Məhkəmə qərarları › İş №2-1(116)-3545/2025

Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3545/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3545/2025 07.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X8 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «obyektin və altındakı torpaq sahəsinin alqı-satqısına dair müqavilələrin etibarsız sayılması və həmin əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi» barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «obyektin və altındakı torpaq sahəsinin alqı-satqısına dair müqavilələrin etibarsız sayılması və həmin əmlakların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişlər. İddia ərizəsində tələb onunla əsaslandırılır ki, Göyçay Rayon ZDS İK-nın 15 avqust 1968-ci il tarixli 18 nömrəli qərarı əsasında Göyçay Məişət Xidməti Kombinatı ərazisində avtomaşınlara texniki xidmət göstərən sex tikintisi və əhaliyə məişət xidməti üçün 1 ha torpaq sahəsi daimi istifadəyə ayrılmışdır. Sahənin yerquruluşu sxemi Göyçay RİH-dən əldə edilmişdir. 2022-ci ildən X5 qanunsuz olaraq iddiaçıların sahibliyində və istifadəsində olan Kirayə məntəqəsinin və dəmirçi sexinin qapısının açarını dəyişdirmiş və onların həmin obyektlərdən istifadəsinə maneələr yaratmışdır. Həmin şəxs onlara sözügedən obyektləri satın aldığını bildirmişdir. Bununla bağlı iddiaçılar Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onunla (C.V.Abbasovla) Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti arasında bağlanmış 30 kv.m qeyri-yaşayış binasının alqı-satqısına dair 20 oktyabr 2004-cü il tarixli 987 saylı müqavilənin və Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 0,0341 ha torpaq sahəsinin alqı-satqısına dair 8 dekabr 2021-ci il tarixli 403 saylı müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilələrə əsasən X2 adına verilmiş 27 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi tələbini irəli sürmüşdür. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq rəyindən görünür ki, DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinin 16 yanvar 2025-ci il tarixli mütəxəssis rəyinə görə Göyçay RİH tərəfindən təsdiq olunan torpaq sahəsinin yerquruluşu sxemində təsvir edilən kirayə məntəqəsi **********77-06301 reyestr nömrəli çıxarışla X2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 0,0341 ha torpaq sahəsi ilə və üzərində yerləşən 30,2 kv,m tikili ilə üst-üstə düşür. Göyçay Rayon Məhkəməsinin 2(046)-59/2025 saylı 4 iyun 2025-ci il tarixli qərardadına əsasən mübahisə predmeti olan əqdlər inzibati müqavilə hesab olunduğundan, iş üzrə icraata xitam verilmiş və işin aidiyyətinin Şəki İnzibati Məhkəməsi olduğu bildirilmişdir. Bundan sonra iddiaçılar X3 məxsus olan ********** nömrəli reyestrdən çıxarışın ləğv edilməsi ilə bağlı hazırkı cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinə müraciət etsələr də, 35 gündən artıq vaxt keçməsinə baxmayaraq müraciətə cavab verilməmişdir. İddiaçı1 Göyçay Rayon Əhaliyə Məişət Xidməti Kombinatının 26 iyun 1986-cı il tarixli 99 nömrəli əmri ilə Kirayə məntəqəsinə qəbuldar işinə qəbul edilmişdir. Həmin qurumun 1 fevral 1994-cü il tarixli 10 nömrəli əmrinə əsasən İddiaçı1 əl oyunları kirayə məntəqəsinə qəbuldar vəzifəsinə keçirilmişdir. Göründüyü kimi, iddiaçı Kirayə məntəqəsində uzun müddət çalışmış və onun fikri öyrənilmədən Kirayə məntəqəsinin özəlləşdirilməsi mümkün ola bilməzdi. Eyni zamanda, digər iddiaçı Həşimov X4 27 noyabr 1984-cü il tarixli 193 nömrəli əmri ilə Dəmirçi sexinə qaynaqçı işinə qəbul olunmuş və Kombinatın 18 dekabr 1990-cı il tarixli 200 nömrəli əmri ilə işdə xəsarət aldığı üçün qaynaqçı vəzifəsindən azad edilmişdir. Onun fəaliyyət göstərdiyi Dəmirçi sexi iddia predmeti olan Kirayə məntəqəsi ilə yanaşı yerləşir və həmin Dəmirçi sexindən hazırda istifadə edə bilmir. İddiaçılar tərəfindən məhkəməyə təqdim edilən və Göyçay RİH tərəfindən təsdiqlənən sxem-plandan da aydın olur ki, Kombinat ərazisində fəaliyyət göstərən Dəmirçi sexi Kirayə məntəqəsi ilə yanaşı yerləşir. Milli Arxiv İdarəsinin Göyçay Filialı tərəfindən verilmiş 18 oktyabr 2024-cü il tarixli arayışla da təsdiq edilir ki, iddiaçılar Kombinatın Dəmirçi sexində uzun müddət fəaliyyət göstərmişlər. Xəsarət alma barədə məhkəmə qətnaməsi də qəbul olunmuşdur. 20 oktyabr 1994-cü il tarixli müqavilədə satılacaq obyekt kimi dülgər sexi göstərilmişdir. Halbuki, həmin ərazi Kirayə məntəqəsi və Dəmirçi sexi olmuşdur. Sözügedən müqavilədə daşınmaz əmlakın ünvanı kimi ünvan 1 ünvanında yerləşir. Müqavilədə Dülgər sexi 30 kv.m ölçüdə qeyd edilsə də, həmin ərazidə yerləşən Kirayə məntəqəsi 200 kv.m, Dəmirçi sexi isə 96 kv.m olmuşdur. Yəni uyğunsuzluq mövcuddur. Özəlləşmə qanunsuz aparılmışdır, buna görə də onun nəticələri ləğv edilməlidir. İddiaçı uzun müddət Kirayə məntəqəsində çalışdığı üçün həmin məntəqənin özəlləşdirilməsində güzəşt hüququna malik olan şəxs idi. Dövlət əmlakı özəlləşdirilərkən onun fikri öyrənilməli idi. Kirayə məntəqəsi 1986-cı ildə İddiaçı1 tərəfindən tikilmişdir. Göstərilənlərə əsaslanaraq, X5 ilə DƏİOÖD arasında bağlanmış 30 kv.m qeyri-yaşayış binasının alqı-satqısına dair 20 oktyabr 2004-cü il tarixli 987 saylı müqavilənin və X5 ilə ƏMDX arasında bağlanmış 0,0341 ha torpaq sahəsinin alqı-satqısına dair 8 dekabr 2021-ci il tarixli 403 saylı özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələrə əsasən X2 adına verilmiş 27 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və iddianın mümkünlüyü məsələsinin müzakirəsi ilə bağlı məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçılar gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, iclasın cavabdeh tərəfin iştirakı olmadan keçirilməsini mümkün saydı. Məhkəmə qeyd edir ki, iddia ərizəsində X5 və Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində göstərilmişdir. Lakin hazırkı mərhələdə iddianın mümkünlüyü məsələsi həll olunanadək üçüncü şəxslərin işə cəlbi məsələsinə baxılmasını məhkəmə zəruri bilməmişdir (əlavə prosedur, yazışma və s. olmaması üçün). İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində göstərilənləri təsdiqlədiyini, iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdi və iddianı müdafiə etdi. İş üzrə məhkəmə iclasında iştirak edən İddiaçı2 iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdi və iddianı müdafiə etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 35.1 və 68.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, hesab edir ki, iddia mümkün iddia sayıla bilməz. İlk növbədə qaldırılan iddia üzrə mübahisənin ərazi aidiyyəti barədə qeyd olunmalıdır ki, İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Göyçay rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan və müvafiq daşınmaz əmlak Göyçay rayonu ərazisində yerləşdiyindən, mübahisəyə həmin rayon üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına uyğundur. İddianın mümkünlüyünə gəldikdə isə məhkəmə iddianı mümkün iddia kimi qiymətləndirmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə görə inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. İPM-in 36.3-cü maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 26-cı fəslinin 297 və 298-ci maddələrinə (Məcəllənin 26-cı fəsli 10 iyun 2011-ci il tarixli 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə çıxarılmışdır) görə - (maddə 297.1) Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində şəxsin hüquq və azadlıqları pozulmuş olsun, şəxsin hüquq və azadlıqlarını həyata keçirməyə maneçilik yaransın, şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq məsuliyyətə cəlb edilsin; - (maddə 297.2) Göstərilən orqanların, təşkilatların, onların vəzifəli şəxslərinin aşağıdakı qərar və hərəkətlərindən (hərəkətsizliyindən) bu fəslə uyğun olaraq məhkəməyə şikayət verilə bilməz: Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ hüquqi aktlar, qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ hüquqi aktlar. Həmin Məcəllənin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Məcəllə Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir) 19-cu maddəsinə görə dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunun 1.0.1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi – dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə görə özəlləşdirmənin obyekti – özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı istisna olmaqla, Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda Azərbaycan Respublikasının dövlət mülkiyyətində olan əmlak, müştərək müəssisələrin nizamnamə fondundakı dövlətin payı, dövlətə məxsus səhmlər, özəlləşdirilən müəssisələrin altında yerləşən torpaq sahələridir. Həmin Qanunun 17.1-ci maddəsinə görə özəlləşdirmə prosesində dövlət müəssisələrində əmək kollektivi üzvlərinin həmin müəssisələrin əmlakının və səhmlərinin bir hissəsini, (onun qalan hissəsinin satışı üsulundan asılı olmayaraq) güzəştli şərtlərlə almaq hüquqları vardır. Həmin güzəştlərin verilməsi formaları və həyata keçirilməsi qaydaları Dövlət Proqramı ilə müəyyən olunur. Həmin Qanunun 17.2-ci maddəsinə görə özəlləşdirilən dövlət müəssisələrinin səhmlərinin və ya hissələrinin satışında güzəştlər aşağıdakı şəxslərə aid edilir: əsas iş yeri həmin müəssisə hesab edilən işçilər, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.5-ci maddəsinə görə 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 6.3-cü bəndində qeyd olunmuşdur ki, dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən nəzərə alınmalıdır ki, müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır və bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Müsabiqə və ya hərracı keçirən təşkilatın fəaliyyətini tənzimləyən ümumi hüquq sahəsinə aid edilə bilən ayrıca hüquqi aktın mövcudluğu müsabiqə və ya hərracın mülki-hüquqi xarakterini və qaliblə bağlanmış əqdlərin qarşılıqlı iradə azadlığına əsaslandığını ortadan qaldırmır. Nəzərə alınmalıdır ki, əmlak müsabiqə və ya hərraca dövlət, yaxud bələdiyyə orqanlarının müvafiq qərarı əsasında çıxarılır. Yalnız belə qərarın qəbulundan sonra hərrac təşkilatına dövlət və ya bələdiyyə əmlakının alqı-satqısı və ya icarəyə verilməsi üçün sifariş verilir, təşkilatçı tərəfindən müvafiq hərəkətlər edilməyə başlanılır. Odur ki, belə hallara hüquq münasibətlərinin xarakteri baxımından iki pilləli münasibətlər nəzəriyyəsi tətbiq olunmalı, əmlakın müsabiqə və ya hərraca çıxarılması haqqında qərarın qəbulu və bilavasitə müsabiqə və ya hərracın keçirilməsi mərhələləri fərqləndirilməlidir. Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərar inzibati akt kimi qiymətləndirilir. Hər hansı səbəbdən həmin qərarın çıxarılmasının özünün qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilərlər. Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Məhkəmələr onu da nəzərə almalıdırlar ki, bu qəbildən olan mübahisələrin aidiyyətinin müəyyənləşdirilməsinə həmçinin 6.2-ci bənddə göstərilmiş qayda tətbiq olunur. Qərarın 17-ci bəndinin üçüncü abzasında göstərilmişdir ki, reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Hazırkı işin hallarına görə iddiaçılar aşağıdakı tələbləri irəli sürürlər: - 1) başqa şəxslə (C.V.Abbasovla) Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti arasında bağlanmış 30 kv.m qeyri-yaşayış binasının alqısatqısına dair 20 oktyabr 2004-cü il tarixli 987 saylı müqavilənin etibarsız sayılması; - 2) həmin şəxslə Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 0,0341 ha torpaq sahəsinin alqı-satqısına dair 8 dekabr 2021-ci il tarixli 403 saylı müqavilənin etibarsız sayılması; - 3) həmin müqavilələrə əsasən qeyri-yaşayış binasına və altındakı torpaq sahəsinə başqa şəxsin (C.V.Abbasovun) hüququnun qeydiyyata alınması haqqında 27 yanvar 2022ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın (qeydiyyatın) ləğv edilməsi. Məhkəmə ilk növbədə qeyd edir ki, iddaçılar İddiaçı1 və İddiaçı2 Göyçay Rayon Əhaliyə Məişət Xidməti Kombinatında müvafiq müddətlərdə çalışsalar da, «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Qanunun 17-ci maddəsində nəzərdə tutulan şəxslərin dairəsinə aid edilmirlər. Bu xüsusat ondan irəli gəlir ki, qanunvericiliyin həmin müddəasında əsas iş yeri həmin müəssisə hesab edilən işçilər, həmin müəssisədə əvvəlki iş yerinə qayıtmaq hüququ olan şəxslər, özəlləşdirilən müəssisədə 7 ildən çox çalışmış və həmin müəssisədən təqaüdə çıxmış şəxslər, eləcə də 1995-ci il 1 yanvar tarixindən sonra işçilərin sayı və ya ştatların ixtisarı nəticəsində işdən azad olunmuş və işsiz kimi qeydiyyata alınmış şəxslər nəzərdə tutulur. Halbuki, iddaçı Tağıyev X1 26 iyun 1986-cı il tarixli əmri ilə Kirayə məntəqəsinə qəbuldar işinə qəbul edilsə də, həmin qurumun 1 fevral 1994-cü il tarixli əmrinə əsasən əl oyunları kirayə məntəqəsinə qəbuldar vəzifəsinə keçirilmişdir, digər İddiaçı2 isə Kombinatın 27 noyabr 1984-cü il tarixli əmri ilə Dəmirçi sexinə qaynaqçı işinə qəbul olunmuş və Kombinatın 18 dekabr 1990-cı il tarixli əmri ilə işdə xəsarət aldığı üçün qaynaqçı vəzifəsindən azad edilmişdir. Bu isə o deməkdir ki, iddiaçıların hazırkı iddianı irəli sürmək üzrə subyektiv hüquqları yaranmır. Hətta iddiaçıların hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ olsa belə, işin aşağıda qeyd olunan xüsusatları ona inzibati məhkəmə icraatı qaydasında baxılmasına imkan vermir: 1) İddiaçıların tələblərindən biri (3-cü tələb), yəni daşınmaz əmlakın dövlət reyestrində əmlaka dair aparılmış qeydiyyatın ləğvi hazırkı cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinə yönəlmişdir, digər iki tələb isə həmin cavabdehə deyil, Əmlak Məsələləri Dövlət Xidmətinə yönələ bilər. Odur ki, şəxsin adına aparılmış qeydiyyatın əsasını təşkil edən inzibati akt mübahisələndirildikdən sonra həmin qeydiyyatın mübahisələndirilməsi mümkündür. Buna görə də iddiaçıların “qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddiasına hazırda baxıla bilməz. 2) İddiaçıların əvvəlki iki tələbinə gəldikdə isə ehtimal olunur ki, mübahisə predmeti olan 20 oktyabr 2004-cü il tarixli 987 saylı müqavilə həmin dövrdə müvafiq səlahiyyətli orqan Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin qərarı əsasında bağlana bilər. Lakin belə qərarın mübahisələndirilməsi hazırda mümkün deyil. Çünki, qərarın qəbul olunduğu dövrdə, həm də ondan sonrakı vaxtda (1 yanvar 2011-ci il tarixədək, yəni «İnzibati icraat haqqında» Qanun və İPM qüvvəyə minənədək) qüvvədə olan qanunvericilik normaları – Mülki Məcəllənin və Mülki Prosessual Məcəllənin müddəaları dövlət hakimiyyəti orqanının aktlarının etibarsızlığı barədə iddiaların verilməsi üçün 1 ay müddət müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçılar hazırda tələblərini «İnzibati icraat haqqında» Qanunun inzibati aktın etibarsızlığı əsasları təsbit olunmuş 65-ci maddəsinə istinad etməsələr də, müvafiq müqavilənin qanunsuzluğunu iddia edirlər. Məhkəmənin qənaətinə görə başqa (üçüncü) şəxsə yönəlmiş əlverişli inzibati aktla bağlı buraxılmış iddia müddəti ilə əlaqədar sonradan tətbiq olunan yeni qanunvericilik normasının («İnzibati icraat haqqında» Qanunun qüvvəyə minməsi) yaranması əvvəlki dövrdə buraxılmış iddia müddətinin nəticələrini aradan qaldırmır. Hazırkı işin hallarına görə müvafiq qərarın və müqavilənin iddiaçılara məlum olma tarixi konkret müəyyən olunmasa da, ötən 20 ildən artıq müddət ərzində iddiaçıların obyektin özəlləşdirilməsi ilə əlaqədar hər hansı təşəbbüskarlıq göstərməməsi, aidiyyəti orqandan məlumat almaması və bu qəbildən olan digər müvafiq hərəkətlər etməməsi iddia müddəti ilə bağlı onların xeyrinə şərh oluna bilməz. Belə qeyri-aktiv xarakterli hallar inzibati aktın etibarsızlığı ilə bağlı 1 yanvar 2011-ci il tarixədək mübahisələndirmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin buraxılmış sayılmasına əsas verir. 1 yanvar 2011-ci il tarixdən sonrakı dövrdə inzibati aktların etibarsız sayılması iddiaları üzrə iddia müddəti birbaşa nəzərdə tutulmasa da, qanunverici bu iddianın qaldırılmasını iddaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olması halları ilə şərtləndirir. Əgər 20 oktyabr 2004-cü il tarixli müqavilə həmin dövrdə müvafiq səlahiyyətli orqan Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən inzibati akt qəbul edilmədən, faktiki xarakterli hərəkətlər üzrə bağlanmış olduqda da, 1 yanvar 2011-ci il tarixədək qüvvədə olan prosessual qanunvericilik normaları orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisəsi üzrə yalnız qərarlarına deyil, hərəkətlərinə (hərəkətsizliyinə) münasibətdə də 1 aylıq iddia müddətini nəzərdə tutmuşdur. Odur ki, məhkəmə prosessual qənaət prinsipini rəhbər tutaraq, həmin hissədə iddia tələbinin (qərarın etibarsızlığını əlavə etməklə) və cavabdehin dəyişdirilməsinin iddiaçılara tövsiyə olunmasına zərurət görmür. Belə hal, zərurət olmadan əlavə yazışma, rəsmiləşdirmə və sənəd göndərişi ilə nəticələnə bilərdi. Halbuki, istənilən halda iddia həmin hissədə mümkünsüzdür. 3) İddiaçılar 20 oktyabr 2004-cü il tarixli həmin müqavilə ilə yanaşı Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanmış 8 dekabr 2021-ci il tarixli 403 saylı müqavilənin də etibarsızlığını iddia edirlər. Nəzərə alınmalıdır ki, 8 dekabr 2021-ci il tarixli müqavilə “özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı” barədədir və həmin müqavilə X5 ilə torpaq sahəsinin üzərindəki tikililərin mülkiyyətçisi kimi bağlanmışdır. Əmlakın özəlləşdirilməsi barədə 20 oktyabr 2004-cü il tarixli müqavilənin və onun verilməsi barədə müvafiq inzibati aktın mübahisələndirilməsi üzrə yekun nəticə əldə olunmayınca, 8 dekabr 2021-ci il tarixli müqavilənin və oonun qəbulu üzrə inzibati aktın mübahisələndirilməsi mümkün deyil. Məhkəmə hesab edir ki, iddianın “8 dekabr 2021-ci il tarixli müqavilə” hissəsində də dəyişikliyin, yəni tələbin və cavabdehin dəyişdirilməsinin iddiaçıya tövsiyə olunması 20 oktyabr 2004-cü il tarixli müqaviləyə münasibətdə olan səbəbdən zəruri deyil. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinə qarşı «alqı-satqı müqavilələrinin etibarsız sayılması və reyestrdən çıxarışın ləğv edilməsi» barədə iddiası mümkün sayılmamalıdır. Nəticəvi hissə : Yuxarıda göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 80, 83.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmır. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar