Məhkəmə qərarları › İş №2-1(116)-369/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-369/2022

31.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-369/2022 31.10.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının vəkili X7, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı ““Şəfəq-1” kollektiv bağçılığındakı 4 nömrəli 0.0582 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-cı il tarixli 102 saylı qərarı ilə X12 ASC-yə ayrılmış, “Şəfəq-1” kollektiv bağçılığındakı 4 nömrəli 0.06 ha torpaq sahəsinə iddiaçının adına plan ölçü sənədin hazırlanması və mülkiyyət hüquqlarının qeydə alınıb çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək ““Şəfəq-1” kollektiv bağçılığındakı 4 nömrəli 0.0582 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(116)-369/2022 nömrəli qərardadı ilə Mingəçevir bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X17 17 saylı Yevlax Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbini aşağıdakı kimi əsaslandırmışdır: - X13 ASC-nin 25 aprel 2005-ci il tarixli 02 saylı qərarı ilə zavodun «Şəfəq-1» kollektiv bağçılığındakı X9 məxsus 0.06 ha 4 №-li torpaq sahəsi iddiaçının adına keçirilməsi qərara alınmışdır. Həmin vaxtdan həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirib ailəsi ilə birgə orada yaşayır. Həmin torpaq sahəsi Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli 102 saylı qərarı ilə TRM zavoduna ayrılmış 5 ha torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Həmin torpaq sahəsi üzərində hüquqlarını qeydə aldırmaq üçün cavabdeh orqana müraciət etmişdir. Cavabdeh orqan ərizəsini təmin etməkdən imtina edərək göstərmişdir ki, arxiv materiallarında 25 aprel 2005-ci il tarixli iclas protokolu mövcud deyildir və həmin torpaq sahəsi 110 kv-luq yüksək gərginlikli elektrik xətlərinin qorunma zolağında yerləşmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Məhkəmə iclasında iddiaçı və iddiaçının vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər. Cavabdehin orqan xx.xx.2021-ci il tarixli iddia tələbinə etirazında qeyd etmişdir ki, torpaq sahəsi üzərində inventarlaşdırma işləri aparılmış, elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və təqdim edilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, ləğv edilmiş Mingəçevir şəhər Bağlar idarəsi tərəfindən xx.xx.2007-ci , tarixli Akta əsasən DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə təhvil verilmiş Şəfəq-1 kollektiv bağçılığının adlı siyahısında X8 adı qeyd edilmişdir. Arxiv materiallarında TRM ASC HİK-nin xx.xx.2005-cı il tarixli iclas protokolu mövcud deyildir. Həmçinin müayinə zamanı məlum olmuşdur ki, üzərində mülkiyyət hüquqları qeydiyyata alınacaq 0.06 ha bağ sahəsinin üzərindən 110 kv-luq yüksək gərginlikli elektrik hava xətləri keçir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”-na əsasən 110 kv-luq elektrik xəttinin mühafizə zolağı 20 metr təşkil edir. Bununla da ayrılmış torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin qorunma zolağında yerləşmişdir. Təqdim olunmuş sənədlərdəndə göründüyü kimi ilkin hüquq sahibi Qurban Sadıqovla ilə İddiaçı arasında şiafhi razılaşma əsasında qeyri-rəsmi alqı-satqı aparılmışdır. Lakin aralıqda olan şifahi razılaşma hazırki, vəziyyətə və o cümlədən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqınbda” Azərbaycan Respublikasının Qanununun mövcud tələblərinə əsasən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasına dəlalət vermir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin mövcud tələblərinə əsasən yalnız üzərində mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak alqı-satqı predmeti ola bilər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin mövcud tələblərini rəhbər tutaraq, məhkəmədən iddia tələbi əsassız olduğu üçün iddianın təmin olunmamasını və işə bizim iştirakımız olmadan baxıb qərar çıxarmağınızı xahiş etmişlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. Üçünçü şəxs iddia ərizəsinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - cavabdehin xx.xx.2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının ilkin müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Şəki İnzibati Məhkəməsi tərəfindən, Mingəçevir şəhər XDS icraiyyə Komitəsinin 07 mart 1980-ci il tarixli 102 nömrəli qərarı ilə “X13” ASC-yə ayrılmış, “Şəfəq-1" kollektiv bağçılığındakı X2 məxsus 4 nömrəli 0,06 ha torpaq sahəsinin yüksək gərginlikli hava elektrik verilişi xəttinin (bundan sonra - HEVX) mühafizə zonasına düşüb-düşməməsi və xəttin istismara verildiyi tarix barədə məlumat verilməsi üçün X6 Agentliyinin (bundan sonra - Agentlik) Şəki filialına ünvanlamış və aidiyyəti üzrə baxılması üçün Agentliyin Mingəçevir filialına daxil olmuş müraciət tərəfimizdən araşdırılmışdır. Yerində baxış zamanı və "xxxx" ASC-nin "xxxx" MMC-nin 118/01-13-215 nömrəli, xx.xx.2021-ci il tarixli məktubuna əsasən məlum olmuşdur ki, sözügedən ərazidən "xxxx" MMC-nin balans və xidmətində olan, 1961-ci ildə istismara verilmiş ikidövrəli 110 kV-luq “1-ci və 2-ci Şəhər”, 1949-cu ildə istismara verilmiş gərginlik olmayan köhnə 220 kV-luq “1-ci Mingəçevir və 1954, 1978-ci illərdə istismara verilmiş gərginlik olmayan köhnə 220 kV-luq “2-ci Mingəçevir” HEVX-lər keçir. Vətəndaş tərəfindən inşa edilmiş fərdi yaşayış evi yerləşən torpaq sahəsi gərginlik olmayan köhnə 220 kV-luq “1-ci Mingəçevir” və gərginlik olmayan köhnə 220 kV-luq “2-ci Mingəçevir” HEVX-lərin arasındakı mühafizə zonasında yerləşir. Lakin, ikidövrəli 110 kV-luq “1-ci və 2ci Şəhər” HEVX-nin mühafizə zonasına düşmür. Belə ki, torpaq sahəsinin sol kənar hüdudlarından ikidövrəli 110 kV-luq “1-ci və 2-ci Şəhər" HEVX-yə qədər təqribən 24 metr və sağ kənar hüdudlarından isə gərginlik olmayan köhnə 220 kV-luq “2-ci Mingəçevir” HEVX-yə kimi təqribən 11,5 metr məsafə vardır. Gərginlik oimayan köhnə 220 kV-luq “1-ci Mingəçevir” HEVX isə torpaq sahəsinin üzərindən keçir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydalarf’nın 5-ci bəndinə əsasən 110 kV-luq xəttin mühafizə zonası hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən 20 metr, 220 kV-luq xətdə isə 25 metr məsafədə şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklindədir. - TRM ASC HİK-nin xx.xx.2005-ci il tarixli 02 nömrəli protokoldan çıxarışdan görünür ki, “Şəfəq-1” bağçılığındakı 4 №-li 0.06 torpaq sahəsi İddiaçı adına keçirilməsi qərara alınmışdır. - X11 Filialının xx.xx.2021-ci il tarixli T-165 nömrəli arxiv arayışından görünür ki, TRM ASC HİK-nin xx.xx.2005-ci il tarixli iclas protokolu filiala mühafizə edilmək üçün təhvil verilməmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna qoşma kimi əlavə edilmiş mütəxəssis rəyoindən görünür ki, İddiaçı X1 naturada göstərdiyi torpaq sahəsinin koordinatları, sahəsi, yerləşmə vəziyyəti tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçı X1 naturada göstərdiyi 0.0582 ha torpaq sahəsinin uqodiyası bağlar (tikinti altında olan torpaqlar), təyinatı yaşayış məntəqələrinin torpaqları, mülkiyyətçisi Mingəçevir bələdiyyəsidir. Torpaq sahəsinin istifadəçini müəyyən etmək Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İddiaçı X1 naturada göstərdiyi torpaq sahəsinin üzərindən 110 kv-luq yüksək gərginlikli hava elektrik xətləri keçir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları”na əsasən mühafizə zonası 20 metr müəyyən edilmişdir. İddiaçı X1 naturada göstərdiyi torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin qorunma zolağında yerləşir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş yerquruluşu planı əlavə olunur. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. AR İPM-in 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Buna görə də məhkəmə tərəfindən inzibati orqanın hərəkətinin qanuniliyi araşdırılmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Mingəçevir şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Həmin sərəncamın 2.2-ci bəndinə əsasən, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlərin görülməsi Nazirlər Kabinetinə tapşırılmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinin 1-ci abzasında göstərilmişdir ki, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0.7-ci maddəsinə əsasən, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinın başqasına keçməsinin məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi Şəfəq-1 kollektiv bağçılığın adlı siyahısında X8 adında qeyd edilmiş, TRM ASC HİK-nin xx.xx.2005-ci il tarixli 02 nömrəli protokolu ilə torpaq sahəsinin iddiaçının adına keçirilməsi qərara alınmışdır. Sözügedən protokolun arxiv materiallarında mövcud olmamasına münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən həmin protokoldan çıxarışın əsli təqdim edilmiş və cavabdeh orqan həmin sənədin mötəbərliyini şöbhə altına salacaq hər hansı sübut təqdim etməmişdir. Torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 filialının xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi yerləşən torpaq sahəsi gərginlik olmayan köhnə 220 kV-luq “1-ci Mingəçevir” və gərginlik olmayan köhnə 220 kVluq “2-ci Mingəçevir” HEVX-lərin arasındakı mühafizə zonasında yerləşir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş, “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi” Qaydalarının 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Həmin Qaydaların 7-ci bəndinə əsasın, torpaq mülkiyyətçisi və yaxud istifadəçisi tərəfindən hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında həmin xətlərin istismarçılarını qabaqcadan xəbərdar etməklə kənd təsərrüfatı, suvarma və digər işlər aparılır. Normaların məzmunundan göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən həmin qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər (oxşar inzibati mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 445/2021 nömrəli qərarında yuxarıda qeyd olunan hüquqi mövqe əks olunmuşdur). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina edərkən haqlı olmamışdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə “Şəfəq-1” kollektiv başçılığındakı 4 nömrəli 0.0582 ha torpaq sahəsi üzərində iddiaçı X3 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, çıxarışın və plan-ölçü sənədin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar