Məhkəmə qərarları › İş №2-1(116)-367/2020

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-367/2020

14.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-367/2020 14.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X2 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1972-1996-cı illərdə Ağsu rayonunun «Komsomol» kolxozunda işləməyi barədə verilmiş Ağsu rayon Dövlət arxivinin 04 iyul 2019-cu il tarixli, 93 saylı arxiv arayışında göstərilən iş illərinin iş stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1958-ci il tarixdə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuşdur. 1972-1996-cı illərdə Ağsu rayonunun “Komsomol” kolxozunda işləmişdir. Lakin işlədiyi bu müddət ərzində əmək kitabçası olmamışdır. Qeyd olunan illərdə işləməyi əmək kitabçasında olmadığından, o, Ağsu rayonu Dövlət arxivinə müraciət etmiş, arxiv tərəfindən ona 04 iyul 2019-cu il tarixli, 93 nömrəli arxiv arayışı verilmişdir. O, yaşa görə əmək pensiyası təyin olunmasından ötrü DSMF-nin Ağsu rayon şöbəsinə rəsmi olaraq müraciət etmişdir. Lakin DSMF-nin Ağsu rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 -ci bəndinə əsaslanaraq ona 20 noyabr 2019-cu il tarixli **********0 saylı imtina məktubu göndərmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu Ağsu rayon şöbəsi bildirir ki, əmək pensiyası təyin olunmasından ötəri təqdim olunan sosial (sığorta) stajı «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.2.1 bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Cavabdeh iddiaya qarşı münasibətində bildirmişdir ki, 1975-1994-cü illərdə Ağsu rayonu Lenin adına kolxozda qadınlar üçün minimum əmək iştirakı norması 180 (yüz səksən) adam günü olmuşdur. Vətəndaş İddiaçı adına verilmiş arxiv arayışına əsasən onun 1972-1996-cı illər üzrə 25 il iş stajı vardır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianın təmin olunmasını xahiş etdi. İşə materiallarında olan Ağsu rayon Dövlət Arxivinin 04.07.2019-cu il tarixli 93 nömrəli arayışından görünür ki, iddiaçı 1972-1996-cı iilərdə “Komsomol” kolxozunda işləmişdir. Şəki İnzibati Məhkəməsinin 19.02.2020-ci il tarixli 2-1(116)-367/2020-ci il tarixli Qərardadı ilə kompleks məhkəmə-xətşunaslıq və sənədlərin məhkəmə texniki ekspertizası təyin edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.06.2020-ci il tarixli 5/125 nömrəli ekspert rəyində bildirilir ki, yazıların sənəd qrafalarında qeyri-təbii yerləşməsi, rəngləyicinin rəng çalarlarının müxtəlif olması, əlavə edilmiş əlyazma yazılarının lüminisensiyasının fərqli olması, kağızın üst qatının zədələnməsi, kağız liflərin dağılması, kağızın nazikləşməsi və s. Göstərilən əlamətlərə əsasən belə nəticəyə gəlindi ki, tədqiqata təqdim edilmiş 1978-ci il tarixli arxiv kitabının 2-ci səhifəsində “İddiaçı” yazısının qarşısındakı “186” rəqəmlərindən “8” rəqəmin yerində “3” rəqəmi olmuş, sonradan üzərinə əlavə cizgi artırmaqla indiki rəqəm icra edilmişdir; 1979-cu il tarixli arxiv kitabının 3-cü səhifəsində “İddiaçı” yazısının qarşısındakı “193” rəqəmlərinin yerində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlər icra edilmişdir; 1980-ci il tarixli arxiv kitabının 1-ci səhifəsində “İddiaçı” yazısının qarşısındakı “184" rəqəmlərindən “8” rəqəmin yerində “3” rəqəmi olmuş, sonradan üzərinə əlavə cizgi artırmaqla indiki rəqəm icra edilmişdir; 1981-ci il tarixli arxiv kitabının 1-ci səhifəsində “İddiaçı” yazısının qarşısındakı “197” rəqəmlərindən “9” rəqəmin yerində “0” rəqəmi olmuş, sonradan üzərinə əlavə cizgi artırmaqla indiki rəqəm icra edilmişdir; 1982-cü il tarixli arxiv kitabının 1-ci səhifəsində “İddiaçı” yazısının qarşısındakı “187” rəqəmlərindən “8” rəqəmin yerində “1” rəqəmi olub, sonradan üzərinə əlavə cizgi artırmaqla indiki rəqəm icra edilmişdir; 1984-cü il tarixli arxiv kitabının 11-ci səhifəsində “İddiaçı” yazısının qarşısındakı “182” rəqəmlərindən “8" rəqəmin yerində “2” rəqəmi olmuş, sonradan üzərinə mexaniki üsulla pozma aparılaraq və əlavə cizgi artırmaqla indiki rəqəm icra edilmişdir; 1985-ci il tarixli arxiv kitabının 3-cü səhifəsində “İddiaçı” yazısının qarşısındakı “185” rəqəmlərindən “8” rəqəmin yerində “7” rəqəmi olub, sonradan üzərinə mexaniki üsulla pozma aparılaraq və əlavə cizgi artırmaqla indiki rəqəm icra edilmişdir; 1986-cı il tarixli arxiv kitabının 6-cı səhifəsində “İddiaçı” yazısının qarşısındakı “193” rəqəmlərindən “9” rəqəmin yerində “0” rəqəmi olmuş, sonradan üzərinə əlavə cizgi artırmaqla indiki rəqəm icra edilmişdir; 1987-ci il tarixli arxiv kitabının 9-cu səhifəsində “İddiaçı” yazısının qarşısındakı “240” rəqəmlərindən “2” rəqəmi sonradan əlavə edilmişdir; 1988-ci il tarixli arxiv kitabının 9-cu səhifəsində “İddiaçı” yazısının qarşısındakı “262” rəqəmlərindən birinci “2” rəqəmi sonradan əlavə edilmişdir; 1989-cu il tarixli arxiv kitabının 8-ci səhifəsində “İddiaçı” yazısının qarşısındakı “253” rəqəmlərindən “2” rəqəmi sonradan əlavə edilmişdir; 1992-ci il tarixli arxiv kitabının 11-ci səhifəsində “İddiaçı” yazısının qarşısındakı “188” rəqəmlərinin yerində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlər icra edilmişdir; 1993-cü il tarixli arxiv kitabının 1-ci səhifəsində işarə edilmiş “205” rəqəmlərinin yerində mexaniki üsulla pozma aparılaraq indiki rəqəmlər icra edilmişdir; 1995-ci il tarixli arxiv kitabının 12-ci səhifəsində işarə edilmiş “30” rəqəmlərindən “3” rəqəmin yerində “1” rəqəmi olmuş, sonradan üzərinə əlavə cizgi artırmaqla indiki rəqəm icra edilmişdir. Təqdim edilmiş 1979-ci il tarixli arxiv kitabının 3-cü səhifəsində “İddiaçı” yazısının qarşısındakı “193” rəqəmlərinin, 1992-ci il tarixli arxiv kitabının 11-ci səhifəsində “İddiaçı” yazısının qarşısındakı “188” rəqəmlərinin, 1993-cü il tarixli arxiv kitabının 1-ci səhifəsində işarə edilmiş “205” rəqəmlərinin yerindəki düzəlişlər yerli və intensiv olduğu üçün, həmin rəqəmlərinin yerində əvvəlcə hansı rəqəmlərinin olduğunu müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş 1978-ci il tarixli arxiv kitabının 2-ci səhifəsində “İddiaçı” yazısının qarşısındakı “248” rəqəmlərində hər hansı düzəlişlər müəyyən edilmədi.

2. Gələcəkdə belə xarakterli sənəd saxtalaşdırılmasının baş verməməsi üçün ekspert aşağıdakı profilaktik tövsiyyələri verir: -sənədlərdə edilən düzəlişlər razılaşdırılaraq aparılmalı; -sənədlərdə aparılan düzəlişlər səlahiyyətli şəxslər tərəfindən təsdiq edilməli.

İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Cavabdeh 20.10.2019-cu il tarixli **********0 nömrəli imtina məktubu, Ağsu rayon Dövlət Arxivinin 04.07.2019-cu il tarixli 93 nömrəli arxiv arayışı, Onlara AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Cavabdeh 15.01.2020-ci il tarixli **********5 nömrəli məktubuaiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.

Əsaslandırma hissəsi:

Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia əsassızdır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi iddiaçıya verilmiş arxiv arayışına əsas olan kitablarda düzəlişlər edilərək, onun tələb olunan 25 il stajının tamamlanmasına cəhd olunmuşdur. Belə ki, qeyd olunan düzəlişlər edilməyəcəyi təqdirdə iddiaçının tələb olunan stajı qanunvericiliklə müəyyən olunmuş əmək iştirakı norması (adam günü) tamamlanmadığı üçün onun müvafiq olaraq yaşa görə pensiya almaq hüququ da reallaşmayacaqdı. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli və ekspertiza xərci olan 61,52 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. 81.2-ci maddəsinə görə inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “1972-1996-cı illərdə Ağsu rayonunun «Komsomol» kolxozunda işləməyi barədə verilmiş Ağsu rayon Dövlət arxivinin 04 iyul 2019-cu il tarixli, 93 saylı arxiv arayışında göstərilən iş illərinin iş stajına daxil edilərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Ekspert rəyinin verilməsinə çəkilən xərcə görə 61 manat 52 qəpik İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar