Məhkəmə qərarları › İş №2-1(116)-361/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-361/2022

07.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-361/2022 07.06.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdeh ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı cavabdeh orqanı dəqiqləşdirərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qeyd etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə dəqiqləşdirilmiş iddia ərizəsi icraata qəbul edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, ИТ-İ ******* №-li, xx.xx.1983-cü il tarixli əmək kitabçasında, diplomunda və hərbi biletində qeyd edilən sosial sığorta stajı müddətlərinin nəzərə alınaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin, cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtinasında qeyd etmişdir ki, xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasıdakı dövr üzrə iddiaçının əmək stajını və həmin dövr üçün adıçəkilən müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilib-ödənilməməsini dəqiqləşdirilməsi ilə bağlı Mərkəzi Filial tərəfindən aidiyyati üzrə sorğu verilmişdir. Cavab olaraq Şəki rayonu Dəhnə kəndindəki “MM Babək Yoldaşlıq Şirkətinin” xx.xx.2005-ci il tarixində sığortaedən kimi Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon filialında qeydiyyata alındığı və xx.xx.2006-cı il tarixinədək fəaliyyətinin olmaması barədə hesabat verdiyini bildirmişdir. Bu səbədən də adıçəkilən müəssisənin sığortaedən kimi Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olmadığı xx.xx.2000-xx.xx.2005-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığı üçün ümumi iş stajı 25 ildən az (20 il 2 ay 17 gün) müəyyən edilmişdir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 17028,84 manat təşkil edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina ilə bağlı cavabdeh orqanın dəlillərini müdafiə etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - ИТ-İ ******* №-li, xx.xx.1983-cü il tarixli əmək kitabçasına əsasən iddiaçının əmək fəaliyyəti müddəti aşağıdakı kimi olmuşdur: xx.xx.1983 – xx.xx.1983 (6 ay 26 gün), xx.xx.1989-xx.xx.1989 (7 ay 25 gün), xx.xx.1984 – xx.xx.1984 (6 ay 17 gün), xx.xx.1990-xx.xx.1991 (1 il 20 gün), xx.xx.1984 – xx.xx.1987 (2 il 10 ay 1 gün), xx.xx.1991-xx.xx.1999 (8 il 8 ay 1 gün). xx.xx.1987 – xx.xx.1988 (9 ay) xx.xx.2000-xx.xx.2005 (5 il 11 ay 8 gün). xx.xx.1988-xx.xx.1989 (2 ay 9 gün), - xx.xx.1980-cı il tarixdə X2 Təhsili Komitəsi tərəfindən verilmiş B126572 №-li nömrəli diplomdan görünür ki, iddiaçı xx.xx.1977-xx.xx.1980-cı illərdə (2 il 10 ay 17 gün) elektrik qaz qaynaqçısı peşəsi üzrə təhsil almışdır. - H3 ******* №-li hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə (2 il, 22 gün) müddətli həqiqi hərbi xidmət keçmişdir. - Şəki şəhər Statistika idarəsinin xx.xx.2022-ci il tarixli 37 №-li məktubunda qeyd edilmişdir ki, “MM Babək Yoldaşlıq Şirkəti” tərəfindən 2018-ci ilə qədər təqdim olunmuş bütün hesabatlar X1 filialına təhvil verilmişdir. Hal-hazırda “MM Babək Yoldaşlıq Şirkəti”nin fəaliyyəti yoxdur. - X1 Filialının xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 2000-2004-cü illərin hesabatlarında MM Babək Yol şirkətinin hesabatına təsadüf edilmədi. "xxxx" yoldaşlıq şirkətinin sənədləri X1 filialına təhvil verilmədiyi üçün iddiaçının işləməsinə dair arayışın verilməsi mümkün deyildir. - 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Məhdud Məsuliyyətli ”Babək ” Yoldaşlıq Şirkəti” hüquqi ünvanı Şəki rayonu, Böyük Dəhnə olmaqla xx.xx.2005-ci il tarixdə ********** VÖEN verilərək vergi uçotuna alınmışdır. Bu səbəbdən xx.xx.2000-ci il tarixdən vergi uçotuna alındığı tarixədək olan dövr ərzində fəaliyyəti barədə məlumatların verilməsi mümkün deyildir. - Kommersiya qurumların dövlət reyestri məlumatları haqqında internet vergi idarəsinin məlumatlarından görünür ki, “Məhdud Məsuliyyətli ”Babək ” Yoldaşlıq Şirkəti” (VÖEN: **********) xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aiddir. Həmçinin iddia düzgün cavabdeh qarşı yönəlmiş və iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququ mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın müraciətin təmin edilməsindən imtinasını İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 5.3. Əmək pensiyalarının təyin edilməsi, hesablanması və yenidən hesablanması (bu Qanunun 26.3-cü maddəsi istisna olmaqla), bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.11-ci maddəsinə əsasən Sığorta stajına daxil edilən müddətlərdən biri də hərbi xidmət müddətidir (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). İş materiallarından göründüyü kimi hazırkı iddianı qaldırmaqda iddiaçının hüquqi marağı hüququnun yarandığı gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək, ödənilməsindən ibarətdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının əmək stajı işdə olan əmək kitabçası ilə müəyyən edildiyindən və həmin əmək kitabçalarında icra edilmiş qeydlərin həqiqətə uyğun olmaması cavabdeh tərəfindən müəyyən edilmədiyindən müvafiq qeydlərin mötəbərliyini şübhə altına almaq üçün heç bir əsas yoxdur. Odur ki, iddiaçı barəsində tərtib edilmiş əmək kitabçasını məhkəmə iddiaçının əmək stajını təsdiq edən sübut kimi qəbul edir və hesab edir ki, həmin sənədlərin yenidən digər sənədlərlə sübut olunmasına ehtiyac yoxdur (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(102)-1737/2021 nömrəli qərarında əks olunan hüquqi mövqe). İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ 57 yaşının bitdiyi xx.xx.2019-cu il tarixdə yaranmışdır (iddiaçı xx.xx.1962-ci ildə doğulub). Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələrinə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Müəyyən edilir ki, iddiaçının hərbi xidmətdə olduğu, təhsil aldığı və xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu müddətin cəmi 25 il 11 ay 26 günə bərabərdir. Yəni, iddiaçının xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajı mövcuddur. Cavabdehin iddia tələbinə etirazının dəlilləri ondan ibarət olmuşdur ki, iddia olunan dövrdə müəssisənin məcburi dövlət sosial sığorta haqlarını ödəyib-ödəməməsi araşdırılarkən “Məhdud Məsuliyyətli ”Babək ” Yoldaşlıq Şirkəti”nin xx.xx.2005-ci il tarixində sığortaedən kimi Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon filialında qeydiyyata alınması və xx.xx.2006-cı il tarixinədək fəaliyyətinin olmaması barədə hesabat verməsi müəyyən olunmuşdur. Buna görə də həmin müddətin sosial sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Lakin, məhkəmə cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, Məhdud Məsuliyyətli ”Babək” Yoldaşlıq Şirkəti”nin xx.xx.2005-ci ildən fəaliyyətinin olmaması nəzərə alınarsa bu zaman iddiaçının 8 ay 3 gün əmək fəaliyəti müddəti sosial sığorta stajına hesablanmaya bilər. Belə olan halda da, iddiaçının 25 il 3 ay 23 gün sosial sığorta stajı mövcud olur ki, bu da tələb olunan 25 ildən çoxdur. Həmin müəssisənin xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınması isə işin mübahisəsiz halıdır. “Məhdud Məsuliyyətli ”Babək” Yoldaşlıq Şirkəti”nin fəaliyyət göstərdiyi müddətdə məcburi dövlət sosial sığorta haqlarının ödəyib-ödəməməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci hissəsində deyilir ki, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 3-cü hissəsinin a) bəndinə əsasən, işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti də iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci - yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının xx.xx.2000-xx.xx.2002-ci illərdə işlədiyi dövrun pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002-2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının xx.xx.2002-ci ildən sonra işlədiyi dövr də sosial sığorta stajına daxil edilməlidir (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)- 622/2021 №-li qərarında əks olunmuş hüquqi mövqe). Aldığı təhsil üzrə ixtisasca elektrik qaz qaynaqçısı olan iddiaçının xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik qaynaqçısı vəzifəsi 2 nömrəli Siyahıda nəzərdə tutulan 23200000 - XXXİİİ. Ümumi peşələr - 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları - peşəsinə uyğun gəlir, iddiaçının xx.xx.2006-cı il tarixədək 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 15 il 1ay, təhsil və hərbi xidmət müddəti də daxil edilməklə ümumi iş stajının minimum 25 il olması onun əmək kitabçası ilə təsdiq olunur. Eyni zamanda, ixtisasca məhz elektrik qaz qaynaqçısı olan iddiaçının əmək kitabçasında qeyd olunan peşələrin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə

qərara aldı:

İddia təmin edilir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondu PHŞ-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə İddiaçı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar