Məhkəmə qərarları › İş №2-1(116)-351/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-351/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-351/2025 21.05.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi, iddiaçının vəkili (nümayəndəsi) Vəkil, üçüncü şəxs X5, üçüncü şəxsin vəkili (nümayəndəsi) X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına hazırlanmış A389626 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə Şəki İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərardadı qəbul etdi, Təsviri hissə İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına hazırlanmış A389626 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı 5 yanvar 2021-ci il tarixdə Oğuz rayon notariat ofisində rəsmi daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamaqla ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini satın almışdır. Həmin müqavilə əsasında fərdi yaşayış evi barədə adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat. **********44-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən çıxarış və eyni tarixli və nömrəli texniki pasport tərtib olunub ona verilmişdir. Hazırda da qeyd edilən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Məlum olmuşdur ki, 5 yanvar 2021- ci il tarixdə rəsmi alqı satqı müqaviləsi bağlamaqla satın aldığını Oğuz şəhərində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,12 hektar həyətyanı torpaq sahəsi barədə evin keçmiş sahibi X5 adına A 389626 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Həmin sənəd ev sahibi kimi iddiaçının mənafeyinə zidd olaraq istifadə edilməyə cəhd edildiyindən ləğv edilməlidir. O cavabdeh orqana müraciət edərək satın aldığı evin yerləşdiyi həyətyanı torpaq sahəsi barədə X5 adına hazırlanmış A 389626 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsini xahiş etmiş, lakin cavabdeh orqan müraciətin ərazi idarəsinin səlahiyyətləri daxilində olmaması əsası ilə imtina etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(116)-1771/2024 nömrəli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. İddiaçının vəkili (nümayəndəsi) tərəfindən Şəki İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli 2-1(116)-1771/2024 nömrəli qərardadından apellyasiya şikayət verilmiş, X6 xx.xx.2024-cü il tarixli 2-1(107)-359/2024 nömrəli qərardadı ilə qərardad tam ləğv edilərək birinci instansiya məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun vəkili izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etdi. Əsaslandırma hissəsi: İddia ərizəsinə əsasən iddiaçının hüquqi marağı evin keçmiş sahibi X5 adına A 389626 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki,iddia tələbi aşağıdakı əsaslarla mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, İddiaçı xx.xx.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən hazırda ünvan 1 ünvanında yerləşən 91,9 kv.m sahəsi olan fərdi yaşayış evinin və evin yerləşdiyi 0,12 ha torpaq sahəsinin mülkiyyətçisidir.İddiaçı həmin əmlakı xx.xx.2021-ci il tarixli alqı-satqı qaydasında X2 almışdır.Sonuncu isə həmin əmlakı 25 iyun 2009-cu il tarixli müqavilə əsasında X4 almışdır. Məhkəmə həmçinin qeyd edir ki,təqdim edilən mütəxəssis rəyinə əsasən X5 adına hazırlanmış A 389626 saylı plan- ölçü sənədində qeyd edilmiş 0,06 hektar torpaq sahəsinin koordinatları düzgün tərtib edilmədiyinə görə sözügedən torpaq sahəsinin xüsusiyyətləri barədə məlumat vermək mümkün deyildir. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,1961 hektar torpaq sahəsi ilə A389626 nömrəli plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin koordinatlarına əsasən torpaq sahəsi Oğuz səhəri ərazisində 1254,3 metr məsafədə yerləşir. Şəki İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2- 1(116)-1210/2024 saylı məktubuna əsasən X5 adına hazırlanmış A 389626 saylı 0,06 hektar torpaq sahəsinin X5 faktiki istifadəsində olan torpaq sahəsi ilə Oğuz səhəri ərazisində 740,0 metr məsafədə yerləşir. X1 faktiki istifadəsində olan torpaq sahəsi ilə A 389626 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsinin konfiqurasiya fərqləri nəzərə alınmaqla plan-ölçü sənədində qeyd edilmiş 599,5 kv.m torpaq sahəsinin situasiya planına əsasən üst-üstə düşür.İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,1961 hektar torpaq sahəsi planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. A 389626 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsi iddiaçının adına verilmiş xx.xx.2021-ci il tarixli Çıxarışda qeyd olunan 0,12 hektar torpaq sahəsi ilə üst-üstə düşmür. A 389626 saylı torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş torpaq sahəsi X3 adına verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışda qeyd olunan 0,12 hektar torpaq sahəsi ilə eyni deyildir. İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,1961 hektar torpaq sahəsinin 0,12 hektar hissəsi xx.xx.2021-ci il tarixli **********44 nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşür. Qalan 0,0761 hektar hissəsi isə Oğuz şəhəri ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu xəritəsinə (DWG) əsasən kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar Oğuz bələdiyyəsinin mülkiyyətinə aiddir. X8 X9 (TEKUİS) əsasən isə İddiaçı istifadəsində olan faktiki naturada ölçülmüş 0,1961 hektar torpaq sahəsi bütövlükdə, kateqoriyası yaşayış məntəqələrinin torpaqları, uqodiyası tikinti altında olan torpaqlar bələdiyyə mülkiyyətinə aid ərazi kimi göstərilmişdir. Torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti yerquruluşu planlarında göstərilmişdir. Göründüyü kimi iddiaçının həmin əmlak üzərində mülkiyyət hüququnu qeydə alındığından hüquqi müdafiə marağı mövcud deyildir.Digər tərəfdən mübahisələndirilən sənədin koordinatları ilə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları üst-üstdə düşmür.Yəni, X5 adına hazırlanmış A 389626 saylı Torpaq sahəsinin Planı və ölçüsü sənədinin mövcudluğu və ya ləğv edilməsi nəticə etibarı ilə iddiaçının hüquqi vəziyyətinə təsir göstərmir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına hazırlanmış A389626 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Fəxri Hacızadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar