Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-353/2021 16.06.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Balakən rayonu, Gərəkli bələdiyyəsi) “0.08 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İşin halları: Balakən rayonu, Gərəkli bələdiyyəsinin 24.09.2004-cü il tarixli 17 saylı iclas protokolundan çıxarışa əsasən iddiaçıya bələdiyyənin perspektiv inkişaf fondundan 0.08 ha həyətyanı torpaq sahəsi ayrılıb verilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin dəyərini 27 nömrəli, 26.09.2004-cü il tarixli qəbzlə bələdiyyənin hesabına ödəmişdir. Bundan sonra iddiaçı dəfələrlə Gərəkli bələdiyyəsinə və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edərək, 0.08 ha torpaq sahəsinə dair müvafiq sənədlərin tərtib edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məcbur olub Gərəkli bələdiyyəsinə qarşı “ayrıc aktının hazırlanması” tələbi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində iddiaçı bildirir ki, hazırkı bələdiyyə sədri Mehman Qaybalıyev ona torpaq sahəsinin verilməsinin qarşısını almaq məqsədilə insana və vəzifəsinə yaraşmayan hərəkətlərə yol vermişdir. Belə ki, iddiaçının xəbəri olmadan 30.06.2017-ci il tarixli qərarla 0.08 ha torpaq sahəsinin verilməsinə dair qərarı ləğv etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçının iddia tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.2019-cu il tarixli, 2-1(107)-2/2019 nömrəli qərarı ilə təmin edilmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2-1(84)-282/2017 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddia tələbi təmin edilərək, cavabdehin üzərinə 0.08 ha torpaq sahəsinə dair ayrıc aktının tərtib edilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra iddiaçı hazırkı iş üzrə cavabdeh orqana müraciət edərək, 0.08 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan iddiaçıya ünvanladığı 14.10.2020-ci il tarixli **********32 nömrəli imtina məktubunda qeyd etmişdir ki, ərizəsinə bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və ya qeyd olunan torpaq sahəsinin alqı-satqı olunması barədə Balakən rayonu Gərəkli bələdiyyəsi ilə iddiaçı arasında (müvafiq notariat kontorunda) bağlanılmış alqı-satqı müqaviləsi əlavə olunmamışdır. Daşınmaz əmlak üzərində hüququların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Həmin qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələrinə əsasən şəxsiyyətini təsdiq edən sənədlə, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər (bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və qeyd olunan torpaq sahəsinin alqı-satqı olunması barədə müvafiq notariat kontorunun bağlanılmış alqı-satqı müqaviləsi) və dövlət rüsumunun ödənilməsi barədə sənədlə bir yenidən müraciət etdiyi təqdirdə qeyd olunan daşınmaz əmlak üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən çıxarışla rəsmiləşdirilməsi məsələsinə baxıla bilər. Cavabdeh orqanın məhkəməyə ünvanladığı 04.12.2020-ci il tarixli, **********44 nömrəli etiraz məktubunda qeyd edilir ki, İddiaçı Balakən rayonu, Gərəkli bələdiyyəsindən alqı-satqı yolu ilə əldə etdiyi 0,08 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Qeyd olunan ərizənin icrası zamanı məlum olmuşdur ki, bələdiyyə tərəfindən bilavasitə satılmış torpaq sahəsinə dair bələdiyyənin qərarının əsli, alqı-satqı aktı, müvafiq icra hakimiyyəti orqanlarının rəyi və ya qeyd olunan torpaq sahəsinin alqı-satqı olunması barədə Balakən rayonu Gərəkli bələdiyyəsi ilə iddiaçı arasında (müvafiq notariat kontorunda) bağlanılmış alqı-satqı müqaviləsi əlavə olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, həmin torpaq sahələrinin qeydiyyata alınması mümkün olmamış və bu barədə 14.10.2020-ci il tarixli, **********32 nömrəli məktubla ərizəçiyə imtina bildirişi ünvanlanmışdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.6-cı maddəsində qeyd olunur ki, bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.1-ci madəssinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.2-ci madəssinə əsasən hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 15.1.5-ci madəssinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda imtina edilə bilər Məhkəmənin 04.03.2021-ci il tarixli, 2-1(116)-353/2021-ci il tarixli qərardadı ilə Balakən rayonu, Gərəkli bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarında olan Balakən rayonu, Gərəkli bələdiyyəsinin 24.09.2004-cü il tarixli, 17 nömrəli iclasının qərarından görünür ki, həmin qərarla Gərəkli kənd sakini İddiaçı bələdiyyənin perespektiv inşikafı üçün saxlanmış ərazidən 0.08 ha həyətyanı torpaq sahəsinin alqı-satqı yolu ilə satılması qərara alınmışdır. İş materiallarında olan 27 nömrəli, 26.09.2004-cü il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, iddiaçı 0.08 ha torpaq sahəsinin dəyərini Gərəkli bələdiyyəsinə ödəmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.2019-cu il tarixli, 2-1(107)-2/2019 nömrəli qərarından görünür ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddiaçının Gərəkli bələdiyyəsinə qarşı “ayrıc aktının hazırlanması”na dair tələbi təmin edilməmişdir. İddiaçı tərəfindən verilən apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.04.2019-cu il tarixli, 2-1(107)-2/2019 nömrəli qərarı ilə təmin edilmiş, Şəki İnzibati- İqtisadi Məhkəməsinin 14.09.2017-ci il tarixli, 2-1(84)-282/2017 nömrəli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilmiş və iddia tələbi təmin edilərək, cavabdehin üzərinə 0.08 ha torpaq sahəsinə dair ayrıc aktının tərtib edilməsi öhdəliyi qoyulmuşdur. İş materiallarında olan Balakən Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin 02.03.2020-ci il tarixli, 10 nömrəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin mülkiyyətində olan ərazidən Gərəkli bələdiyyəsinin 04 saylı 17 fevral 2020-ci il tarixli məktubu əsasında, DƏK və URX-nin Şəki LTİ-nin yerquruluşu planı (№0089) və Şəki Apellyasiya Məhkəməsinin 16.04.2019-cu il tarixli 2-1(107)-2/2019 saylı qərardadı əsasında Gərəkli bələdiyyəsi ərazisində ayrılmış 0,08 ha torpaq sahəsi şimaldan bələdiyyə torpaq sahəsi ilə, cənubdan dövlət torpağı ilə, şərqdən pay torpaq sahəsi ilə, qərbdən avtomobil yolunun qorunma zolağı ilə həmsərhəddir. Ərazidə heç bir tarixi və təbiət abidələri yoxdur. Ərazi şimaldan cənuba doğru mailidir və relyefi sakitdir. Ərazidən həyətyanı üçün torpaq sahəsinin ayrılması məqsədə uyğundur. İş materiallarında olan sənədlərdən müəyyən edilir ki, Balakən rayonu, Gərəkli bələdiyyəsinin 24.06.2020-ci il tarixli, 08 saylı iclasında Gərəkli kəndi ərazisində yerləşən fərdi yaşayış evinin tikilməsi məqsədilə bilavasitə satılması nəzərdə tutulan 0.08 ha torpaq sahəsinə dair rəyin verilməsi üçün cavabdeh orqana müraciət edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsinin 31.08.2020-ci il tarixli, 249 nömrəli rəyində qeyd edilir ki, Gərəkli bələdiyyəsinin Balakən rayon (şəhər) Gərəkli bələdiyyəsinə fərdi yaşayış evinin tikintisi məqsədi ilə müsabiqə və hərraca çıxarılması yolu ilə və ya bilavasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 800 kv.m (0.80 ha) torpaq sahəsi ilə bağlı daxil olmuş 08.07.2020-ci il tarixli ********** saylı məktubuna İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki ərazi şöbəsi üzrə daimi komissiyada baxılmışdır. Bildirilir ki, sözügedən torpaq sahəsi barədə müvafiq sənədlər və komissiya tərəfindən tərtib edilmiş müayinə (baxış) aktı X3 Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. TDİT üzrə Dövlət Agentliyinin 26.08.2020-ci il tarixli, ********** saylı məktubuna əsasən ayrılmış torpaq sahəsi ərazisində olan mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahəsinə aid olduğundan, hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilmir. Qeyd olunanı nəzərə alaraq, həmin torpaq sahəsi barədə tərəfimizdən müsbət rəy verilməsi məqsədəmüvafiq deyildir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında X1 Təşkili üzrə Dövlət Agentliyinin 02.04.2021-ci il tarixli, **********72 nömrəli məktubunda qeyd edilir ki, Balakən rayonu Gərəkli bələdiyyəsinin ərazisində yerləşən 0,10 hektar və 0,08 hektar torpaq sahələrinə dair tələb olunan sənədlərin təqdim edilməsi barədə müraciətə X1 Təşkili üzrə Dövlət Agentliyində baxılmışdır. Müraciətdə qeyd olunan torpaq sahələri ilə bağlı sənədlər araşdırılmış, torpaq sahələrinin faktiki vəziyyətini əks etdirən baxış aktlarına, yerquruluşu planlarına və kadastr göstəricilərinə əsasən yaşayış məntəqələri daxilində ictimai tikililər üçün nəzərdə tutulmuş torpaqlara düşdüyü üçün fərdi yaşayış evinin tikintisi məqsədilə mülkiyyətə verilməsi məqsədəuyğun sayılmamışdır. İş materiallarında olan cavabdeh orqanın məhkəməyə ünvanladığı 15.04.2021-ci il tarixli, **********94 nömrəli məktuba əlavə edilən iddiaçının torpaq sahəsinin qonşuğunda yerləşən torpaq sahələrinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, JN-0042 nömrəli Dövlət Aktının təsdiq edilmiş surətinə əsasən Balakən rayon AİK-nın 30.06.1998-ci il tarixli, 08 nömrəli qərarı ilə 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X2 verilmişdir. Sahibə Mehdiyeva 06.08.2008-ci il tarixli “Torpaq alqı-satqı” müqaviləsi ilə 0.19 ha torpaq sahəsini İddiaçı satmışdır. Bununla bağlı iddiaçının adına AA seriyalı 000786 nömrəli, 08.08.2008-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü” sənədi və MH seriyalı ******* nömrəli çıxarış tərtib edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 23.04.2021-ci il tarixli, **********79 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyinin təsdiq edilmiş surətində qeyd edilir ki, İddiaçı tərəfindən iddia olunan 0.08 ha torpaq sahəsinin koordinatları və yerləşmə vəziyyəti tərtib edilmiş sxemdə göstərilmişdir. Həmin 0.08 ha torpaq sahəsi Elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlarına aid ictimai tikinti altı torpaq sahəsidir. Sözügedən ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsi elektron məlumat bazasına əsasən torpaq islahatı zamanı əhalinin kütləvi şəkildə istifadə etdiyi mədəni məişət, inzibati, ibadət və digər bina, anbar, tikili və qurğular üçün nəzərdə tutulmuş torpaq sahəsidir. Həmin ərazidə həyətyanı kimi qeyd edilmiş torpaq sahələri mövcud deyildir. Sözügedən torpaq sahəsi Kompleks yerquruluşu layihələrinə əsasən bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir. Həmin torpaq sahəsinin ümumi istifadədə olub-olmaması ilə bağlı Elektron məlumat bazasında məlumat mövcud deyil. İş materiallarında olan Gərəkli bələdiyyəsinin məhkəməyə ünvanladığı 20.05.2021ci il tarixli 08 nömrəli məktubunda qeyd edilir ki, 18 sentyabr 2019-cu il tarixdə 39 və 40 saylı məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” MMC-yə məktubla müraciət olunmuşdur. 01.02.2020-ci il tarixdə həmin sözügedən 0.08 ha və 0.10 ha bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələrinə yerquruluşu planı hazırlanaraq bələdiyyəyə təhvil verilmişdir. Həmin yerqurluşu planı əsasında Bələdiyyə tərəfindən Balakən Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinə məktubla müraciət olunmuş, 29.02.2020-ci il tarixdə həmin torpaq sahələrinə ayrıc aktı və rəy alınmışdır. Həmin sənədlər əsasında Gərəkli Bələdiyyəsinin 23.06.2020-ci il tarixli 08 saylı iclas protokolundan çıxarışla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə 29.06.2020-ci il 16 saylı, 29.06.2020-ci il 18 saylı məktubla müraciət olunmuşdur. Lakin Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi Şöbəsinin Gərəkli Bələdiyyəsinə göndərdiyi 31.08.2020-ci il tarixli 248 və 249 saylı məktublarına əsasən satılması nəzərdə tutulan 0.08 ha və 0.10 ha torpaq sahəsinin yerləşdiyi ərazi mövcud ictimai tikililər üçün nəzərdə tutulmuş torpaq sahələrinə aid olduğundan hüquqların dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilməmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia tələbi əsassızdır, ona görə də təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsi ilə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar müəyyən olunmuşdur ki, qeyd olunan qanunvericilik normasının tələbinə görə yalnız həmin maddədə sadalanan əsaslar mövcud olduğu halda, hüquqlar dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar, yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsusi qorunan ərazilərin torpaqları, meşə fondu torpaqları, su fondu torpaqları, ehtiyat fondu torpaqları. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 3-cü hissəsinə müvafiq olaraq torpaq sahəsinin hüquqi rejimi ilə əlaqədar mübahisələr zamanı daha ciddi hüquqi rejimi olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq Məcəlləsinin 4-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 04.08.1999-cu il tarixli, 176 saylı sərəncamına əsasən, Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti həyata keçirir. Torpaq mülkiyyətçisinə, istifadəçisinə və icarəçisinə torpaq sahəsi həmin sahə üçün müəyyən edilmiş məqsədli təyinatına və hüquqi statusuna uyğun olaraq verilir (Torpaq Məcəlləsinin 48-ci maddəsinin 4-cü bəndi). Torpaq qanunvericiliyinin yuxarıda qeyd olunan normalarından da göründüyü kimi, Azərbaycan Respublikasının ərazisində torpaqlar onların kateqoriyasına (məqsədli təyinatına) uyğun istifadə edilməlidir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanına uyğun olaraq, dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi nəzərdə tutulub ki, bunun da məqsədlərindən biri torpaqlardan məqsədli təyinatına və hüquqi rejiminə uyğun istifadəyə və onların mühafizəsinə nəzarət etməkdir. Həmin Fərmanın 6.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasında daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, torpaqdan istifadənin və onun mühafizəsinin səmərəliliyinin artırılmasına dair 2016-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsi daşınmaz əmlakın kadastrı sisteminin inkişafı, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı prosesinin təkmilləşdirilməsi, torpaq münasibətlərinin tənzimlənməsi, torpaqların təyinatına uyğun istifadə edilməsi sahəsində işin təkmilləşdirilməsi məqsədləri daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Qanuna müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Hazırki halda isə iddiaçının faktiki olaraq mülkiyyət hüququnu qeydə aldırmaq istədiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ictimai tikililər üçün nəzərdə tutulan torpaq sahəsidir. Torpaq Məcəlləsinin 18-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun: 23.1-ci maddəsinə əsasən, qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə vəvaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2-ci maddəsinə əsasən, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Göründüyü kimi, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: Balakən rayonu, Gərəkli bələdiyyəsi) “0.08 ha torpaq sahəsinə dair plan-ölçü sənədi və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərc iddiaçıya aid edilir. Mütəxəssis rəylərinin verilməsinə çəkilən xərcə görə 311 manat İddiaçı tutularaq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Kadastr və Yerquruluşu Layihə-X6 Məsuliyyətli Cəmiyyətinin hesabına (Kapital Bank ASC Xətai filialı, kod: 200071 VÖEN (bank) **********, Müxbir hesab AZ37NABZ********************, SWİFT: AİİBAZ2X, Kadastr və Yerquruluşu xxxx MMC hesab AZ23AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-353/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-353/2021
16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver