Məhkəmə qərarları › İş №2-1(116)-364/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-364/2021

01.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-364/2021 01.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyaya qarşı "ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının hərbi biletinin 7-ci səhifəsindəki qeydlərdən də göründüyü kimi iddiaçının N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 137 nömrəli əmrinə əsasən xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş və bütün növ təminatlara daxil edilmişdir. İddiaçı cavabdeh orqana müraciət edərək, ona Müharibə veteranı adı və vəsiqəsinin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia tələbində dəqiqləşmə aparmış və "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə protokol qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdehin etirazının dəlilləri: İş üzrə toplanmış materiallarda iddiaçının xx.xx.1993-xx.xx.1997-ci illərdə 470, N və N nömrəli hərbi hissələrdə müddətli həqiqi hərbi xidmət keçməsi barədə məlumatlar vardır. İddiaçının adına olan H3 № ******* hərbi biletin 7-ci səhifəsində onun N nömrəli hərbi hissənin tərkibində Tərtər rayonunda döyüş tapşırığını yerinə yetirməsi barədə qeyd aparılmışdır. Lakin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.2020-ci il tarixli 1/İ-16582 nömrəli məktubundan görünür ki, 470, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatları aparmamışdır. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-10837 №-li məktubunda isə göstərilir ki, N №-li nömrəli hərbi hissə komandirinin xx.xx.1993xx.xx.1994- cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı (sonrakı əlavə və dəyişikliklərlə) ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində — Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxsiərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Müdafiə Nazirliyinin müharibə veteranı adı və vəsiqəsi vermək öhdəliyi məhz sözügedən Əsasnamə əsasında yaranmışdır. Çünki, Əsasnamə ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilməsi müəyyən edilmişdir. İddiaçının hərbi biletində onun N nömrəli hərbi hissənin tərkibində Tərtər rayonunda döyüş tapşırığını yerinə yetirməsi barədə aparılmış qeyd arxiv məlumatı ilə təkzib olunur. Hərbi hissə döyüş əməliyyatları aparmadığından, iddiaçı isə bilavasitə döyüş əməliyyatlarında iştirak etmədiyindən ona müharibə veteranı adı verilə bilməz. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materiallarında olan ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən müəyyən edilir ki, biletin 7-ci səhifəsində iddiaçının N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 1003 nömrəli məktubuna əlavə edilmiş iddiaçının qeydiyyat kartasının təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.1993-xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissədə, xx.xx.1993-xx.xx.1993-cü ilədək N nömrəli hərbi hissədə, xx.xx.1993-xx.xx.1997-ci ilədək isə N nömrəli hərbi hissədə xidmət etmişdir. Həmçinin N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 22HP5559 nömrəli məktubunda qeyd edilir ki, 1975-ci il təvəllüdlü, N nömrəli hərbi hissədə xidmət etmiş İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmiş, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş, barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməmiş və ya amtistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməmişdir. İş materiallarında olan MN İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2- 10837 nömrəli məktubunda qeyd edilir ki, N №-li hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (əsas: səh 34, sıra 4) N №-li hərbi hissədən gəlmiş, Ucar RHK-dan çağırılmış, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 137 №-li əmrilə şəxsi heyətin siyahısına daxil edilməsi və Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis edildiyi üçün hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 17 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Ucar RHK-na göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 137 №-li əmrində (əsas: səh.29, §3, qeyd: əmrdə adı tam yazılmamış, atasının adı yazılmamışdır) İddiaçı N nömrəli hərbi hissədən gəlməsi və şəxsi heyətin siyahısına salınması barədə məlumat vardır. Müdafiə nazirinin xx.xx.1997-ci il tarixli müvafiq əmrinə əsasən ehtiyata tərxis olunduğu üçün İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 17 №-li əmrilə (əsas: səh.89, §1) şəxsi heyətin siyahısından bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün Ucar RHK-na göndərilmişdir. Qeyd edirik ki, N №-li hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. N №-li və N №-li hərbi hissə komandirlərinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Qarabağ Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 18/4992 nömrəli məktubunda iddiaçı barəsində Qarabağ Hərbi Prokurorluğunda cinayət işinin istintaq olunmadığı və təqsirləndirici materialın araşdırılmadığı qeyd edilmişdir. İş materiallarında olan Füzuli Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli 16/5707 nömrəli məktubunda qeyd edilir ki, iddiaçı barəsində prokurorluqda təqsirləndirici material və ya cinayət işi yoxdur. İş materiallarında olan Şəki Şəhər (Rayon) Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 189-31891-1220 nömrəli məktubuna əlavə edilmiş 9 nömrəli Əlavədən müəyyən edilir ki, iddiaçı barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Əsaslandırma hissəsi: Cavabdeh orqan məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin qeyd hissəsində deyilir ki, bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri” haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. İş materiallarına əsasən müəyyən edilir ki, 470, N və N nömrəli hərbi hissələr döyüş əməliyyatları aparmamışdır. Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020ci il tarixli 9/2-10837 №-li məktubunda isə göstərilir ki, N №-li nömrəli hərbi hissə komandirinin xx.xx.1993-xx.xx.1994- cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. İddiaçının hərbi biletində onun N nömrəli hərbi hissənin tərkibində Tərtər rayonunda döyüş tapşırığını yerinə yetirməsi barədə aparılmış qeyd arxiv məlumatı ilə təkzib olunur. Hərbi hissə döyüş əməliyyatları aparmadığından, iddiaçı isə bilavasitə döyüş əməliyyatlarında iştirak etmədiyindən ona müharibə veteranı adı verilə bilməz. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından iddiaçı müharibə veteranı statusunu almaq üçün döyüş əməliyyatlarında iştirak etdiyini sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının döyüşlərdə iştirak etməsi sübut edilmədiyindən inzibati orqan tərəfindən iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar