Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3598/2025 07.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Lətif oğlunun sədrliyi, Bazarov Maqomed Omaroviçin katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə iddiaçı – İddiaçı (yaşayış yeri: Göyçay rayonu, Qarayazı kəndi) cavabdeh – Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (yerləşdiyi yer: Bakı şəhəri, X7 küçəsi 60) qarşı «iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi» barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı 7 iyun 1960-cı il tarixdə doğulmuşdur. 1977 – 1982-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış və mühəndis-yerquruluşu ixtisasına yiyələnmişdir. 3 yanvar 1983-cü il tarixli 2 nömrəli əmrlə İsmayıllı Rayon Aqrar Sənaye Birliyinə baş mühəndis-yerquruluşu mütəxəssisi vəzifəsinə təyin edilmişdir. 1992-ci ildə Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsi yaradıldıqdan sonra bütün rayonlarda (şəhərlərdə) Komitənin yerli şöbələri yaradılmış, Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin tərkibində olan Baş Yerquruluşu və Torpaq Kadastrı İdarəsi və onun rayonlardakı bölmələri və Dövlət Yerquruluşu Layihə İnstitutu Nazirliyin tabeliyindən çıxarılıb Komitənin tabeliyinə verilmişdir. İddiaçı 14 dekabr 1992-ci il tarixdə İsmayıllı Rayon Torpaq Şöbəsinin baş mütəxəssisi vəzifəsinə, 22 dekabr 1992-ci il tarixdə isə həmin şöbənin rəisi təyin edilmişdir. 12 dekabr 1997-ci il tarixli əmrlə iddiaçı həmin dövrdə qüvvədə olan Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz arzusu ilə) işdən azad olunmuşdur. O, bir müddət sonra, yəni 2007-ci ilin may ayından Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Rayon Ərazi İdarəsinin Göyçay rayon şöbəsində yerquruluşu üzrə mühəndis vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 nömrəli Fərmanı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna aid edilmişdir. Bununla əlqədar 20 may 2009-cu il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə müvafiq olaraq (müəssisə ləğv edildikdə) onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. Bundan sonra iddiaçı 1 iyul 2009-cu il tarixindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ucar Ərazi İdarəsinin Göyçay rayon şöbəsinə mühəndisinventarlaşdırıcı vəzifəsinə təyin edlmiş, 26 aprel 2011-ci il tarixdən həmin şöbəyə 8-ci dərəcə vəzifə maaşı ilə yerquruluşu üzrə mühəndis vəzifəsinə keçirilmiş, 1 mart 2018-ci il tarixdə öz xahişi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 23 fevral 2022-ci il tarixdən 1 ay müddətinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 16 saylı Ucar Ərazi İdarəsinin Göyçay rayon şöbəsinə 9-cu dərəcə vəzifə maaşı ilə yerquruluşu üzrə mühəndis vəzifəsinə təyin edilmişdir. 65 yaşı tamam olduğundan, iddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyinatı ilə bağlı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh 25 iyun 2025-ci il tarixli məktubla iddiaçının qaldırdığı məsələnin həllindən imtina etmişdir. İmtina onunla əsaslandırılır ki, onun dövlət qulluğu stajı 15 ildən azdır. İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən hesablanıb ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, 1977-ci ildə orta təhsilini başa vurduqdan sonra Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna qəbul olmuş və 1982-ci ildə həmin İnstitutu yerquruluşu mühəndisi ixtisası üzrə bitirmişdir. 14 dekabr 1982-ci il tarixdən X4 Birliyində baş mühəndis (yerquruluşu üzrə) vəzifəsinə təyin edilib vəzifəsinin icrasına başlasa da, bununla bağlı müvafiq əmr 3 yanvar 1983-cü il tarixdə rəsmiləşdirilmişdir. Sonradan 1992ci ildə Torpaq Komitəsi yaradılmış və o, yeni yaradılan Komitənin yerli şöbəsinə baş mütəxəssis vəzifəsinə təyinat almışdır. 22 dekabr 1993-cü il tarixdə həmin şöbənin müdiri təyin edilmişdir. 12 dekabr 1997-ci il tarixdə öz xahişi ilə işdən azad olunmuşdur. 2007 – 2018-ci illərdə, eləcə də 2022-ci ildə (1 ay) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (hazırda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ) Ucar Ərazi İdarəsində yerquruluşu üzrə mühəndis, mühəndis-inventarlaşdırıcı vəzifələrində işləmişdir. Hazırda da DƏDKR 16 saylı saylı Ucar Ərazi İdarəsində yerquruluşu üzrə mühəndis kimi fəaliyyətini davam etdirir. Cavabdehə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etsə də, qurum məsələnin həllindən tələb olunan 15 il stajın toplanmaması səbəbi ilə imtina etmişdir. Bu imtina qanuni və əsaslı ola bilməz. Belə ki, 14 dekabr 1982-ci il tarixli 26-43/10k saylı bildirişdən göründüyü kimi, o, dövlət qulluqçusu kimi əmək fəaliyyətinə həmin tarixdən başlamışdır. Bildirişdən hazırkı cavabdeh inzibati orqan da məlumatlıdır. İddiaçı cavabdehin imtinasını mübahisələndirir. Cavabdeh iddiaya etiraz edir və mövqeyini belə əsaslandırır ki, İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Təqdim etdiyi sənədlərdəki məlumatlara əsasən onun dövlət qulluğu stajı 14 il 11 ay 9 gün təşkil edir. Lakin iddiaçı iddia ərizəsində 14 dekabr 1982-ci il tarixli 26-43İ/10k saylı bildirişə əsasən dövlət qulluqçusu kimi əmək fəaliyyətinə 14 dekabr 1982-ci il tarixdən başladığını qeyd etmişdir. O, dövlət qulluğu stajının 3 yanvar 1983-cü il tarixdən 12 dekabr 1997-ci il tarixədək deyil, 14 dekabr 1982-ci il tarixdən 12 dekabr 1997-ci il tarixədək olan dövr kimi hesablanmasını iddia edir. Sözügedən 14 dekabr 1982-ci il tarixli məktubun məzmunundan görünür ki, həmin məktub iddiaçıya münasibətdə məlumat xarakterlidir. Yəni həmin bildirişlə iddiaçıya məlumat verilmişdir ki, o, təyin olunan yerə vaxtında getməli, işə başlamalı və Kənd Təsərrüfatı Nazirliyinə müəyyən olunmuş müddətdə işə qəbul olunduğunu təsdiq edən sənədləri təqdim etməlidir. Sənədin məzmunundan aşkar görünür ki, bu bildiriş iddiaçının 14 dekabr 1982-ci il tarixdə əmək fəaliyyətinə başlaması barədə “işə daxilolma əmri” deyildir. Bu barədə iddiaçı tərəfindən təqdim edilən ******* nömrəli əmək kitabçasında hər hansı qeyd aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən 14 dekabr 1982-ci il tarixdən 2 yanvar 1983-cü il tarixədək işlədiyini iddia etdiyi dövrlərin onun dövlət qulluğu stajı kimi nəzərə alınması mümkün deyildir. Beləliklə, iddiaçının dövlət qulluğu stajı 15 ildən az müddəti əhatə etdiyindən, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlməmiş, cavabdeh tərəf gəlmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdehin imtina məktubu 25 iyun 2025-ci il tarixə, iddia ərizəsinin məhkəməyə verilməsi isə 24 iyul 2025-ci il tarixə təsadüf etdiyindən, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məcburetmə haqqında iddia ilə bağlı 30 günlük iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Göyçay rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən İddiaçı yaşayış yeri Göyçay rayonunun Qarayazı kəndidir. Məhkəmə qeyd edir ki, inzibati orqana qarşı hazırkı mübahisə üzrə iddia tələbi “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. «İnzibati icraat haqqında» Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. «Əmək pensiyaları haqqında» Qanunun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: - (20.1.7) əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81 – 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). «Dövlət qulluğu haqqında» Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: (8.1.6) əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 113-cü və 124-cü maddələri ilə müəyyən edilən dövlət orqanları – müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri, müvafiq icra hakimiyyəti orqanlarının yanında olan orqanlar, inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (5-ci kateqoriya dövlət orqanları). Həmin Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna «Əmək pensiyaları haqqında» Qanuna uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. «Dövlət qulluğu haqqında» Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.9-cu bəndinə görə həmin Qanunun 8.1.6-cı maddəsində nəzərdə tutulmuş (3.9.1) müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, müvafiq icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin səlahiyyətlərini Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələri həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1.18-ci bəndində 1991-ci il oktyabrın 18-dək rayon aqrar-sənaye birliklərinin aparatındakı “şöbə müdiri”, “rayon dövlət texniki nəzarəti müfəttişliyinin rəisi – baş mühəndis-inspektor” vəzifələrinin «İnzibati və yardımçı vəzifələrin Toplusu»nda Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələrinin aparatında “sektor müdiri” vəzifəsinə uyğunlaşdırılması nəzərdə tutulmuşdur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, İddiaçı əmək fəaliyyəti ilə bağlı ona məxsus əmək kitabçasındakı qeydlər üzrə İsmayıllı Rayon Aqrar Sənaye Birliyində baş mühəndis-yerquruluşu mütəxəssisi vəzifəsində 3 yanvar 1983-cü il tarixdən 12 dekabr 1997-ci il tarixədək olan dövrdə işləməsi əksini tapmışdır. Cavabdeh tərəfindən iddiaçının müraciəti üzrə inzibati icraatda yalnız həmin tarixlər arasındakı dövr təqvim günləri üzrə hesablanmış və 15 il dövlət qulluğu stajının toplanmaması qənaəti ilə ona dövlət qulluçusu kimi yaşa görə əmək pensiyasının təyinatından imtina olunmuşdur. Məhkəmə cavabdeh inzibati orqanın apardığı inzibati icraatın nəticələri ilə razılaşmır və bu icraat çərçivəsində işin hallarından doğan aşağıdakı xüsusatların nəzərə alınmamasını «İnzibati icraat haqqında» Qanunun 16, 17 və 24-cü maddələrinin tələblərinə riayət olunmaması kimi qiymətləndirir: - İddiaçının əmək kitabçasında əks olunmuş əmrlərin tarixləri üzrə 14 il 11 ay 18 gün (bir qayda olaraq, bütün dövrlərdə yanvar ayının 1-i və 2-i tarixləri iş günləri olmamışdır) iş stajı tələb olunan 15 illik müddətin təxminən 99,7%-dən çoxunu əhatə edir. 15 ilin qarşılığında qalan 12 günlük müddət əsasında imtina mütənasiblik prinsipini pozur; - İddiaçının 2007-ci ildən işlədiyi vəzifə 1997-ci ilədək işlədiyi vəzifə ilə, hansı ki mövcud qanunvericiliyə görə əvvəlki vəzifəsi dövlət qulluğu sayılır, eynilik təşkil edir. Yəni iddiaçı həmin vəzifədə fəaliyyətini sonradan da olsa davam etdirmişdir. İddiaçının xeyrinə olan bu halın nəzərə alınmaması inzibati icraatın “işin hallarının obyektiv araşdırılması” prinsipi ilə uzlaşmır; - Cavabdeh inzibati orqanın da inzibati icraatda qiymətləndirdiyi (“işə daxilolma əmri” hesab etmədiyi) 14 dekabr 1982-ci il tarixli bildiriş əmr sayılmasa da, onun məzmunundan aydın olur ki, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən hazırkı iddiaçıya 1982ci ilin təyinat bölgüsünə əsasən İsmayıllı Rayon Kənd Təsərrüfatı İdarəsinin sərəncamına göndərildiyi və 3 ildən az olmayaraq təyinat yerində işləməsinin zəruri olduğu bildirilmişdir. Həmin dövrün formalaşmış inzibati praktikası nəzərə alınmaqla o ərəfədə belə məzmunlu bildiriş ona ünvanlandıqdan sonra ali təhsilli həmin şəxsin başqa müəssisə və ya təşkilatda əmək fəaliyyəti ilə məşğul olması məntiqi və ağlabatan deyil. Belə halda, həmin şəxs işaxtaran statusunda olmasa da, aidiyyəti qurumun müvafiq əmrindən asılı şəkildə fəaliyyətə başlaya bilərdi. Bütün qeyd olunanlar nəzərə alınmaqla İddiaçı müvafiq dövlət qulluğu vəzifəsində əmək stajı həmin vəzifədə 15 il çalışmış şəxsin fəaliyyətinə bərabər qiymətləndirilməlidir. Belə olan halda, onun 65 yaşdan dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ yaranmış olur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 7 iyun 2025-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 68, 69, 73.1, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı 7 iyun 2025-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2-1(116)-3598/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3598/2025
07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver