Məhkəmə qərarları › İş №2-1(116)-350/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-350/2021

03.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-350/2021 03.09.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Hacı-X1 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaxingiloy kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qax rayonu Qaxingiloy kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi məhkəməyə 02.11.2020-ci il tarixdə daxil olmuş və həmin tarixdən icraata qəbul edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı 28.09.2005-ci il tarixdə Qax rayonu Qaxingiloy bələdiyyəsinə müraciət edərək 600 km həyətyanı torpaq sahəsi almışdır. Həmin vaxt iddiaçı qanunvericiliklə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etmiş və lazım olan hiiquqmüəyyənedici sənədləri əldə etmişdir. Bundan sonra iddiaçı Ləğv olunmuş DT və XK-nin Qax rayon şöbəsinə müraciət edərək, həmin torpaq sahəsinə Torpağın mülkiyyət hüququna dair dövlət aktının verilməsini xahiş etmişdir. Həmin vaxt iddiaçı əlində olan bütün hüquqi sənədlərin əslini Ləğv olunmuş DT və XK-nin Qax rayon şöbəsinə təqdim etmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan 10.09.2020-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, təqdim olunan sənədlərə əsasən aparılmış araşdırma zamanı sənədlər toplusunda “Torpaqların alqı-satqısına dair akt” və torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müvafiq rəyinin olmadığı müəyyən edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, 0.06 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Cavabdeh orqan məhkəməyə ünvanladığı 03.12.2020-ci il tarixli etiraz məktubunda qeyd etmişdir ki, vətəndaşın ərazi idarəsinə müraciəti zamanı ərizəyə Qax rayonu Qaxingiloy Bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli, 09 saylı qərarı, DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş 16 mart 2009-cu il tarixli, 764 saylı torpaq sahəsinin planı və ölçüsü təqdim edilsə də, DTXK-nın Qax rayon şöbəsində qeydiyyatdan keçmiş “Torpaqların alqı-satqısına dair akt və torpaq sahəsinin ayrılmasına dair DTXK-nın Qax rayon şöbəsinin rəyi təqdim olunmadığından vətəndaşın ərizəsinin icrası mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan 23.12.2005-ci il tarixli, 12 nömrəli qəbzin surətindən görünür ki, iddiaçı Qaxingiloy bələdiyyəsinin Azərbaycan Beynəlxalq Bankının Zaqatala filialında olan hesabına ******* (bir milyon səksən min) manat məbləğində torpaq sahəsinin dəyərini ödəmişdir. İş materiallarında olan Qax rayonu, Qax İngiloy bələdiyyəsinin 28.09.2005-ci il tarixli, 09 nömrəli qərarının surətindən görünür ki, rayonun Qax İngiloy bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlarından ev tikmək üçün alqı-satqı qaydalarına müvafiq 0.06 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. İş materiallarına surəti iddiaçı tərəfindən əlavə edilən “Torpaqların alqı-satqısına dair” Aktdan görünür ki, Qax İngiloy bələdiyyəsinin 28.09.2005-ci il tarixli, 09 nömrəli qərarına əsasən 0.06 ha torpaq sahəsi İddiaçı satılmış, B.Nəzirova torpaq sahəsinin dəyərini 12 nömrəli qəbzlə bələdiyyənin ABB Zaqatala filialındakı hesabına ödəmişdir. Aktda onun hansı tarixdə imza və möhürlə təsdiqlənməsinə dair qeyd mövcud olmasa da, aktın bələdiyyə nümayəndəsi X3, X6 və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin müdiri X4 tərəfindən imza edildiyi, bələdiyyə və Komitənin Qax rayon şöbəsinin möhürləri ilə təsdiqləndiyi, həmçinin Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsində 13.03.2006-cı il tarixdə 1208 nömrə ilə qeydiyyata alındığı müəyyən edilir. İş materiallarına surəti iddiaçı tərəfindən əlavə edilən 846 nömrəli rəydə qeyd edilir ki, İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsi 0.06 ha olmaqla Qaxingiloy bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olmaqla həyətyanı məqsədilə satılması qanunamüvafiqdir. Rəyin DT və XK-nin Qax rayon şöbəsinin müdiri S.Ramazanov tərəfindən imzalandığı və möhür vurulduğu müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən tərtib edilən A seriyalı 125936 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qax rayon, Qax İngiloy bələdiyyəsinin 28.09.2005-ci il tarixli, 09 saylı qərarı ilə Qax İngiloy kəndi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı ayrılmışdır. X13 kitabında 16.03.2009cu ildə 764 nömrəli ilə uçota alınmışdır. İş materiallarında olan Qaxbaş bələdiyyəsinin 23.11.2020-ci il tarixli məktubunda qeyd edilir ki, sözügedən Qaxingiloy bələdiyyəsi 2015-ci il yanvar ayından ləğv olunmuş və yeni Qaxbaş bələdiyyəsi fəaliyyətə başlamışdır. İddiaçı işi ilə əlaqədar olaraq vətəndaşa aid hər hansı bir sənəd Qaxbaş bələdiyyəsində mövcud deyil. İş materiallarında olan Qax rayon Dövlət Arxivinin 26.10.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Qaxingiloy bələdiyyəsi (Fond№140) Qax rayon Dövlət Arxivinə bələdiyyənin 2005-ci ilinə dair iclas protokollarını təhvil vermədiyindən Qaxingiloy bələdiyyəsinin 28 sentyabr 2005-ci il tarixli 09 saylı iclas protokolundan iddiaçıya 0.06 ha həyətyanı torpaq sahəsinin satılmasına dair arxiv çıxarışının verilməsi mümkün olmamışdır. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 06.04.2021-ci il tarixli “iddiaçının iddia tələbi ilə bağlı münasibət bildirilməsi” barədə məktubunda qeyd edilir ki, İddiaçı 08.09.2020-ci il tarixdə ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Müraciət zamanı təqdim etdiyi sənədlər toplusunda “Torpaqların alqı-satqısına dair akt” və torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin rəyi təqdim edilməmişdir. Eyni zamanda bildiririk ki, DTXK-nın Qax rayon şöbəsi tərəfindən ərazi idarəsinə təhvil verilən arxiv materiallarında 13 mart 2009-cu il tarixli, 1208 nömrəli imzalanmamış və möhürlənməmiş “Torpaqların alqı-satqısına dair akt” və 846 nömrəli torpaq sahəsinin ayrılmasına dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsinin rəyi mövcuddur. İş materiallarında olan surəti cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən DT və XK-nin 846 nömrəli rəyində İddiaçı satılması nəzərdə tutulan torpaq sahəsinin 0.06 ha olmaqla Qaxingiloy bələdiyyəsinin mülkiyyətinə aid və alqı-satqı predmeti olması, həmçinin satılması nəzərdə tutulan torpaq sahəsinin kənd təsərrüfatına az yararlı olmaqla həyətyanı məqsədilə satılmasının qanunamüvafiq olması qeyd edilsə də, rəyin Şöbənin müdiri tərəfindən imzalanmadığı və möhürlənmədiyi aşkar olunur. İş materiallarında olan surəti cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən “Torpaqların alqı-satqısına” dair Aktın DT və XK-nin Qax rayon şöbəsində 13.03.2009-cu il tarixdə 1208 nömrəl ilə qeydiyyata alındığı qeyd edilsə də, aktın məsul şəxslər tərəfindən imzalanmadığı və möhürlə təsdiq edilmədiyi aşkar olunur. İş materiallarında olan mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı naturada istifadəsində olan 0.0592 hektar torpaq sahəsi elektron məlumat bazasına əsasən Qax rayonu Qax inzibati ərazi dairəsinin hüdudları daxilində Qax bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid şəhərin baş planında yaşayış ehtiyat ərazisidir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 09.07.2021-ci il tarixli məktubunda qeyd edilir ki, X14 Kitabının 13.03.2006-cı il tarixli, 1208 nömrəli qeydiyyatın aparıldığı səhifəsi arxivdə aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qax rayon şöbəsi tərəfindən tərtib edilən A seriyalı 125936 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Qax rayon, Qax İngiloy bələdiyyəsinin 28.09.2005-ci il tarixli, 09 saylı qərarı ilə Qax İngiloy kəndi ərazisində yerləşən 600 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün X5 ayrılmışdır. X10 kitabında qeydiyyatı ilə bağlı qeydlərin aparılmadığı aşkar edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azəbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci bəndinin bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilirdi. Azəbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə” (bələdiyyə qərarının verildiyi tarixdə qüvvədə olan redaksiyası): Bənd 1. Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət, istifadə və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd 4. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqlarının, habelə bələdiyyə torpaqlarının satışı bələdiyyələrin qərarı ilə bilavasitə, torpaq hərracları və ya müsabiqələri vasitəsilə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinə və bu Əsasnaməyə uyğun olaraq həyata keçirilir. Bənd 11.Bələdiyyə torpaqlarından hər hansı bir hüquqda torpaq sahəsinin ayrılması üçün hüquqi və fiziki şəxslər ərizə ilə müvafiq bələdiyyəyə müraciət edirlər; Bənd 13. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərin mülkiyyətinə alqı-satqı qaydasında verilir; Bənd 15. Bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir; Bənd 17. Bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planını (cizgisini) hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir; Bənd 21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planını (cizgisini) təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir; Bənd 22. Bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir; Bənd 23. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və ya icarəyə verilməsi barədə bələdiyyənin qərarından sonra həmin sahənin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilir; Bənd 25. Bələdiyyələr ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədlərin hazırlanması üçün öz qərarından və torpaq sahəsinin planından (cizgisindən) çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərir; Bənd 26. Müvafiq icra hakimiyyəti orqanı hüquqi və fiziki şəxslərin vəsaiti hesabına 10 gün müddətində torpağa mülkiyyət, istifadə və ya icarə hüququna dair sənədi (dövlət aktı və ya şəhadətnamə) hazırlayır. Müvafiq icra hakimiyyəti orqanı torpaq sahəsi üzərində hüquqları X14ında, dövlət torpaq reyestrində qeydiyyata alır və müvafiq sənədləri torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə təqdim edir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən görünür ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı bələdiyyə qərarı ilə ona satılmış olan 0.06 ha torpaq sahəsinin dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh orqanın imtina və etiraz məktublarına əsasən müəyyən edilir ki, iddiaçı cavabdehə müraciəti zamanı sənədlərə DT və XK-nın Qax rayon şöbəsinin rəyini və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsini təqdim etməmiş və bu səbəblə tərəflər arasında hazırkı mübahisə yaranmışdır. Məhkəmə iş materiallarına əlavə edilən yuxarıda sadalanan sənədlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının müraciətinin cavabdeh orqan tərəfindən təmin edilməməsi qanunamüvafiq olmuşdur. Belə ki, göründüyü kimi iddiaçı və cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilən, müraciətin təmin edilməməsinə səbəb olan sənədlərdə (846 nömrəli rəy və alqı-satqı müqaviləsi) aşkar uyğunsuzluqlar mövcuddur. Belə ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərdə məsul şəxslərin imzaları və möhürlərin olması müəyyən edilsə də, DT və XK tərəfindən 12 saylı Şəki Ərazi İdarəsinə təhvil verilmiş eyni sənədlərdə məsul şəxslərin imzalarının və möhürün olmaması aşkar edilmişdir. Bu hal da o ehtimala əsas verir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunan (cavabdeh orqana müraciət zamanı təqdim edilməmiş) sənədlərə müdaxilə olunmuş və sənədlər sonradan imzalanmış və möhürlənmişdir. Həmçinin iş materiallarında olan mütəxəssis rəyində naturada iddiaçı tərəfindən istifadə olunan 0.06 ha torpaq sahəsinin Qax bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid olması qeydi bələdiyyə tərəfindən sözügedən qərarın qəbul edilməsinə əsaslı şübhələr yaratmış olur. Cavabdehin məhkəməyə təqdim etdiyi alqı-satqı aktının 13.03.2009-cu il tarixində qeydiyyata alındığı yazılmış, iddiaçının təqdim etdiyi aktın surətində isə 13.03.2006-cı tarixində qeydiyyata alındığı yazılmışdır. Bundan başqa bələdiyyə qərarında torpaq sahəsinin kənd təsərrüfatına yararlı olması, rəydə isə kənd təsərrüfatına az yararlı olmaqla həyətyanı məqsədilə satılmasının qanunamüvafiq olması yazılmışdır. Kənd təsərrüfatına yaralı torpaq sahəsi isə mülkiyyətə verilə bilməzdi. Həmçinin iddiaçının məhkəməyə təqdim etdiyi bələdiyyə qərarı nə arxivdə, nə də bələdiyyədə mövcud deyil. Məhkəmə araşdırması zamanı yuxarıda sadalanan uyğunsuzların aşkar edilməsi, həmçinin təqdim edilən sənədlərin arxiv idarələrində mövcud olmaması təqdim edilən sənədlərin sonradan tərtib olunması qənaətinə gəlməyə əsas verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmaması ilə bağlı cavabdehin hərəkətləri qanunauyğun olduğundan, habelə həmin torpaq sahəsinin iddiaçının mülkiyyəti kimi dövlət qeydiyyatına alınması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 10-cu maddələrində nəzərdə tutulmuş qanuni əsas olmadığından iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Qaxingiloy kəndində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəyinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X11 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar