Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-3558/2024 03.12.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Cavabdeh2, Ucar rayon Bağman kənd orta məktəbi və Ucar rayonu üzrə Təhsil Sektoruna qarşı “Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta məktəbin maddi-texniki təminat və əmək şəraitinin, əmək normasının təmin edilməsinə, onunla əmək müqaviləsinin əmək məcəlləsinə uyğun bütün şərt və öhdəliklərinin dəqiq və tam qeyd olunaraq həm yazılı, həm də elektron qaydada bağlanması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Cavabdeh2, Ucar rayon Bağman kənd orta məktəbi və Ucar rayonu üzrə Təhsil Sektoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta məktəbin maddi-texniki təminat və əmək şəraitinin, əmək normasının təmin edilməsinə, onunla əmək müqaviləsinin əmək məcəlləsinə uyğun bütün şərt və öhdəliklərinin dəqiq və tam qeyd olunaraq həm yazılı,həm də elektron qaydada bağlanması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in sözügedən normasının mahiyyətindən də belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün sayılsın. Lakin, hazırkı inzibati iş üzrə iddianın mümkünlüyü üçün qanunla müəyyən edilən zəruri şərtlərin mövcudluğu müəyyən olunmur. Məhkəmə qeyd edir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün birinci növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Bununla yanaşı qeyd edilməlidir ki, hazırkı iş üzrə cavabdeh qismində qoyulan orqan inzibati orqan statusuna malik olmuş olsa da, lakin nəzərə alınmalıdır ki, hazırkı mübahisə publik hüquq münasibətlərindən deyil, xüsusi mülki hüquq münasibətlərindən, irəli gəlmişdir. Odur ki, publik hüquqla tənzimlənmir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibəti olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prossesual Məcəllənin tələbinə görə inzibati məhkəmələr tərəfindən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə baxılır. Belə ki, iddiaçı ilə cavabdeh orqanlar arasında yaranan münasibətlər dövlət qulluğu ilə əlaqəli deyil, ümumi əmək hüquq münasibətləri ilə bağlı olmaqla xüsusi hüququn tənzimetmə predmetinə aiddir. Bu, xüsusilə əmək müqaviləsinin şərtlərinin düzgün müəyyən edilməsi, əmək haqqının ödənilməsi, işin şəraiti və əmək normasının təmin edilməsi ilə bağlıdır. Yəni, dövlət qulluqçularına dair əmək münasibətləri xüsusi hüquqi qaydalara tabe olsa da, iddiaçı dövlət qulluqçusu deyil və mübahisə dövlət qulluğu münasibətlərindən irəli gəlmir. Əmək münasibətləri, xüsusilə dövlət qulluqçusu olmayan şəxslərin əmək hüquqları və öhdəlikləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu, ümumi əmək hüququ sahəsinə aid olan xüsusi bir tənzimləmədir. Belə olan halda, bu münasibətlərin inzibati məhkəmə qaydasında mübahisələndirilməsi İnzibati Prossesual Məcəllənin tələblərinə ziddir. İnzibati məhkəmələrdə baxılmalı olan mübahisələrdə əsas şərt publik hüquq münasibətlərinin, yəni hakimiyyət səlahiyyətlərinin tətbiq edildiyi bir hüquqi vəziyyətin olmasıdır. Dövlət qulluqçusu olmayan şəxsin əmək müqaviləsinə dair mübahisə, inzibati orqanın hakimiyyət səlahiyyətlərini tətbiq etmədiyi, xüsusi hüquq münasibətlərindən irəli gələn bir məsələdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, dövlət qulluqçusu olmayan şəxsin əmək münasibətlərinə dair mübahisələrin inzibati məhkəmə icraatı qaydasında həll edilməsi inzibati məhkəmə icraatının predmetinə uyğun deyil. Belə mübahisələrə mülki hüquq münasibətləri çərçivəsində ümumi rayon məhkəməsinə hüquqi qiymtə verilməlidir. Məhkəmə tərəfindən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iddiaçıya izah edilərək onun dinlənilmə hüququ təmin edilmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3-cü bəndinə əsasən buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Cavabdeh2, Ucar rayon Bağman kənd orta məktəbi və Ucar rayonu üzrə Təhsil Sektoruna qarşı “Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta məktəbin maddi-texniki təminat və əmək şəraitinin, əmək normasının təmin edilməsinə, onunla əmək müqaviləsinin əmək məcəlləsinə uyğun bütün şərt və öhdəliklərinin dəqiq və tam qeyd olunaraq həm yazılı, həm də elektron qaydada bağlanması” tələbinə dair iddia ərizəsi mümkün sayılmır. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-3558/2024
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-3558/2024
03.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver