Məhkəmə qərarları › İş №2-1(116)-364/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-364/2020

20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-364/2020 20.02.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının vəkili X5, cavabdehin nümayəndəsi X14, üçüncü şəxs X9 iştirakı ilə iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «üçüncü şəxs X9 adına tərtib edilmiş 01.04.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Balakən Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 №-li qərarı ilə təsdiq edilmiş «Balakən rayonu Katex kolxozunun ərazisindən torpaq payı alacaq subyektlərin dürüstləşdirilmiş siyahı»sında X4 ailə başçısı, X12 isə ailə üzvü kimi qeyd edilmişlər. Balakən Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,54 ha (1792R nömrəli planşetlə 2585,56 kv.m, 1792 nömrəli planşetlə 1306 kv.m və 1792A nömrəli planşetlə 1480,08 kv.m) torpaq sahəsi X2 və X6 birgə mülkiyyətinə verilmiş və bununla bağlı JN-1792 kod 40105018 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» hazırlanmışdır. Dadaşova (əvvəlki Qayxanova) İlhamə Kamil qızı JN-1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nda 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü əkin olan 2585,56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin sonuncu bundan imtina etmiş və 08.02.2018-ci il tarixli məktubla bildirmişdir ki, JN-1792 kod 40105018 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın 1792R nömrəli planşet hissəsində qeyd olunan 0,2585 ha torpaq sahəsi barədə məlumatlar idarədə mövcud olan elektron baza xəritələrində BEF torpağı kimi öz əksini tapmışdır. X8 02.02.2018-ci il tarixli 13 nömrəli məktubunda 0,26 ha torpaq sahəsinin qardaşı X7 istifadəsində olan ərazi olduğu qeyd edilmişdir. Bundan sonra X15 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı «JN seriyalı 1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nda 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü əkin olan 2585,56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı X15 və məhrum anası X2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin qoyulması» barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01.08.2018-ci il tarixli qərarına əsasən, iddia təmin edilmiş, JN seriyalı 1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nda 1792R planşet nömrəsi ilə qeyd olunan məqsədli istifadə növü əkin olan 2585,56 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində iddiaçı X15 və məhrum anası X2 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərar qanuni qüvvəyə mindikdən sonra qərardan çıxarış icra edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə göndərilmişdir. Qərarın icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən RX seriyalı ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış» və 01.04.2019-cu il tarixli A-363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» verilmişdir. Həmin sənədlərdən görünür ki, Balakən rayonu Katex kəndində yerləşən 0,2585 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X2 və X9 ümumi birgə mülkiyyət hüququ 01.04.2019-cu ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Balakən Rayon Katex Bələdiyyəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət edərək, X9 adına verilmiş 01.04.2019-cu il tarixli A-363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü»nün ləğv edilməsini və dövlət aktındakı koordinatlara uyğun yeni sənədin verilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi bundan imtina etmiş və 28.10.2019-cu il tarixli cavab məktubunda bildirmişdir ki, «Torpaq sahəsinin planı və ölçüsü» məhkəmə qərarı əsasında verildiyinə görə onun ləğv edilməsi İdarənin səlahiyyətləri daxilində deyil. Bundan sonra iddiaçı Balakən Rayon Katex Bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «üçüncü şəxs X9 adına tərtib edilmiş 01.04.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, JN-1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»ndakı koordinatlara əsasən, X9 torpağı başqa yerdə olduğu halda, cavabdeh torpağı sürüşdürərək bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin üstünə işləmişdir. Halbuki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01.08.2018-ci il tarixli qərarında torpağın sürüşdürülüb başqa yerdən verilməli olması qeyd edilməmişdir. Cavabdeh iddiaya etirazında imtina məktubunun dəlillərinə istinad etmişdir. Mübahisənin həlli üçün aşağıdakı sənədlər məhkəməyə təqdim olunmuşdur: - İşdə olan, JN-1792 kod 40105018 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»ndan görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli 01 nömrəli qərarı ilə 0,54 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi X4 və X10 verilmişdir. - İşdə olan, RX seriyalı ******* nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış»dan görünür ki, X4 və X9 mülkiyyət hüququ 01.04.2019-cu ildə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - İşdə olan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 28.10.2019-cu il tarixli **********12 nömrəli məktubundan görünür ki, Aqrar İslahat Komissiyasının qərarında dəyişiklərin edilməsi, həmin qərar əsasında ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş «Torpağın mülkiyyət hüququna dair dövlət aktı»nda düzəlişlərin edilməsi və ya onların ləğv edilməsi, həmçinin Şəki İnzibati-İqtisadi Məhkəməsinin 01.08.2018-ci il tarixli 2- 1(84)-631/2018 nömrəli qanuni qüvvəyə minmiş qərarı ilə verilmiş dövlət reyestrindən çıxarışın və həmin çıxarışa dair tərtib edilmiş «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi cavabdeh inzibati orqanın səlahiyyətlərinə daxil deyildir. - İşdə olan, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 29.01.2020-ci il tarixli **********77 nömrəli məktubundan görünür ki, JN-1792 nömrəli «Torpağın mülkiyyət hüququna dair dövlət aktı»nın 1792R nömrəsi ilə qeyd olunan 2585,56 kv.m torpaq sahəsi və A- 363301 nömrəli 01.04.2019-cu il tarixli «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən 0,2585 ha torpaq sahəsi ilə üst-üstə düşür. Bundan başqa, A-363301 nömrəli 01.04.2019-cu il tarixli «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən 0,2585 ha torpaq sahəsi Balakən Rayon Katex bələdiyyəsinin mülkiyyətinə aid deyildir. Həmin 0,2585 ha torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin tərtib etdiyi A-363301 nömrəli 01.04.2019-cu il tarixli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əsasən X9 xüsusi mülkiyyətinə aiddir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Hazırkı iddia öhdəliyin icrası haqqında olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab etmədi. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci hissəsinə əsasən, torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Həmin maddənin 5-ci hissəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 13.11-ci maddəsində deyilir ki, dövlət reyestri kağız üzərində və elektron daşıyıcılarında aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron daşıyıcısındakı yazılar birbirinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. İşdən göründüyü kimi, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19.01.1998-ci il tarixli qərarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,54 ha (1792R nömrəli planşetlə 2585,56 kv.m, 1792 nömrəli planşetlə 1306 kv.m və 1792A nömrəli planşetlə 1480,08 kv.m) torpaq sahəsi X2 və X9 ümumi mülkiyyətinə verilmiş və onların adına JN-1792 kod 40105018 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı» hazırlanmışdır. X15 həmin torpaq sahəsinə özünün və X2 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istədikdə qeydiyyat orqanı həmin dövlət aktının 1792R nömrəli planşet hissəsində qeyd olunan 0,2585 ha torpaq sahəsinin elektron baza xəritələrində bələdiyyə mülkiyyəti kimi göstərildiyini bildirmişdir. Lakin məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması təsdiqini tapmadığına, eləcə də 06.07.2006-cı ilədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxladığına, həmçinin, dövlət reyestrinin elektron daşıyıcısındakı yazılara münasibətdə kağız üzərindəki yazılara üstünlük verildiyinə görə məhkəmənin 01.08.2018-ci il tarixli qərarı ilə həmin 0,2585 ha torpaq sahəsinə X9 və X2 mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır. Hazırkı iş üzrə hazırlıq icraatı zamanı məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu edilərək 29.01.2020-ci il tarixli **********77 mütəxəssis rəyi alınmışdır. Həmin rəylə müəyyən edilmişdir ki, JN-1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın 1792R nömrəsi ilə qeyd olunan 2585,56 kv.m torpaq sahəsi və A-363301 nömrəli 01.04.2019-cu il tarixli «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən 0,2585 ha torpaq sahəsi üst-üstə düşür. Bundan başqa, A-363301 nömrəli 01.04.2019-cu il tarixli «Torpaq sahəsinin planı və ölçüsü»ndə göstərilən 0,2585 ha torpaq sahəsi Balakən Rayon Katex Bələdiyyəsinin mülkiyyətinə aid deyildir. Həmin 0,2585 ha torpaq sahəsi A-363301 nömrəli 01.04.2019-cu il tarixli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinə əsasən X9 xüsusi mülkiyyətinə aiddir. Göründüyü kimi, hazırda mübahisələndirilən A-363301 nömrəli 01.04.2019-cu il tarixli «Torpaq sahəsinin planı və ölçüsü»ndə 0,2585 ha torpaq sahəsinin koordinatları JN-1792 nömrəli «Torpağa mülkiyyət hüququna dair dövlət aktı»nın 1792R nömrəsi ilə qeyd olunan 2585,56 kv.m torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür, yəni «Torpaq sahəsinin planı və ölçüsü» Katex Bələdiyyəsinə deyil, X10 və X3 məxsus olan torpaq sahəsinə tərtib edilmiş, hər hansı kənaraçıxmaya yol verilməmişdir. Ona görə də cavabdeh həmin sənədi ləğv etməməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia təmin edilməməlidir. Bundan başqa, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə görə, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərclər mütəxəssis rəyinin verilməsinə çəkilmiş 86,40 manat xərcdən ibarətdir. İddia təmin edilmədiyinə görə həmin məbləğ iddiaçıdan alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Nəticəvi hissə: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı «üçüncü şəxs X9 adına tərtib edilmiş 01.04.2019-cu il tarixli A seriyalı 363301 nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddiası təmin edilməsin. İş üzrə prosessual xərclər iddiaçı Balakən Rayonu Katex Bələdiyyəsinə aid edilsin, mütəxəssis rəyinin verilməsinə çəkilmiş 86,40 manat xərc ondan alınaraq "xxxx" MMC-yə ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar