Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-364/2024 05.11.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə OFP-nin 2-ci dərəcə məhdudlaşdırma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi PHŞ-yə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İİ dərəcə əlilliyin ləğv edilməsi baradə cavabdeh orqanın qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək “əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(116)-2426/2023 saylı qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında növbəti dəfə tələbini dəqiqləşdirərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə OFP-nin 2-ci dərəcə məhdudlaşdırma halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclas protokolunun qərardadı ilə “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə icraata qəbul edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı, xx.xx.1973-cü il tarixdə Göyçay rayonunda anadan olmuş, daimi yaşayış yeri Göyçay şəhəri olmuşdur. xx.xx.1991-ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, xx.xx.1996-cı il tarixdə N saylı hərbi hissədə xidmətini başa vuraraq təxris olunmuşdur. Xidmətdə olduğu müddət İ Qarabağ müharibəsi dövrünə təsadüf etdiyindən, torpaqların ərazi bütövlüyünün qorunması məqsədi ilə döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə mina partlaması nəticəsində döş qəfəsini dəlib keçən qəlpə yarası, bundan başqa qarın boşluğunun ön divarından sağ budu dəlib keçən odlu silah yarası xəsarətləri almışdır. Səhəti ilə əlaqədar dəfələrlə hərbi hospitalda və digər xəstəxanalarda müalicələr almışdır. Bu günə kimi də, həmin xəstəliklərdən əziyyət çəkir. Sonuncu dəfə hərbi həkim komissisiyası tərəfindən ona “ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli kəskinləşmə mərhələsi” diaqnozu qoyulmuş, tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş, müvafiq qərarla ona İİ qrup əlillik təyin edilmiş və pensiyanın verilməsi üçün zəruri sənədlər DSMF-nun Göyçay rayon Şöbəsinə göndərilmişdir. 2021-ci ildə cavabdeh inzibati orqan təkrar həkim müayinəsindən keçirilməyinə görə İİ qrup əlilik dərəcəsinin ləğv olunması barədə qərar qəbul etmişdir. Həmin il Göyçay Rayon Mərkəzi Xəstəxanasında müayinələrdən keçmiş, sonra ona eyni “ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli kəskinləşmə mərhələsi” diaqnozu qoyulmuş və bu barədə tibbi sənəd verilmişdir. Bundan sonra tərəfindən Göyçay Rayon Mərkəzi Xəstəxanasının vasitəsi ilə əlilliyin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana göndəriş ünvanlamış, lakin ona əlilliyin təyin edilməsindən Tibbi Sosial Ekspert Komissiyası tərəfindən imtina etmiş, buna əsas kimi “diqanoz əlilik əlaməti təyin etməməsi” göstərilmişdir. Cavabdeh inzibati orqanın imtinasını qanuni və əsaslı hesab etmir. Belə ki, Nazirlər Kabnetinin əlilliyin təyin olunması barədə meyarlarında onun xəstəlik diaqnozu - ağciyərin dəqiqləşdirilmiş kəskinləşmə ilə müşahidə olunan xroniki obstruktiv) XBT-10 (kod) J44.8 kimi qeyd edilmişdir. Əliliyin qiymətləndirilmə zamanı inzibati orqan xəstəliyi ilə əlaqədar yaranmış diaqnozun həmin meyraların tələblərinə uyğun gəlməsini araşdırmamış, əlilliyin qiymətləndirilməsi zamanı qanunla üzərinə duşən öhdəliyi tam şəkildə yerinə yetirməmiş və nəticədə əsasız olaraq imtina verilmişdir. Lakin inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 15 ildir ki, 5 ildə bir dəfə eyni diqanoz ilə tibbi komissiyadan keçməklə xəstəliyi ilə əlaqədar pensiya almışdır. Yəni həmin illərdə əliliyin təyin olunması barədə qüvvədə olan Nazirlər Kabnetinin qərarında əlilik meyarlarında xəstəlik diaqonuzu öz əksini tapmışdır. Ona görə də, 2021-ci ilə kimi pensiya təyinatı inzibati orqan tərəfindən dayandırılmamışdır. Hesab edir ki, hazırda əlilik dərəcəsinin ləğv olunması kobud qanun pozuntusudur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: - Göyçay rayon sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin L00027471NB1 nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və göndəriş natamam doldurulduğundan müvafiq qeyd olunaraq geriyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2001-ci il tarixli 21 nömrəli Qərar verilmişdir. Həmin qərarda ‘‘Döş qəfəsinin və qarnın ön səthinin qəlpə yaralanmasından sonrakı dəri çapıqları, döş qəfəsi ön səthinin dərialtı təbəqəsində yad cisim (qəlpə), funksiyanın pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd olunmuş ‘‘Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Aq ciyərlərin xroniki obstruktiv xəstəliyi orta aqır qedişli kəskinləşmə mərhələsi" diaqnozu araşdırılmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı havalar isinən zaman boğulmadan şikayətlənmişdir. Müayinə zamanı döş qəfəsin ön səthində çapıq toxumalar izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Auskultasiyada ağciyərlər üzərində vezikulyar tənəffüs eşidilmiş, döş qəfəsi tənəffüs aktında simmetrik iştirak etmiş, saturasiyası 99%, nəbzi 102 vurğu, tənəffüs sayı 18 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmamışdır. Vətəndaşın təqdim etdiyi hərbi biletdə yalnız bud yaralnaması haqqında məlumat qeyd olunmuş, hərbi qərardakı məlumat arasında uyğunsuzluq aşkarlanmışdır. Müayinə gedişatında vətəndaş öskürək və təngnəfəslik əlamətlərini simulasiya etməyə çalışmışdır. X2 Xəstəlikləri institutunun xx.xx.2022-ci il tarixli 8367 nömrəli Spirometriya müayinəsinin nəticəsi "FVC 2,64 53%, FEV1 2.5 53%. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Generalizə olunmuş bronxobstruksiya" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2023-cü il tarixli 206 nömrəli Spirometriya müayinəsinin nəticəsi "Tənəffüs hərəkətlərini düzgün verinə yetirmədiyi üçün müayinə basa çatdırılmadı. Obyektiv olaraq tənəffüs vezikulyardır. Patoloji xırıltılar, obstruksiya müayinə zamanı qeyd olunmur” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Cavabdeh orqan əlavə olaraq bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Göyçay Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2024-cü il tarixli göndərişi əsasında baxılmış Diaqnozun mətni: Mina partlaması nəticəsində döş qəfəsinin sağ yarısının, qarnın və sağ budun qəlpə yaralanmasından sonrakı vəziyyət. Qarııışıq tipli əhəmiyyətli ventilyasiya pozuntusu. Xroniki tənəffüs çatmamazlığı İİ dərəcə. Ağciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli, kəskinləşmə dövrü. Diafraqmanın sağ kupolunun yad cismi, metal qəlpəsi. Atopik dermatit ilə Göndərişin natamam doldurulması - Səbəb: Vətəndaş Hərbi Komissiyada iştirak etməkdən imtina etdi qeyd edilməklə imtina cavabı verilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina qərarı, M/V №031574 nömrəli vəsiqə, НЗ №6200456 nömrəli Hərbi bilet, cavabdehin 3-17-4/3-3-4002/2023 nömrəli 20 iyun 2023-cü il tarixli Qərarı, Tibbi-Sosial Ekspert Komissiyasının müayinə cavabları (Akt nömrələri:xxxxxxx0001, xxxxxxx0002, xxxxxxx0003, xxxxxxx0004, xxxxxxx0006, xxxxxxx0007, xxxxxxx0008, xxxxxxx0009, xxxxxxx0010), Göyçay Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli məktubları, Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli, 21 nömrəli qərarı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş T144/2024 nömrəli ekspert rəyi, “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 742/KEŞ nömrəli ekspert rəyi. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-nin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etməməsi” əsası ilə imtina cavabı verilmiş, iddiaçı, xx.xx.2023-cü il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan tərəfindən müraciətin təmin edilməsindən imtina barədə inzibati aktın iddiaçıya hansı tarixdə verilməsinə dair sübut təqdim edilmədiyindən və iddiaçı tərəfindən təqdim edilən imtina cavabının “çap tarixi” xx.xx.2023-cü il tarixə aid olduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün iddia müddəti ötürülməmişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. (-). 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı xüsusi biliyə və təcrübəyə malik olduğu haldan gedir. İddiaçıya əlilliyin təyin olunması ilə bağlı məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normanın tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Cavabdeh orqan sonuncu, yəni xx.xx.2023-cü il tarixli imtina cavabında iddiaçıya əlilliyin təyin edilməsindən “diaqnozun əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina etmişdir. Məhz həmin imtina cavabını aldıqdan sonra iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Səhiyyə müəssisəsi tərəfindən (Göyçay RMX PHŞ) tərtib edilmiş göndərişdə iddiaçıya qoyulmuş diaqnoz “J44.8-Ağciyərlərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, Ağ ciyərlərin xroniki obstruktiv xəstəliyi orta ağır gedişli kəskinləşmə mərhələsi, J96.1-Xroniki respirator çatmamazlıq, Tənəffüs çatmamazlığı İİ dərəcə, Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu, Generalizə olunmuş bronxobstruksiya” olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya qoyulan diaqnozun doğruluğunu və səbəbli əlaqəsini müəyyən etmək məqsədilə iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(116)-364/2024 nömrəli və xx.xx.2024-cü il tarixdə 2-1(116)-364/2024 nömrəli qərardadlarla canlı şəxsin məhkəmətibbi ekspertizası təyin edilmiş, ekspertizanın aparılması “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1”-nin ekspertlərinə həvalə edilmişdir. Sonuncunun təqdim etdiyi ekspert rəylərində qeyd edilmişdir ki, iddiaçının tibbi sənədlərinə əsasən o Göyçay Rayon Mərkəzi Xəstəxanasında 26.04-xx.xx.2023 cü il tarixlərdə müalicədə olarkən müəyyən edilmiş “J44.8- Ağciyərin digər dəqiqləş-dirilməmiş xroniki obstruktiv xəstəliyi orta agır gedişi kəskinləşmə mərhələsi. J96.1- Tənəffüs çatmamazlığı İİ dərəcə, qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. T94.0-Bədənın bir neçə dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. Mina partlaması nəticəsində döş qəfəsinin sağ yarısının qarnın və sag budun qəlpə yaralanması. T17.8- Diafraqmanın sag kupolunun yad cismi, metal qəlpə "R07.1- Tənəffüs zamanı döşdə ağrı. F31.1- Orta dərəcəli depressiv epizod. Nevrasteniya” diaqnozunda olan xəstəliklərdən əziyyət çəkməsini inkar etmək olmaz. Belə ki, həmin xəstəliklər ona kliniki, laborator instrumental müayinələr əsasında müəyyən edilmişdir. Məhkəmənin icraatında olan oxşar inzibati işlər üzrə təcrübədən məlumdur ki, bir çox hallarda “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1” cavabdeh orqanın təsiri altında olmaqla qoyulmuş suallar üzrə konkret rəy vermir, yaxud verilmiş cavabları cavabdeh orqanın hüquqi mövqeyinə uyğunlaşdırmaqla mübahisə ilə bağlı konkret tibbi bilikləri ortaya qoymaqdan çəkinir. Bu həm də, müvafiq müəssisənin məhkəmə tərəfindən qoyulmamış suallara münasibətdə cavabdeh orqanla eyni tipli cavablar verməsində və bu cavabların bir qayda olmaqla iddiaçının ziyanına olmasında da, müşahidə olunur. Qeyd olunan hal “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1”-nin ekspertlərinin tibbi biliklərinin səthi olması, baxılan məsələyə laqeyd münasibəti, cavabdeh orqanın təsiri altına düşməsi və s. ilə izah oluna bilər. Bununla belə müvafiq tibbi rəyin əldə edilməsi üçün alternativ ekspertiza müəssisəsi olmadığından və işin hallarının araşdırılması baxımından ekspertizanın təyin edilməsi zəruri olduğundan məhkəmə müvafiq tibbi ekspertizanı məhz həmin quruma həvalə etmişdir. Odur ki, hazırkı işdə də, məhkəmə ekspertin cavabdeh orqanın mövqeyinə uyğunlaşdırmaqla tərəddüd içərisində verdiyi rəylərini işin digər halları ilə kompleks şəkildə yoxlayaraq qiymətləndirmə aparmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş T144/2024 nömrəli rəyində ekspert, iddiaçıya qoyulmuş diaqnozun düzgünlüyünü yazılı rəyində ifadə etmək qabiliyyətinə malik olmasa da, dolayı yolla göstərmişdir ki, sadalanan xəstəliklərdən iddiaçının əziyyət çəkməsini inkar etmək olmaz. Belə ki, həmin xəstəliklər ona kliniki, laborator instrumental müayinələr əsasında müəyyən edilmişdir. İddiaçı barəsində müvafiq tibbi göndərişi tərtib etmiş səhiyyə müəssisəsi xx.xx.2024-cü il tarixli məktubunda qeyd etmişdir ki, iddiaçı, “Ağciyərlərin xroniki obstruktiv xəstəliyi, orta ağır gedişli xroniki tənəffüs çatmamazlığı İİ ddərəcə” diaqnozu ilə həkim pulmonoloqun qeydiyyatındadır. Ona qoyulmuş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 1.1.1-1.1.1.2-ci bəndinə uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”-nın 3-cü bəndində (orqanizmin funksiyalarının pozulması faizləri) anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz (3.1.2) olmaqla müəyyən edilmişdir. Tənəffüs sistemi orqanlarının xəstəliklərinə aid istinad olunan 1.1.1.2-ci yarımbənddə “təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, İİ və İİİ dərəcəli xroniki tənəffüs çatışmazlığı və ya İİA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı ilə” qiymətləndirməsinə uyğun olaraq orqanizmin funksiyalarının pozulma faizi 2 il müddətinə 65-80 % müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: 2.1.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik; 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. İş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 21 №li xx.xx.2001-ci il tarixli qərarında iddiaçıya qoyulmuş “Döş qəfəsinin qarnın ön səthinin qəlpə yaralanmasından sonrakı dəri çapıqları, döş qəfəsi ön səthinin dərialtı təbəqəsindən yad cismi (qəlpə) funksiyasının pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş 742/KEŞ nömrəli ekspert rəyində xəstəliyin səbəb əlaqəsinə münasibətdə qeyd etmişdir ki, “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə”nin 7.1-ci bəndinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə bağlı səbəb əlaqəsinin təyini Hərbi Həkim Komissiyasının səlahiyyətlərinə aiddir. Lakin qeyd etmək lazımdır ki, şəxsin əlillik dərəcəsi 2003-cü ildə İİ dərəcə kimi qiymətləndirilərkən xəstəliyin səbəbli əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi İlə əlaqədar olduğu göstərilmişdir.” Göründüyü kimi ekspert ümumiyyətlə qoyulmuş sualın mahiyyətini dərk etməmişdir. Belə ki, verilən sual hərbi qulluqçunun aldığı xəsarətin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsinə yox, hazırda müəyyən edilmiş diaqnozla Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 21 nömrəli qərarında göstərilən (Döş qəfəsinin və qarnın ön səthinin qəlpə yaralanmasından sonrakı dəri çapıqları, döş qəfəsi ön səthinin dərialtı təbəqəsində yad cisim (qəlpə) funksiyanın pozulmaması) diaqnoz arasında səbəbli-əlaqənin mövcud olub-olmamasının aydınlaşdırılmasına yönəlmişdir. Bununla belə məhkəmə verilən cavabın dəqiqləşdirilməsi üçün əlavə ekspertizanın aparılmasına lüzum görməmişdir. Belə ki, verilən rəy və işin yuxarıda qeyd edilən halları sözügedən qurumun aşkar səriştəsizliyini və verilən sualları mahiyyəti üzrə cavablandırmaq iqtidarında olmamasını əks etdirir. Nəzərə alınmalıdır ki, qoyulan diaqnozun tibbi nöqteyi nəzərdən səbəbli-əlaqəsinin qiymətləndirməsi aparılmalı olduğu halda, ekspert qeyd etmişdir ki, “iddiaçıya 2003-cü ildə İİ dərəcə kimi əlillik dərəcəsi qiymətləndirilərkən xəstəliyin səbəbli əlaqəsi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur”. Göstərilən hal işdə olan sənədlərdən də aşkar görünməklə məhkəməyə bəllidir və bunun üçün ekspertiza tədqiqatının aparılmasına ümumiyətlə lüzum yoxdur. Məhkəmə, iddiçıya ilk dəfə əlillik təyin edilən zaman (xx.xx.2003) müəyyən edilmiş diaqnozla (mina partlaması nəticəsində döş qəfəsinin və qarının ön səthinin qəlpə yaralanması), növbəti illərdə (xx.xx.2014-xx.xx.2015, xx.xx.2015-xx.xx.2016, xx.xx.2016xx.xx.2021) əlilliyin təyin edilməsinə əsas olmuş diaqnozları müqayisəli şəkildə tədqiq edərək o qənaətə gəlir ki, faktiki olaraq iddiaçıda hazırda müəyyən edilən xəstəliyin ilkin yaranma səbəbi mina partlaması nəticəsində döş qəfəsinin qəlpə yaralanması ilə bağlı olmuş və qeyd olunan diaqnoz Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 21 nömrəli qərarında qeyd edilmişdir. İcraat materiallarından görünür ki, iddiaçıya əvvəllər sözügedən diaqnoz əsasında təyin edilmiş əlilliyin səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” göstərilmişdir. Məhkəmə həmçinin onu da, nəzərə alır ki, döş qəfəsinin qəlpə yaralanmaları nəticəsində yaranan çapıqlar və döş qəfəsinin dərialtı təbəqəsində olan yad cisimlər (qəlpə) ağciyərlərin mexaniki ventilyasiyasına təsir edə bilər. Xroniki tənəffüs çatışmazlığı və bronxobstruksiyanın döş qəfəsindəki travmaların nəticəsi olaraq inkişaf etməsi mümkündür və travmalar nəticəsində ağciyərlərdə ventilyasiya pozğunluğu və ya emfizema inkişaf edə biləcəyindən, döş qəfəsinə nüfuz etmiş qəlpə yaralanmasının tənəffüs sisteminə təsir göstərməmə ehtimalı olduqca azdır. Əvvəlki əlillik təyinatında da, döş qəfəsindəki və qarındakı qəlpə yaralanmalarının əsas götürülməsi alınmış xəsarətlərin kifayət qədər ciddi nəticələrə səbəb olduğunu birbaşa sübut edir. Buna görə də, məhkəmə hesab edir ki, kəskinləşmə mərhələsində olan ağciyərlərin xroniki obstruktiv xəstəliyi ağciyərlərə təsir edən fiziki travmanın gecikmiş nəticəsi kimi qiymətləndirilməlidir. Mərkəzi Hərbi Həkim Komissiyasının istinad olunan qərarında “funksiyanın pozulmaması” qeyd edilsə də, sözügedən qərarın qəbulundan 23 il keçməsi nəzərə alınmaqla funksional pozuntuların zamanla inkişaf etməsi və xroniki forma alması tamamilə mümkündür (gecikmiş nəticə olaraq). Cavabdeh orqan iddiaçıda olan xroniki tənəffüs çatışmazlığının döş qəfəsindəki travma nəticəsində baş verməməsinə, o cümlədən hərbi əməliyyatlaradək iddiaçıda tənəffüs problemlərinin olmasına dair hər hansı sübut təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə, döş qəfəsi yaralanmasının indiki respirator xəstəliyin yaranmasına potensial təsirini nəzərə alaraq hesab edir ki, iddiaçıya səhiyyə müəssisəsi tərəfindən qoyulmuş diaqnoz faktiki olaraq tənəffüs sistemi orqanlarının xəstəliklərinə aid olduğundan sözügedən diaqnozla Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2001-ci il tarixli 21 nömrəli qərarında qeyd edilmiş diaqnoz arasında səbəbli-əlaqə mövcuddur. Odur ki cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır.. Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll edilir. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh PHŞ-nin üzərinə İddiaçı xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 2 il müddətinə OFP-nin 2-ci dərəcə məhdudlaşdırma halının müəyyən edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.
Məhkəmə qərarları › İş №2-1(116)-364/2024
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-364/2024
05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver