Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-362/2024 16.07.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçının vəkili (nümayəndəsi) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı “**********76 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazisindən ona satılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və iddiaçının faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək qarşı “**********76 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin bələdiyyə tərəfindən X4 ayrılan torpaq sahəsinə dair tərtib edilən ilkin texniki sənədlərə uyğunlaşdırılaraq, ona yeni plan-ölçü sənədinin verilməsi və Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazisindən ona satılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli 2-1(116)-2420/2023 nömrəli qərardadı ilə Ucar rayonu Qarabörk bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli 2-1(116)-362/2024 nömrəli qərardadı ilə X9, X16 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatında zəruri cəlb edilmişlər. İddiaçı tərəfindən tələb bir neçə dəfə dəqiqləşdirilmiş, sonuncu məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi) tələbi dəqiqləşdirərək “**********76 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazisindən iddiaçıya satılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və iddiaçının faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, Ucar rayonu Qarabörk Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazindən iddiaçıya 0,06 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi ilə bağlı Ucar rayonu Qarabörk Bələdiyyəsi ilə iddiaçı arasında xx.xx.2012-ci il tarixli alqı-satqı aktı tərtib olunmuşdur. Həmin gündən torpaq sahəsinə sahiblik və istifadə etməklə, vergilərini ödəyir. Ucar rayonu Qarabörk Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazisindən ona satılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət etsə də, cavabdeh orqan müraciətin təmin olunmasından imtina etmişdir. İmtina verildikdən sonra **********76 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin həmin şəxsə bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinə dair tərtib edilən ilkin texniki sənədlərinə uyğunlaşdırılaraq, ona yeni plan-ölçü sənədinin verilməsi və onun Ucar rayonu Qarabörk kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Cavabdehin nümayəndələri ilə hər 2 torpaq sahəsinə naturada baxış keçirilmiş, onların qonşuluqları və şərti sərhədləri müəyyən olunmuş və **********76 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin texniki səhv nəticəsində onun yerinə vurulması müəyyən olunmuşdur. Həmçinin, torpaq sahəsinin KPİ örüş (X8) olması müəyyən olunmuşdur. KPİ örüş həyətyanı məqsədilə mülkiyyətə verilə bilir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nın 16 saylı Ucar Ərazi idarəsi tərəfindən **********76 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinə dair tərtib edilən ilkin texniki sənədlərə uyğunlaşdırılaraq, ona yeni plan-ölçü sənədinin verilməsi və onun Ucar rayonu Qarabörk kəndində yerləşən 0.06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə ərizəsinə xx.xx.2023-cü il tarixli, 3- 21-3-36/2-N-00xx-xx/2023 saylı məktubla imtina etmişdir. Əlavə olaraq bildirilmişdir ki, **********76 reyestr nömrəli torpaq sahəsinin mülkiyyətçisi mərhum X1 əri X5, Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Ucar Rayon icra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavininin, Ucar rayonu Qarabörk Bələdiyyəsinin sədrinin, Ucar rayonu Qarabörk kənd sakinləri (qonşu) X10, X11 və onun iştirakıyla xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuşdur. Həmin aktda aşağıdakılar qeyd olunmuş, imza və möhürlərlə təsdiq edilmişdir:
1. X1 mülkiyyət hüququ **********76 reyestr nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi bələdiyyə tərəfindən X4 başqa ərazidən verilmişdir, həmin torpaq sahəsinin mülkiyyətçisi X7 ona ayrılan torpaq sahəsində özünə məxsus tikililər inşa etdirmişdir
2. İddiaçı Ucar rayonu Qarabörk Bələdiyyəsi tərəfindən Ucar rayonu Qarabörk kəndi ərazisindən 0,06 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi üzərində 1.İddiaçı tərəfindən tikilisi yarımçıq qalmış fərdi yaşayış evi inşa olunmuşdur.
2. Torpaq sahəsi ayrıldığı gündən hər 2 şəxs müvafiq bələdiyyə qərarları ilə onlara ayrılmış torpaq sahəsindən istifadə edib, bir-birinə qarşı hər hansı bir iddia və tələbləri olmamışdır. Belə olan halda cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞnın 16 saylı Ucar Ərazi idarəsi özünün yol verdiyi səhvi düzəltməkdən boyun qaçırması nəticəsində həm onun, həm də, X1 hüquqları pozulmuşdur. İmtinanın digər əsası olan bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan torpaq sahəsinin alqı-satqısının aparılmasına münasibətdə isə bildirir ki, bu hal cavabdeh orqanın heç bir hüququna toxunmur, həmçinin tərəflər arasında alqı-satqı baş tutmuşdur. Yəni, bələdiyyə ödənişini almış və torpaq sahəsini ona təhvil vermişdir. O da, uzun müddətdir ki, mübahisəsiz şəkildə həmin torpaq sahəsindən istifadə edir. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, İddiaçı Ucar rayonu Qarabörk kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı ********** qeydiyyat nömrəli ərizə ilə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. Bildirilmişdir ki, Ucar rayonu Qarabörk bələdiyyəsi Azərbaycan Respublikasının 28 oktyabr 2008- ci il tarixli İİQD nömrəli Qanununa uyğun şəkildə satmamışdır. Belə ki, torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyata alınmadan aparılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı məxsus Ucar rayonu Qarabörk kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 0,0447 ha hissəsi X2 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə, 0,0025 ha hissəsi isə X3 mülkiyyətinə verilmiş 0,12 ha torpaq sahəsi ilə, 0,0169 ha hissəsi isə Qarabörk bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsi Elektron baza məlumatlarına əsasən yaşayış məntəqələri torpaqları elektron baza məlumatlarında (DVJ) kəndin prespektiv inkişafı üçün örüş sahələrindən ayrılmış torpaq sahələri, Yeni elektron baza məlumatlarına əsasən (TEKUİS) yaşayış məntəqələri torpaqları, uqodiyası əkin olaraq göstərilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili (nümayəndəsi), iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Üçüncü şəxs Ucar rayonu Qarabörk bələdiyyəsi iddia tələbinə münasibətində qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir. Qeydiyyatın aparılmasına hər hansı etirazı yoxdur. Digər üçüncü şəxs X9 iddia tələbinə münasibətində qeyd etmişdir ki, mərhum həyat yoldaşı X4 Qarabörk bələdiyyəsindən 0.12 ha həyətyanı məqsədilə torpaq sahəsi almışdır. Hmin torpaq sahəsinə Ucar Reyestr xidmətindən çıxarış verilmişdir. Sözügedən torpaq sahəsində hal-hazırda ev və yardımçı tikililər var və tikintilərə su qaz işıq xətləri çəkilmişdir. Mərhum həyat yoldaşının adına olan 0.12 ha torpaq sahəsinə Ucar Reyest xidmətindən aldığı çıxarış onunla qonşu olan İddiaçı torpağı ilə üst-üstə düşür. Halbuki İddiaçı torpağı onun torpağından 300 metrə aralıdır. Ucar Reyestr xidmətinin kobud səhvi ucbatından onların sənədləri üst üstə düşür. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023, xx.xx.2023-cü il tarixli imtina məktubu, DT və XK-nin Ucar rayon Şöbəsinin xx.xx.2012-ci il tarixli 135 nömrəli rəyi, Ucar rayon İH-nin Memarlıq və tikinti şöbəsinin rəyi, Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı iclas protokolundan çıxarış, xx.xx.2012-ci il tarixli 12 nömrəli Torpaqların alqı-satqısına dair akt, cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə olunmuş mütəxəssis rəyi, RX seriyalı ******* nömrəli (**********76 reyestr nömrəli çıxarış.
Əsaslandırma hissəsi:
Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi və üçüncü şəxslər şifahi məhkəmə baxışı iclasında iştirak etməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. Məhkəmə tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Ucar rayonu Qarabörk kəndi ərazisində yerləşən 600 kv.m həyətyanı torpaq sahəsi Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı iclasının qərarı əsasında iddiaçıya satılmış və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onun faktiki istifadəsində və sahibliyindədir. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin müvafiq rəyi, Ucar Rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin rəyi, yeruquruluşu planı, torpaqların alqı-satqısına dair aktı və digər sənədlərlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mübahisəli torpaq sahəsi iddiaçıya Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 05 saylı iclasının qərarı əsasında satılmış, həmin torpaq sahəsinin iddiaçıya satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin rəyi ilə etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara qismən riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdehin iddiaya qarşı dəlilləri ondan ibarət olmuşdur ki, iddia olunan torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmadan iddiaçıya satılmışdır. Həmçinin sözügedən torpaq sahəsinin bir hissəsi digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşür. Lakin, məhkəmə həmin dəlili əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnamənin 10-cu bəndinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24-cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 16-cı bəndinə görə ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Həmin Əsasnamənin 23-cü maddəsində isə təsbit edilmişdir ki, bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir. Qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Odur ki, cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. (xx.xx.2019-cu il tarixli 2-1(102)-2626/2019 nömrəli iş üzrə oxşar inzibati mübahisədə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası yuxarıda qeyd olunan hüquqi mövqedən çıxış etmişdir). İddia olunan torpaq sahəsinin digər subyektə məxsus sənədlə üst-üstə düşməsinə münasibətdə (mütəxəssis rəyinə əsasən iddiaçının naturada göstərdiyi 0,0641 ha torpaq sahəsinin 0.0447 ha hissəsi X1 **********76 reyestr nömrəli çıxarışla mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə, 0.0025 ha hissəsi isə X3 mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsi ilə, 0.0169 ha hissəsi isə Qarabörk bələdiyyəsinin mülkiyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür) məhkəmə qeyd edir ki, həmin üst-üstə düşmə torpaq ayıran qurumun səhvi nəticəsində yox, cavabdeh orqanın öz hərəkətləri nəticəsində yaranmışdır. Belə ki, cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyində qeyd edilmişdir ki, Ucar rayonu Qarabörk bələdiyyəsinin 16 aprel 2012-ci il 05 saylı iclas protokolundan çıxarışla İddiaçı fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı koordinatlar əks olunan torpaqayırma sxemi mövcud olmadığı üçün iddia olunan, naturada göstərilən 0.0641 ha torpaq sahəsi ilə eyni ərazidə yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçıya satılmış 0.06 ha torpaq sahəsi ona təhvil verilmiş, həmin dövrdən bu günədək onun istifadəsindədir. Həmçinin üçüncü şəxs X9 mərhum həyat yoldaşı X4 Qarabörk bələdiyyəsindən satılmış 0.12 ha torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olan torpaq sahəsindən kənarda (300 m.) yerləşdiyini bildirir. İşdə olan, mərhum X1 əri X5, Ucar Rayon İcra Hakimiyyəti başçısının Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin, Ucar rayonu Qarabörk Bələdiyyəsinin nümayəndəsinin, iddiaçının və digər şəxslərin iştirakı ilə xx.xx.2023-cü il tarixdə tərtib olunmuş aktda qeyd edilmişdir ki, X1 mülkiyyət hüququ **********76 reyestr nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi bələdiyyə tərəfindən X4 başqa ərazidən verilmişdir, həmin torpaq sahəsinin mülkiyyətçisi X7 ona ayrılan torpaq sahəsində özünə məxsus tikililər inşa etdirmişdir. İddiaçı Ucar rayonu Qarabörk Bələdiyyəsi tərəfindən Ucar rayonu Qarabörk kəndi ərazisindən 0,06 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi üzərində İddiaçı tərəfindən tikilisi yarımçıq qalmış fərdi yaşayış evi inşa olunmuşdur. Torpaq sahəsi ayrıldığı gündən hər 2 şəxs müvafiq bələdiyyə qərarları ilə onlara ayrılmış torpaq sahəsindən istifadə edib, bir-birinə qarşı hər hansı bir iddia və tələbləri olmamışdır. Göründüyü kimi torpaq sahəsini ayıran orqan iddia olunun torpaq sahəsinin məhz bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsi olmasını təsdiq edir. Torpaq sahəsinin ayrılması ilə bağlı iradə ifadəsi bələdiyyəyə məxsus olduğundan və iddia olunan torpaq sahəsinin bələdiyyə tərəfindən iddiaçıya satılmış torpaq sahəsi olmasını təkzib edən hər hansı əsaslı dəlil olmadığından, cavabdeh orqan torpaq sahəsinin naturada yerləşmə vəziyyətinə dair bələdiyyənin məlumatını nəzərə almağa borcludur. Hər bir halda torpaq sahəsini ayıran və ondan istifadə edən subyekt arasında, o cümlədən mübahisələndirilən çıxarışın aid olduğu subyektlə hazırkı iş üzrə iddiaçı və bələdiyyə arasına mübahisə yoxdur. Digər subyektə (mərhum X7) satılmış torpaq sahəsinin tamamilə fərqli ərazidə yerləşməsi həm istinad olunan aktda imza etmiş səlahiyyətli orqanlar, həm iddiaçı, həm də üçüncü şəxs tərəfindən təsdiq edilir. Başqa sözlə, **********76 reyestr nömrəli çıxarış və onun tərkib hissəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədi hazırkı mübahisə predmeti olan torpaq sahəsinə aid olmamalıdır. Həmin çıxarışın və plan-ölçü sənədinin tərtib edilməsinə əsas olmuş ilkin sənədlər cavabdeh orqandan alınaraq öyrənilmiş və müəyyən edilmişdir ki, ilkin sənədlər əsasında faktiki olaraq torpaq sahəsinin dəqiqliklə yerini müəyyən etmək, o cümlədən hazırkı iş üzrə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə aid etmək mümkün deyil. Yəni, **********76 reyestr nömrəli çıxarışa münasibətdə də, koordinatların əks olunduğu ilkin torpaqayırma sxemi mövcud deyil. Belə olan halda, cavabdeh orqanın mübahisələndirilən çıxarışı iddia olunan torpaq sahəsinə hansı əsasla tərtib etməsi aydın deyil. Bundan başqa mütəxəssis rəyində qeyd edilmişdir ki, baxış zamanı üzərində natamam tikili mövcud olan, İddiaçı faktiki istifadəsində olduğu bildirilən 0.0641 ha torpaq sahəsinin elektron baza məlumatlarında təqdim olunan xəritə materiallarında yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, X8 üçün ayrılan, örüş uqodiyalı ərazidə yerləşir. Göründüyü kimi cavabdeh orqan rəydə iddia olunan torpaq sahəsi ilə bağlı ziddiyyətli məlumatlar təqdim etmiş, iddia olunan torpaq sahəsinin digər subyektə məxsus torpaq sahəsi ilə üst-üstə düşməsini bildirməklə bərabər həmin torpaq sahəsinin yaşayış məntəqələrinin torpaqları kateqoriyalı örüş uqodiyalı olmasını (etirazda uqodiya əkin göstərilib) göstərmişdir. Torpaq Məcəlləsinin 12-ci maddəsinə əsasən uqodiya kənd təsərrüfatı yerlərini ifadə etməklə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqları ehtiva edir. Odur ki, yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsinin uqodiyasının elektron baza məlumatlarında örüş (əkin) qeyd edilməsi özlüyündə onu göstərir ki, cavabdeh orqanın istinad etdiyi kadastr məlumatları özü nöqsanlıdır. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı **********76 reyestr nömrəli çıxarış və onun tərkib hissəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədinin ona satılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsini və faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını cavabdeh orqandan tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı:
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə tapşırılsın ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları;
5. Sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələrin işlənməsi mərhələsi 5.1. Çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. 5.2. Ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. İşin araşdırılmış hallarından görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda imtina üçün nəzərdə tutulan hallardan heç biri hazırkı işdə mövcud deyil və cavabdeh öz imtinasını hər hansı bir maddi hüquq norması ilə əsaslandırmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.
17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16 saylı Ucar ərazi idarəsinin üzərinə **********76 reyestr nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin Ucar rayonu Qarabörk bələdiyyəsinin xx.xx.2012-ci il tarixli, 05 saylı qərarı ilə Ucar rayonu Qarabörk kəndi ərazisindən iddiaçıya satılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və İddiaçı faktiki istifadəsində olan 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüqar Musayev.