Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-368/2020 14.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “üçüncü dərəcəli Dövlət qulluqçusu ixtisas dərəcəsi, məzuniyyətə çıxarkən bir aylıq əməkhaqqı məbləğində ödənilən müavinət, 3 dəfə aylıq əmək haqqı məbləğində ödənilən kollektiv mükafatlar və hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla, 01.01.2014-cü il tarixdən Dövlət qulluqçusu kimi əmək pensiyasının məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1950-ci il tarixdə anadan olmuşdur. O, 27.05.1982-ci il tarixdən 26.06.1987-ci il tarixədək Şəki XDS İcraiyyə Komitəsinin əsaslı tikinti şöbəsinin müdiri vəzifəsində işləmişdir. Ona 30.12.2013-cü il tarixdən yaşa görə Dövlət Qulluqçusu kimi əmək pensiyası təyin olunmuşdur. Dövlət qulluğunda 5 il iş stajı nəzərə alınaraq qulluq stajına görə ona əlavələr ödənilir. İddiaçıya əmək pensiyası hesablanarkən ixtisas dərəcəsi, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq və mükafatlat nəzərə alınmamışdır. Bununla bağlı iddiaçı DSMF-nin Şəki şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının ixtisas dərəcəsinin olmadığını, 15 faiz əlavə haqq və mükafatlar barədə arayış təqdim etmədiyini əsas gətirərək əmək pensiyası hesablanarkən ixtisas dərəcəsi, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq və mükafatların nəzərə alınmasından imtina etmişdir. Cavabdeh imtinasında bildirmişdir ki, iddiaçıya 30.12.2013-cü il tarixdən yaşa görə Dövlət Qulluqçusu kimi pensiya təyin olunmuşdur. Vətəndaşın iddia ərizəsində qeyd etdiyi ixtisas dərəcəsi, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə haqq, müavinət və mükafatları almadığı üçün əmək pensiyasının yenidən hesablanması mümkün deyildir. Məhkəmə iclasında iddiaçı iddianın təmin olunmasını xahiş etdi. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DSMF-nin Şəki şəhər şöbəsinin 21.11.2019-cu il tarixli imtina məktubu, AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti, DSMF-nin Şəki şəhər şöbəsinin 10.01.2020-ci il tarixli etiraz məktubu, X2 03.03.2020-ci il tarixli məktubu, DSMF-nin Şəki şəhər şöbəsinin 21.05.2020-ci il tarixli məktubu, əmək kitabçasının təsdiq edilmiş surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri ilə bağlı məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddia mümkün iddia olsa da mahiyyət baxımından əsassızdır. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, o, 27.05.1982-ci il tarixdən 26.06.1987-ci il tarixədək XDS İcraiyyə Komitəsində əsaslı tikinti şöbəsinin rəisi vəzifəsində işləmişdir. İş materiallarında olan 03.03.2020-ci il tarixli 04/01-08/0765 nömrəli X2 məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda) habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci bəndinə əsasən aparılmışdır. Həmin Siyahının 1.17-ci yarımbəndində rayon (şəhər) X1 icraiyyə komitəsinin aparatında müstəqil şöbənin müdiri vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında bölmə rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Müvafiq uyğunlaşdırma aparıldığı üçün İddiaçı 1982-1987-ci illərdə işlədiyi müddət dövlət qulluğu stajına daxil edilir. İş materiallarında olan DSMF-nin Şəki şəhər şöbəsinin 21.05.2020-ci il tarixli **********2 nömrəli məktubundan müəyyən olunur ki, əgər iddiaçı iddia tələbində qeyd etdiyi əlavə və mükafatları almış olsaydı (ildə 3 dəfə mükafat, 1 dəfə yardım, 15 faiz səlahiyyətlər və 45 manat dərəcə pulu) onun Dövlət Qulluqçusu kimi əmək pensiyasının məbləği hal-hazırda 397.95 manat olardı. İddiaçının əmək kitabçasına əsasən 01.01.2006cı il tarixədək 28 il 1 ay sosial sığorta stajı hesablanmışdır. Bu staja uyğun olaraq vətəndaş hal-hazırda ümumi əsaslarla 233.20 manat məbləğində əmək pensiyası alır. “Əmək Pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr almaq hüququna malikdirlər. “Dövlət qulluğu haqqında” Qanunun 23.1, 23.2 və 23.4-cü maddələrində təsbit edilmişdir ki, dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərindən və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi iddiaçıya pensiya təyin edilərkən 5 il olmuşdur. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyət orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli 290 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 18.10.1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələr Təsnifatı Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısında qeyd olunan vəzifələrdə xidmət etmiş şəxslər dövlət qulluqçusu kimi pensiya təminatı hüquqlarına malikdirlər. Qanunvericiliyin istinad olunan müddəalarından göründüyü kimi şəxsin dövlət qulluqçusu kimi pensiya hüququnun olması üçün onun 5 il daimi dövlət qulluğunda xidmət etməsi kifayətdir. İddiaçının 27.05.1982-ci il tarixdən 26.06.1987-ci il tarixədək XDS İcraiyyə Komitəsində əsaslı tikinti şöbəsinin rəisi vəzifəsində işlədiyi müddət qüvvədə olan qanunvericiliklə dövlət qulluqçusu stajına aid edilmişdir. 27.05.1982-ci il tarixdən 26.06.1987-ci il tarixədək olan dövr üzrə isə iddiaçının dövlət qulluqçusu olaraq pensiya alması üçün qanunla nəzərədə tutulmuş müddət tamamlanmışdır. Lakin iş materiallarında olan sənədlərdə iddiaçının 27.05.1982-ci il tarixdən 26.06.1987-ci il tarixədək XDS İcraiyyə Komitəsində əsaslı tikinti şöbəsinin rəisi vəzifəsində işlədiyi müddətdə ixtisas dərəcəsi alması, məzuniyyətə çıxarkən bir aylıq əməkhaqqı məbləğində ödənilən müavinət, 3 dəfə aylıq əmək haqqı məbləğində ödənilən kollektiv mükafatlar və hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq alması barədə müvafiq sənəd-sübutlar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının dövlət qulluqçusu olaraq işlədiyi müddətdə ixtisas dərəcəsi, əlavə və mükafatlar alması barədə təsdiqedici sənədlərin olmaması səbəbindən iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “üçüncü dərəcəli Dövlət qulluqçusu ixtisas dərəcəsi, məzuniyyətə çıxarkən bir aylıq əməkhaqqı məbləğində ödənilən müavinət, 3 dəfə aylıq əmək haqqı məbləğində ödənilən kollektiv mükafatlar və hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq nəzərə alınmaqla, 01.01.2014-cü il tarixdən Dövlət qulluqçusu kimi əmək pensiyasının məbləğinin yenidən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri S.Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(116)-368/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-368/2020
14.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver