Məhkəmə qərarları › İş №2-1(116)-353/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-353/2023

20.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-353/2023 20.06.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, Aslanova Sədaqət Bəlyar qızının katibliyi ilə İddiaçı (prosessual hüquq varisi X10) Cavabdehnə qarşı “Ağdaş rayon Orta Ləki kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş, xx.xx.1991-ci il tarixdə 22 nömrə ilə qeydiyyata alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə müvafiq qeydiyyatın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdehə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Ağdaş rayon Orta Ləki kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş, xx.xx.1991-ci il tarixdə 22 nömrə ilə qeydiyyata alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə müvafiq qeydiyyatın silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı xx.xx.1981-ci il tarixdə Ağdaş rayonu Hapıtlı kəndində anadan olmuşdur. Onun valideynləri X8 və X16 adlı şəxslərdir. İddiaçı xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə X10 adlı şəxsə ərə getmiş və onun soyadına uyğun olaraq “Salamova” soyadını qəbul etmiş, nikaha daxil olanadək isə soyadı “Əliyeva” olmuşdur. Onların birgə nikahından xx.xx.2013-cü il tarixdə X14 anadan olmuş və iddiaçı hazırda ailə üzvlər ilə birlikdə Oğuz rayonu Qumlaq kəndində yaşayır. Bu yaxınlarda iddiaçı dövlət tərəfindən müəyyən edilən pensiya təminatı hüququndan istifadə etmək istəyərkən ona məlum olmuşdur ki, Cavabdeh arxivində və Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində onun barəsində Ağdaş rayonu Orta Ləki kənd İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş, xx.xx.1991-ci il tarixdə 22 nömrə ilə qeydiyyata alınmış ölüm haqqında akt qeydi mövcuddur. Belə bir akt qeydinin olması iddiaçının ölmüş şəxs kimi hesab edilməsi mənasına gəlir və onun sağ olan şəxs kimi pensiya təminatı və digər hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı hazırkı iddia tələbi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamış və o, məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmənin sərəncamının icrasının təmin edilməsi məqsədilə ünvanladığı xx.xx.2022-ci il tarixli, 05/Q-439/13 nömrəli məktubunda qeyd etmişdir ki, X3 doğum haqqında akt qeydinin üzərində ölümü barədə aparılmış qeydlər əsasında müəyyən edilmişdir ki, X2 rayonu Orta Ləki kənd icra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.1987-ci il tarixli 24 nömrəli ölüm haqqında akt qeydinə əsasən xx.xx.1987ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə ünvanlanmış X5 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə ünvanlanmış məktubunda Ş.Salamov qeyd etmişdir ki, həyat yoldaşının vəfat etməsi barədə Ağdaş rayon Orta Ləki kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli 22 nömrəli akt qeydinin avtmatlaşdırılmış informasiya sistemindən silinməsi barədə Ağdaş qayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ona bu barədə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-353/2023 nömrəli qərardadı ilə İddiaçı prosessual hüquq varisi X10 ilə əvəz edilmişdir. Belə ki, iş materiallarında olan Oğuz RİH başçısının Qumlaq İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-68-12/2-137/2023 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Oğuz rayonunun Qumlaq kəndində vəfat etmişdir. Tərəflərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iddiaçının prosessual hüquq varisi Şirin Salamov bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-5/7-13-227/2023 nömrəli məktubunda işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə iddiaçının prosessual hüquq varisinin və cavabdehin nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının (onun prosessual hüquq varisinin) ona müraciət etməsi mübahisələndirilməmiş, cavabdeh etirazında və məhkəmənin sorğularına cavab məktublarında qanunamüvafiq qərar qəbul olunmasını xahiş etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət etibarı ilə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İddia ərizəsinə əlavə olunmuş: 431390 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1981-ci ildə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmuşdur. X1, anası X13r. AZE seriyalı, ******** nömrəli, xx.xx.2017-ci il tarixdə Səyyar ASAN 10 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmuşdur. Fərdi identifikasiya nömrəsi xxxxxxx-dir. 817316 nömrəli “Nikah haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X12 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmışdır. 994161 nömrəli “Doğum haqqında” şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X3 birgə nikahından xx.xx.2013-cü ildə X14 doğulmuşdur. Ədliyyə Nazirliyi yanında Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli, 2-18/299 nömrəli məktubuna əlavə olunmuş çıxarışdan görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmuşdur. Çıxarışda “ölüm tarixi” qrafasında “xx.xx.1991” qeyd olunmuşdur. Məktuba əlavə olunmuş digər çıxarışdan görünür ki, İddiaçı həyat yoldaşı xx.xx.1979-cu il təvəllüdlü X6r, atası xx.xx.1943-cü il təvəllüdlü X4r, anası xx.xx.2010-cu ildə vəfat etmiş X13r, övladı xx.xx.2013-cü il təvəllüdlü X9r. İddiaçı fərdi identifikasiya nömrəsi xxxxxxx-dir. Çıxarışa İddiaçı yetişkin foto şəkili (şəxsiyyət vəsiqəsində təsvir olunmuş) əlavə edilsə də, ölüm tarixli xx.xx.1991-ci il (yəni iddiaçının 9 yaş 3 aylığında) göstərilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, 05/Q-439/13 nömrəli məktubuna əlavə olunmuş: xx.xx.1981-ci il tarixli, 178 nömrəli “Doğum haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunun Hapıtlı kəndində anadan olmuşdur. X1, anası X13r. Akt qeydinin 8-ci qrafasında “diri doğulmuş” qeydinin altından xətt çəkilmişdir. Orta Ləki icra nümayəndəliyi tərəfindən tərtib edilmiş “Ölüm haqqında” 0421 8 0022 26031991 nömrəli akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1981-ci il tarixdə Ağdaş rayonunun Hapıtlı kəndində doğulmuş, xx.xx.1991-ci il tarixdə Ağdaş rayonunun Hapıtlı kəndində vəfat etmişdir. Ölüm faktı xx.xx.1991-ci il tarixli, 3 nömrəli tibbi şəhadətnamə ilə təsdiq olunmuşdur. xx.xx.1979-cu il tarixli, 05 nömrəli “Nikahın bağlanması haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X18 ilə Əliyeva (Abbasova) Sevil Qiyas qızı arasında nikah bağlanmışdır. xx.xx.1991-ci il tarixli, 79 nömrəli “Ölüm haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.1991-ci il tarixdə Ağdaş rayonunda vəfat etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı xx.xx.2022-ci il tarixdə ölməsi barədə məlumat aşkar olunmamışdır. Əhalinin dövlət reyestrində İddiaçı Oğuz rayonu Qumlaq kəndində qeydiyyatdadır. Oğuz RİH başçısının Qumlaq İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5- 68-12/2-137/2023 nömrəli arayışında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə oğuz rayonunun Qumlaq kəndində ev şəraitində vəfat etmiş və mərhum Ağdaş rayonunun Hapıtlı kənd qəbristanlığında dəfn olunmuşdur. Oğuz MRX Qumlaq kənd məntəqəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş arayışda qeyd olunmuşdur ki, İddiaçı həqiqətən xx.xx.2022-ci il tarixdə ağciyər xərçəngi xəstəliyi səbəbindən Oğuz rayonunun Qumlaq kəndində ev şəraitində vəfat etmişdir. Ağdaş RİH başçısının Hapıtlı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-32-12/2-53/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı vəfat edən (xx.xx.2022-ci il) tarixə kimi özü və ailəsi Hapıtlı kəndində yaşamamış və hal-hazırda ailə üzvlərindən heç kim Hapıtlı kəndində yaşamır. Oğuz RİH başçısının Qumlaq kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-68-12/2-22/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, X12 xx.xx.2013-cü il tarixdə Oğuz rayon Qumlaq kəndində yaşayan X10 ilə birgə nikaha daxil olmuş, “Salamova” soyadını qəbul etmiş və daimi qeydiyyatda olmaqla xx.xx.2022-ci il tarixədək Oğuz rayonunun Qumlaq kəndində yaşamışdır. Vətəndaşın rəsmi nikahdan xx.xx.2013-cü il tarixdə qızı X14 doğulmuş və hal-hazırda atası ilə birlikdə Oğuz rayonunun Qumlaq kəndində yaşayır. Vətəndaş İddiaçı Ağdaş rayonu Hapıtlı kəndində anadan olduğuna görə Qumlaq kənd Nümayəndəliyində onun valideynləri (ata-anası) barədə rəsmi məlumat yoxdur. Vətəndaş İddiaçı xx.xx.2022-ci il tarixdə Oğuz rayonunun Qumlaq kəndində ev şəraitində vəfat etmiş və mərhumun cənazəsi Ağdaş rayonu Hapıtlı kəndində dəfn edilmişdir. Qumlaq İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2016-2020-ci illər üzrə 01 saylı təsərrüfatbaşına kitabın 140-cı səhifəsinin və 2020-2025-ci illər üzrə 01 saylı ev tasərrüfatlarının uçotu kitabının 144-cü səhifəsini ksero surəti məktuba əlavə edilmişdir. Hər iki sənəddə İddiaçı adı qeyd edilmiş, doğum tarixli xx.xx.1981-ci il, doğulduğu yer Ağdaş rayonu Hapıtlı kəndi göstərilmişdir. 2012-ci ildən həmin önvanda yaşadığı qeyd olunmuşdur. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron poçt vasitəsilə daxil olmuş xx.xx.1991-ci il tarixli, 22 nömrəli “Ölüm haqqında” akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.1981-ci il tarixdə Hapıtlı kəndində doğulmuş, xx.xx.1991-ci il tarixdə həmin kənddə vəfat etmişdir. Akt qeydinin 12-ci qrafasında uşaqdır qeydi yazılmış, aktda 9 yaşının tamam olduğu göstərilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi üzərindən əldə edilmiş məlumata əsasən də müəyyən edilmişdir ki, xxxxxxx fərdi identifikasiya nömrəli İddiaçı fərdi məlumatlarında ölüm tarixi xx.xx.1991-ci il olaraq qeyd edilmişdir. Beləliklə, məhkəmə işin göstərilən faktiki hallarına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir... 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. http://eqanun.az/framework/46946 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər... 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir... 193-cü maddəyə görə ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.1. Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən isə həmin gün informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 194.3. Ölüm haqqında məlumatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsi, həmin məlumatın informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri qanunla müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır. 195.2. Azərbaycan Respublikası vətəndaşının, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin və ya əcnəbinin xarici ölkədə öldüyü və ölüm həmin ölkənin səlahiyyətli orqanlarında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) qeydə alınmadığı hallarda ölümün qeydiyyatı bu ölkədə verilmiş ölüm faktını təsdiq edən tibbi sənəd əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydasına əsasən: 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını, o cümlədən doğumun və ölümün elektron qaydada qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 1.10. Doğumun və ölümün dövlət qeydiyyatı məcburidir və bu barədə məlumat qanunvericilikdə müəyyən olunmuş müddətlərdə verilməlidir. 8.1. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır... 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir... 8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X7 (fərdi identifikasiya nömrəsi xxxxxxx) münasibətdə Ağdaş rayonu Orta Ləki kənd icra nümayəndəliyi tərəfindən 22 nömrəli Ölüm haqqında akt qeydi tərtib edilmiş, onun ölüm tarixi xx.xx.1991-ci il tarixi olaraq göstərilmişdir. İddiaçı məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş Ölüm haqqında akt qeydinin ləğv edilməsini tələb etmiş, iş üzrə icraat gedişində Oğuz Rayon İcra Hakimiyyəti başçısının Qumlaq inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli məlumatına əsasən iddiaçının xx.xx.2022-ci il tarixdə, Qumlaq kəndində, ev şəraitində vəfat etdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən mübahisəli akt qeydinin mövcudluğu mübahisələndirilməmiş, qanunamüvafiq qərarın qəbul olunması xahiş olunmuşdur. Məhkəmə işin faktiki hallarına və iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, M.Əliyevaya münasibətdə həqiqi ölüm tarixinə əsaslanmaqla qanunvericiliyin tələblərinə müvafiq qeydiyyatın aparılması, ölüm haqqında akt qeydinin və şəhadətnamənin tərtib edilməsi üçün ilkin qeydiyyat xarakteri daşıyan Ağdaş rayonu Orta Ləki kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1991-ci il tarixli 22 nömrəli Ölüm haqqında akt qeydi ləğv edilməlidir. Lakin cavabdeh tərəfindən müvafiq qeydiyyatın ləğvi zamanı iddiaçı M.Əliyevanın artıq qərar qəbul edildiyi tarixə vəfat etmiş olması faktı nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamış, cavabdehin imtinası əsassız olmaqla inzibati praktikaya zidd olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM 58.7 və 68.2). Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh üzərinə Ağdaş rayon Orta Ləki kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş, xx.xx.1991-ci il tarixdə 22 nömrə ilə qeydiyyata alınmış ölüm haqqında akt qeydinin ləğv edilməsi və Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə müvafiq qeydiyyatın silinməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid İsmayılzadə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar