Məhkəmə qərarları › İş №2-1(116)-365/2021

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-365/2021

25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-365/2021 25.02.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialına qarşı “sosial adaptasiya məqsədi ilə birdəfəlik pul müavinətinin verilməsi barədə buraxılmış müddətin üzrlü hesab edilməsi və “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinin İddiaçı şamil olunaraq sosial adaptasiya məqsədi ilə birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx xxxxx 2010-cu il tarixdə X1 Məcəlləsinin müvafiq maddələri ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. O, xx.xx.2020-ci il tarixdə cəzaçəkmə müəssisəsindən azad edilmiş, lakin COVİD-19 pandemiyası ilə əlaqədar gediş-gəlişin bağlanması səbəbi ilə iddiaçı ölkəyə xx xxxxxx 2020-ci il tarixdə qayıtmışdır. Növbəti gün, yəni xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək iddiaçı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən Atletlər kəndində pandemiya ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh orqana müraciət edərək, müavinətin verilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli ərizəsində qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Yuxarıda qeyd edilən Qanunun 6-cı maddəsində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər barəsində həyata keçirilən tədbirlər əhatə olunmuşdur. Həmin maddənin 1-ci hissəsinin 7-ci bəndi iddiaçının iddia etdiyi sosial müavinətin ödənilməsini və onun hansı kateqoriya şəxslərə ödənilməsini müəyyən edir: 6.1.7. cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti verilir. Normada iddia edilən müavinətə hüququn subyekti qismində sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad edilmiş şəxslər müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsi sosial adaptasiyaya ehtiyacı olan şəxs statusunun yaranması şərtini müəyyən etmişdir: 7.1. Müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. 7.2. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı (ƏƏSMN) tərəfindən qeydiyyata alınırlar. Yuxarıda qeyd edilmiş normaların qarşılıqlı təhlilindən aydın olduğu kimi sosial adaptasiya müavinətini almağa hüquq yalnız sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınmış şəxslərə şamil edilir. İddiaçı isə özü də qəbul etdiyi kimi bu kateqoriya şəxs olmadığı üçün qaldırmış olduğu iddia ilə bağlı subyektiv hüquqa malik deyildir. Hazırkı halda iddiaçı sosial müavinət alması üçün DSMF-nin Göyçay Rayon Filialına deyil, ilk öncə sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınması üçün səlahiyyətli orqana - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli idi. Nazirlik tərəfindən qeydiyyata alındıqdan sonra onun hazırkı iddia üzrə subyektiv hüququ yaranmış olardı. İddiaçı ƏƏSMN-ə qeydiyyata alınmaq üçün müraciət etmədən cavabdeh inzibati orqana (Göyçay rayon şöbəsi) sosial müavinət alması üçün müraciət etdiyinə görə, haqlı olaraq onun müraciəti üzrə tələbi Filial tərəfindən təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Göyçay rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 099335 nömrəli arayışdan müəyyən edilir ki, iddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2020-ci il tarixədək Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli “Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi”ndən müəyyən edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmış və Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB publik hüquqi şəxsin arayışına əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək “Nizami” atletlər kəndində COVİD-19 ilə mübarizə tədbirləri çərçivəsində karantin rejimində saxlanılmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsaslıdır. Belə ki, iddiaçı Rusiya Federasiyasında cəzaçəkmə müəssisəsində cəza çəkdikdən sonra həmin ölkədə üç ay müddətində pandemiya ilə əlaqədar karantində saxlanılmışdır. Karantin müddəti bitdikdən sonra iddiaçı Azərbaycan Respublikasına göndərilmiş və yenidən on gün müddətində karantinə alınmışdır. Karantin müddəti bitdikdən sonra iddiaçı cavabdeh orqana müraciət edərək, cəza çəkmiş şəxs kimi ona birdəfəlik müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan isə qanunvericiliyin tələblərinə əsaslanaraq tələb olunan müddət ərzində müvafiq icra hakimiyyəti orqanında qeydiyyata düşmədiyi üçün müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı xarici ölkədə cəzasını çəkdikdən sonra özündən asılı olmayan səbəblərdən tələb olunan müddət ərzində ölkəyə qayıdaraq qeydiyyata düşə bilməmişdir. Belə ki, RF-da cəzaçəkmə müddətini başa vuran iddiaçı vətəndaşı olduğu ölkəyə qaytarılmamışdan əvvəl dərhal üç ay müddətinə karantinə alınmış, karantin müddəti bitdikdə müvafiq analizlər alınmış və COVİD-19 virus daşıyıcısı olmadığı müəyyən edildikdən sonra ölkəyə göndərilmişdir. Həmçinin ölkəyə qayıdan kimi hava limanında yenidən 10 gün müddətinə karantinə alınmış və beləliklə də qeydiyyata düşmək üçün tələb olunan üç aylıq müddəti iddiaçı ondan asılı olmayan səbəblərdən ötürmüşdür. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. Həmin Qanunun 4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. Həmin Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin x xxxx 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1-ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-ci maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-ci maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cavabdehin iddiaçının sosial müavinət alması üçün DSMF-nin Göyçay Rayon Filialına deyil, ilk öncə sosial adaptasiyaya ehtiyacı olan şəxs qismində qeydiyyata alınması üçün səlahiyyətli orqana - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməli olması barədə dəlilini məhkəmə əsassız hesab edir və qeyd edir ki, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır və qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçıya cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 13 saylı regional ərazi filialının üzərinə İddiaçı cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxs kimi birdəfəlik pul müavinətinin ödənilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.“ Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar