Məhkəmə qərarları › İş №2-1(116)-358/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-358/2022

27.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-358/2022 27.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri C.Əliyev küçəsi 20 saylı binanın 1 A saylı mənzilinə atası X2 adına mülkiyyət hüququnun tanınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhəri C.Əliyev küçəsi 20 saylı binanın 1 A saylı mənzilinə atası X2 adına mülkiyyət hüququnun tanınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, o, 1993-cü ildə Kəlbəcər rayonunun düşmən Ermənistan ordusu tərəfindən işğalı ilə əlaqədar olaraq ailəsi Mingəçevir şəhərinə köçmüşdür. Həmin vaxtdan atası X1 şəhəri Azərbaycan DRES-də mühəndis kimi fəaliyyətə başlamışdır. Həmin stansiyada uzun müddət işləməyini nəzərə alınaraq ilk əvvəl Mingəçevir şəhəri C.Əliyev küçəsi 20 saylı binanın 1 a saylı mənzil xidməti mənzil kimi müvəqqəti istifadələrinə verilmişdir. Bununla bağlı olaraq xx.xx.1998-ci il tarixli 98-01 nömrəli “Xidməti mənzilin verilməsi haqqında" Qərar verilmişdir. Eyni zamanda xx.xx.1998ci il tarixli müqavilədə imzalanmışdır. Bundan uzun müddət sonra həmin mənzil Azərbaycan DRES MMC-nin xx.xx.2005-ci il tarixli 03-37 nömrəli qərarı ilə daimiləşməsi üçün ailəsinə verilmişdir. Bütün sənədlərini toplayaraq bu günə kimi istifadələrində olan həmin mənzilin adlarına qeydiyyata aldırmaq üçün cavabdeh orqana müraciət etmiş, lakin cavabeh orqan, mənzilin xidməti olduğunu bildirərək özəlləşdirilməsinin mümkün olmamasını bildirmişdir. Buna görə də hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Göstərilənlər nəzərə alınaraq iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazında qeyd etmişdir ki, Azərb. DRES-inın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin xx.xx.1998-ci i! tarixli, 98-01 nömrəli qərarı əsasında təchizat idarəsinin inzibati otaqları olan qeyri yaşayış sahəsi X2 istifadəsinə onun stansiyada işləməsi ilə əlaqədar xidməti mənzil kimi verilmişdir. Sonradan xx.xx.2005- ci il tarixində Azərb. DRES-inın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin 03-37 nömıəlı qərarı ilə mənzilin X2 daimi istifadəsinə verilməsinə baxmayaraq, 8 iyul 1982-ci il tarixli, 979-X nömrəli “Azərbaycan SSR Mənzil məcəlləsinin 48-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsinə dair order verilməsi üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə vəsatətlə müraciət olunmalı və mənzildən istifadə hüququnu təsdiq edən müvafiq order verilməli idi. Belə ki, xidməti yaşayış sahəsinin verilməsi və ondan istifadə qaydası həmin məcəllənin 103-cü maddəsinin müddəalarında öz əksini tapmışdır. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsinə icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydaları tətbiq edilir. Qanunvericiliyə əsasən çoxmənzilli yaşayış binasının tərkib hissəsi olan mənzillərə xidmət göstərən inzibati otaqların mənzil kimi özəlləşdirilməsinə yol verilmir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Mingəçevir şəhər İcra Hakimiyyətinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş, Mənzil Kommunal Təsərrüfatı Kombinatının xx.xx.2022-ci il tarixli 127 №-li məktubundan görünür ki, “Mingəçevir şəhəri C.Əliyev küçəsi 20 saylı binada yerləşən 1A saylı mənzil xidməti mənzil olmaqla Mingəçevir şəhər İcra Hakimiyyətinin balansındadır. - “AZEMİS”-dən çıxarışdan görünür ki, X7 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Mingəçevir filialının xx.xx.2022-ci il tarixli T-61 №-li məktubundan görünür ki, Mingəçevir şəhər İcra hakimiyyətinin 1998-ci ilin arxiv sənədlərində X3 adına mənzil verilməsi qeyd edilməmişdir. - Mənzil Kommunal Təsərrüfatı Kombinatının 2 saylı MİS-nin xx.xx.2005-ci il tarixli 202 №-li arayışından görünür ki, iddiaçı (5 nəfər ailə üzvü ilə birlikdə) 1993-cü il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. - Azərb Dres MMC-nin müdriyyəti və HİK-nin birgə xx.xx.2005-ci il tarixli 03-37 nömrəli qərarında qeyd edilmişdir ki, 1993-cü ildə Kəlbəcər rayonun işğalı zamanı Mingəçevir şəhərinin Azərb.DRES qəsəbəsinə pənah gətirib C.Əliyev küçəsi 20 saylı evin 1a mənzilində (əvvəllər inzibati xidmət otaqlar olmuş) sığınacaq tapmış və "xxxx" MMC-də işlə təmin olmaqla müəssisə müdiriyyəti və HİK-nin 98-01 saylı, xx.xx.1998-ci il tarixli birgə qərarı ilə xidməti mənzil kimi X2 adına rəsmiləşmiş, bu mənzil şəhər İcra Hakimiyyətinin balansına köçürülməli olduğu üçün Z.M.Alməmmədovun adına daimiləşdir. - cavabdehin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, şifahi məhkəmə baxışı iclasında iştirakını təmin etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. İPM-nin 52-ci maddəsinin tələbinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı, tələbini - “Mingəçevir şəhəri C.Əliyev küçəsi 20 saylı binanın 1 A saylı mənzilinə atası X2 adına mülkiyyət hüququnun tanınması” şəklində ifadə etsə də, iddia ərizəsinin məzmunundan, iddiaçının ilkin müraciətinin təmin edilməsi ilə bağlı cavabdehin imtina məktubundan və iş materiallarından görünür ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı - Mingəçevir şəhəri C.Əliyev küçəsi 20 saylı binanın 1 A saylı mənzil üzərində mülkiyyət hüququnun mərhum atası X5 məxsus olması barədə qeydiyyatın aparılmasına, müvafiq çıxarışın verilməsinə nail olmaqdır (cavabdeh orqana ilkin müraciətinə uyğun olaraq). Lakin, iddia əsassızdır. İddiaçının mübahisə açdığı mənzilin Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən X8 xidməti mənzil olaraq verilməsi müəyyən edildiyindən, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq mənzili özəlləşdirmək hüququ yoxdur. Belə ki, 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun vətəndaşlara 01 oktyabr 2009-cu il tarixdən sonra bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. X8 dövlət mənzil fonduna aid xüsusi təyinatlı (xidməti) mənzil Azərb DRES-də işlədiyi müddətə xidməti mənzil kimi müvəqqəti verilmişdir. 01 oktyabr 2009-cu il tarixədək dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslərin, 01 oktyabr 2009cu il tarixindən sonra da dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüquqları qalmışdır. X9 isə 01 oktyabr 2009-cu il tarixədək də, həmin mənzili özəlləşdirmək hüququ olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.1993-cü il tarixli, 463 nömrəli Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Odur ki, xidməti mənzilərin özəlləşdirilməsi qanunvericiliklə birbaşa qadağan edildiyindən, iddiaçının, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında sözügedən mənzil üzərində mülkiyyət hüququnun X9un məxsus olması barədə qeydiyyatın aparılmasını tələb etmək və həmin mənzilə dair çıxarış almaq hüququ olmamışdır. Beləliklə yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün hüquqi əsaslar mövcud olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X13 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “Mingəçevir şəhəri C.Əliyev küçəsi 20 saylı binanın 1 A saylı mənzilinə atası X2 adına mülkiyyət hüququnun tanınması və adına hüquqların dövlət qeydiyyatından çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar