Məhkəmə qərarları › İş №2-1(116)-365/2024

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-365/2024

27.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-365/2024 27.02.2024 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi, cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 16 saylı Ucar Ərazi İdarəsinin nümayəndəsi X3, üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 16 saylı Ucar ərazi idarəsinə qarşı “Göyçay şəhəri, Atatürk küçəsində yerləşən, xx.xx.2006-cı il tarixli, 0000903-nömrəli çıxarışla əvvəllər tanınmış hüquqların - 0.0152 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 16 saylı Ucar ərazi idarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Göyçay şəhəri, Atatürk küçəsində yerləşən, xx.xx.2006-cı il tarixli, 0000903-nömrəli çıxarışla əvvəllər tanınmış hüquqların - 0.0152 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(116)-365/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişdir. İddia ərizəsinin əsaslarına görə, iddiaçı cavabdeh orqana müraciət edərək, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 0.0152 ha həyətyanı torpaq sahəsinin X4 mülkiyyətində olmasını, onun mülkiyyət hüququnun xx.xx.2006-cı il tarixli, 0000903nömrəli çıxarışla rəsmiləşdirilməsini və daha sonra alqı-satqı müqaviləsi əsasında özünə satılmasını bildirərək, üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyyatına alınmasını və müvafiq çıxarışın verilməsini xahiş etmiş, lakin müraciəti təmin edilməmişdir. Buna görə də hazırkı inzibati mübahisə yaranmışdır. Cavabdeh orqan iddia tələbinə münasibətində qeyd etmişdir ki, Göyçay şəhəri Atatürk küçəsində yerləşən 0,0152 ha həyətyanı torpaq sahəsinin qeydiyyata alınması ilə bağlı Göyçay dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli 4Ə-853 nömrəli alqı-satqı müqaviləsi təqdim edilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, 0,0152 ha həyətyanı torpaq sahəsinin Yer hamamı” adlanan tarixi abidə kimi qeydiyyatda olan və qorunan abidə arxitektura kompleksinin ərazisinə bitişik ərazidə yerləşir. Qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14 cü maddəsinə əsasən sənədlərin qeydiyyatı 1 ay müddətinə dayandırılraq X15, inkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsinin Göyçay rayon Nümayəndəliyinə 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən sorğu verilmişdir. Həmən idarənin xx.xx.2023-cü il tarixli 042-QR nömrəli məktubunda 152.0 kv.m torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilməmişdir. Bu səbəbdən də, ərizənin icrası mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək iddia ələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs iddia iddia tələbinə etiraz edərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçı, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, analoji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. - cavabdehin xx.xx.2023-cü il tarixli 3-21-3-36/2-4628/2023 nömrəli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində **********92 reyestr nömrəli çıxarışla X2 mülkiyyətinə verilmiş 152.0 kv.metr torpaq sahəsi ilə bağlı "Torpaq sahəsinin planı və ölçüsü sənədi mövcud olmadığı üçün 152.0 kv.metr torpaq sahəsinin yerləşdiyi ərazi mütəxəssis tərəfindən müəyyən edilməsi mümkün olmamışdır. Baxış zamanı iddiaçının nümayəndəsinin naturada göstərdiyi, üzərində fərdi yaşayış evi mövcud olan 172.0 kv.metr torpaq sahəsi elektron baza məlumatlarına əsasən yaşayış məntqələrinin torpaqları kateqoriyalı ərazidə yerləşir. Əlavə olaraq bildirilmişdir ki, X1 şəhəri, Atatürk küçəsində yerləşən İddiaçı məxsus 0.0152 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı idarəyə müraciət etmiş, bununla bağlı idarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman sözügedən torpaq sahəsinin qonşuluğunda tarixi əhəmiyyətli hamamın yerləşdiyi müəyyən olunmuş və aparılan araşdırma zamanı hamamın yeraltında yerləşən hissəsinin üzərində 152.0 kv.metr torpaq sahəsi yerləşdiyi müəyyən edilmişdir. Bununla bağlı X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional İdarəsinin Göyçay rayon Nümayəndəliyinə idarə tərəfindən sorğu verilmiş, sorğuya cavab olaraq idarəyə X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ regional idarəsindən xx.xx.2023-cü il tarixli 042-QR nömrəli məktub daxil olmuş, məktubda 152.0 kv.metr torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnun Dövlət qeydiyyatına alınması məqsədəuyğun hesab edilməmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. - xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, X7 DƏDRX-nin Ucar Ərazi İdarəsinin tərtib etdiyi xx.xx.2006-cı il tarixli, ******* №-li çıxarış və xx.xx.2006-cı il 27/636 №-li arayışına əsasən ona məxsus Göyçay şəhəri Atatürk küçəsində yerləşən 0,0152 ha torpaq sahəsi İddiaçı satmışdır. - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Göyçay rayon Mədəniyyət və Turizm Şöbəsinin cavabdeh orqana ünvanlanmış xx.xx.2014-cü il tarixli 58 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 02 avqust 2001-ci ildən 132 saylı qərarla qeydiyyata götürülmüş yerli əhəmiyyətə malik “Yeraltı hamam” (inv..№24269) tarixi abidə kimi Mədəniyyət və Turizm şöbəsinin balansında olmaqla dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Prezidentinin “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının faliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 29 dekabr 2012-ci il tarixli 800 saylı Fərmanın 1.2 bəndini əsas götürərək bildirilmişdir ki, Göyçay şəhəri Atatürk küçəsi 70 saylı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılmasının mümkünlüyü barədə rəy verilməsi mümkün olmamışdır. - MH seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Göyçay şəhərində yerləşən 0,0152 ha torpaq sahəsin (təyinatı (kateqoriyası)-yaşayış məntəqələrinin torpaqları, məqsədli istifadə növü-sahibkarlıq) mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Göyçay bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5 saylı ümumi iclas protokolundan çıxarışdan görünür ki, ünvan 2 ünvanda yaşayan X6 DT və XK-nin Göyçay rayon şöbəsinin xx.xx.2005-ci il tarixli 38 saylı rəyi, xx.xx.2005-ci il tarixli baxış aktı və xx.xx.2005-ci il tarixli baş memarın sxematik planına əsasən abadlıq və yaşıllaşdırma məqsədilə satılması nəzərdə tutulan sahə (yer hamamının yanında) 152 kv.metr torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. - Göyçay bələdiyyəsinin xx.xx.2005-ci il tarixli baxış aktından görünür ki, X6 yaşıllaşdırma məqsədilə torpaq sahəsi almaq barədə Göyçay bələdiyyəsinin verdiyi ərizə ilə əlaqədar şəhərin Atatürk küçəsi ilə R.İsayev küçəsindəki əraziyə baxış keçirilmiş, baxış zamanı həmin ərazinin məqsədli təyinatı yerquruluşu-təsərrüfat planına, yaşayış sahəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihəsinə uyğun olmasının həmçinin müvafiq kommunikasiya xətlərinin zolağında yerləşdirilməsini nəzərə alıb hər ərazidən sərhədləri: şimaldan fərdi həyətyanı sahə, şərqdən “Sevinc” sanatoriyası, cənubdan Atatürk küçəsi, qərbdən isə fərdi həyətyanı sahə ilə həmsərhəd, ölçüləri 19m x 8m olan 152 kv.metr torpaq sahəsinin yaşıllaşdırmaq üçün ayrılaraq X5 verilməsi məqsədəmüvafiq hesab edilmişdir. - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X15, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin cavabdeh orqana ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 0,0152 ha həyatyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə müvafiq məktuba baxılmışdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən abidələrin mühafizə zonası — abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimləmə zonasıdır. Qanunun 10-cu maddəsinə əsasən abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır. Bildirilmişdir ki, sözügedən yaşayış evi mövcud qanunvericiliyin tələblərinə zidd olaraq abidənin ərazisində inşa edildiyindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını məqsədəuyğun hesab edilmir. Əsaslandırma hissəsi: Tərəflər şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı, inzibati işin şifahi məhkəmə baxışı iclasında iştirak etməmişdir. İddiaçı, xx.xx.2024-cü il tarixdə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tərəflər təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsinə əsasən 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr... daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İş materiallarından görünür ki, hazırkı tələblə məhkəməyə müraciət etməkdə iddiaçının hüquqi marağı Göyçay şəhəri, Atatürk küçəsində yerləşən 0.0152 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasına, müvafiq çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdır. Cavabdeh orqanın iddia tələbinə qarşı dəlili sözügedən torpaq sahəsinin “Yer hamamı” adlanan tarixi abidə kimi qeydiyyatda olan və qorunan abidə arxitektura kompleksinin ərazisinə bitişik ərazidə yerləşməsi ilə bağlıdır. Məhkəmə cavabdeh orqanın dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarından göründüyü kimi sözügedən torpaq sahəsini iddiaçı xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin alqı-satqı müqaviləsi ötən müddət ərzində mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməmiş və hal-hazırda qüvvədədir. Bununla da iddia olunan torpaq sahəsinə münasibətdə iddiaçıya məxsus etibarlı hüquqmüəyyənedici sənəd - hazırda qüvvədə olan və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.3-cü maddəsində hüquqların dövlət qeydiyyatı üçün birbaşa hüquqi əsas olan notarial qaydasında təsdiq edilmiş müqavilə mövcuddur. Nəzərə alınmalıdır ki, cavabdeh orqan hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludur. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, etibarsız sayılana və ya başqa səbəblərdən qüvvəsini itirmiş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır, hüquqi cəhətdən etibarlı sayılır və həmin qanuni əsas hüquqi qüvvəsini itirmədiyi halda, onun əsasında qeydiyyatın aparılması təmin edilməlidir. Odur ki, xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi ləğv olunmadan (etibarsız sayılmadan) həmin müqavilənin əsasında qeydiyyatın aparılmasından cavabdeh orqan imtina edə bilməz. Digər tərəfdən nəzərə alınmalıdır ki, Göyçay bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 5 saylı ümumi iclas protokolu ilə iddia olunan torpaq sahəsi ayrılarkən həmin ərazinin “yer hamamı”nın yanında olması bəlli idi. Buna baxmayaraq, cavabdeh orqan MH seriyalı ******* nömrəli çıxarışla sözügedən torpaq sahəsi üzərində X4 mülkiyyət hüququnu dövlət qeydiyyatına almışdır. Üçüncü şəxs, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunun 2-ci maddəsinə istinad edərək iddia olunan torpaq sahəsinin “yer hamamı”nın mühafizə zonasında yerləşməsini və yaşayış evinin mövcud qanunvericiliyin tələblərinə zidd olaraq abidənin ərazisində inşa edilməsini bildirərək torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına etiraz etmişdir. Məhkəmə üçüncü şəxsin dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının tələbi Göyçay şəhəri, Atatürk küçəsində yerləşən, xx.xx.2006-cı il tarixli, 0000903-nömrəli çıxarışla əvvəllər tanınmış hüquqların (0.0152 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun) xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında yenidən öz adına qeydiyyata alınması ilə bağlıdır. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanunda mühafizə zonasında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı hər hansı məhdudiyyət müəyyən edilməmiş, yalnız tikililərə münasibətdə preventiv tədbirlərin görülməsi, yerləşdiyi torpaq sahəsi üzərindəki tikililərlə birlikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət tərəfindən satın alınmasının mümkünlüyü nəzərdə tutulmuşdur. Odur ki, şərh olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, cavabdeh orqan iddia olunan torpaq sahəsinin “yer hamamı”nın mühafizə zonasında yerləşməsinə istinad etməklə müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 16.1. Qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Maddə 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Maddə 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X14 16 saylı Ucar ərazi idarəsinin üzərinə Göyçay şəhəri, Atatürk küçəsində yerləşən – 0,0152 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun (xx.xx.2006-cı il tarixli, 0000903-nömrəli çıxarışla əvvəllər tanınmış hüquqların) dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar