Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3624/2025 29.08.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, məhkəmə iclas katibi Qəhrəmanzadə Nəzrin Fuad qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə Azami oğlunun iştirakı ilə İddiaçı X4in cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinə qarşı “cavabdehin Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya məxsus uşaq haqqında məlumat qrafasında ata adının "Rafayeloviç" kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə : İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “cavabdehin Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya məxsus uşaq haqqında məlumat qrafasında ata adının "Rafayeloviç" kimi yazılaraq düzəliş olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, “o, 02 iyun 1978-cü ildə Qutqaşen (indiki Qəbələ) rayonu, Nic kəndində anadan olmuşdur. İddiaçı anadan olduqdan sonra valideynləri atası Danakari(Danakyan) Rafiq Arami (Aramoviç) və anası Danakari (Danakyan) X5 rayon Nİc kənd sovetinə doğumu barədə məlumat vermişlər və doğum qeydi aparılmışdır. İddiaçı doğumunun necə rəsmiləşdirilməsindən məlumatsız olmuşdur və bir ay bundan əvvəl sənədləşmə işinə görə Qəbələ regional "ASAN xidmət" mərkəzinə müraciət edilmiş və onun vaxtilə Qutqaşen rayon Nic kənd sovetliyi tərəfindən xx.xx.1978-cı ildə tərtib edilmiş 60 nömrəli doğum haqqında akt qeydinin məlumatları yoxlanılmış və uşaq haqqında məlumat qrafasında ata adının "Rafayeloviç" əvəzinə "Rafik" kimi qeyd olunduğu məlum olmuşdur. Lakin doğum və nikah haqqında şəhadətnamələrində, pasportunda, hərbi biletində, uşaqlarının doğum haqqında şəhadətnamələrinin "ata" qrafasında, torpaq sənədlərində və s. digər sənədlərimdə düzgün olaraq "X4" kimi yazılmışdır. Hal-hazırda sənədləşmə işləri aparmaq istəsə də, Qəbələ Rayon Qeydiyyat Şöbəsinin X2 qeydiyyatı kitabında Nic kənd icra nümayəndəliyi tərəfindən yazılmış doğum haqqında akt qeydində və elektron mübadilə sisteminə ata adının səhvən qeyd olunduğundan bu mümkün olmamışdır. Qəbələ regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsinə müraciət edərək X2 arxiv kitablarında səhvən qeyd olunmuş ata adı qeydinin düzəldilməsini xahiş etsə də, bundan imtina olunmuş və müraciətinə cavab olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, bu barədə rəsmi olaraq 17 iyul 2025-ci il tarixli, 3-16-5/8- 11-1343 saylı imtina məktubu da verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "X2 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalər"ın 1-ci və 2-ci bəndlərinə əsasən, X2 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.”. Cavabdeh iddiaya münasibətində bildməmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir.
1. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki,iddiaçı ilkin olaraq inzibati orqana müraciət etmiş,tələbin icrasından imtina edilmişdir.
2. Н-АГ 614423 seriya nömrəli Nikah haqqında Şəhadətnamənin surətindən görünür ki, iddiaçının adı Anatoliy, soyası Danakari, ata adı Rafayeloviç kimi qeyd edilmişdir.
3. Xİİ-ЖГ seriyalı 452401 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçının adı Anatoliy, soyası Danakari, ata adı Rafayeloviç kimi qeyd edilmişdir.
4. Qəbələ rayon qeydiyyat şöbəsində saxlanılan xx.xx.1978-ci il tarixli 60 №-li doğum haqqında akt qeydinin surətindən görünür ki, iddiaçının ata adı “Danakari”, soyadı “Anatoliy” , atanın ata adı “Rafik” kimi qeyd edilmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur, həmçinin iddia əsaslıdır. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli Qərarının 9.1-ci və 9.2-ci bəndlərində qeyd olunmuşdur ki, “X2 qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən X2 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud X2 qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. X2 qeydiyyatını aparan orqanlarda qeydə alınmalı olan hüquqlara dair maraqlı şəxslər arasındakı mübahisələrə (nikahın etibarsızlığı, atalığın müəyyən edilməsi, valideynlər tərəfindən uşağa adın verilməsi və s.) mülki məhkəmə icraatı qaydasında baxılır.”. Hazırkı iddianın predmetini X2 qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının müəyyən edilməsi təşkil edir. Belə ki, işin müəyyən edilən hallarına görə iddiaçının adına xx.xx.1978-cı ildə tərtib edilmiş 60 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında ata adının "Rafayeloviç" əvəzinə "Rafik" kimi qeyd olunduğu məlum olmuşdur. Halbu ki, iddiaçıya məxsus (iş materiallarında olan surətləri) AK1253036 nömrəli “Hərbi bilet”də, xx.xx.2009-cu ildə Qazaxıstan Respublikasında bağlanmış nikah haqqında şəhadətnamədə, Rusiya Federasiyasında Danakari Sofya Anatolyevnanın adına xx.xx.2002-ci il tarixli, X3 adına tərtib edilmiş xx.xx.2009-cu il tarixli, X1 adına tərtib edilmiş xx.xx.2020-ci il tarixli “Doğum haqqında şəhadətnamə”lərdə iddiaçının ata adı "Rafik" deyil "Rafayeloviç" kimi qeyd edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən X2 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X2 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.12-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq idarəsi ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxsin doğumu, nikahdadırsa nikah haqqında, övladları vardırsa, onların doğum haqqında akt qeydlərinin surətlərini, müvafiq hallarda isə övladlığa götürmə, atalığın müəyyən edilməsi və nikahın pozulması haqqında akt qeydlərinin surətlərini əldə etmək məqsədi ilə bu akt qeydlərinin saxlanıldığı qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə X2 Reyestri Xidmətinə sorğu verir. Hazırkı halda iddiaçıya məxsus doğum haqqında akt qeydində iddiaçının ata adının "Rafik" kimi qeyd olunmasının əsaslı olması məhkəmə araşdırılması ilə müəyyən edilmir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin tərəfindən X2 qeydiyyatı kitabının tərtibi zamanı səfə yol verilmişdir. Yuxarıda qeyd edildiyi kimi iddiaçının bütün rəsmi sənədlərində ata adı "Rafayeloviç" kimi göstərilmişdir. Yəni iddiaçıya məxsus bütün sənədlərdə ata adının “Rafayeloviç”olması öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olduğundan iddia təmin olunmalı,doğum haqqında akt qeydinə düzəlişlərin aparılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Maddə 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı: İddia təmin edilir. Cavabdeh Qəbələ Rayon Qeydiyyat Şöbəsinin üzərinə Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı kitabında iddiaçıya məxsus uşaq haqqında məlumat qrafasında ata adının "Rafayeloviç" kimi yazılaraq düzəliş olunması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: Şəki şəhəri, S.Mümtaz, 318) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Mustafayev.