Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-35/2022 04.08.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “JN 0016 KOD 40711038 saylı Dövlət Aktı ilə valideynlərinə verilmiş 0.74 ha torpaq sahəsinin planşetdə göstərilən koordinatlarına uyğun olaraq həmin yerin, plan cizgisi və döngə nöqtə nişanları qoyularaq torpaq sahəsinin tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “JN 0016 KOD 40711038 saylı Dövlət Aktı ilə valideynlərinə verilmiş 0.74 ha torpaq sahəsinin planşetdə göstərilən koordinatlarına uyğun olaraq həmin yerin, plan cizgisi və döngə nöqtə nişanları qoyularaq torpaq sahəsinin tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, ərizə təqdim edərək cavabdeh orqanı Əmlak Məsələləri Dövlət Xidməti qeyd etməklə, tələbi həmin orqana qarşı yönəltmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(116)-566/2021 nömrəli qərardadı ilə “iddianın dəyişdirilməsi barədə” iddia ərizəsi icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-35/2022 nömrəli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilməmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-35/2022 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti – hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyetsri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, İsmayıllı Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 114 saylı qərarı ilə iddiaçının mərhum atası X8 və anası X9 İsmayıllı rayon Sumağallı kəndi ərazisindən 0,74 ha kənd təsərrüfat məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş və “torpağın mülkiyyətə verilməsinə”dair JN 0016 kod 40711038 saylı dövlət aktı ilə adlarına rəsmiləşdirilmişdir. Valideynlərindən ona miras qalmış və həmin miras əmlaka İsmayıllı rayon Notariat ofisindən xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Keçmiş DT və XK-nin İsmayıllı rayon şöbəsi tərəfindən tərtib edilmiş JN-0016 KOD 40711038 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən valideyinlərin qanuni mülkiyyətinə verilmiş 0,74 ha torpaq sahəsinin planşetdə göstərilən döngə nöqtələrin (çizgisi) tanıdılmasını və kordinatlarına uyğun naturada göstərilməsi xahişi ilə DƏDRX-nə müraciət olunmuşdur. Lakin cavabdeh orqan, xx.xx.2021-ci il tarixli **********86 nömrəli məktubu ilə dövlət aktında göstərilən planı və ölçü hissələri sənəd üzrə torpaq sahələri ilə faktiki torpaq sahələrinin yeri uyğun gəlmədiyini, faktiki göstərilən torpaq sahəsi elektron baza məlumatlarında başqa mülkiyyətçilərə məxsus torpaq sahələri ilə üst-üstə düşdüyünü, 0,5539 ha torpaq sahəsi başqa vətəndaşın istifadəsində olmaqla fərdi yaşayış evi inşa edildiyi bildirmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. İddiaçı, tələb hüququnu müvafiq torpaq sahəsinin ona İsmayıllı RAİK-nın xx.xx.2000-ci il tarixli 114 saylı qərarı ilə ayrılması və ayrılmış torpaq sahəsinə dair Dövlət aktının tərtib edilməsi ilə əsaslandırmışdır. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı bildirmişdir ki, həmin torpaq sahəsinin harda olduğunu özü də bilmir. İddiasında olduğu torpaq sahəsi, oğlunun məskunlaşdığı torpaq sahəsinə yaxın ərazidir. Ona görə də, ona yaxın ərazidə olan torpaq sahəsinə sənədin işlənməsini xahiş etmişdir. Arzu etdiyi torpaq sahəsi ilə bağlı ona bildirilmişdir ki, həmin ərazi X4 xüsusi mülkiyyətindədir. Bununla belə onun cavabdeh orqana qarşı olan əsas tələbi JN 0016 KOD 40711038 saylı Dövlət Aktı ilə valideynlərinə verilmiş 0.74 ha torpaq sahəsinin planşetdə göstərilən koordinatlarına uyğun olaraq həmin yerin döngə nöqtə nişanları qoyularaq, torpaq sahəsinin ona tanıdılmasıdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddiaçının müraciəti əsasında faktiki olan torpaq sahəsinə baxış keçirilmiş və ərazidə aparılan çöl-ölçmə işləri nəticəsində əldə olunan məlumatlar kameral şəraitdə araşdırılmışdır. Aparılmış araşdırma nəticəsində müəyyən olmuşdur ki, sənəd üzrə torpaq sahələri ilə faktiki torpaq sahələrinin yeri uyğun deyil. İddiaçı tərəfindən faktiki iddia edilən 0.1841 ha torpaq sahəsi Ərazi İdarəsində mövcud olan elektron baza məlumatlarında başqa mülkiyyətçiyə (X14) məxsus torpaq sahələri ilə üst-üstə düşür. Həmçinin 0.5539 ha torpaq sahəsi başqa vətəndaşın (X14) istifadəsində olmaqla fərdi yaşayış evi inşa edilmişdir. Faktiki iddia edilən torpaq sahələri X10 adına dövlət qeydiyyatına alınaraq reyestrindən çıxarış və plan ölçü sənədi verilmişdir. Qeyd olunan səbəbə görə də müraciətinin icrası tərəflərindən mümkün olmamışdır. İddiaçı iddia etdiyi torpaq sahələrini ümumi ərazi olaraq iddia edir. İddiaçı iddia etdiyi torpaq sahələrinin sərhdələrini göstərə bilmədiyi üçün faktiki yerin koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Tərtib edilmiş sxem kameral şəraitdə foto planlara əsasən hazırlanmışdır. İddia edilən torpaq sahəsinin mülkiyyətçisi və istifadəçisi X5r. İddia edilən torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlardır. Lakin, həyətyanı kimi istifadə olunur. İddiaçının iddia etdiyi torpaq sahələri X3 mülkiyyətində və istifadəsində olan torpaq sahəsi ilə tamimilə və hissəvi olaraq üst-üstə düşür. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - JN-0016 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İsmayıllı rayon AİK-nın xx.xx.2000-ci il tarixli 114 saylı qərarı ilə X8 və X2 təsərrüfatı məhsulları istehsalı üçün 0.74 ha torpaq sahəsi verilmişdir. - xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, X6 vərəsəsi İddiaçıdur. - xx.xx.2020-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən görünür ki, X7 vərəsəsi İddiaçıdur. - AZ-İ 689378 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. - AZ-İ 043228 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 12-ci maddəsinin 1-ci bəndinə əsasən, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlər aşağıdakılardır: 1) sovxoz və kolxozlarda daimi işləyən şəxslər; 2) bu Qanun qüvvəyə mindiyi günədək daimi yaşayış yeri sovxozun və kolxozun ərazisində olan şəxslər. - 14-cü maddəsinə əsasən, hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçir. Bu maddələrin tələblərinə əsasən kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ istinad edilən Qanun qüvvəyə mindiyi günədək həmin kolxozun ərazisində daimi yaşayan şəxslərə məxsusdur və hər bir şəxs yalnız bir dəfə torpaq payı almaq hüququna malikdir. Torpaq payı almaq hüququ olanların siyahısı yerli aqrar islahatı komissiyası tərəfindən müəyyən edilməlidir. 21-ci maddəsinin 4-cü abzasına əsasən, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüququna dair müəyyən edilmiş formada sənədlər (nümunələri əlavə olunur) hazırlanır və 10 gün müddətində səlahiyyətli dövlət orqanlarında qeydiyyatdan keçirilir və həmin sənədlər müvafiq şəxslərə verilir. 21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 6, maddə 478) ilə 12-ci maddədə, beşinci hissədə "torpaq üzərində mülkiyyət və torpaqdan daimi istifadə hüququna dair dövlət aktlarının ... sözləri "torpaq üzərində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ...” sözləri ilə əvəz edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə müvafiq olaraq, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşin hallarında göründüyü istinad olunan qanunun tələblərinə uyğun olaraq X13 və X9 İsmayıllı rayon AİK-nın xx.xx.2000-ci il tarixli 114 saylı qərarı ilə 0.74 ha torpaq sahəsi ayrılmış, ayrılmış torpaq sahəsi əvəzsiz olaraq iddiaçıların mülkiyyətinə verilməklə bərabər, həmin torpaq sahələrinin iddiaçıların mülkiyyətinə hansı ölçüdə verilməsi məsələsi də tərtib edilmiş JN-0016 nömrəli Dövlət Aktında öz əksini tapmışdır. Qanunverici müəyyən etmişdir ki, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır və həmin torpaq sahəsinə dair məlumatların kompleks yerquruluşu xəritəsində qeyd edilibedilməməsindən, iddiaçının həmin torpaq sahəsinin yerini bilib-bilməməsindən asılı olmayaraq daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin etirazının dəlilləri əsassızdır və JN-0016 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının planşetində qeyd edilmiş 1841.03 kv.m və 5539.63 kv.m torpaq sahəsi, müvafiq sənədin məzmununa uyğun olaraq iddiaçıya tanıdılmalıdır. Beləliklə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığından, Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verildiyindən və həmin Dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunduğundan, iddiaçı müvafiq torpaq sahəsinin koordinatlarının müəyyən edilərək tanıdılmasını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X15 9 saylı Qəbələ Ərazi İdarəsinin üzərinə JN 0016 KOD 40711038 saylı Dövlət Aktı ilə X13 və X9 verilmiş 0.74 ha torpaq sahəsinin planşetdə göstərilən koordinatlarına uyğun olaraq, İddiaçı, döngə nöqtə nişanları qoyularaq həmin torpaq sahəsinin tanıdılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.