Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-366/2021 16.03.2021 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun “Qələbə” kolxozunda işlədiyi 23 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun “Qələbə” kolxozunda işləməyi barədə arxiv arayışında göstərilən iş stajının onun sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.1955-ci il tarixdə Yevlax rayonunda anadan olmuşdur. 1970-ci ildən 1997-ci ilədək Yevlax rayonu, Tanrıqulular kəndinin bazasında fəaliyyət göstərən “Qəbələ” kolxozunda kolxozçu işləmiş, lakin həmin dövrdə işləməsi barədə əmək kitabçası tərtib edilməmiş və qanuna uyğun qeydiyyat aparılmamışdır. Bu səbəblə iddiaçı cavabdeh orqana arxiv arayışı təqdim edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin onun müraciəti təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbində dəqiqləşdirmə aparmış və 1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun “Qələbə” kolxozunda işlədiyi 23 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir. DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli etiraz məktubunda qeyd edilir ki, iddia tələbi üzrə iddiaçı arxiv arayışına əsaslanaraq iddianın təmin edilməsini xahiş etmişdir. Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək qazanılmış sığorta stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının’’ 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Qanunvericiliyə uyğun olaraq şəxsin iddia etdiyi 1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun “Qələbə” kolxozunda işlədiyi illər barədə qeydlər onun əmək kitabçasında olmalıdır. Buna baxmayaraq, İddiaçı təqdim etdiyi sənədlərdən göründüyü kimi əmək kitabçası yoxdur. Məhkəmə iclasında iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax rayon filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz olunması barədə protokol qərardadı qəbul edlmişdir. İş materiallarında olan Dövlət Arxivinin Yevlax filialının xx.xx.2021-ci il tarixli, 07/10 nömrəli arxiv arayışından görünür ki, iddiaçı “Qələbə” kolxozunda 1970, 1973, 1976-1997ci illərdə müvafiq olaraq 147, 249, 241, 240, 258, 276, 364, 362, 360, 364, 364, 362, 364, 364, 366, 362, 360, 364, 360, 364, 260, 364, 310, 158 adam günü olmaqla kolxozçu işləmişdir. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin xx.xx.2020-ci il tarixli, 144 nömrəli arayışının surətindən görünür ki, iddiaçı xx.xx.1973-cü ildən xx.xx.1975-ci ilədək keçmiş SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət keçmişdir. İş materiallarında olan cavabdehin xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı xx.xx.2020-ci ildə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etmişdir. “Əmək pensiyaları haqqında ’’Azərbaycan Respublkasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021 -ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlyaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Vətəndaşın Yevlax rayonu Tanrıqulular kənd Qələbə kolxozunda 1970, 1973, 1976-1997-ci illərdə işlədiyi əmək kitabçası ilə rəsmiləşmədiyindən yaşa görə əmək pensiyası təyinatından imtina edilmişdir. İddiaçı Yevlax rayonu Tanrıqulular kənd Qələbə kolxozunda 1970,1973,1976-1997-ci illərdə işlədiyi illər sosial sığorta stajına daxil edilərsə, hərbi xidmət dövrü də daxil olmaqla xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiya hüququ yarana bilər. İddiaçı pensiya təyin edilmədəyindən onun adına pensiya işi yoxdur. İddiaçının mübahisəli iş stajı Yevlax rayonu Tanrıqulular kənd Qələbə kolxozunda 1970, 1973, 1976- 1997-ci illərdə işlədiyi illər 23 ildir. İddiaçının mübahisələndirilməyən iş stajı hərbi xidmət dövrü olmaqla 2 ildir. İddiaçı1970-1997-ci illər ərzində işlədiyi üçün pensiya kapitalı yoxdur. İddiaçının tələbində qeyd edilən staj 23 ildir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, iddiaçının stajı yerində yoxlanılmış və arxiv arayışında qeyd olunan məlumatların doğruluğu öz təsdiqini tapmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. İddiaçının qeyd olunan iddianı qaldırmaqda hüquqi marağı 23 il müddətin sosial sığorta stajına daxil ediləcəyi təqdirdə yaşa görə pensiya almaq hüququnun reallaşmasından ibarətdir. İş materiallarında olan cavabdehin məlumatından müəyyən olunur ki, iddiaçının mübahisələndirilməyən stajı hərbi xidmət dövrü olmaqla 2 ildir. İddiaçının tələbində qeyd olunan 23 il müddət stajına daxil edilsə, onun tələb olunan 25 il stajı tamamlanacaqdır. Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsinə əsasə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1955-ci ildə doğulmuş və onun 64 yaş 6 ayı xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. 7-ci maddənin qeydinə əsasən iddiaçının pensiya yaşı 6 ay artırılmış və sonuncunun pensiya yaşı onun 64,6 yaşı tamam olduğu xx.xx.2020-ci il tarixdə tamam olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Artıq formalaşmış məhkəmə təcrübəsinə əsasən də arxiv arayışlarının stajı təsdiq edən sənəd kimi qəbul olunması müəyyən olunduğu halda cavabdeh inzibati orqanın israrla əmək kitabçasının olmamasına əsaslanaraq vətəndaşın pensiya hüququnun reallaşmasına imkan verməməsinin səbəbi məhkəməyə aydın deyil. Cavabdeh inzibati orqan özü həmin arxiv arayışında qeyd olunan məlumatların mötəbərliyini aktlaşdırmaqla təsdiq etmiş, bunula belə yenə də əsassız olaraq iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Cavabdeh iddiaçının müraciəti əsasında demək olar ki, inzibati icraat aparmamış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının analoji işlərə dair qərarları olduğu halda yenə də vətəndaşın hüququnun pozulmasına yönələn addımlar atmışdır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçı X1 1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun Qələbə kolxozunda işlədiyi 23 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə iddiaçı X1 1970, 1973, 1976-1997-ci illərdə Yevlax rayonunun Qələbə kolxozunda işlədiyi 23 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-366/2021
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-366/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver