Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3607/2025 27.11.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «qərarların ləğvi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur. O, 31 iyul 1991-ci ildən 27 yanvar 2025-ci il tarixədək prokurorluq orqanlarında işləmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya 16 avqust 2016-cı il tarixdən 25 il iş stajına uyğun olaraq əmək pensiyası təyin edilmişdir. O, prokurorluqda qalıb işlədiyinə görə sonrakı artımlar nəzərə alınmaqla pensiya ödənilmişdir. İddiaçının 25 yanvar 2025-ci il tarixdə 60 yaşı tamam olduqdan sonra prokurorluqda qulluqkeçmənin son yaş həddinə görə müvafiq əmrlə onun həmin orqanda qulluq keçməsinə xitam verilmişdir. İddiaçı cavabdeh inzibati orqana ona təyin edilmiş əmək pensiyası məbləğinin düzgün hesablanması ilə bağlı əvvəllər dəfələrlə müraciət etsə də, nəticə əldə etməmişdir. İddiaçı ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh inzibati orqan isə həmin məsələnin həllindən imtina etmişdir. İmtina «Əmək pensiyaları haqqında» Qanunun 20-ci və 37.3.1-ci maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «2016 – 2022-ci illərdə toplanmış pensiya kapitalının bölünərək sonrakı indeksasiyalarla birgə pensiya məbləğinə əlavə edilməsi, az hesablanmış məbləğin ödənilməsi, əmək pensiyası məbləğinin yenidən hesablanması və yaranmış fərqin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.4.1ci maddəsinə əsasən 16 avqust 2016-cı il tarixdən 25 il sığorta stajına görə 2700 manat məbləğində pensiya təyin edilmiş, həmin tarixdən Qanunun 37.3.4-cü maddəsinə əsasən ayda 1350 manat ödəniş aparılmışdır. Prokurorluqda qalıb işlədiyinə görə sonrakı artımlar nəzərə alınmaqla sığorta hissəsi tam, qulluq stajına əlavənin isə 50% olmaqla hər ay ona 3863 manat pensiya ödənilmişdir. Onun 25 yanvar 2025-ci il tarixdə 60 yaşı tamam olduqdan sonra prokurorluqda qulluqkeçmənin son yaş həddinə çatması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorunun əmri ilə işlədiyi orqanda qulluq keçməsinə xitam verilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.4-cü maddəsinə əsasən 27 yanvar 2025-ci il tarixdən pensiyasının sığorta və qulluq stajına görə əlavə hissəsi tam məbləğdə müəyyən edilməklə 52321 manat olmuşdur. Əvvəl işləməklə aldığı pensiyasının 50 faizi 3863 manat olduğu üçün hazırda işləməyən təqüdçü kimi həmin pensiya 100 faiz hesablanmaqla pensiya məbləği 5321 manat təyin edilmişdir. Sonrakı müraciətləri əsasında ilkin olaraq, 5811,78 manat, daha sonra sonra isə 6103,66 manat pensiya təyin edilmişdir. İddiaçı 16 avqust 2016-cı ildən 23 sentyabr 2022-ci ilə kimi toplanmış pensiya kapitalının sonrakı indeksasiyalarla birgə (60225,60 manat : 72 ay = 836,47 manat; həmçinin 41178,32 manat : 72 ay = 571,92 manat) onun pensiya məbləğinə əlavə edilməsi, az hesablanmış vəsaitin ödənilməsi, prokurorluq əməkdaşı kimi pensiyanın yenidən hesablanması və yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh inzibati orqan iddiaya etiraz edir. Qurum mövqeyini belə əsaslandırır ki, 27 yanvar 2025-ci il tarixində iddiaçının prokurorluq orqanlarından azad olması ilə əlaqədar əmək pensiyası müraciətinə əsasən yenidən hesablanıb. Belə ki, ilkin olaraq iddiaçının pensiyası qulluq stajına görə əlavə hissəsi tam məbləğdə bərpa edilməklə pensiya 3608,34 manat məbləğində müəyyən olunub, sonra vaxtilə Mərkəzi Filiala müraciəti daxil olduğu 23 sentyabr 2022-ci il tarixinə hesablanmış əmək pensiyası (2158,48 manat) 10 faizi miqdarında maddi yardım nəzərə alınmaqla iddiaçının əmək pensiyası 3824,19 manat (3608,34+(2158,48x10%)) məbləğində hesablanıb, həmçinin iddiaçıya əmək pensiyası təyin edildikdən sonra 23 sentyabr 2022-ci il tarixinədək fərdi şəxsi hesabında toplanmış 60225,60 manat pensiya kapitalı «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına - 160 aya bölünərək (60225,60 : 160 ay (65 il - 57 il 8 ay = 7 il 4 ay (144 ay + 88 ay - 72 ay) = 376,41 manat) 23 sentyabr 2022-ci il tarixinədək müəyyən olmuş aylıq ödənişinin üzərinə əlavə edilərək pensiyası 4200,60 (3824,19 + 376,41) manat təşkil edib. Daha sonra əmək pensiyalarının indeksləşdirilməsi nəzərə alınmaqla iddiaçının pensiyası 5791,70 (4200,60 + 14,7% + 11,2% + 8,1%) manat məbləğində hesablanmışdır. İddiaçının işdən azad olduğu 28 yanvar 2025-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində toplanmış 41178,32 manat istifadə edilməmiş pensiya kapitalı Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 132 aya bölünməklə (41178,32 : 132 ay (65 il - 60 il = 5 il (144 ay + 60 ay 72 ay = 132 ay)) = 311,96 manat) həmin tarixədək müəyyən olmuş iddiaçının pensiyasının (5791,70 manat) üzərinə əlavə edilərək onun əmək pensiyası 28 yanvar 2025-ci il tarixindən 6103,66 (5791,70 + 311,96) manat məbləğində müəyyən edilmişdir. Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Qanununun 1.11-ci maddəsinə əsasən «Əmək pensiyaları haqqında» Qanunun 45-ci maddəsinin ikinci cümləsi Qanundan çıxarılmışdır. Eyni zamanda, 530-VİQD nömrəli Qanunun 2.2-ci maddəsinə görə (keçid müddəa) qeyd olunan 1.11-ci maddənin (yəni 45-ci maddənin ikinci cümləsinin çıxarılmasının) Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsini nəzərdə tutmuşdur. Göründüyü kimi əlavə olunan həmin keçid müddəa dəyişikliyin qüvvəyə mindiyi tarixədək təyin edilmiş Qanunun 9.1-ci (əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlar), 9.2-ci (hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar), 9.3-cü (mülki aviasiya uçuş və uçuş-sınaq heyətində çalışanlar), 9.5-ci (hərbi qulluqçular) və s. maddələrində nəzərdə tutulmuş şəxslərin pensiyasının yenidən hesablanması zamanı dəyişiklikdən əvvəlki müddəanın tətbiqini nəzərdə tutur. Başqa sözlə, xx.xx.2022-ci il tarixədək həmin maddələr üzrə təyin edilmiş pensiyaların yenidən hesablanması zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Lakin həmin tarixdən sonrakı dövrdə sözügedən maddələr üzrə yeni təyinatlar üzrə hesablamalar zamanı gözlənilən pensiya ödəniş aylarının sayının artırılması istisna edilmişdir. Cavabdeh inzibati orqan «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə istinad etməklə, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş edir. İddia tələbi iddiaçının elektron kabinet vasitəsilə 30 sentyabr 2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizələrinə əsasən «cavabdehin 13 oktyabr 2022-ci il tarixli **********7 və 16 aprel 2025-ci il tarixli 3-17-1/3-3-7325/2025 nömrəli qərarlarının ləğv edilməsi, «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya arasındakı ayların sayı qədər artırılmadan yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi dəyişdirilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə bildiriş ünvanlanmışdır. Məhkəmə iclasına cavabdehin nümayəndəsi gəlmiş, iddiaçı tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etiraz etdi və onun təmin olunmamasını məhkəmədən xahiş etdi. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia “kompensasiya ödənilməsi” hissəsində mümkünsüzdür, iddiaçının ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi tələbi üzrə iddiası isə mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia qismən mümkün iddiadır. Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. «Əmək pensiyaları haqqında» Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi»nin 1.1-ci bəndinə görə Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, dövlət icbari şəxsi sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Cavabdeh inzibati orqanın imtinası 23 iyun 2025-ci il tarixə, iddia ərizəsinin məhkəməyə daxil olması 25 iyul 2025-ci il tarixə, yəni 32 gün sonrakı tarixə təsadüf etsə də, məhkəmə qeyd edir ki, 23 iyun 2025-ci il tarixli imtina məktubunun iddiaçıya 25 iyun tarixindən daha əvvəl çatdırılması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının məcburetmə haqqında iddiası ilə bağlı iddia müddəti buraxılmamışdır. Məhkəmə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Şəki şəhəri Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçının yaşayış yeri ünvan 1i ünvanıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə iddia “məcburetmə haqqında” iddiaya aid olmaqla cavabdeh inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyindən, mübahisəyə iddiaçının yaşayış yeri üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.2-ci maddələrinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barədə qəbul etdiyi qərarlar qanuna zidd sayılmalı və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinə görə (işləyən əmək pensiyaçılarına) yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. «Əmək pensiyaları haqqında» Qanunda dəyişiklik edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Qanunla 45-ci maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir (dəyişiklik xx.xx.2017-ci ildə qüvvəyə minmişdir): bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. «Əmək pensiyaları haqqında» Qanunda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanununun 1.11-ci maddəsinə əsasən 45-ci maddənin ikinci cümləsi çıxarılmışdır. Həmin Qanunun 2.1-ci maddəsinə (keçid müddəaları) əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. 2.2. Bu Qanunun 1.11-ci maddəsi bu Qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının yenidən hesablanmasına, eləcə də həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının təyin edilməsi və yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. İddiaçı 16 avqust 2016-cı il tarixdən (45-ci maddəyə yeni məzmunda ikinci cümlə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olan şəxsdir. Müvafiq hesablama nəticəsində sığorta kapitalı daha böyük məbləğə bölünür ki, artımın məbləği azalmış olur. Odur ki, qeyd edilən iddiaçıya münasibətdə mübahisələndirilən qərarlar ləğv edildiyi təqdirdə əvvəlki (hüquqi maraqlarını təmin edən) pensiya məbləği bərpa olunacaqdır ki, bununla da iddiaçı arzuladığı məqsədə çatmış olacaq. Cavabdeh 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəlarına) istinadən normanın ləğvinin (45-ci maddənin ikinci cümləsi) həmin günədək pensiya hüququ yaranmış şəxslərə yaşa görə əmək pensiyasının yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmədiyini bildirir. Odur ki, iddiaçı qeyd edilən kateqoriyadan olan şəxslər olduğu üçün onlara münasibətdə əvvəlki qanunun müddəaları tətbiq olunmalıdır. Məhkəmə maddi hüquq normasının (keçid müddəalarının) cavabdeh tərəfindən tətbiqinə münasibətdə öz mövqeyini normanı təfsir etməklə bildirməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsi öz qərarlarında qeyd etmişdir ki, Qanunun aydın və proqnozlaşdırıla bilən olması hüquqi dövlətin vacib təzahürlərindən biri olan qanunun ümumiliyini təmin etmək zərurəti ilə uzlaşmalıdır. Nəzərə almaq lazımdır ki, qanunun mətninin mütləq aydınlığı (qanunvericinin bütün mümkün ola biləcək həyati halları qanunda nəzərdə tutması) qeyri-realdır. Bu səbəbdən qanunda ümumi anlayışlardan istifadə edilməsi qaçılmazdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.9-cu maddəsinə əsasən, qanunda normaların həddindən artıq detallaşdırılması Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş icra və məhkəmə hakimiyyəti orqanlarının səlahiyyətlərinə müdaxiləyə gətirib çıxarmamalıdır. Hüquqi normaların bəzən qaçılmaz olan natamamlığı və ya qeyri-müəyyənliyi isə məhz məhkəmə təcrübəsi vasitəsilə aradan qaldırılır (Konstitusiya Məhkəməsi Plenumunun R.Cəfərovun şikayəti üzrə 2012-ci il 18 may tarixli Qərarı). Bu zaman məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014cü il 29 aprel tarixli Qərarı). Nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş hər hansı hüququn, o cümlədən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququnun həyata keçirilməsinin tənzimlənməsi zamanı hüquqi müəyyənlik prinsipinə riayət olunmaması həmin hüququn pozulması ilə nəticələnə bilər (Konstitusiya Məhkəməsi Plenumunun X3 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarı). Odur ki, məhkəmə qeyd edilən yanaşmadan çıxış edərək 13 may 2022-ci il tarixli Qanunun 2.2-ci maddəsini (keçid müddəlarını) konstitusiya hüquqi mənasına, digər normalarla qarşılıqlı əlaqəsinə və tənzimləmə predmetinə uyğun tətbiq edilməli olduğu qənaətindədir. İşin hallarından görünür ki, “keçid müddəaları” (ləğv edilmiş 45-ci maddənin ikinci cümləsi) cavabdeh tərəfindən ultraaktiv formada tətbiq olunaraq müvafiq hesablama qaydası iddiaçının əmək pensiyası təyin edildikdən sonra qazandıqları sığorta kapitalı əsasında pensiyalarının yenidən hesablanması hallarına da şamil edilmişdir. Bununla əlaqədar məhkəmə normanın (qanunun) ultraaktivliyi (normanın yaşanması) ilə bağlı hüquq nəzəriyyəsindən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, bu anlayış hüquq nəzəriyyəsində və tətbiqində müəyyən qanunların və ya hüquqi normaların ləğv olunmasına baxmayaraq, əvvəlki dövr üçün qüvvədə qalması və tətbiq edilməsi vəziyyətini təsvir edir. Normanın (qanunun) yaşanması (normanın ultraaktivliyi) qanunun geriyə qüvvəsinin (retroaktivliyinin) əksinə olan hüquqi hadisədir. Əksər hallarda, qüvvədən düşmüş qanunun müəyyən norma və müddəalarının ultraaktiv təsiri onu əvəz etmək üçün nəzərdə tutulmuş yeni qanunun normaları ilə müəyyən edilir. “Köhnə” qanunun normalarının ultraaktiv təsirinin tətbiqində məqsəd bu müddəaları tənzimləyən yeni qanun qəbul edilənə qədər hüquq münasibətlərinə daxil olmuş hüquq subyektlərinin hüquq və mənafelərini qorumaqdır və məhz qeyd edilən məqsəd baxımından (həmin vəziyyəti tənzimləyən hüquq münasibətinə daxil olmuş hüquq subyektlərinin hüquq və maraqlarının qorunması) tətbiq və təfsir edilməlidir. Köhnəlmiş normativ aktın normalarının fəaliyyət prinsipi əksər hallarda davam edən hüquq münasibətlərinin tənzimlənməsinə tətbiq edilir. Hüquq normasının ultraaktivliyinin xüsusiyyətləri: - Qüvvədən düşmüş normanın tətbiqi: Hüquqi norma artıq qüvvədən düşsə də, müəyyən hüquqi münasibətləri tənzimləmək üçün istifadə olunur. Bu, adətən, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid olur. - Geri təsir prinsipindən fərqi: Ultraaktivlik, normanın qüvvədə olduğu dövrdə baş vermiş hadisələrə aid edilməsi ilə bağlıdır. Bu, normanın geri təsir etməsi deyil, əksinə, müəyyən dövr üçün normanın tətbiq edilməsinin davamıdır. - Məqsəd: Hüquq normasının ultraaktivliyi hüquqi sabitlik və hüquq münasibətlərinin düzgün tənzimlənməsi məqsədini daşıyır. Bu, keçmiş hüquq münasibətlərini həmin münasibətlər yaranan zaman mövcud olan normalarla tənzimləməyə imkan verir. Hüquq normasının ultraaktivliyi ilə bağlı praktiki əhəmiyyəti keçid dövrlərində hüquqi proseslərin düzgün və ədalətli həll edilməsini təmin edir, eləcə də hüquq normalarının ardıcıllığını və hüquqi münasibətlərin sabitliyini qoruyur. Bu anlayış hüququn tətbiqində əsasən keçmiş hadisələrə baxış zamanı istifadə olunur və hüquqi praktika üçün vacibdir. Məsələn, bu hal «Əmək pensiyaları haqqında» Qanun qüvvəyə mindiyi vaxt 9.8-ci maddədə nəzərdə tutulmuşdur. Belə ki, “yeni” qanun özündə ancaq güzəştli şərtlərlə pensiya hüququ verən tam və zərərli əmək stajı olan şəxslərə münasibətdə («Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən) “köhnə” qanunun normalarının ultraaktiv təsirini nəzərdə tutmuşdur. Odur ki, məhkəmə qeyd edir ki, norma ancaq (İ) yeni qanunda təsbit edildiyi halda ultraaktiv təsirini saxlaya bilər; (İİ) tənzimlədiyi münasibətlərə və faktlara münasibətdə yaşanan (ultraaktiv) ola bilər (yəni tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz); (İİİ) yeni qanun əvvəlki (köhnə) qanuna münasibətdə hüquq subyektləri üçün daha əlverişsiz tənzimləmə şəraiti yaratmış olmalıdır ki, “köhnə” qanunun qüvvədə olduğu dövrdə hüquq münasibətlərinə daxil olmuş (davam edən hüquq münasibətləri baxımından) subyektlərin hüquq və maraqlarını qorumuş olsun. Odur ki, məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Qanunda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli Qanunun 2.2-ci maddəsinə (keçid müddəalarına) əsasən müəyyən edilmiş tənzimləmə (qanunun qüvvəyə mindiyi günədək təyin edilmiş yaşa görə əmək pensiyalarının (əmək pensiyası təyin olunduqdan sonra toplanmış pensiya kapitalı əsasında) yenidən hesablanması hallarına münasibətdə tətbiq edilməməsi) yuxarıda qeyd edilənlər əsasında təfsir və tətbiq edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 45-ci maddəsi əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti adlanmaqla xx.xx.2022-ci il tarixli qanunla ləğv olunan ikinci cümləsi (bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır) 10 mart 2017-ci il tarixli Qanun ilə əlavə edilmiş və Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması qaydasını tənzimləyir. Odur ki, 10 mart 2017-ci il tarixli Qanun qüvvədə olduğu müddətdə 9-cu maddəyə əsasən yaşa görə pensiya hüququ yaranmış şəxslərə pensiya məhz qeyd edilən qaydada təyin edilməlidir və normanın (45-ci maddənin ikinci cümləsi) xx.xx.2022-ci il tarixli qanunla ləğv olunması həmin şəxslərə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasına səbəb olmur. Bu qayda (artıq qeyd edilən qaydada təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasının yolverilməzliyi) keçid müddəalarında nəzərdə tutulmuş, lakin məhkəmə hesab edir ki, həmin müddəa keçid müddəalarında nəzərdə tutulmasa belə, hüququn ümumi prinsipləri baxımından (qanunun özündə nəzərdə tutulmuş hallar istisna olmaqla) fərqli qaydanın tətbiqi istisna olunur. Sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanmasına gəldikdə isə müvafiq tənzimləmə məhz Qanunun 37.3.1-ci maddəsi ilə tənzimlənir. Belə ki, işləyən əmək pensiyaçılarına münasibətdə pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud sığorta kapitalı əsasında yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.2-1-ci maddə isə Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin pensiyasının yenidən hesablanması üçün müraciəti şərtləndirir). Odur ki, ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi pensiyanın təyin edilməsini qaydasını müəyyən etdiyindən həmin normanın ləğvi ilə bağlı keçid müddəaları sığorta kapitalı əsasında pensiyanın yenidən hesablanması şərtlərini müəyyənləşdirə, yəni normanın tənzimləmədiyi münasibətlərin ultraaktivliyini şərtləndirə bilməz. Çünki ləğv olunmuş 45-ci maddənin ikinci cümləsi qüvvədə olduğu müddətdə pensiyanın yenidən hesablanması qaydasını deyil, məhz (yalnız) pensiyanın təyin edilməsi qaydasını tənzimləyir. Pensiyanın təyin edilməsi və yenidən hesablanması isə fərqli hüquqi hallar və tənzimləmədir. Odur ki, yuxarıda qeyd edildiyi kimi norma tənzimləmədiyi münasibətlərə və faktlara münasibətdə ultraaktiv ola (yaşana) bilməz. Məhkəmənin qeyd edilən qənaəti həm də ona əsaslanır ki, iddiaçıya güzəştli şərtlərlə ilkin pensiya təyinatı da məhz 45-ci maddənin ikinci cümləsinə edilən əlavə qüvvəyə mindiyi xx.xx.2017-ci il tarixədək həyata keçirilmişdir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehin 13 oktyabr 2022ci il tarixli **********7 və 16 aprel 2025-ci il tarixli 3-17-1/3-3-7325/2025 nömrəli qərarları ləğv edilməli, İddiaçı təyin edilmiş əmək pensiyasının «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya arasındakı ayların sayı qədər artırılmadan yenidən hesablanması öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 13 oktyabr 2022-ci il tarixli **********7 nömrəli və 16 aprel 2025-ci il tarixli 3-17- 1/3-3-7325/2025 nömrəli qərarları ləğv edilir. İddiaçı təyin edilmiş əmək pensiyasının «Əmək pensiyaları haqqında» Qanunun 37.3.1-ci maddəsinin müddəaları tətbiq edilərkən gözlənilən pensiya ödənişi müddəti aylarının sayının pensiyanın yenidən hesablanma yaşı ilə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılmadan yenidən hesablanması öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 3egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X5
Məhkəmə qərarları › İş №2-1(116)-3607/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3607/2025
27.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver