Məhkəmə qərarları › İş №2-1(116)-351/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-351/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-351/2021 16.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi vəkil Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayonu Buynuz kəndində yerləşən 1,0 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin 06.07.2005-ci il tarixli 5 nömrəli qərarı ilə İddiaçı Buynuz Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən tikinti məqsədilə 1,0 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin 16.07.2005-ci il tarixli 7 nömrəli qərarı ilə İddiaçı Buynuz kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən 1,0 ha torpaq sahəsinin satılması yenidən qərara alınmışdır. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi 28.08.2006-cı il tarixli 240 nömrəli rəy verərək İddiaçı Buynuz Bələdiyyəsinin 1,0 ha kəndaltı torpaq sahəsinin tikinti məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən həmin 1,0 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Buynuz Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. İddiaçı tərəfindən İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin bank hesabına 31.08.2006-cı ildə 572 manat pul ödənilmişdir. İsmayıllı Rayonu Buynuz Bələdiyyəsi ilə İddiaçı arasında 1,0 ha torpaq sahəsinin satılması barədə 31.08.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt" tərtib edilmişdir. Qeyd olunan 1,0 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 21.06.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq onun adına MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış" verilmişdir. İddiaçı sözügedən 1,0 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu 24.09.2020-ci il tarixli **********58 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, torpaq sahəsinin yerləşdiyi ərazi elektron baza məlumatlarında X6 kimi öz əksini tapmışdır. Həmçinin faktiki torpaq sahəsi sənəd üzrə torpaq sahəsindən 0,2356 ha azdır. Bu səbəbdən "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmayaraq hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. O, iddianı belə əsaslandırmışdır ki, cavabdehin imtina məktubunda torpaq sahəsinin X6 kimi qeyd olunması fikri ilə razı deyil. Göstərilən torpaq sahəsi meşə fondu yox, yaşayış məntəqəsi torpağına aiddir. Cavabdeh iddiaya qarşı rəsmi münasibət (etiraz) bildirməmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin 06.07.2005-ci il tarixli 5 nömrəli qərarından görünür ki, İddiaçı Buynuz Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən tikinti məqsədilə 1,0 ha torpaq sahəsinin satılması qərara alınmışdır. - İşdə olan, İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin 16.07.2005-ci il tarixli 7 nömrəli qərarından görünür ki, İddiaçı Buynuz kəndinin bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kəndaltı torpaq sahəsindən 1,0 ha torpaq sahəsinin satılması yenidən qərara alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsinin 28.08.2006-cı il tarixli 240 nömrəli rəyindən görünür ki, həmin şöbə İddiaçı Buynuz Bələdiyyəsinin 1,0 ha kəndaltı torpaq sahəsinin tikinti məqsədilə satılmasına etiraz etmədiyini bildirmişdir. - İşdə olan, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən tərtib edilmiş və Buynuz Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmiş yerquruluşu layihəsindən çıxarışdan görünür ki, həmin sənəddə İddiaçı satılmış 1,0 ha torpaq sahəsi əks olunmuşdur. - İşdə olan, 31.08.2006-cı il tarixli 04 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən İsmayıllı Rayon Buynuz Bələdiyyəsinin bank hesabına 31.08.2006-cı ildə 572 manat pul ödənilmişdir. - İşdə olan, 31.08.2006-cı il tarixli "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, həmin sənəd 1,0 ha torpaq sahəsinin İsmayıllı Rayonu Buynuz Bələdiyyəsi tərəfindən İddiaçı satılması ilə bağlı tərtib edilmişdir. - İşdə olan, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, qeyd olunan 1,0 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ 21.06.2007-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Məhkəmə aşağıdakı hallara görə iddianı əsassız hesab edir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində deyilir ki, hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 10.2-ci maddəsində isə deyilir ki, qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Sadalanan normalardan göründüyü kimi, hüquqların dövlət qeydiyyatının aparılması üçün digər sənədlərlə yanaşı torpaq sahəsinin planı və ölçüsü də qeydiyyat orqanına təqdim edilməlidir. Hazırkı işdə 1,0 ha torpaq sahəsi ilə bağlı İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat, "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmədən aparılmışdır. Lakin bununla belə, məhkəmə hesab edir ki, hazırkı mübahisənin həlli üçün məhz həmin normaya istinad edilməlidir. İşdən göründüyü kimi, torpaq sahəsi iddiaçıya satılan zaman Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon şöbəsi tərəfindən 1,0 ha torpaq sahəsinin əks olunduğu yerquruluşu layihəsindən çıxarış tərtib edilmiş və bu sənəd Buynuz Bələdiyyəsinin sədri tərəfindən təsdiq edilmişdir. Məhkəmə ilk növbədə iddiaçıya satılmış 1,0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməli olması qənaətinə gəldi, ona görə də məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə bununla bağlı sorğu edilərək mütəxəssis rəyi alındı. Şəki Layihə-Tədqiqat İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 30.03.2021-ci il tarixli mütəxəssis rəyində göstərilmişdir ki, MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"a əsasən İddiaçı mülkiyyətinə verilmiş 1,0 ha torpaq sahəsinə dair plan-ölçü sənədi tərtib olunmadığı üçün döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyildir. İddiaçının nümayəndəsi tərəfindən naturada göstərilmiş 0,8061 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə təyin edilmiş və müəyyən olunmuşdur ki, mərkəzin elektron məlumat bazasında öz əksini tapan İsmayıllı rayonu Buynuz kəndi ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə əsasən naturada ölçülmüş 0,8061 ha torpaq sahəsinin 0,7801 ha hissəsi X6 torpaqlarına, 0,026 ha hissəsi isə İsmayıllı Rayonu Topçu Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin olan torpaqlarda yerləşir. Göründüyü kimi, mütəxəssis rəyi ilə müəyyən edildi ki, İddiaçı Buynuz Bələdiyyəsi tərəfindən satılmış 1,0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün deyil, onun faktiki istifadə etdiyi 0,8061 ha torpaq sahəsi isə həmin yerdən kənarda, 0,7801 ha hissəsi X6 torpaqlarında, 0,026 ha hissəsi İsmayıllı Rayonu Topçu Bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı, uqodiyası əkin olan torpaqlarda yerləşir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, özgəsinə, yəni X5 və İsmayıllı Rayonu Topçu Bələdiyyəsinə məxsus olan torpaq sahəsinə İddiaçı adına "Torpaq sahəsinin planı və ölçüsü"nün tərtib edilməsi mümkün deyil, ona görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 02/26/17 nömrəli smetadan görünür ki, mübahisələndirilən torpaq sahəsinin inventarlaşdırılmasına dair ekspertiza xərcləri 95 manat təşkil edir. İddia tələbi təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, həmin məbləğ iddiaçıya aid edilməli və ondan alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı "İsmayıllı rayonu Buynuz kəndində yerləşən 1,0 ha torpaq sahəsinə "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Prosessual xərclər İddiaçı aid edilsin və ondan 95 manat məbləğində pul alınaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin hesabına ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar