Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-36/2024 12.03.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşı “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - o, xx xxxxxx 1995-ci il tarixdə Ağsu rayonunun Elabad kəndində anadan olmuşdur. xx.xx.2014-xx.xx.2015-ci il tarixdə hərbi xidmətdə olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-də döyüşlər başlayandan sonra xx.xx.2020-ci ildə səfərbərliyə cəlb edilərək cəbhəyə yollanmışdır. Bundan sonra iddiaçı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində atıcı olaraq Zəngilan, Laçın və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Müharibə bitdikdən bir müddət sonra xx.xx.2021-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İddiaçı hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün “Müharibə veteranı” adı almaqdan ötrü Müdafiə Nazirliyinə müraciət etmiş, lakin, Müdafiə Nazirliyi xx.xx.2012-ci il tarixli, ***- **** nömrəli məktubla müraciətinə imtina verilmişdir. Cavabdeh cavabını belə əsaslandırmışdır ki, Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli müvafiq əmrinə əsasən xidmətdə olduğu N saylı hərbi hissə xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısında olmadığına görə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Hesab edir ki, cavabdeh təşkilatın imtinası əsassızdır. Belə ki, 2020-ci il sentyabrın 27-də döyüşlər başlayandan sonra ölkədə elan edilmiş səfərbərliyə əsasən 10 oktyabr 2020-ci ildə orduya çağırılmış, 10 oktyabr 2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində atıcı olaraq qulluq etmişdir. Bu müddət ərzində Zəngilan, Laçın və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Bu barədə hərbi biletində qeydlər də, var. xx.xx.2020-ci il tarixdən 05 yanvar 2021-ci il tarixə kimi isə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş və həmin hərbi hissədən də tərxis olunmuşdur. İddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüşlərdə iştirakını təsdiq edən fotoşəkilləri, videogörüntülər və şahidləri vardır. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək gedən döyüşlərdə iştirakını təsdiq edən hərbi bileti və digər sənədlər olduğu halda, cavabdeh təşkilat bütün bunları nəzərə almaqdan əsassız olaraq imtina edir və bunun nəticəsində onun sosial müdafiə hüquqları pozulur, o, müharibə veteranı olaraq qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlardan, sosial ödənişlərdən məhrum olmuş olmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etirazında qeyd edilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə müvafiq olaraq “Müharibə veteranı” adı 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa. Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə-hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissə Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən 27 sentyabr 2020-ci il tarixdən-10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab olunmur. Bu səbəbdən də Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya 05 avqust 2022-ci il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin veirlməsindən imtina etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən və AR İPM-nin 14.3, 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən, iddianın təmin edilməməsini xahiş etmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyi Katibliyinin xx.xx.2022-ci il tarixli 4/3-9651 nömrəli məktubundan görünür ki, cavabdeh orqan iddiaçının müraciətin təmin edilməsindən imtina etmişdir. - Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağiriş Üzrə Dövlət Xidmətinin Ağsu Rayon Şöbəsinin xx.xx.2022-ci il tarixli 365 nömrəli arayışından görünür ki, verilir İddiaçı ondan ötrü ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixə kimi xidmət etmiş və Zəngilan, Laçın və Qubadlının mühafizə və müdafiəsində iştirak etmişdir. - SX0195111 №-li hərbi biletin 7-ci səhifəsindəki 14-cü bəndin məzmunundan və SHXÇÜDX-nin Ağsu rayon şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əlavə olunmuş qeydiyyat kartasından görünür ki, iddiaçının Zəngilan, Laçın və Qubadlının mühafizə və müdafiəsində iştirak etməsi ilə bağlı qeydlər icra edilmiş, hərbi biletdə icra edilmiş qeydlər N №-li hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırkı işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: .... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.
2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli 422 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixli 420 nömrəli Qərarı: “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “1. Müharibə veteranları” hissəsinin on dördüncü abzasda “səkkizinci yarımbəndində” sözləri “səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində” sözləri ilə....əvəz edilmişdir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Cavabdeh hazırki tələblə ona müraciət edən iddiaçının müraciətinin təmin edilməsindən imtinasını iddiaçının xidmət keçdiyi N nömrəli hərbi hissənin Azərbaycan Respublikası Müdafiə nazirinin 04 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən 27 sentyabr 2020-ci il tarixdən - 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab olunmaması ilə əsaslandırmışdır. Lakin məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı, xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş xx.xx.2020-ci il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək, xx.xx.2021-ci il tarixədək xidmət etmişdir. İddiaçıya məxsus hərbi biletdə və qeydiyyat kartasında onun Zəngilan, Laçın və Qubadlının mühafizə və müdafiəsində iştirak etməsi qeyd edilmişdir. İstinad olunan Əsasnamənin tələbləri baxımından Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara da, “Müharibə veteranı” adı verilməlidir. Cavabdeh orqan iddiaçının xidmət etdiyi hərbi hissənin döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab olmadığını bildirsə də, iddiaçının hərbi xidmətinin döyüş əməliyyatlarının təminat növlərinə aid olub-olmamasını araşdırmadan əsassız imtina cavabı vermişdir. Hazırkı iş üzrə iddiaçı, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Zəngilan, Laçın və Qubadlının mühafizəsi və müdafiədə iştirak etdiyindən, mühafizə və müdafiədə iştirak etmənin döyüş təminatı baxımından aydınlaşdırılması zərurəti yaranmışdır. “Quru qoşunlarının taktiki fəaliyyətləri üzrə döyüş təlimatının (briqada)” 8.2-ci bəndinə əsasən döyüş təminatı – briqadanın döyüş imkanlarının tam reallaşdırılmasının təmin edilməsi, ona verilən tapşırıqların minimal itkilərlə (şəxsi heyətin silah və hərbi texnikasının) və vaxtında yerinə yetirilməsi məqsədilə keçirilən kompleks tədbirlərdir. Belə ki, döyüş təminatı hərbi əməliyyatlarının dəstəklənməsinin tərkib hissəsi olmaqla, silah və hərbi texnikanın istifadəsinə, həmçinin planlaşdırılan, təşkil edilən və həyata keçirilən döyüş əməliyyatları üçün əlverişli şəraitin yaradılmasına, düşmən qoşunlarının və silahlarının istifadəsinin effektivliyinin azaldımasına yönəlmiş fəaliyyət növlərini ehtiva edir. Mühafizə isə döyüş təminatı növü olmaqla düşmənin öz qoşunlarının fəaliyyət göstərdiyi (yerləşdirdiyi) ərazidən kəşfiyyatının, quru qoşunlarının, hava desant hücum qüvvələrinin qəfil hücumunun qarşısının alınması, bölmələrin döyüş hazırlığına gətirilməsi və döyüşə daxil olması üçün vaxtın və əlverişli şərait yaradılması məqsədilə həyata keçirilir. Əsas fəaliyyət istiqaməti Dövlət sərhəddinin mühafizə və müdafiəsi olan Azərbaycan Respublikası Dövlət X2 X1 (İİ hissənin 19-cu maddəsi) əsasən X3 - Sərhəd Zastavasının bölməsi olub sərhəd zastavasının müəyyən sahəsində dövlət sərhədinin və təyin edilmiş dayaq məntəqəsinin (mövqeyinin) müdafiə və mühafizəsini həyata keçirir. X3 dövlət sərhədinin (mövqeyin) müdafiə və mühafizəsi üzrə xidməti-döyüş fəliyyətini istənilən şəraitdə fasiləsiz yerinə yetirir. Sərhəd Zastvasının dislokasiya yerində xidmətdə iştirak etməyən şəxsi heyəti ehtiyat qüvvəni təşkil edir. Ehtiyat qüvvə dövlət sərhədini gücləndirmək, sərhəd axtarışı, silahlı basqınları dəf etmə fitnələrin qarşısını alma əməliyyatlarını aparmaq habelə qəflətən ortaya çıxan digər tapşırıqları yerinə yetirmək üçün təyinatlı olduğu göstərilmişdir (maddə 28). İddiaçı, Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissədə xidmət keçməsinə baxmayaraq, hər bir halda onun hərbi xidmətinin mahiyyəti dövlət sərhədinin müdafiə və mühafizəsi ilə bağlı olduğundan, onun hərbi xidməti (mühafizə) döyüş əməliyyatlarının təminat növü kimi qiymətləndirilməlidir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində (Vətəni müdafiə) nəzərdə tutulmuş vəzifə borcunu layiqincə yerinə yetirən iddiaçının hüquqlarının kobud şəkildə pozulması fonunda, sosial ədalətin pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə tərəfindən cavabdeh orqanın inzibati praktikasının və iddiaçının tələbinin təmin olunmasından imtinasının faktiki hallarının yoxlanılması məqsədilə cavabdeh orqana dəfələrlə sorğular göndərilmiş, lakin cavabdeh orqan məhkəmənin sorğularına mahiyyəti üzrə cavab verə bilməmişdir (cavabdeh orqan iddiaçı ilə eyni hüquqi vəziyyətdə olan şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilmədiyini əminliklə bildirə bilmir). Buna görə də məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.