Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-356/2020 11.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) X2, İddiaçının nümayəndəsi X15 iştirakı ilə İddiaçı xxxx Cavabdehnə qarşı “ASC «Xalq» Bankına mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri, Z.Həsənova küçəsində, 2 nömrəli, 5 mərtəbəli binanın 5ci girişində, 3-cü mərtəbəsində yerləşən 47,62 kv.m yaşayış, 20,97 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,59 kv.m təşkil edən 4 otaqlı, 45 nömrəli mənzildən X12, X13, X26, X16, X18, X19, X20 və X8 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı Mingəçevir Şəhər Məhkəməsinin 31 may 2017-ci il tarixli 2(051)-2100/2017 №-li qətnaməsi ilə X9 məxsus olmuş və ipoteka predmeti qismində çıxış etmiş Mingəçevir şəhəri Z.Həsənova küçəsində, 2 nömrəli, 5 mərtəbəli binanın 5-ci girişində, 3-cü mərtəbəsində yerləşən 47.62 kv.m yaşayış, 20,97 kv.m yardımçı sahədən ibarət olmaqla, ümumi sahəsi 68,59 kv.m təşkil edən 4 otaqlı, 45 nömrəli mənzilin (bundan sonra «Mənzil» adlandırılacaq) açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına borc alan X10 ASC “Xalq” Bankı (bundan sonra 'Bank” adlandırılacaq) qarşısında kredit borcunun ödənilməsi, Mənzildə yaşayan X5, X6, X11, X1, X3, X7, X14 və X4 Mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin Mənzildən çıxarılmaları qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Bank tərəfindən 08.08.2018-ci il tarixli 402 nömrəli Mənzildə qeydiyyatda olan göstərilən şəxslərin Mənzildən yaşayış yeri üzrə qeydiyyatlarının ləğv edilməsi barədə məktubla Cavabdehnə müraciət edilmiş, lakin həmin şöbə tərəfindən 13.08.2018-ci il tarixli 158-23761-1218 nömrəli məktubla bunun üçün məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Cavabdehin müvafiq müraciətin təmin edilməsindən göstərilən şəkildə imtina etməsi qanunsuz olduğu üçün Bank tərəfindən Şəki İnzibati Məhkəməsinə müraciət edilərək, həmin şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalarına dair öhdəliyin Cavabdeh üzərinə qoyulması xahiş olunmuşdur. Həmin məhkəmənin 05.12.2018-ci il tarixli, 2-1(84)- 1542/2018 nömrəli qərarı bankın iddiası təmin edilmişdir. Həmin qərar qüvvəyə mindikdən sonra Cavabdeh tərəfindən müvafiq şəxslər mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdırlar. Lakin daha sonra məlum olmuşdur ki, mənzildə başqa şəxslərin də yaşayış yeri üzrə qeydiyyatları mövcuddur. Həmin şəxslərin mənzildən yaşayış yeri üzrə qeydiyyatlarının ləğvi üçün Mingəçevir şəhər Məhkəməsinin yuxarıda göstərilən qətnaməsinin surəti əlavə edilməklə Bank tərəfindən 10.09.2019 tarixli 408 №-li məktubla Cavabdehnə müraciət olunmuş, lakin cavabdeh tərəfindən 03.10.2019-cu il tarixli 158- 30307-1219 nömrəli məktubla yenidən bunun üçün məhkəməyə müraciət edilməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara 04.11.2019cu il tarixli ********* nömrəli və 30.03.2016-cı il tarixli ********* nömrəli qəbzlər, 25.10.2018ci il tarixli SDM-236/2018 nömrəli və 03.10.2019-cu il tarixli 158-30307-1219 nömrəli və 08.08.2018-ci il tarixli 402 nömrəli və 16.12.2019-cu il tarixli 158-38321-1219 nömrəli və 20.12.2019-cu il tarixli 147 nömrəli məktubların surətləri, 31.05.2017-ci il tarixli 2(051)- 2100/2017 nömrəli Mingəçevir şəhər Məhkəməsinin qətnaməsinin surəti, 05.12.2018-ci il tarixli 2-1(84)-1542/2018 nömrəli Şəki İnzibati Məhkəməsinin qərarının surəti, 28.07.2017ci il tarixli 223012/2017-3-3 nömrəli Mingəçevir şəhər İcra Şöbəsinin məktubunun surəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 30.10.2019-cu il tarixli 018-15200-1219 nömrəli məktubu, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 24.10.2019-cu il tarixli arayışları, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın təsdiqlənmiş surəti və MН seriyalı ******* nömrəli çıxarışın surəti, 29.03.2016-cı il tarixli ərizənin surəti, SX seriyalı ******* nömrəli hərbi biletin surəti, Azərbaycan Respublikası Ölüm Haqqında Şəhadətnamənin AZ-İ seriyalı 770803 nömrəli surəti, AZE seriyalı 14468880 nömrəli ş/v təsdiqlənmiş surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Cavabdehə və 3-cü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia aşağıdakılara görə əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi müikiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fıziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci bəndinə əsasən müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Yuxarıda şərh olunan qanunvericilik normalarının tələblərinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Züleyxa Həsənova küçəsi, ev 2, mənzil 45 mülkiyyət hüququ ilə tam olaraq iddiaçının mülkiyyətindədir. Hazırkı mübahisədə həqiqətən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin “həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına əngəl təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanun və ya onun hər hansı müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Məhkəmənin təşəkkül tapmış presedent hüququna əsasən “qanunla nəzərdə tutulmuş” ifadəsi təkcə onu tələb etmir ki, etiraz edilən tədbir daxili qanunvericilikdə müəyyən əsasa malik olmalıdır, həm də sözügedən qanunun keyfiyyətinə istinad edərək tələb edir ki, həmin Qanunun Konvensiyanın preambulasında aydın şəkildə ifadə olunan qanunun aliliyi prinsipinə uyğun olmalı, eləcədə müvafiq şəxs üçün “çatımlı” olmalı və onun nəticələrini “öncədən görmək” mümkün olmalıdır. Normanın nəticələrini isə o halda, “öncədən görmək” mümkündür ki, o, hər bir fərdin öz davranışını tənzimləməsinə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq qeyd edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Mülkiyyətçiyə hüquq verilir ki, özünə mənsub olan əmlak barəsində öz mülahizəsinə əsasən istənilən hərəkəti edə bilsin. Məhkəmə belə hesab edir ki, şəxsin mülkiyyətçiyə məxsus evdə qeydiyyatdan çıxarılması tələbi mülkiyyətçinin bu kimi hüquqlarından irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh Mingəçevir Şəhər Rayon Polis Şöbəsinin üzərinə X12, X13, X26, X16, X18, X19, X20 və X8 iddiaçı "xxxx" ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-356/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-356/2020
11.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver