Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-357/2024 25.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7, üçüncü şəxsin vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qarşı “ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsinə dair verilmiş JN1362 saylı Dövlət Aktında göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarına uyğun olaraq xx.xx.2023-cü il tarixli texniki pasportda müvafiq düzəlişlərin aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2380/2023 nömrəli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddiaçı tərəfindən tələb bir neçə dəfə dəqiqləşdirilmişdir. Sonuncu məhkəmə iclasında iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək “Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Göyçay Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 nömrəli qərarı ilə ünvan 1 ünvanda yerləşən 0,05 ha torpaq sahəsi sahibkarlığın inkişafı məqsədi ilə atası X1. Bələdiyyənin sözügedən qərarı əsasında Ərziman Qasımova xx.xx.2006-cı il tarixli, 194 nömrə ilə qeydiyyata alınmış JN-1362 saylı torpağa mülkiyyət huququna dair Dövlət Aktı verilmişdir. Bundan sonra atası 2007-ci ildə həmin torpaq sahəsi üzərində qeyri-yaşayış sahəsi inşa etmiş və elə həmin ildən inşa edilmiş tikililər istismara verilmişdir. Tikinti işləri başa çatdıqdan sonra atası həmin tikintilər və 0,05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır Bir müddət atası Ərziman Qasımov mülkiyyətində olan əmlak kompleksində sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, sonradan yaşı ilə əlaqədar işlərin öhdəsindən gələ bilmədiyi uçun fəaliyyətini davam etdirməyi ona həvalə etmişdir. Eyni zamanda mülkiyyətində olan əmlak kompleksini və həmin kompleksin yerləşdiyi torpaq sahəsi xx.xx.2022-ci il tarixdə ona bağışlamış və bu barədə notarial qaydada bağışlama müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında sözügedən əmlak kompleksi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıraraq bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport almışdır. Qeyd edilən sənədləri cavabdeh inzibati orqandan aldıqdan sonra məlum olmuşdur ki, cavabdeh inzibatı orqan texniki pasportda yalnışlığa yol vermiş, torpaq sahəsinə dair verilmiş Dövlət Aktında qeyd edilən cizgilərə (plana) uyğun deyil, mühəndisin öz mülahizəsinə uyğun olaraq torpaq sahəsinin planı tərtib edilmişdir. Bu hal aşkar edildikdən sonra inzibatı orqana müraciət edilmiş və yol verilmiş texniki yalnışlığın aradan qaldırılması xahiş edilmişdir. Lakin cavabdeh orqan müraciətini təmin etməkdən imtina etmişdir. Buna səbəb kimi mübahisəli halın olduğu göstərilmişdir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, xx.xx.2006-cı il tarixli, JN-1362 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X3 adına tərtib edilmişdir. Sözügedən torpaq üzərində qeyri-yaşayış sahəsi inşa edilmişdir. xx.xx.2022-ci il tarixdə **********64-12301 çıxarış əsasında İddiaçı notarial qaydada bağışlanmışdır. Həmin müqavilə əasında vətəndaşa Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X13 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən çıxarış və texniki pasport verilmişdir. İddiaçı iddia etdiyi torpaq sahəsi və üzərində qeyri-yaşayış binası **********64-12301 reyestr nömrəli çıxarışla mülkiyyətinə olan 0,05 ha torpaq sahəsində yerləşməməklə mübahisə halının olduğu aşkar edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Göyçay rayon İH-nin Memarlıq və Tikinti şöbəsi tərəfindən tərtib edilmiş sxematik planda vətəndaşın iddia etdiyi ərazi və üzərində yerləşən qeyri-yaşayış obyekti qeyd edilməmişdir. Göyçay rayon İHB-nın obyektin istismara qəbulu haqqında aktında iddia olunan torpaq sahəsi üzərində inşa olunmuş qeyri-yaşayış obyekti nəzərə alınmamışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxsin vəkili (nümayəndəsi) iddia iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubu, JN-1362 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli Texniki pasport, xx.xx.2012-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış, Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli qərarı və ona əlavə olunmuş sxematik plan, cavabdehin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktubları və onlara əlavə olunmuş mütəxəssis rəyləri. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, cavabdeh orqanın iddia tələbinə etirazından və iş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməzdən əvvəl anoloji tələblə cavabdeh orqana müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. 16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 16.2. Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasportun Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plana uyğunlaşdırılmasıdır. Cavabdeh orqan tərəfindən təqdim edilmiş mütəxəssis rəylərində qeyd edilmişdir ki, “Göyçay rayonu, Göyçay yaşayış məntəqəsi ərazisində xüsusi mülkiyyətə, bələdiyyə mülkiyyətinə və dövlət mülkiyyətinə verilmiş torpaqların planı” üzərində JN-1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.05 ha torpaq sahəsinin koordinatları daxil edildikdə sözügedən torpaq sahəsi İddiaçı Arzuman oğlunun faktiki istifadəsində olan torpaq sahəsindən 374 metr şimala düşür. 0,05 ha torpaq sahəsinin dövlət aktında göstərilən cizgisində qonşu istinad nöqtəsi göstərilməmişdir. Bu səbəbdəndə torpaq sahəsinin yerləşmə vəziyyəti naturada müəyyən etmək mümkün olmadı. İddiaçı Arzuman oğlunun faktiki istifadəsində olan torpaq sahəsi TEKUİS baza məlumatlarında yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar uqodiyalı olmaqla faktiki istifadə vəziyyətinə uyğun olaraq, bələdiyyə mülkiyyətinə aid torpaqlar kimi göstərilmişdir. JN-1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,05 ha torpaq sahəsinin sxemini **********64-12301 reyestr nömrəli çıxarışa əlavə olunmuş 408-1/5533 inventar nömrəli Texniki Pasportda göstərilən yerləşmə sxemi ilə müqayisələndirdikdə məlum oldu ki, X8 faktiki istifadəsində olan qeyri-yaşayış obyektinin 16 kv.m hissəsi JN- 1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0,05 ha torpaq sahəsi ilə üst-üstə düşür. Həmçinin, **********64-12301 reyestr nömrəli çıxarışa əlavə olunmuş 408-1/1533 invertar nömrəli “Texniki Pasport’da göstərilən D “liter”inin 18.7 kv.metr hissəsi JN-1362 X14 sxemindən kənarda yerləşir. Texniki Pasport tərtib edilən zaman üzərində İddiaçı Arzuman oğlunun faktiki istifadə etdiyi tikili (Texniki Pasportda D literi kimi görünən ərazidə yerləşən) X8 faktiki istifadəsində olan torpaq sahəsinin 16 kv.metr hissəsi torpaq sahəsi ilə əvəzləşdirilmış və sözügedən 16 kv.m torpaq sahəsi elektron baza məlumatlarında dövlət mülkiyyətinə aid torpaq sahəsi olaraq göstərilmişdir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 13 saylı qərarı əsasında X2. Sözügedən qərar əlavə olunmuş torpaq sahəsinin yerləşmə vəziyyətinə dair rayonun baş memarının və DT və XK-nin Göyçay rayon şöbəsinin birgə təsdiq etdiyi sxematik planda torpaq sahəsinin eni 22,5 m, uzunluğu isə 26,5 göstərilmişdir. Mübahisələndirilən texniki pasportda isə torpaq sahəsinin uzunluğu mübahisəli hissədə 23,6 m olmaqla ilkin sənəddən 2,9 m azdır. Həmçinin ilkin torpaqayırma sənədinə və texniki pasporta müqayisəli baxış keçirilərkən müəyyən olunur ki, faktiki olaraq ayrılmış torpaq sahəsi səkiyə paralel olmaqla trapesiya formasındadır. Mübahisənin olduğu 16 kv.m hissə də, ilkin torpaqayırma sənədində iddiaçıya məxsus ərazinin tərkib hissəsi olaraq öz əksini tapmışdır. Təqdim edilmiş mütəxəssis rəyində də, X8 faktiki istifadəsində olan qeyri-yaşayış obyektinin 16 kv.m hissəsinin JN-1362 Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 0.05 ha torpaq sahəsi ilə üst-üstə düşməsi qeyd edilmişdir. Lakin, mübahisəli torpaq sahəsinin üçüncü şəxsin istifadəsində olması nəzərə alınaraq iddiaçıya məxsus texniki pasportda həmin hissə sol tərəfə sürüşdürülmüş və torpaq sahəsi ilkin sənəddən fərqli konfiqurasiyada təsvir edilmişdir. Torpaq sahəsinin uzunluğu 2,9 m, eni isə 5,8 m hissə olmaqla sol tərəfə sürüşdürülməsi 16,82 kv.m hissədə texniki pasportun ilkin torpaqayrıma sənədinə uyğunsuzluğunun yaranmasına səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçı və üçüncü şəxs arasında olan mübahisə də, məhz 16 kv.m torpaq sahəsi ilə bağlıdır. Mütəxəssis tərəfindən sözügedən sürüşmənin edilməsi onunla əsaslandırılmışdır ki, **********64-12301 reyestr nömrəli çıxarışa əlavə olunmuş 408-1/1533 invertar nömrəli “Texniki Pasport’da göstərilən D “liter”inin 18.7 kv.metr hissəsi JN-1362 X14 sxemindən kənarda yerləşir. Texniki Pasport tərtib edilən zaman üzərində İddiaçı Arzuman oğlunun faktiki istifadə etdiyi tikili (Texniki Pasportda D literi kimi görünən ərazidə yerləşən) X8 faktiki istifadəsində olan torpaq sahəsinin 16 kv.metr hissəsi torpaq sahəsi ilə əvəzləşdirilmişdir. Yəni, iddiaçının faktiki istifadəsində olan tikili ona məxsus torpaq sahəsində yerləşmədiyindən mübahisələndirilən ölçüdə torpaq sahəsi həmin tikinti olan sahəyə sürüşdürülməklə ona məxsus tikili üzərində hüquqların dövlət qeydiyyatı aparılmışdır. Məhkəmə cavabdeh orqanın dəlilini əsassız hesab edir. Belə ki, tərtib edilmiş texniki pasport onun tərtib edilməsinə əsas olmuş ilkin torpaqayırma sənədinin məzmununa zidd ola bilməz. O cümlədən, cavabdeh orqan iddiaçının faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinin ona aid olmaması qənaətində idisə bu həmin hissədə hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya səbəb ola bilərdi. Odur ki, müvafiq əvəzləşmənin aparılmasında ifadə olunan cavabdeh orqanın hərəkətləri mahiyyət etbarilə əsassız olmuşdur. Hər bir halda iddiaçıya sənəd üzrə məxsus olan torpaq sahəsinin ölçüsü 0.05 hektardan artıq olmamalı və həmin torpaq sahəsinin yerləşmə vəziyyəti torpaq sahəsini ayıran qurumun iradə ifadəsinin əks olunduğu sxematik planda göstərilən yerləşmə vəziyyətindən və ölçülərdən kənara çıxmamalıdır. Hazırkı halda isə cavabdeh orqan ilkin sənəddə öz əksini tapmış 16 kv.m (mübahisələndirilən hissə nəzərdə tutulur) torpaq sahəsini texniki pasportdan çıxartmaqla iddiaçının faktiki istifadəsində olan tikilinin yerləşdiyi torpaq sahəsinə əlavə etmiş, qeyd olunan hal isə texniki pasportun həmin hissədə ilkin torpaqayrıma sənədinə uyğunsuzluğuna gətirib çıxartmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqa xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsini tələb etməkdə haqlı olmuşdur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 16 saylı Ucar ərazi idarəsinin üzərinə Göyçay bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 13 saylı qərarına əlavə olunmuş sxematik plan nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli 408-1/5533 inventar nömrəli texniki pasporta düzəliş edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.