Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-351/2024 12.01.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi X14 Mərkəzi Filialına qarşı “52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X14 Mərkəzi Filialına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “52 yaşının tamam olduğu xx.xx.2015ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müraciətdən əvvəlki 3 ilin, xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, 1982-1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü vəzifəsində işləməsini, həmçinin xx.xx.2001-ci il tarixdən hal-hazıradək xx.xx.1931-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan anası X2 bir mənzildə yaşayaraq qulluq etməsini nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün cavabdehə müraciət etmiş, lakin güzəştli iş stajının olmaması əsas göstərilərək müraciəti təmin edilməmişdir. İddiaçı, 13 il tütünçü kimi güzəştli, 29 il 6 ay ümumi sosial sığorta stajının mövcud olmasını bildirmiş, oxşar inzibati mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarına, xx.xx.2006-cı il tarixədək qüvvədə olan “X4 haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “z” bəndinə, Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanununun 32.1-1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na, Azərbaycan Respublikası Nazirlr Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4-cü Sosial sığorta stajının hesablanması maddəsinin 4.1.8-ci bəndinə istinad edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - İddiaçı iddia ərizəsində xx.xx.1963-cü il tarixdə anadan olduğunu, 1982-1997-ci illər ərzində Şəki rayonu Qoxmuq kənd “1 May" kolxozunda tütünçü vəzifəsində çalışdığını qeyd etmişdir. Həmçinin o, qeyd edir ki, 01,07.2001-ci il tarixdən hal-hazıradək xx.xx.1931ci il təvəllüdlü anası X2 bir evdə yaşayaraq qulluq edir. İddiaçı daha öncə 30 ildən çox ümumi, 10 ildən çox güzəştli iş stajı olduğunu iddia edərək ona 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və müraciətdən əvvəlki 3 ilin ödənilməsi ilə bağlı ərizəylə xx.xx.2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Belə ki, Fondun Xüsusi X14 mərkəzi filialı iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-İ-112647/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişdir, imtinanın əsasları kimi iddiaçının güzəştli iş stajının olmadığı bildirilmişdir. Bundan narazı qalan iddiaçı X12 Məhkəməsinə müraciət etmişdir. Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. ‘‘Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş sərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır: Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarına əsasən İddiaçı hazırda 60 yaşı var. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “X4 haqqında" Qanunun 13-cü maddəsinin “b’’ bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Belə ki, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 4.1.20-ci bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçun nəticəyə gəlməyə əsas verən zəruri qiymətiəndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının ALi Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPMin 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə İşlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 10 il) çalışmasını müəyyən etməyə imkan verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. İş materiallarından da göründüyü kimi İddiaçı güzəştli sahədə çalışmasını təsdiq edən güzəştli arayış inzibati araşdırmanın gedişində cavabdehə təqdim etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi iddiaçı İsmayılovanın güzəştli iş stajı olmadığı üçün Qanunvericiliyə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - Şəki rayon Qeydiyyat Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-1893/2023 nömrəli məktubuna əlavə olunmuş İddiaçı övladlarının doğum akt qeydlərindən görünür ki, X3 xx.xx.1990-cı il, X5 xx.xx.1988-ci il və X6 xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. - iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********623 nömrəli ərizədən görünür ki, o, xx.xx.1931 -ci il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan doğma anası X2 xx.xx.2001-ci il tarixdən halhazıradək bir mənzildə yaşayaraq qulluq etmiş, onun bütün ehtiyaclarını qarşılamış və qayğısına qalmışdır. - X7 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki Şəhər Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli **********622 nömrəli ərizədən görünür ki, o, xx.xx.1931-ci il tarixdə anadan olmuşdur. 70 yaşı tamam olduğu - xx.xx.2001-ci il tarixdən hal-hazıradək doğma qızı İddiaçı ona bir mənzildə yaşayaraq qulluq etmişdir, onun bütün ehtiyaclarını qarşılamışdır və qayğısına qalmışdır. - Şəki rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Şəki rayonu Qoxmuq kənd “İ May” kolxozunda minimum adam günü norması 170 gün müəyyən edilmiş, iddiaçı, 1982-1985, 1987-1990, 1992-1997 il minimum adam günü normasını yerinə yetirmiş, 1998-ci ildə minimum adam günü normasından az işləmiş, 1986, 1991-ci illərdə qismən ödənişli məzuniyyətdə olmuşdur. - AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı, xx.xx.1963-cü il tarixdə doğulmuşdur. - AZ-İİ 388884 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2023cü il tarixdə vəfat etmişdir. - cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının ahıl şəxsə qulluq etdiyi xx.xx.2001-xx.xx.2023-cü il tarixləri arasındakı dövr adı çəkilən şəxsin və qulluq etdiyi X1 Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun təsdiq etdiyi ərizələrinə əsasən ümumi iş stajına daxil edilmişdir. Əsaslandırma hissəsi: İddiaçının iddiası “öhdəliyin icrası haqqında” iddianın xüsusi bir növü olan “müəyyən hərəkətləri etməkdən çəkinməyə dair” iddia (İPM-in 2.2.4 və 34.2-ci maddələri) qismində mümkün iddiadır. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia inzibati orqanın inzibati akt olmayan əlverişsiz hərəkətlərini aradan qaldırmaq və ya onların qarşısını almaq məqsədi daşıyır. . Qəbul edilməsi gözlənilən inzibati akta qarşı qabaqlayıcı (preventiv) iddianın qaldırılmasına yalnız obyektiv səbəblərdən irəli gələn müstəsna hallarda (şəxsin hüquqlarına və qanunla qorunan maraqlarına müdaxilənin qarşısını almağın xüsusilə zəruri olduğu hallarda) yol verilir (34.3). Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 1.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1-ci bəndinə görə, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:
1. patronajın təyin edilməsi barədə qərara əsasən;
2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “X4 haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: (-); z)kolxozlarda, sovxozlarda və digər dövlət aqrar-sənaye müəssisələrində: bilavasitə kənd təsərrüfatı məhsulları istehsalınla çalışan traktorçu-maşinistlər, köçəri heyvandarlıq işçiləri, tütünün becərilməsi, yığılması və yığımdan sonrakı emalında, pambığın becərilməsi və pambıq yığımında tam mövsüm ərzində çalışanlar: kişilər—55 yaşına çatdıqda və azı 25 il ümumi iş stajı olduqda bu müddətin azı 20 ilini həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini həmin işlərdə çalışarsa; sağıcı (maşınla sağım operatoru), quşabaxan, donuzabaxan-operator işləyən qadınlar—50 yaşına çatdıqda və həmin işlərdə azı 20 il iş stajı olduqda. 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddəti (lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq) iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin siyahısı”nın 27-ci bəndində aşağıda müvafiq ardıcıllıqla verilmiş qeyd olunan yeyinti sənayesinin 27.5.1 və 27.5.2-ci yarımbəndlərində tütün istehsalı: a) fəhlələr: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri, b) mütəxəssislər: tütün, siqaret, papiros doldurma və qutulara düzmə sexlərində məşğul olan böyük ustalar, ustalar və bərpa olunmuş tütünün istehsalı, a) fəhlələr: tortanı buxara verənlər, bərpa edilmiş tütün xətlərində məşğul olan fermentasiya kameralarının doldurucuları-boşaldıcıları, kağız (karton) düzəldən maşının maşinistləri (torçuları), kağız və kağız məmulatlarının hopdurucuları, üyüdücülər, tütün quruducuları, tütün xammalını nəmləşdirənlər, b) mütəxəssislər: bərpa edilmiş tütün sexlərində məşğul olan ustalar, böyük ustalar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalat növü hesab edilmişdir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Ali Məhkəmənin İnzibati kollegiyası 2- 1(102)-2629/2018 saylı 5 dekabr 2018-ci il tarixli, 2-1(102)-686/2019 saylı 26 fevral 2019- cu il tarixli, 2-1(102)-1107/2019 saylı 10 aprel 2019-cu il tarixli və 2-1(102)-499/2020 saylı 18 fevral 2020-ci il tarixli qərarlarında qeyd edilmişdir ki, tütün istehsalı özü-özlüyündə zərərli sahə olduğundan, tütün istehsalı ilə məşğul olan tütünçünün əməyinin həmin sahə ilə bağlı olmaması qəbul edilməyə bilməz. Tütün anlayışı öz mənasına görə tütünçülük sahəsinə aid olan bütün fəaliyyət növlərini əhatə etdiyindən, iddiaçı tütünçü kimi güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı 8 oktyabr 2020-ci il tarixli qərardadı: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 52 yaşının bitdiyi xx.xx.2015-ci il tarixdə yaranmışdır (iddiaçı xx.xx.01963-cü ildə doğulub). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “X4 haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 20 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 15 il güzəştli iş stajının mövcud olması. İş materiallarında olan Şəki rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışı ilə müəyyən edilir ki, Şəki rayonu Qoxmuq kənd “İ May” kolxozunda minimum adam günü norması 170 gün müəyyən edilmişdir. İddiaçı 1982-1985, 1987-1990, 1992- 1997-ci illər üzrə minimum adam günü normasını tam yerinə yetirmişdir və həmin müddətin cəmi 14 ilə bərabərdir. 1998-ci ildə isə minimum adam günü normasından az (3 gün) işləmişdir. Buna görə də əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 6 gün müəyyən edilir. Həmçinin 1986 və 1991-ci illərdə iddiaçı körpə uşaqlara qulluq etdiyinə görə məzuniyyətdə olmuşdur. Odur ki, sözügedən illər də xüsusi iş stajı olaraq nəzərə alınmalıdır. Dövlət Sosial Müdafiə Fondunun sədrinin yerli şöbələrinə ünvanladığı 8 noyabr 2007-ci il tarixli xx/xx-3402 №-li məktubunun 4-cü bəndinə əsasən Siyahıda nəzərdə tutulan işlərdə çalışan qadınların Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qismən ödənişli sosial məzuniyyətdə olduğu müddət güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün sosial sığorta stajına daxil edilir (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında istinad olunub). Beləliklə iddiaçının Şəki rayonu Qoxmuq kənd “İ May” kolxozunda mövcud olan ümumi sosial sığorta stajının cəmi – 16 il, 6 günə bərabərdir. İddiaçının fəaliyyəti ancaq tütünçülükdən ibarət olmaqla ümumi zərərli sahədə iş dövrü 15 ildən artıqdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, iddiaçının zərərli sahədə iş stajının 15 il yox, 10 ildən artıq olması da onun iddia tələbinin uğurlu sayılması üçün kifayət edəcəkdi. Belə ki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinin redaksiyasının mənasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlərsə, onda iddiaçının bu hüquqa malik olması tanınmaya bilməz (oxşar inzibati mübahisə üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-817/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). İddiaçının ahıl anasına qulluq müddətinin ümumi sosial sığorta stajına daxil edilməsi tələbinə münasibətdə müəyyən edilir ki, X7 xx.xx.1931-ci ildə doğulmuş və xx.xx.2001-ci ildə 70 yaşı tamam olmuşdur. “Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.8-ci maddəsinə əsasən 70 yaşına çatmış şəxslər ahıl hesab olunurlar. Cavabdeh orqan xx.xx.2024-cü il tarixli məktubunda xx.xx.2001-xx.xx.2023-cü illərin Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun təsdiq etdiyi ərizələrə əsasən iddiaçının ümumi iş stajına daxil edildiyini bildirir. Yəni, cavabdeh orqan xx.xx.2001-xx.xx.2006-cı illər üzrə 4 il, 6 ay müddəti mübahisələndirmir və iddiaçının ümumi iş stajı olaraq nəzərə alır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının Şəki rayonu Qoxmuq kənd “İ May” kolxozunda mövcud olan sosial sığorta stajı ilə onun xx.xx.2001-ci ildən xx.xx.2006-cı ilədək ahıl anasına qulluq etdiyi müddət toplandıqda onun ümumi sosial sığorta stajı 20 il, 6 ay, 6 günə bərabər olur ki, bu da tələb olunan 20 il müddətdən artıqdır. Məhkəmə əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-839/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe nəzərə alınaraq məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamında qeyd edilmişdir ki, qulluqetməyə dair notarial təsdiq edilmiş ərizələr xx.xx.2023-cü il tarixdə tərtib edildiyindən qulluq dövrü də həmin tarixdən başlanmaqla hesablanacaqdır. xx.xx.2001-ci il tarixdən 70 yaşdan yuxarı anasına qulluq etmə ilə bağlı müddətin sosial sığorta stajına əlavə edilməsi üçün rayon icra hakimiyyəti orqanlarının, DSMF-nin yerli idarələrinin (və ya cavabdehin) nümayəndələrindən ibarət komissiya tərəfindən anasının, qonşuların ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib edilməlidir. Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq iddiaçı tərəfindən DSMF-nun 2 saylı Şəki-Zaqatala regional filialına müraciət edilmiş, lakin müraciəti təmin edilməmişdir. Daha sonra iddiaçının vəsatətinə uyğun olaraq məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə məktub göndərilərək müvafiq araşdırmanın aparılmaqla toplanmış icraat materiallarının məhkəməyə təqdim edilməsi cavabdeh orqandan xahiş edilmişdir. Bununla belə cavabdeh orqan tərəfindən sözügedən aktın tərtib edilməsinə və ümumiyyətlə icraatın aparılmasına ötən müddət ərzində heç bir təşəbbüs göstərilməmiş, yoxlanılması tələb olunan dövrün qeydsiz-şərtsiz ümumi sosial sığorta stajı kimi qəbul edildiyini bildirilmişdir. X13 xx.xx.2023-cü il tarixdə vəfat etdiyindən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə aktın tərtib edilməsi imkanı da itirilmişdir. Bununla belə sözügedən məsələ məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamında əks olunduğundan, həmçinin bununla bağlı iddiaçı tərəfindən anasının sağlığında cavabdeh orqana müraciət edildiyindən məhkəmə hesab edir ki, müvafiq akt cavabdeh orqanın səhlənkarlığı nəticəsində tərtib edilmədiyindən həmin aktın mövcud olmamasının nəticələri iddiaçının ziyanına şərh olunmamalı, onun mərhum anasına qulluq dövrü xx.xx.2001-ci il tarixdən hesablanmalıdır. Beləliklə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan ümumi və xüsusi iş stajı ilə bağlı tələblər yerinə yetirildiyindən, məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. İş materiallarından görünür ki, iddiaçı, hazırkı tələblə ilk dəfə xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət etmişdir. Odur ki, iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğuna görə ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər. Göstərilən qaydada iddiaçıya ödəniləcək pensiyanın hesablanmasının əvvəli iddiaçının tələbinə uyğun olaraq xx.xx.2020-ci ildən sayılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi X14 Mərkəzi Filialının üzərinə İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, xx.xx.2020-ci il tarixdən ödənilməsi vəzifəsi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.