Məhkəmə qərarları › İş №2-1(116)-37/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-37/2022

31.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-37/2022 31.05.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi, cavabdehin nümayəndəsi Hacı-X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 12 saylı Şəki Ərazi İdarəsinə qarşı “RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “mülkiyyətində olan Qax rayonu İlisu kəndində yerləşən 0,5 ha torpaq sahəsinə dair RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın dəyişdirilməsi, “Təyinatı (kateqoriyası)” sətrində - “digər” qeyd edilməklə yeni Çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İddiaçı, tələbində qeyd etmişdir ki, mülkiyyətində olan torpaq sahəsinin kənd təsərrüfatı ehtiyacları üçün yararlı olmadığı, məqsədli təyinatı və hüquqi rejimi baxımından torpağın hansı kateqoriyaya aid olduğu bilinmədiyi və torpaq sahəsi faktiki olaraq kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün yararlı olmadığı halda müvafiq hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin məqsədli təyinatı və hüquqi rejimi baxımından kateqoriyası “kənd təsərrüfatı təyinatlı” torpaqlar, uqodiyası isə əkin kimi göstərilmişdir. İddiaçı tələbini dəqiqləşdirərək cavabdehin üzərinə RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə yeni çıxarışın verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh, iddia tələbinə münasibətində qeyd etmişdir ki, X4 DTXK-nın Qax rayon şöbəsi tərəfindən verilmiş kod 40308018, JN-753 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qax rayonu, İlisu kəndində yerləşən 1.0 ha torpaq sahəsinin 0.50 ha hissəsini Qax DNK-nın 17 iyul 2008-ci il tarixli, 4Ə-395 saylı alqı-satqı müqaviləsi ilə İddiaçı satmış, sonuncunun adına 03 sentyabr 2008-ci il tarixdə ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Torpağa mülkiyyət hüququna dair Dövlət aktına və Qax rayonu, İlisu kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən 03 sentyabr 2008-ci il tarixli, ********* qeydiyyat nömrəli çıxarış verilərkən torpaq sahəsinin kateqoriyası “kənd təsərrüfatı təyinatlı torpaqlar” olaraq göstərilmişdir. Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsində sözügedən torpaq sahəsinin kateqoriyası “yaşayış məntəqələri torpaqları” və “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara” aid olmadığından həmçinin Azərbaycan Respublikasında məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq ərizəçinin ərazi idarəsinə ünvanladığı müraciətdə göstərdiyi “digər” torpaq kateqoriyası mövcud olmadığından müraciətin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etirazla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Seriya MH ******* №-li (300805401 qeydiyyat nömrəli) çıxarışdan görünür ki, Qax rayonu İlisu kəndində yerləşən 0.5 ha torpaq sahəsi X7 mülkiyyətindədir. Torpaq sahəsinin təyinatı – “kənd təsərrüfatı təyinatlı torpaqlar”, məqsədli istifadə növü - “əkin” qeyd edilmişdir. - JN-0753 kod 40308018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Qax rayonu İlisu kənd bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 04 saylı qərarı ilə X1 təsərrüfatı məqsədi ilə 1.00 hektar torpaq sahəsinin satıldığı qeyd edilmişdir. - Qax rayon İlisu bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 5 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bakı şəhər sakini X2 “Qarabulaq” sahəsindən k/t məqsədi ilə 1.0 ha torpaq sahəsi satılmışdır. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi 0.48 hektardır Elektron məlumat bazasında həmin torpaq sahəsi Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə əsasən kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazilər kimi işlənilmişdir Həmin torpaq sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən verilmiş seriya MH ******* reyestr nömrəsi **********86 saylı Çıxarışa əsasən hüquq sahibi İddiaçı Nəbı oğludur. - Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, İddiaçı naturada istifadə etdiyi torpaq sahəsi 0.48 hektardır. Elektron məlumat bazasında həmin torpaq sahəsi Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə əsasən kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara, uqodiyası sair sahələr (kənd təsərrüfatına yararsız, daşlıq, qumluq, şoranlıq) əraziyə aiddir. Hüquqların Dövlət qeydiyyatı haqqında DƏDRX tərəfindən verilmiş seriya MH-0009111, reyestr nömrəsi **********88 saylı Çıxarışa əsasən hüquq sahibi İddiaçıdur. - cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, qeyd olunan torpaq sahəsi Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsində (“dwg” xəritə materiallarında kodu 8011 olmaqla) kənd təsərrüfatında istifadə olunmayan torpaqlar, şoranlıqlar kimi qeyd olunmuşdur. - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Şəki İnzibati Məhkəməsinin icraatında olan 2-1(116)- 37/2022 nömrəli mülki iş üzrə mübahisəli torpaq sahəsinin kateqoriyasının müəyyənləşdirilməsi ilə bağlı əvvəllər təqdim olunmuş məlumatların dürüstləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ünvanladığınız məktuba aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2- 1(116)-576/2021 nömrəli müraciəti əsasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Şəki Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilərkən sözügedən torpaq sahəsinin yararsız olduğu, faktiki olaraq kənd təsərrüfatı məqsədləri üçün istifadə edilmədiyi və həmin torpaq sahəsinə qonşu və ona yaxın ərazilərdə yerləşən digər torpaq sahələrinin bir hissəsinin yaşayış məntəqələri torpaqları, bir hissəsinin isə sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi qeydiyyata alındığı müəyyən edilmişdir. Bu səbəbdən ərazinin faktiki istifadə vəziyyəti və eləcə də baza məlumatlarında (kompleks yerquruluşu layihəsində) kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazi kimi qeyd olunduğu nəzərə alınaraq sözügedən torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olması barədə rəy verilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin müvafiq layihə-tədqiqat idarələri, o cümlədən Şəki Layihə-Tədqiqat İdarəsi struktur islahatı ilə bağlı ləğv edildiyindən İddiaçı iddia etdiyi torpaq sahəsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 12 saylı Şəki Ərazi İdarəsinin arxiv və elektron məlumat bazasında araşdırma aparılarkən tədqiq olunan ərazinin faktiki olaraq kənd təsərrüfatı məqsədləri üçün istifadə edilmədiyinə baxmayaraq mülkiyyətçiyə ilkin verilmiş JN 753 saylı (kod ********) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı’nda torpağın məqsədli istifadə növü kənd təsərrüfatı kimi, həmçinin sözügedən 0,50 ha torpağa verilmiş ******* nömrəli çıxarışda həmin sahənin kateqoriyası kənd təsərrüfatı torpaqları kimi qeyd olunmuşdur. - cavabdehin xx.xx.2020-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, anoloji tələblə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Tərəflər, təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə iddiaçının iştirakı olmadan baxaraq qərar qəbul edə bilmişdir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Həmçinin iddia əsaslıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 9 Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. Maddə 22.1 Sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Maddə 56.2 Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu: Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7.1 Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. İşin hallarından göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində olan 0.5 ha torpaq sahəsinin təyinatı JN-0753 kod 40308018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında və mübahisələndirilən çıxarışda “kənd təsərrüfatı təyinatlı” olaraq qeyd edilmiş, torpaq sahəsinin təyinatı ilə bağlı aparılmış qeyd iddiaçı tərəfindən mübahisələndirilmişdir. Cavabdeh orqan sözügedən torpaq sahəsinin xüsusiyyətləri barədə məlumat verərəkən həmin torpaq sahəsinin Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsində (“dwg” xəritə materiallarında kodu 8011 olmaqla) kənd təsərrüfatında istifadə olunmayan torpaqlar, şoranlıqlar kimi qeyd edildiyini, həmçinin Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu xəritəsinə əsasən torpaq sahəsinin kateqoriyasının “kənd təsərrüfatı təyinatlı torpaqlar” olaraq göstərildiyini bildirmişdir. İş üzrə mütəxəssis qismində cəlb edilmiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Elektron məlumat bazasında həmin torpaq sahəsinin Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə əsasən kateqoriyası - sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara, uqodiyası sair sahələr (kənd təsərrüfatına yararsız, daşlıq, qumluq, şoranlıq) əraziyə aid olmasını bildirmişdir. Beləliklə, həm cavabdeh orqan, həm də Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti PHŞ torpaq sahəsinin kateqoriyası ilə bağlı məlumat verərkən Qax rayonu İlisu kəndinin kompleks yerquruluşu layihələrinə və Elektron məlumat bazasına istinad etmişlər. Lakin, buna baxmayaraq torpaq sahəsinin kateqoriyası ilə bağlı müvafiq qurumlar fərqli məlumatlar təqdim etmişlər. Yaranmış ziddiyətə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası İqtisadiyat Nazirliyinə sorğu verilmiş, verilmiş sorğu aidiyyəti üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-ə yönəldilmiş və sonuncu, mübahisələndirilən torpaq sahəsinin kateqoriyasının müəyyən edilməsi ilə bağlı cavab məktubunda sözügedən torpaq sahəsinin baza məlumatlarında (kompleks yerquruluşu layihəsində) kənd təsərrüfatına yararsız daşlıq, qumluq ərazi kimi qeyd olunduğu nəzərə alınaraq sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlara aid olması barədə Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Şəki Layihə-Tədqiqat idarəsinin mütəxəssisləri tərəfindən rəy verildiyini bildirmişdir. Bununla da cavabdeh orqanın həmin torpaq sahəsinin “kənd təsərrüfatı təyinatlı” torpaq sahəsi olması ilə bağlı dəlilləri təkzib edilmişdir. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 34.1.öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 12 saylı Şəki Ərazi İdarəsinin üzərinə RX seriyalı 000911 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda torpaq sahəsinin təyinatının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar qeyd edilməklə, yeni çıxarışın İddiaçı verilməsi öhdəliyi qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar