Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-36/2022 19.07.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlu, İddiaçılar İddiaçı1 və İddiaçı2 “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Əlibəyli kəndində islahat aparılan zaman 4 nəfər ailə üzvü olmaqla ümumilikdə 3.20 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Qax rayonu Əlibəyli kəndində islahat aparılan zaman 4 nəfər ailə üzvü olmaqla ümumilikdə 3.20 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar, tələbini aşağıdakı kimi əsaslandırmışlar: - 1998-ci ildə Azərbaycanda aparılan aqrar islahat zamanı kənddə bir adambaşına verilən pay torpaq sahəsi 0,80 ha olmuşdur. İslahat zamanı ailə üzvüləri X4, X5, X2 və İddiaçı2 ümumilikdə 0.80 x 4 = 3.20 ha torpaq verilməli olduğu halda, 1.08 ha torpaq sahəsi verilmiş və həmin torpağa JN-252 KOD 40303018 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı, A N: 217855 və A N: 217856 saylı torpaq sahəsinin plan ölçü sənədləri hazırlanıb verilmişdir. X4, X5 vəfat etmişlər. Qax rayonu Əlibəyli kənd bələdiyyəsinin xx.xx.2021 -ci il tarixli 06 saylı arayışından görünür ki, islahat aparılan zaman Qax rayonu Əlibəyli kəndində adambaşına 0,80 ha pay torpaq sahəsi verilmişdir. Bununla bağlı cavabdehə rəsmi qaydada müraciət etmişdir. Cavabdeh 06 mart 2020-ci il tarixli məktubla bildirmişdir ki, sözügedən təsərrüfatda zəbt torpaq sahəsinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığından pay torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamışdır. İslahat aparılan zaman həmin ərazidə 3,20 ha pay torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi hazırda onların istifadəsindədir. Həmin torpaq sahəsindən əlavə onların istifadəsndə başqa zəbt edilmiş torpaq sahəsi mövcud deyil. Buna görə də cavabdehin imtinasını qanunsuz hesab edirlər. Göstərilənlər nəzər alınaraq cavabdehin üzərinə Qax rayonu Əlibəyli kəndində islahat aparılan zaman 4 nəfər ailə üzvü olmaqla ( adambaşına 0,80 ha torpaq sahəsi verilməklə ) ümumilikdə 3,20 ha pay torpaq sahəsini dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh iddia tələbinə münasibətində qeyd etmişdir ki,ərazi idarəsinin arxiv materiallarında X1 3 nəfər ailə üzvü ilə birlikdə 1.08 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə kod 40303018, JN-252 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı, 0.5732 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 28 avqust 2009-cu il tarixli, A № 217855 saylı torpaq sahəsinin planı və ölçüsü, 0.3060 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 28 avqust 2009-cu ıl tarixli, A № 217856 saylı torpaq sahəsinin plaqı və ölçüsü sənədi verilməsi barədə məlumat mövcuddur. Sözügedən təsərrüfatda zəbt torpaq sahələrinin hansı əmsalla pay torpağından çıxılması barədə ərazi idarəsində məlumat olmadığından və ərazi idarəsinə müraciət zamanı ərizəyə təsdiqləyici sənədlər əlavə edilmədiyindən qeyd ounan ailəyə aqrar islahat zamanı verilməli olan pay torpaq sahəsinin ölçüsünü müəyyənləşdirmək mümkün olmamışdır. İşdə olan: - cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Əlibəyli bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 06 №-li arayışında qeyd edilmişdir ki, 1998-ci ildə aqrar islahat zamanı bir adambaşına 0.80 ha pay torpaq sahəsi düşmüşdür. - A217856, A217855 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərindən, JN- 252 kod 40303018 №-li torpağa mülkiyyət hüquuqna dair Dövlət aktından görünür ki, Qax rayon AİK-nın xx.xx.2000-ci il tarixli 07 nömrəli qərarı ilə X3 kənd təsərrüfatı məhsulları istehsalı üçün 3060 kv.m, 5732 kv.m, həmçinin ailə üzvləri X5, X2 ilə birlikdə 1.08 ha torpaq sahəsi ayrılmışdır. -AZ-İİ 055072 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1998-ci ildə vəfat etmişdir. Məhkəmə, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materialları ilə müəyyən olunur ki, hazırki iddianı qaldırmaqda iddiaçıların hüquqi marağı islahat zamanı verilməmiş torpaq sahəsinin verilməsindən ibarətdir. Lakin, iş üzrə cavabdehin, Aqrar İslahat Komissiyasının qərarını dəyişdirmək, torpaq payı almamış şəxslərin adlarını torpaq payı alacaq subyektlərin siyahısına daxil etmək və bununla da torpaq sahəsini ayırmaqla vətəndaşın mülkiyyətinə vermək səlahiyyəti yoxdur. Yəni, iddiaçı, cavabdehdən ona aid olmayan məsələnin həllini tələb edir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Həmin Qanunun 22-ci maddəsində deyilir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X7 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli fərmanına əsasən, "X9 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş, bununla da ölkədə aparılan islahat başa çatmış və X7 həmin fərmanla hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Həmçinin iddiaçıya izah olunur ki, hazırki iddia ərizəsində qeyd olunan tələblərin üzərinə qoyulması mümkün olan cavabdeh inzibati orqan mövcud deyil. Odur ki, torpaq islahatı zamanı iddiaçıya pay torpaq sahəsinin ayrılması müəyyən edilmədiyindən cavabdehin hərəkətləri nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması müəyyən edilmir. Bu isə iddianın mümkünsüz sayılması üçün əsasdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Hazırkı iddianın mümkünlük şərtlərinə cavab verməməsi ilə bağlı məhkəmənin hüquqi mövqeyinə münasibət bildirilməsi üçün xx.xx.2022-ci il tarixdə iddiaçılar hüquqi yardım məktubu ünvanlanmışdır. İddiaçı2 xx.xx.2022-ci il tarixdə məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, məhkəmənin hüquqi mövqeyi ilə razılaşmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradılmışdır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021 -ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X8 Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxsin bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Odur ki, hazırda inzibati iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi, hüquq varisi olan – “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilməlidir. Bundan başqa iddiaçı ərizəsində Qax rayonu Əlibəyli bələdiyyəsini üçüncü şəxs qeyd etmişdir. Məhkəmə müvafiq qeydi iddiaçının vəsatəti olaraq qəbul edir. Lakin, vəsatət əsassızdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, hazırkı mübahisə Əlibəyli bələdiyyəsinin qanunla qorunan maraqlarına toxunmur, həmçinin mübahisə edilən hüquq münasibətində Əlibəyli bələdiyyəsinin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin subyekt barəsində vahid qərarın qəbul olunmasını şərtləndirmir. Buna görə də Əlibəyli bələdiyyəsinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2-ci maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Məhkəmə ilk növbədə qeyd edir ki, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 nömrəli Qərarının: 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3-cü bəndinə əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4-cü bəndinə əsasən İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.6-cı bəndinə əsasən iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 12 saylı Şəki Ərazi İdarəsi ilə əvəz edilir. Qax rayon Əlibəyli bələdiyyəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi ilə bağlı iddiaçının vəsatəti təmin edilmir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X8 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “Qax rayonu Əlibəyli kəndində islahat aparılan zaman 4 nəfər ailə üzvü olmaqla ümumilikdə 3.20 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmır. Qərardadın, “inzibati məhkəmə icraatına üçüncü şəxsin cəlb edilməsindən imtina edilməsi və iddianın mümkün sayılmaması hissəsindən” onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-36/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-36/2022
19.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver