Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2-1(116)-364/2022 27.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsmayılzadə Fərid Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Aslanova Sədaqət Bəlyar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı "İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 06 saylı qərarı ilə X2 adına 25 dekabr 2005-ci il tarixdə verilmiş JN-006F kod 40719018 saylı şəhadətnamənin ləğv edilməsi, iddiaçının 14 aprel 2004-cü il tarixli 216769 saylı ev alqı-satqı müqaviləsi əsasında evin və 0,12 ha həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, 0,12 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə Şəki İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 06 saylı qərarı ilə X2 adına 25 dekabr 2005-ci il tarixdə verilmiş JN-006F kod 40719018 saylı şəhadətnamənin ləğv edilməsi, iddiaçının 14 aprel 2004-cü il tarixli 216769 saylı ev alqı-satqı müqaviləsi əsasında evin və 0,12 ha həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, 0,12 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddianın əsaslarına görə, iddiaçı İsmayıllı rayon Dövlət Notariat Kontorunun 14 aprel 2004-cü il tarixli 216769 saylı alqı-satqı müqaviləsi ilə İsmayıllı rayonu Mican kəndində yerləşən X3 adına olan evin və 12 sot həyətyanı torpaq sahəsinin də pulunu X5 verərək evi və həyətyanı torpaq sahəsini almışdır. Evin alqı-satqı müqaviləsi xx.xx.2004-cü ildə, Torpağa mülkiyyət hüququna dair şəhadətnamə isə 06 dekabr 2005-ci il tarixdə verilib. 07 iyul 2004-cü il tarixdə ev iddiaçının adına 2 nömrəli reyestr kitabında 11-ci səhifədə reyestr nömrəsi 108 ilə qeydiyata alınmışdır. Ev iddiaçının adına qeydiyyata alınandan 1 il 5 ay sonra həmin evin həyətyanı sahəsinə 0,12 ha əvəzinə 0,6 ha torpaq sahəsinə keçmiş istifadəçi Nitəliyevaya şəhadətnamə verilmişdir. Bu torpaq sahəsi İsmayıllı rayon Dövlət arxivinin verdiyi Mican kəndi 1980-1985-ci illər təsərrüfatbaşına kitabda X6 adına qeyd olunub. Ondan da evə mülkiyyət hüququ və torpağa istifadə hüququ vərəsəliklə X3 adına keçib. İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı mövcud olsa da, mülkiyyətə verilməmişdi. Həmin qərar əsasında ondan 1 il 5 ay sonra verilən TMHD şəhadətnamədə torpaq sahəsi texniki səhv olaraq 0,12 ha əvəzinə 0,06 ha kimi göstərilmişdir. Keçmiş mülkiyyətçi S.Niftəliyeva ilə alqı-satqı müqaviləsi ilə iddiaçının qanuni istifadəsinə keçmiş onun bu torpaq sahəsinə DTXK X2 adına JN-N006F kod 40719018 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamə vermişdir. Alqı-satqı müqaviləsi ilə iddiaçının qanuni istifadəsinə keçmiş bu torpaq sahəsinə verilən şəhadətnamə qanunsuzdur. İddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin onun müraciəti təmin olunmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli **********88 nömrəli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Əvvəlki mülkiyyətçilərin adına hazırlanmış JN-006F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv olunması və torpaq sahəsinin iddiaçının adına qeydiyyata alınması Ərazi İdarəsinin səlahiyyətnə aid deyildir. Cavabdeh xx.xx.2021-ci il tarixli **********55 nömrəli etiraz məktubunda qeyd etmişdir ki, X4 adına verilmiş JN-006 F saylı Şəhadətnamənin ləğv edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətləri daxilində olmadığından müraciətinin icrası mümkün olmamışdır. Eyni zamanda qeyd edilir ki, torpaq sahəsinin faktiki istifadəçisi İddiaçı və ailə üzvləridir. Torpaq sahəsi yaşayş məntəqələri torpaqları olmaqla həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Faktiki istifadədə olan torpaq sahəsi 0,1695 hektar təşkil edir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. İddiaçı adına tərtib edilmiş qeydiyyat vəsiqəsi və texniki pasportun arxivdə saxlanılnalı olan nüsxəsi Ərazi İdarəsində olan arxiv materialllarında aşkar edilmədi. İddiaçıya xx.xx.2022-ci il tarixdə hüquqi yardım məktubu ünvanlanaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinə əsasən nəzərinə çatdırılmışdır ki, ləğv olunması tələb edilən JN-006F kod 40719018 nömrəli şəhadətnamə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 06 nömrəli qərarı ilə verilmiş 0,06 hektar torpaq sahəsinə dair tərtib edilmişdir. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisələndirilən qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Qeyd olunanlardan belə nəticə hasil olur ki, inzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qaxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili ərizə təqdim edərək iddiasını geri götürdüyünü bildirmiş, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, o, müraciəti ilə faktiki olaraq iddianı geri götürmək niyyətini ifadə etmişdir. İddianın geri götürülməsi qanuna zidd olmadığı, digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığı üçün qəbul edilməli, iddia geri götürülmüş sayılmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, iddia tərəfi iddia tələbinə baxılmasını arzu etmir. Məhkəmə qeyd edir ki, iddiaçı öz iradəsinə uyğun olaraq məhkəməyə iddianın geri götürülmüş sayılması barədə ərizə verdikdə də, öz aktiv hərəkəti ilə iddia ərizəsinin məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini ifadə etmiş olur. Belə olan halda, məhkəmə iddiaçının iradəsinə uyğun olaraq iddianın geri qaytarılması barədə qərardad qəbul etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir; 55.5-ci maddəsinə görə, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. İPM-də iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi nəzərdə tutulmasa da, iddianın geri götürülməsinin bu formada həyata keçirilməsi iddiaçının maraqlarının müdafiəsi baxımından normativ tənzimetmənin hüquqi məzmununa zidd deyildir. Belə ki, hər iki hal son nəticədə iddiaçının ərizəsinə məhkəmədə baxılmasını və iş üzrə qərarın qəbul edilməsini istəmədiyini, işin nəticəsində hüquqi marağının olmadığını ifadə edir. Eyni mövqedən yanaşan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 2-1(102)-21/2021 nömrəli inzibati iş üzrə xx.xx.2021-ci il tarixli qərardadında göstərmişdir ki, “...Məhkəmə kollegiyası nəzərə alır ki, iddianın geri götürülmüş hesab edilməsindən fərqli olaraq, iddianın bilavasitə iddiaçının özü tərəfindən geri götürülməsi İPM-də aşkar tənzimlənməsə də, “iddianın geri götürülməsi”nin yolverilənliyi İPM-in 55.3cü və 55.5-ci maddələrinin təyinatına və məqsədinə uyğundur. Belə ki, bir halda, iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasına dair qənaət iddiaçının icraatdan yayınmasında ifadə olunan passiv davranışından irəli gəlirsə, hazırkı halda, bu qənaət (icraatın davam etdirilməsinə marağın olmaması) iddiaçının bilavasitə özünün aktiv davranışından – onun iddianı geri götürmə barədə ərizə verməsindən irəli gəlir. Göründüyü kimi, hər iki (passiv və aktiv) davranış eyni nəticəyə yönəlməklə İPM-in 55.3-cü və 55.5-ci maddələrinin məqsədlərini – iddiaçının icraatın davam etdirilməsinə marağının olmamasının müəyyən edilməsini və bu səbəblə iddia üzrə icraata xitam verilməsini təmin edir...”. Həmçinin məhkəmə bildirir ki, M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən, “...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X8 şikayətinə dair” 8 iyul 2013cü il tarixli Qərardadı). İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25). Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır... İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...”. Sözügedən qərarın apellyasiya şikayətinə münasibətdə mövqeyinin ifadə olunduğu nəticə hissəsinə görə, İPM-in 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. İddiaçıya izah edilir ki, iddianın geri götürülmüş hesab edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırmaq imkanını istisna etmir. Göstərilənlərə əsasən və İPM-in 55, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddianın geri götürülməsi barədə ərizəsi təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 9 saylı Qəbələ ərazi idarəsinə qarşı "İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 06 saylı qərarı ilə X2 adına 25 dekabr 2005-ci il tarixdə verilmiş JN-006F kod 40719018 saylı şəhadətnamənin ləğv edilməsi, iddiaçının 14 aprel 2004-cü il tarixli 216769 saylı ev alqı-satqı müqaviləsi əsasında evin və 0,12 ha həyətyanı torpaq sahəsinin alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, 0,12 ha həyətyanı torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılsın və iş üzrə icraata xitam verilsin. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid İsmayılzadə.
Məhkəmə qərarları › İş №2-1(116)-364/2022
Şəki İnzibati Məhkəməsi Qərardad — İş №2-1(116)-364/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver