Məhkəmə qərarları › İş №2-1(116)-35/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-35/2021

26.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-35/2021 26.01.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “mərhum ərinin xx xxxxxx 1982-ci ildən 1990-cı ilin sonuna kimi Qax rayon Kəndkimya birliyində işlədiyi, 1991-1996-cı illərdə Qax rayon Qarabaldır kənd Qarabaldır kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə xx.xx.2019-cu ildən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1958-ci il tarixdə Qax rayonu Qıpçaq kəndində doğulmuşdur. xx.xx.1986-cı il tarixdə ailə həyatı qurmuşdur. X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həmin vaxt onun 60 yaşı tamam olmuşdur. Artıq 60 yaş 6 ayı tamam olanda onun ailə başçısını itirməyə görə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçı pensiya təyin edilməsi üçün DSMF Qax rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh xx.xx.2019cu il tarixli məktubla bundan imtina etmişdir. İddiaçı cavabdeh DSMF-nin Qax rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “DSMF Qax rayon şöbəsinin əmək pensiyaları təyin edən komissiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, mərhum ərinin xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Bakı şəhəri 112 nömrəli texniki peşə məktəbində əyani təhsil alma müddətinin, xx xxxxxx 1982-ci ildən 1990-cı ilin sonuna kimi Qax rayon Kəndkimya birliyində işlədiyi, 1991-1996-cı illərdə Qax rayon Qarabaldır kənd Qarabaldır kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmənin xx.xx.2020-ci il tarixli iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “mərhum ərinin xx xxxxxx 1982-ci ildən 1990-cı ilin sonuna kimi Qax rayon Kəndkimya birliyində işlədiyi, 1991-1996-cı illərdə Qax rayon Qarabaldır kənd Qarabaldır kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə xx.xx.2019-cu ildən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixli protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazı: İmtina qanuni və əsaslı olmuşdur. Belə ki, iş materiallarından da göründüyü kimi vəfat etmiş ailə başçısı X4 vəfat etdiyi xx xxxx 2018-ci il tarixdə 56 yaşının tamam olduğunu nəzərə alaraq, əmək pensiyası almaq hüququ olan ailə üzvünə əmək pensiyasının təyin olunması üçün ailə başçısının vəfat etdiyi tarixə 13 il 08 ay sosial sığorta stajına malik olması tələb olunur. X1 yalnız xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi Bakı şəhəri 112 nömrəli texniki peşə məktəbində təhsil aldığı 11 ay 23 gün, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci tarixədək hərbi xidmətdə olduğu 02 il 24 gün və fərdi uçotunun məlumatlarına əsasən 2016-cı, 2017-ci və 2018-ci illər üzrə müəyyən olunan 02 il 03 ay sosial sığorta stajı, cəmi 05 il 03 ay 17 gün müəyyən edilmişdir. Hətta iddiada qeyd edilən X1 Qax rayon Kəndkimya birliyində ekskavatorçu işlədiyi müddət (07 il 09 ay 26 gün) sosial sığorta stajına daxil edilsə belə, onun sosial sığorta stajı 13 il 01 ay 13 gün təşkil edir. Belə ki, 1989 və 1990-cı illər üzrə üzvlük haqqı cədvəlinə əsasən 1990-cı il üzrə yalnız 5 ay nəzərə alınır. Digər aylarda isə üzvlük haqqı ödənilmədiyi və əmək haqqı hesablanmadığı üçün həmin aylar sığorta stajına hesablanmır Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 №-li qərarının 3-cü bəndinə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Göstərilən sənədlər olmadıqda əmək stajını sübutedici kimi həmkarlar ittifaqı üzvlük bileti və hesablaşma kitabçası qəbul edilə bilər. Bu halda hesablaşma kitabçası əmək haqqı verilməsi qeydi aparılan dövrü, həmkarlar ittifaqı bileti ilə orada əmək haqqından və ya təqaüddən üzvlük haqqı verilməsi barədə qeydlər olan müddəti təsdiq edə bilər. Həmkarlar ittifaqı bileti olmadıqda staj həmkarlar ittifaqı üzvünün uçot kartı üzrə orada üzvlük haqqı verilməsi qeyd olunan müddət üzrə qəbul edilə bilər. İddiaçının təqdim etdiyi mərhum X3nun Qax rayonunun Qarabaldır kəndi “Qarabaldır” kolxozunda fəaliyyətinə dair Qax rayon Dövlət Arxivinin xx xxx 2019-cu il tarixli 100/1 nömrəli arayışında 1991-1996-cı illərdə yerinə yetirilən əmək iştirakı norması qeyd edilmədiyindən vətəndaşın kolxozdakı sosial sığorta stajının il ərzində qazandığı əmək haqqına görə müəyyən edilməsi qanunvericiliyə görə mümkün hesab edilmir. Qax rayon Dövlət Arxivində aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Qax rayonunun Qarabaldır kəndinin “Qarabaldır” kolxozunun staj kitabları olmamış və Qax rayon Dövlət Arxivinə həmin ictimai təsərrüfatın yalnız şəxsi hesabları təhvil verilmişdir. Həmin şəxsi hesablarda kolxozçular üçün tələb olunan minumum əmək iştirakı norması və müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi ilə bağlı heç bir məlumatlar qeyd edilmədiyindən X1 1991-1996-cı illərdə qazandığı gəlirlərin adam günü normasını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi iddiaçının ailə başçısını itirməyə görə əmək pensiya hüququ yaranmadığından iddiaçıya əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız olduğundan məhkəmə tərəfindən təmin edilməməlidir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qax rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçı tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə Qax rayonu Qıpçaq kəndində doğulmuşdur. İş materiallarında olan 3256 nömrəli Attestatın təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək Azərbaycan SSR Bakı şəhəri 112 nömrəli texniki peşə məktəbində əyani təhsil almışdır. İş materiallarında olan İV-ЖГ seriyalı 262797 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı ilə X8 arasında xx.xx.1986-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 100/1 nömrəli Arxiv Arayışından görünür ki, X8 1991-1996-cı il tarixlərdə Qax rayonu Qarabaldır kənd Qarabaldır kolxozunda əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 903653 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən görünür ki, X7 1991-1998, 2008, 2016-2018-ci il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan H3 seriyalı ******* nömrəli hərbi biletin təsdiqlənmiş surətindən görünür ki, X8 1980-1982-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan 23161379 nömrəli partiya biletinin surətindən görünür ki, X8 Azərbaycan Kommunist Partiyasına xx.xx.1987-ci ildə daxil olmuş və 1987-ci ilin dekabr ayından 1990-cı ilin iyun ayına qədər üzvlük haqqı ödəmişdir. İş materiallarında olan Qax rayon şöbəsi tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, X2 rayonu Qarabaldır kənd Qarabaldır kolxozunda 1991-ci ildə 3707 rubl, həmin ilin iyul ayında barama təhvilindən; 1992-ci ildə qazandığı 21783 rubl, 7ci ayda 7032 rubl barama təhvilindən, 8-12-ci aylarda aldığı əmək haqqından, 1993-cü ildə qazandığı 91940 manat 1-9-cu aylarda aldığı əmək haqqı hesabına, 1994-cü ildə qazandığı 60046 manat 1-9-cu aylarda aldığı əmək haqqı hesabına, 1995-ci ildə qazandığı 159301 manat əmək haqqı aldığı 11 ayın hesabına, 1996-cı ildə qazandığı 223215 manat 1-4, 6-7, 9-12-ci aylarda aldığı əmək haqqı hesabına qazanmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkəti qanuna ziddir. Cavabdeh inzibati orqanın bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. İddia tələbi 3 hissədən ibarət olmaqla iddianın birinci hissəsi iddiaçının mərhum ərinin “xx xxxxxx 1982-ci dən 1990-cı ilin sonuna kimi Qax rayon Kəndkimya birliyində işlədiyi”, ikinci hissəsi “1991-1996-cı illərdə Qax rayon Qarabaldır kənd Qarabaldır kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi”ndən üçüncü hissəsi isə “ona ailə başçısını itirməyə görə xx.xx.2019-cu ildən pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”ndan ibarətdir. Cavabdeh iddia tələbinin birinci və ikinci hissəsini mübahisələndirir. İddia tələbinin birinci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının mərhum ərinin Qax rayon Kəndkimya birliyində xx.xx.1982-ci ildən xx.xx.1990-cı ilə qədər işləməsi “Qax rayon Kəndkimya Birliyinin” 59 nömrəli xx.xx.1987-ci il tarixli arayışı və 23161379 nömrəli partiya bileti ilə təsdiqini tapır və bu müddət 07 il 09 ay 26 gün təşkil edir. Tələbin ikinci hissəsi ilə bağlı cavabdehin etirazının dəlili ondan ibarətdir ki, Qax rayon Dövlət Arxivinin xx xxx 2019-cu il tarixli 100/1 nömrəli arayışında 1991-1996-cı illərdə yerinə yetirilən əmək iştirakı norması qeyd edilmədiyindən vətəndaşın kolxozdakı sosial sığorta stajının il ərzində qazandığı əmək haqqına görə müəyyən edilməsi qanunvericiliyə görə mümkün hesab edilmir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, arxivə və cavabdehə sorğular verilmiş və iddiaçının mərhum ərinin işlədiyi kolxozun digər üzvlərinin əmək iştirakı barədə məlumatlar tələb olunmuş və müəyyən edilmişdir ki, həmin kolxozda heç kimin əmək iştirakı norması qeyd olunmamışdır. Bununla belə məhkəmə hesab edir ki, iddiaçının mərhum əri həqiqətən də qeyd olunan kolxozda işləmiş və onun adam günlərinin staj kitablarında qeyd olunmaması onun təqsiri deyil. Qax rayon şöbəsi tərəfindən təsdiqlənmiş xx.xx.2020-ci il tarixli aktdan da müəyyən olunur ki, X2 rayonu Qarabaldır kənd Qarabaldır kolxozunda 1991-ci ildə 3707 rubl, həmin ilin iyul ayında barama təhvilindən; 1992-ci ildə qazandığı 21783 rubl, 7-ci ayda 7032 rubl barama təhvilindən, 8-12-ci aylarda aldığı əmək haqqından, 1993-cü ildə qazandığı 91940 manat 1-9-cu aylarda aldığı əmək haqqı hesabına, 1994-cü ildə qazandığı 60046 manat 1-9-cu aylarda aldığı əmək haqqı hesabına, 1995-ci ildə qazandığı 159301 manat əmək haqqı aldığı 11 ayın hesabına, 1996-cı ildə qazandığı 223215 manat 1-4, 6-7, 9-12-ci aylarda aldığı əmək haqqı hesabına qazanmışdır. İddiaçının mərhum ərinin ən azından əmək haqqı aldığı ayların onun stajına daxil edilməsi həm qanuni, həm də əsaslıdır. Qeyd olunan akta əsasən sadə riyazi hesablama ilə iddiaçının kolxozda ən azından 46 ay işləyərək əmək haqqı aldığı müəyyən olunur ki, bu da 3 il 10 ay staja bərabərdir. X1 xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixə kimi Bakı şəhəri 112 nömrəli texniki peşə məktəbində təhsil aldığı 11 ay 23 gün, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci tarixədək hərbi xidmətdə olduğu 02 il 24 gün və fərdi uçotunun məlumatlarına əsasən 2016-cı, 2017-ci və 2018-ci illər üzrə müəyyən olunan 02 il 03 ay sosial sığorta stajı, cəmi 05 il 03 ay 17 gün, “Qax rayon Kəndkimya Birliyi”ndə 07 il 09 ay 26 gün və Qax rayonu Qarabaldır kənd Qarabaldır kolxozunda işlədiyi 3 il 10 ay stajı toplandıqda, cəmi stajı 16 il 11 ay 13 gün təşkil edir ki, bu da tələb olunan 13 il 8 ay stajdan çoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Resppublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 14.1.2-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İddiaçının mərhum əri xx.xx.1961-ci ildə doğulmuş, xx.xx.2018-ci ildə ölmüşdür. Onun öləndə 56 yaşı olmuşdur. Yuxarıda qeyd olunan normalara əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün mərhum ərinin 13 il 8 ay stajının olması kifayət edir. (56 -15=41, 41*4/12=13 il 8 ay il) İddiaçı xx.xx.1958-ci il tarixdə doğulduğundan onun xx.xx.2019-ci il tarixdə 61 yaşı tamam olmuşdur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin üzərinə iddiaçının mərhum ərinin xx xxxxxx 1982-ci ildən 1990-cı ilin iyun ayına kimi Qax rayon Kəndkimya birliyində işlədiyi 07 il 09 ay 26 gün, 1991-1996-cı illərdə Qax rayon Qarabaldır kənd Qarabaldır kolxozunda işlədiyi 3 il 10 ay müddətin sosial sığorta stajına daxil edilməsi və ona ailə başçısını itirməyə görə xx.xx.2019-cu ildən pensiya təyin edilməsi öhdəliyi qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə iddiaçının mərhum əri X5 xx xxxxxx 1982-ci ildən 1990-cı ilin iyun ayına kimi Qax rayon Kəndkimya birliyində işlədiyi 07 il 09 ay 26 gün, 1991-1996-cı illərdə Qax rayon Qarabaldır kənd Qarabaldır kolxozunda işlədiyi 3 il 10 ay müddətin sosial sığorta stajına daxil edilməsi və İddiaçı ailə başçısını itirməyə görə xx.xx.2019-cu il tarixindən pensiya təyin edilməsi öhdəliyi qoyulur. İddia qalan hissədə təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar