Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-359/2021 04.05.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "JN-128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də və JN-1440 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 1440 planşet nömrəli 0,056264 ha hissəsində düzəliş edilməsi, naturadakı (qanuni istifadədəki) vəziyyətə uyğun olaraq həyətyanı (fərdi yaşayış evi ilə birlikdə) və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiasına dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1962-ci ildə Balakən rayonunun Qullar kəndində anadan olmuş və həmin ünvanda yaşayır. Balakən Rayon XDS İcraiyyə Komitəsinin 20.12.1988-ci il tarixli 27 nömrəli qərarı ilə rayonun Qullar kənd sakini İddiaçı ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. Balakən Rayon XDS İcraiyyə Komitəsinin və İcra Nümayəndəliyinin 1991-1995-ci və 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında İddiaçı təsərrüfatında 0,10 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmiş, evin tikildiyi il qrafası boş saxlanmışdır. Balakən Rayon Aqrar İslahat Komissiyasının (bundan sonra - AİK) 24.04.1998-ci il tarixli 05 nömrəli qərarına istinadən, İddiaçı adına Balakən rayon Qullar kəndində yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin verilməsi barədə JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı" verilmişdir. Həmin sənəddə torpaq sahəsinin biri 562,64 kv.m, digəri isə 1000,23 kv.m olmaqla iki hissədən ibarət olması göstərilmişdir. Balakən Rayon AİK-in eyni qərarına istinadən, İddiaçı adına Balakən rayon Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" də verilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, 0,10 ha həyətyanı torpaq sahəsi və onun üzərindəki fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsini xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək 20.04.2018-ci il tarixli imtina məktubunda bildirmişdir ki, qeydiyyata alınması nəzərdə tutulmuş fərdi yaşayış evi JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə iddiaçıya məxsus olan 0,10 ha torpaq sahəsinin hüdudlarından kənarda onun mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsində yerləşir. Bundan sonra iddiaçı cavabdehə digər ərizə ilə müraciət edərək, JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də qeyd olunan torpaq sahəsinin cizgilərində texniki səhvin aradan qaldırılaraq həmin torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh bundan da imtina edərək 11.05.2018-ci il tarixli imtina məktubunda bildirmişdir ki, fərdi yaşayış evinin iddiaçıya məxsus olmasını təsdiq edən sənəd aşkar edilməmişdir, bundan başqa, Balakən RİH-in Qullar kənd İƏD üzrə nümayəndəliyinin 03.04.2018-ci il tarixli 282 nömrəli arayışında iddiaçının adına təsərrüfatbaşına kitabda evin görünməməsi qeyd edilmişdir. Digər tərəfdən, Balakən Rayon Məhkəməsinin 03.10.2016-cı il tarixli 2(019)-1852/2016 nömrəli qətnaməsi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə ona ancaq istifadə hüququ verilmişdir. Məktubda, həmçinin, göstərilmişdir ki, iddiaçı ərizəyə fərdi yaşayış evinin ona məxsus olmasını təsdiq edən hüquq müəyyənedici sənəd əlavə edəcəyi təqdirdə, torpaq sahəsi ilə birgə fərdi yaşayış evinin vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınması məsələsinə baxıla bilər. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"nin və JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 0,06 ha hissəsinin (ayrıca planşet nömrəli) ləğv edilməsi və naturadakı vəziyyətə uyğun olaraq həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə "Torpaq sahəsinin planı və ölçüsü"nün verilməsi öhdəliyinin cavabdehin üzərinə" barədə iddia ərizəsi ilə Şəki İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmişdir. O, tələbini belə əsaslandırmışdır ki, qeyd olunan fərdi yaşayış evi 1988-ci ildə inşa olunmuşdur. Lakin islahat zamanı texniki səhv nəticəsində ona məxsus həyətyanı torpaq sahəsinin ölçülərində müəyyən qədər dəyişikliklər edilmiş, nəticədə mülkiyyətində olan həyətyanı və pay torpaq sahələrinin cizgiləri düzgün işlənilməmişdir. Həmin uyğunsuzluq texniki səhv nəticəsində yarandığına və heç bir üçüncü şəxsin hüquqları pozulmadığına görə həmin səhvin aradan qaldırılması mümkündür. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-1(84)-1440/2019 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı məhkəmənin həmin qərardadından apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 23.01.2020-ci il tarixli 2-1(107)-60/2020 nömrəli qərardadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.11.2019-cu il tarixli 2-1(84)-1440/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanmışdır. Şəki Apellyasiya Məhkəməsinin həmin qərardadından iddiaçı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17.06.2020-ci tarixli 2-1(102)- 1035/2020 nömrəli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 23.01.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Şəki Apellyasiya Məhkəməsinin 01.10.2020-ci il tarixli 2-1(107)-365/2020 nömrəli qəradadı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 26.11.2019-cu il tarixli qərardadı ləğv edilmiş və iş baxılması üçün Şəki İnzibati Məhkəməsinə qaytarılmışdır. Daha sonra iddiaçı cavabdehə ərizə ilə müraciət edərək JN-128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də və JN-1440 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın həyətyanı torpaq sahəsinə bitişik vəziyyətdə olan 1440 planşet nömrəli 0,056264 ha hissəsində düzəliş edilməsi, naturadakı (qanuni istifadədəki) vəziyyətə uyğun olaraq həyətyanı (fərdi yaşayış evi ilə birlikdə) və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, lakin cavabdeh bundan imtina edərək 04.12.2020-ci il tarixli imtina məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş sənədlərə düzəliş edilməsi və ya onların ləğv edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Bundan sonra o, məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək, JN- 128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də və JN-1440 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 1440 planşet nömrəli 0,056264 ha hissəsində düzəliş edilməsi, naturadakı (qanuni istifadədəki) vəziyyətə uyğun olaraq həyətyanı (fərdi yaşayış evi ilə birlikdə) və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 20.04.2021-ci il tarixli məhkəmə iclasının protokolunun qərardadı ilə İddiaçı iddianı dəyişdirməsi qəbul edilmişdir. Cavabdeh iddiaya qarşı 03.02.2021-ci il tarixli **********29 nömrəli etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəki filialının 26.01.2021-ci il tarixli 61 nömrəli arxiv arayışından göründüyü kimi, Balakən Rayon XDS İcraiyyə Komitəsinin 20.12.1988-ci il tarixli 27 nömrəli qərarı ilə rayonun Qullar kənd sakini İddiaçı ümumi sahəsi 44 kv.m, yaşayış sahəsi 44 kv.m olan fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. - İşdə olan, Balakən Rayon Dövlət Arxivinin 13.10.2016-cı il tarixli 303 nömrəli arxiv arayışından göründüyü kimi, Balakən Rayon XDS İcraiyyə Komitəsinin və İcra Nümayəndəliyinin 1991-1995-ci və 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarında İddiaçı təsərrüfatında 0,10 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmiş, evin tikildiyi il qrafası boş saxlanmışdır. - İşdə olan, JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"ndan görünür ki, Balakən Rayon AİK-in 24.04.1998-ci il tarixli 05 nömrəli qərarına əsasən, İddiaçı mülkiyyətinə Balakən rayon Qullar kəndində yerləşən 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin sənəddə torpaq sahəsinin biri 562,64 kv.m, digəri isə 1000,23 kv.m olmaqla iki hissədən ibarət olması göstərilmişdir. - İşdə olan, JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"dən görünür ki, Balakən Rayon AİK-in eyni qərarına əsasən, İddiaçı mülkiyyətinə Balakən rayon Qullar kəndində yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi verilmişdir. - İşdə olan, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 20.04.2018-ci il tarixli **********76 nömrəli imtina məktubundan görünür ki, qeydiyyata alınması nəzərdə tutulmuş fərdi yaşayış evi JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" ilə iddiaçıya məxsus olan 0,10 ha torpaq sahəsinin hüdudlarından kənar onun mülkiyyətində olan kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərində yerləşir. - İşdə olan, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 04.12.2020-ci il tarixli **********47 nömrəli imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş sənədlərə düzəliş edilməsi və ya onların ləğv edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 03.03.2021-ci il tarixli **********07 nömrəli məktubla göndərdiyi mütəxəssis rəyindən görünür ki, iddiaçının adına olan JN-128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də olan 0,10 ha torpaq sahəsi baza məlumatlarında öz əksini tapan Balakən rayonu Qullar kəndinin kompleks yerquruluşu layihələrinə əsasən, yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədilə verilmiş torpaq sahəsidir. JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın cizgisində göstərilən 562,64 kv.m torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsidir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində deyilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsində deyilir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinin birinci abzasında deyilir ki, sovxozların (dövlət mülkiyyətində saxlanan müəssisələr istisna olmaqla), kolxozların özəlləşdirilən torpaqları onların daimi istifadəsindəki torpaqlarından bələdiyyənin ehtiyat fonduna ayrılan torpaqlar çıxılmaqla müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinə görə, torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir. İşdən görünür ki, Balakən Rayon XDS İcraiyyə Komitəsinin 20.12.1988-ci il tarixli 27 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin layihəsi təsdiq edilmişdir. Eyni zamanda, torpaq islahatından əvvəl və bilavasitə islahat zamanı, yəni 1991-1995-ci və 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarda İddiaçı təsərrüfatında 0,10 ha həyətyanı torpaq sahəsinin olması qeyd edilmişdir. Balakən Rayon AİK-in 24.04.1998-ci il tarixli 05 nömrəli qərarına istinadən, İddiaçı mülkiyyətinə 0,16 ha kənd təsərrüfatı təyinatlı və 0,10 ha həyətyanı torpaq sahələri verilmişdir. İddiaçı həmin torpaq sahələrinə və fərdi yaşayış evinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etdikdə məlum olmuşdur ki, fərdi yaşayış evi JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yerləşir. İddiaçının hazırkı iddia tələbi də bundan ibarətdir ki, JN-128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də və JN-1440 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 1440 planşet nömrəli 0,056264 ha hissəsində düzəliş edilsin, naturadakı vəziyyətə uyğun olaraq həyətyanı (fərdi yaşayış evi ilə birlikdə) və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması təmin edilsin. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu edilərək aşağıdakı suallarla bağlı məlumat tələb edilmişdir:
1. İddiaçı adına olan JN-128F kod 40107018 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də göstərilən 0,10 ha torpaq sahəsinin və JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın 1440 planşetində göstərilən 562,64 kv.m torpaq sahəsinin təyinatı və uqodiyası elektron xəritə bazasında necə göstərilmişdir?
2. JN-1440 kod 40107018 nömrəli "Torpağın mülkiyyət hüququna dair dövlət aktı"nın 1440 planşetində göstərilən 562,64 kv.m torpaq sahəsinin torpaq islahatından əvvəlki təyinatı fərdi yaşayış evinin tikilməsi üçün olmuşdurmu və həmin torpaq sahəsinin iddiaçıya kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi verilməsi səhv olmuşdurmu? Həmin sorğuya alınmış 03.03.2021-ci il tarixli **********07 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının adına olan JN-128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də olan 0,10 ha torpaq sahəsi baza məlumatlarında öz əksini tapan Balakən rayonu Qullar kəndinin kompleks yerquruluşu layihələrinə əsasən, yaşayış məntəqələri torpaqlarına aid həyətyanı məqsədilə verilmiş torpaq sahəsidir, JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın cizgisində göstərilən 562,64 kv.m torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaqlara aid kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsidir. Göründüyü kimi, iddiaçının adına olan JN-128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də və JN-1440 kod 40107018 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nda hər hansı səhvə yol verilməsi, habelə fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin əslində həyətyanı torpaq sahəsinə aid olması və səhvən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi kimi göstərilməsi müəyyən edilmədi. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddianın təmin edilməsi üçün əsas yoxdur, bu səbəbdən də təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsində deyilir ki, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 110.3-cü maddəsində deyilir ki, iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Hazırkı iddia təmin olunmadığına görə prosessual xərclər iddiaçıya aid edilməli və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mütəxəssis rəyinin verilməsinə çəkilmiş 95 manat məbləğində xərc iddiaçıdan tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir.
Nəticəvi hissə:
Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı "JN-128F nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"də və JN-1440 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı"nın həyətyanı torpaq sahəsinə birləşik vəziyyətdə olan 1440 planşet nömrəli 0,056264 ha hissəsində düzəliş edilməsi, naturadakı (qanuni istifadədəki) vəziyyətə uyğun olaraq həyətyanı (fərdi yaşayış evi ilə birlikdə) və kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə iddiası təmin edilməsin. Prosessual xərclər İddiaçı aid edilsin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mütəxəssis rəyinin verilməsinə çəkilmiş 95 manat məbləğində xərc İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Vidadi Qasımov.