülmüş, dam örtüyü şiferdən olan mal-qara saxladıqları mal tövləsinə köçürülmüşdür. Torpaq sahəsində həmin mal tövləsindən əlavə toyuq hini, yay dövründə istifadə etmək üçün primitiv mətbəx yeri belə tikmişlər, həyət torpağında qeyd olunan tikililərin mövcud olmasına baxmayaraq, mal tövləsində yaşamaq son dərəcə ağır olduğundan həyətyanı sahədə 0,25 ha torpaq sahəsində öz vəsaitləri hesabına ona və uşaqlarına yaşamaq üçün 2 mərtəbəli ev tikmişlər və hazırda həmin evdə yaşayırlar. Ancaq Qurbanəfəndi bələdiyyəsi onların faktiki istifadə etdiyi və yaşadığı (torpaq satılarkən həmin sahədə həm tikililər, həm də ətrafı hasarlı olmuşdur) torpaq sahəsi 2012ci ildə gizli olaraq qərarlaşdırılaraq Cavabdeh1 satılmışdır. Cavabdeh1 özü rəsmən Qurbanəfəndi kəndində qeydiyyatda olsa da ailəsi və uşaqları ilə Rusiya vətəndaşı olmaqla Rusiyada yaşayırlar.Qurbanəfəndi kəndi üzrə Torpaq payı almaq hüququ olan subyektlər siyahısında 1-ci səhifədə 4-cü sırada iddiaçının ailə üzvlərinin adları qeyd olunduğu 4-cü qrafada zəbt olunan torpaq sahəsi 0,25 ha torpaq sahəsi olmuşdur. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-702/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə Cavabdeh1 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdeh İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinə qarşı iddia qaldırmaqla “İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinin Cavabdeh1 0.12 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2012-ci il tarixli 03 nömrəli qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli protokol qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İddiaçı İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarının və həmin qərar əsasında verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etməmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi tələb İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarının və həmin həmin qərar əsasında reyestrdən çıxarışın ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X12 səlahiyyətləri daxilində deyil. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəfimizdən mümkün olmamışdır. Qeyd etmək istəyirik ki, İddiaçı ləğv edilməsini tələb etdiyi Fəridə Allahveriyanın adına verilmiş çıxarış Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2-1(84)- 1580/2017 saylı qərarı ilə verilmişdir. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. İş materiallarında olan DTXK-nın İsmayıllı rayon şöbəsinin mart 2012-ci il tarixdə İsmayıllı rayon Qurbanəfəndi bələdiyyəsinin sədri Kamil Allahverdiyevə ünvanladığı cavab məktubunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, DTXK-nın İsmayıllı rayon şöbəsi İsmayıllı rayon Qurbanəfəndi kənd sakini Cavabdeh1 həyətyanı məqsədi ilə bələdiyyə mülkiyyətində olan yaşayış məntəqəsi torpağından 0.12 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İş materiallarında olan İsmayıllı RİH-nin Memarlıq və Tikinti şöbəsinin xx.xx.2012-ci il tarixli 57 nömrəli məktubunun təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı RİHnin Memarlıq və Tikinti şöbəsi Cavabdeh1 bələdiyyənin yaşayış məntəqəsi sahəsindən 0.12 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. İş materiallarında olan Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarının təsdiq edilmiş surətindən müəyyən edilir ki, Cavabdeh1 bələdiyyənin yaşayış məntəqəsi sahəsindən 0.12 ha torpaq sahəsi satılmışdır. İş materiallarında olan xx xxxx 2012-ci il tarixdə tərtib edilmiş, Qurbanəfəndi bələdiyyə sədri K.Allahverdiyev, torpaq alan Cavabdeh1 və torpaq şöbəsinin müdiri R.Beybutov tərəfindən imzalanmış “Torpaqların alqı-satqısına dair Akt”ın təsdiq edilmiş surətindən müəyyən edilir ki, müvafiq qərarla satılmış 0.12 hatorpaq sahəsinin müqabilində Cavabdeh1 tərəfindən İsmayıllı rayon “MuğanBank”ın ********** saylı hesabına əvvəlcədən 1440 (min dörd yüz qırx) manat haqq ödənilmişdir (qəbz: 04). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2019-cu il tarixli, 018-14719-1219 nömrəli məktubu və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Cavabdeh1 Bakı Aeroportundan xx.xx.2011-ci il tarixdə saat 15:34 radələrində sərhədi keçərək X3 vilayətinə getmiş və bir daha xx.xx.2017-ci il tarixdə saat 03:53 radələrində Azərbaycan Respublikasına giriş etmişdir. İş materiallarında olan İsmayıllı RİH başçısının Qurbanəfəndi kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 195 nömrəli arayışından məlum olur ki, iş üzrə iddiaçı 02 nömrəli təsərrüfatbaşına kitabının 112-ci səhifəsində qeydiyyatda olmaqla 1996cı il torpaq islahatı zamanı onun 5 nəfər ailə üzvünə Hacıdaş adlanan əkin sahəsindən hər bir nəfər üçün 0.38 ha torpaq sahəsi nəzərdə tutularaq 1.90 ha əkin sahəsi verilməli olduğu halda, Qurbanəfəndi kəndində onun ailəsinin çoxdan istifadələrində olduğu 0.25 ha zəbt torpağı olduğu üçün qanunla nəzərdə tutulmuş əkin torpaq sahəsini ala bilməmişdir. Belə ki, zəbt olunmuş 0.25 ha torpaq sahəsi əkin sahəsindən çıxılaraq 1.63 ha əkin sahəsi verilmişdir. Bu hal “Torpaq mülkiyyətinə dair Dövlət aktı”nda öz təsdiqini tapmışdır. İş materiallarında olan JN-1xx xxx 40727028 nömrəli “Torpaqların mülkiyyət hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı AİKnın xx.xx.1997-ci il tarixli 35 nömrəli qərarı ilə 1.87 ha torpaq sahəsi hazırkı iş üzrə İddiaçı keçmiş həyat yoldaşı X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan JN-004B KOD 40727028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təsdiq edilmiş surətindən müəyyən edilir ki, İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 35 saylı qərarı ilə 0.13 ha torpaq sahəsi hazırkı iş üzrə İddiaçı keçmiş həyat yoldaşı X1 mülkiyyətinə verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Topçu kənd İƏV üzrə Qurbanəfəndi kəndi ”Qurbanəfəndi” kəndli fermer təsərrüfatında torpaq payı almaq hüququ olan vətəndaşların siyahısının təsdiq edilmiş surətində X2 və onun ailə üzvlərinin adları qeyd edilmiş və ona 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 9 saylı X12 xx.xx.2018-ci il tarixli **********71 nömrəli məktubu və ona əlavə edilmiş çıxarışın surətindən müəyyən edilir ki, mübahisələndirilən 0.12 ha torpaq sahəsi Şəki İnzibati-iqtisadi Məhkəməsinin 2-1(84)- 1580/2017 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Cavabdeh1 tam mülkiyyətinə verilmiş və bu qərarın əsasında Cavabdeh1 RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. İş materiallarında olan 396306 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin təsdiq edilmiş surətindən müəyyən edilir ki, 1200 kv.m həyətyanı torpaq sahəsi İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 03 saylı qərarı ilə Cavabdeh1 verilmişdir. İş materiallarında olan DƏDRX-nin 9 saylı X12 xx.xx.2020-ci il tarixli **********11 nömrəli məktubundan müəyyən edilir ki, ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı X12 İsmayıllı rayon şöbəsinin mütəxəssisləri İsmayıllı rayonu Qurbanəfəndi kəndində yerləşən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə baxış keçirərək çöl ölçmə işləri aparmış və çöl ölçmə işləri nəticəsində əldə olunan məlumatlar Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına və arxiv materiallarına istinad edilərək mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmışdır. Aparılan araşdırmalar zamanı aşağıdakı hallar müəyyən olunmuşdur. DƏDRX-nin 9 saylı X12 arxivində və Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında torpağın mülkiyyətə verilməsinə dair JN-004A ( KOD 40727028) saylı Şəhdətnamə aşkar olunmamış, lakin Ərazi İdarəsinin arxivində İddiaçı və onun ailə üzvülərinin adına JN-004B (KOD 40727028) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə aşkar olunmuş və həmin şəhadətnamənin arxiv nüsxəsi ilə bərabər kitab qeydiyyatı var və həmin şəhadətnamə Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasında öz əksini tapmışdır. İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 0.3615 ha təşkil edir və bu torpaq sahəsi üzərində tikinti altı sahəsi 120 kv.m olan iki mərtəbəli fərdi yaşayış evi, tövlə və digər həyət tikililəri mövcuddur. Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən İddiaçı faktiki istifadəsində olan 0.3615 ha torpaq sahəsindən 0.172 ha hissəsi DMF torpaqlarının, 0.1205 ha hissəsi isə kadastr qeydiyyatının, yerdə qalan 0.069 ha hissəsi isə kənd altı boş əraziyə düşür. Ərazi İdarəsində mövcud olan elektron kadastr məlumat bazasına əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-004B (KOD 40727028) saylı Şəhdətnamədə göstərilən torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsindən 660 m məsafə fərq ilə başqa ərazidə yerləşir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuş, məhkəmə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamışdır. X15-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-1(84)-1580/2017 nömrəli Qərarı, ƏMDK-nin yanında DƏDRX-nin xx.xx.2018-ci il tarixli **********71 nömrəli məktubu, DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışı, Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1580/2017 nömrəli Qərardadı, İddiaçının xx.xx.2018-ci il tarixli vəsatəti, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1580/2017 nömrəli Qərardadı, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli 2-1(107)-406/2018 nömrəli Qərardadı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(84)-1754/2018 nömrəli Qərardadı, AN seriyalı 369306 nömrəli Torpaq sahəsinin planı və ölçüsü, Qurbanəfəndi Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli Çıxarışı, Torpaqların Alqı-Satqısına dair xx.xx.2012-ci il tarixli 53 nömrəli Akt, İsmayıllı rayon Qurbanəfəndi kənd üzrə nümayəndəsinin xx.xx.2017-ci il tarixli 195 nömrəli, xx.xx.2017-ci il tarixli 197 nömrəli və xx.xx.2017-ci il tarixli 375 nömrəli arayışları, xx.xx.2019-cu il tarixli akt, JN-0096 seriyalı KOD 40727028 nömrəli və JN-190 seriyalı KOD 40727028 nömrəli dövlət aktlarının təsdiqlənmiş surəti, Torpağın Mülkiyyətə verilməsinə dair JN-077B seriyalı KOD 40727028 nömrəli şəhadətnamə, ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı X12 xx.xx.2019-cu il tarixli **********26 nömrəli etirazı, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(84)-702/2019 nömrəli Qərardadı, ********* nömrəli, ********* nömrəli, 68937631 nömrəli, ******* nömrəli, ******* nömrəli şəxslərin sərhədkeçmələri, AZE seriyalı 09789630 nömrəli, AZE seriyalı 17090525 nömrəli ş/v surətləti, V-ЖГ seriyalı 309309 nömrəli Doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surəti, AZ-İ seriyalı 268920 nömrəli X9 Şəhadətnamənin təsdiqlənmiş surəti, Torpağın Mülkiyyədə verilməsinə dair JN-004B seriyalı KOD 40727028 nömrəli şəhadətnamə, Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********48 nömrəli məktubu, Azərbaycan Respublikası İsmayıllı rayon X5 36 saylı iclas protokolunun xx.xx.1997-ci il tarixli çıxarışın təsdiqlənmiş surəti, Torpaq cərhədlərinə aid 2001-ci il tarixli cədvəli, İsmayıllı rayon Qurbanəfəndi kəndli fermer təcərrufatının yerli X5 iclas protokolu, ƏMDK-nin yanında DƏDRX-nin 9 saylı X12 xx.xx.2020-ci il tarixli **********11 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, 3cü şəxs gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllənin) 2.2.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.” İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdehin qərarı ilə onun subyektiv hüququna birbaşa müdaxilə edildiyini iddia etmiş və buna görə də həmin qərarı mübahisələndirmişdir. Həmçinin iddiaçının müddəti ötürmədiyi müəyyən olunmuşdur. Belə ki, iddiaçı Cavabdeh1 cavabdeh DƏDRX-nin 9 saylı Ərazi İdarəsinə qarşı “Qurbanəfəndi bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 saylı qərarı ilə ona satılmış 0.12 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2017-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Sonradan hazırki iddiaçı vəsatətlə müraciət edərək, üçüncü şəxs qismində işə cəlb olunması və icraatın təzələnməsini xahiş etmiş, məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Qeyd olunan qərardaddan X6 apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ləğv edilmiş, vəsatət təmin edilmiş, X6 3-cü şəxs qismində məhkəmə icraatına cəlb olunmuş, iş yenidən baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə xx.xx.2019-cu il tarixində məhkəməyə müraciət etmiş və Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-104/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı X10rşı "Qurbanəfəndi Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 03 nömrəli qərarı ilə iddiaçıya satılmış 0,12 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraat dayandırılmışdır. Mümkünlük şərtlərinə cavab verdiyi üçün iddia mümkündür və əsaslıdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamandan azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Qanunun 16.3-cü maddəsinə görə bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndində isə təsbit edilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” 67.1-67.3-cü maddələrinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İşin araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 Bakı Aeroportundan xx.xx.2011-ci il tarixdə sərhədi keçərək X3 vilayətinə getmiş və bir daha xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasına giriş etmişdir. Qeyd olunan qərar qəbul olunan vaxt 3cü şəxs Qurbanəfəndi bələdiyyəsinin ərazisində daimi yaşamamışdır və onun sonuncu dəfə ölkəyə giriş etdiyi zaman Rusiya Federsiyasiyasının vətəndaşı olması qeyd olunmuşdur. (səh.179) Bələdiyyə həmin ərazidə iddiaçının yaşamasını, orada onun tərəfindən ev tikilməsini araşdırmadan, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə qərar qəbul etmədən mübahisəli qərarı qəbul etmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisəli qərarı ilə iddiaçının istifadəsində olan torpaq sahəsinin 0.12 ha hissəsi qanunsuz olaraq 3cü şəxsin mülkiyyətinə verildiyi üçün iddia təmin olunmalı, cavabdeh İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinin Cavabdeh1 0.12 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2012-ci il tarixli 03 nömrəli qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh İsmayıllı rayonu Qurbanəfəndi bələdiyyəsinin Cavabdeh1 0.12 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2012-ci il tarixli 03 nömrəli qərarı ləğv edilir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar