Məhkəmə qərarları › İş №2-1(116)-370/2023

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-370/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-370/2023 17.01.2023 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məlikzadə Murad Vəzirxan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə İddiaçı cavabdehə qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki,İddiaçı xx.xx.1955-ci il tarixdə Göyçay şəhərində doğulmuşdur.O, xx.xx.2021-ci il tarixdən 25 il iş stajına əsasən yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir.Cavabdeh xx.xx.2022-ci il tarixli imtina məktubunda iddiaçının əmək kitabçasında göstərilən müvafiq dövrlərin təsdiqini tapmadığı və tələb olunan 25 il sığorta stajının olmadığını bildirərək tələbin icrasından imtina etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli etirazını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, hərbi biletinin və diplomunun surətlərinə əsasən İddiaçı sığorta stajı (xx.xx.1970-ci il tarixdən xx.xx.1974-cü il tarixinədək təhsil aldığı dövr xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla) 22 il 2 ay təşkil edir. Həmçinin, iddiaçının təqdim etdiyi əmək kitabçasına əsasən mübahisə edilən dövrlərin cəmi 2 il 9 ay 27 gün (xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək) təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Eyni zamanda iddiaçının xx.xx.2006cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 4 ay sığorta stajına uyğun olaraq 16.257, 54 manat, xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 237,70 manat olmaqla, ümumilikdə 16.495,24 manat təşkil edir ki, bu məbləğ müvafiq ilə münasibətdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Cavabdeh iddiaçının əmək kitabçasında qeyd olunmuş X3 işlədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmək fəaliyyəti dövrünün sığorta stajı kimi qəbul etmədiyini bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraz məktubuna uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Göyçay kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumunun Ş seriyalı 668545 saylı Diplomunun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 1970-1974-cü illərdə həmin texnikumda təhsil almışdır. - “X6”un xx.xx.2022-ci il tarixli A-N116 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1992-cı il tarixli 173/k saylı əmrlə X4 6-cı dərəcəli usta köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 54/k saylı əmrlə (öz xahişi ilə) işdən azad edilmişdir. Təkrarən xx.xx.1995-ci il tarixli 67/k saylı əmrlə Kombinatın hazırlıq sexinə 6-cı dərəcəli usta köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli 100/k saylı əmrlə (öz xahişi ilə) işdən azad edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən ********** nömrəli VÖEN-lə mebellərin və ev üçün oxşar məmulatların təmiri fəaliyyət növü üzrə qeydiyyatdan keçmiş və həmin tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə sosial sığorta və işsizlikdən sığorta haqları 255,0 (iki yüz əlli beş) manat ödəniş etmişdir. - İddiaçıya məxsus 19 dekabr 1974-cü il tarixli Əmək kitabçası məhkəməyə təqdim olunmuşdur. Əsaslandırma hissəsi: Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır.Lakin iddia mahiyyət etibarı ilə əsassızdır. Məhkəmə aşağıdakı qanunvericilik aktlarının müddəalarını hazırkı iddia tələbinə tətbiq edərək iddianı əsassız hesab edir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnaməyə əsasən əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları” haqqında Qanunun : 1.0.2 sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeydinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyən hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçının əmək kitabçasına və digər sənədlərə əsasən ümumi sığorta stajı aşağıdakı kimi hesablanmışdır. Kənd Təsərrüfatı Nazirliyinin Göyçay kənd təsərrüfatı mexanikləşdirmə və elektrikləşdirmə texnikumunun Ş seriyalı 668545 saylı Diplomunun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı 1970-1974-cü illərdə həmin texnikumda təhsil almışdır.İddiaçının təhsil müddəti xx.xx.1970-xx.xx.1974-cü illəri əhatə etməklə 3 il 9 ay 28 gün olmuşdur. xx.xx.1974-xx.xx.1975-ci illər ərzində Bakqorstroymexanizasiyanın 12 saylı trestində əmək fəaliyyəti dövrü 8 ay 3 gün; xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək – 02 il hərbi xidmət dövrü; xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək olan 03 ay 14 gün müddətdə 12 saylı trest; xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan 08 ay 25 gün müddətdə “Dobrolyubov” gəmisində matros; xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan 06 ay 10 gün müddətdə Göyçay orta-texniki məktəbi; xx.xx.1979-cu il tarixdən xx.xx.1986-cı il tarixədək 06 il 9 ay,xx.xx.1987-ci ildən xx.xx.1992-ci ilədək 5 il 2 ay 4 gün müddətində Göyçay Rayon Səyyar Mexanikləşdirilmiş dəstədə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək 02 ay 10 gün Göyçay RTİİB-də işləmişdir.; İddiaçı 15 iyun 1992-ci ildən 09 sentyabr 1992-ci il tarixədək X2 Toxucu sexində, 10 sentyabr 1992-ci ildən 18 aprel 1995-ci il tarixədək həmin Kombinatın hazırlıq sexində və 20 may 1995-ci il tarixdən 08 avqust 1995-ci il tarixədək həmin sexdə olmaqla ümumilikdə həmin müəssisədə 3 il 21 gün müddətində işləmişdir. iddiaçı 9 saylı Ərazi Vergilər İdarəsində xx.xx.2020-ci il tarixdən ********** nömrəli VÖEN-lə mebellərin və ev üçün oxşar məmulatların təmiri fəaliyyət növü üzrə qeydiyyatdan keçərək cəmi 10 ay müddətində sosial sığorta və işsizlikdən sığorta haqlarına ödəniş etmişdir. Cavabdehin mübahisələndirdiyi iddiaçının X3 işlədiyi xx.xx.1992-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək olan əmək fəaliyyəti dövrü məhkəmə tərəfindən araşdırılmış,həmin müəssisəyə aid Əmrlər kitabları tələb olunaraq əldə olunmuşdur.Qeyd olunan kitablarda iddiaçının xx.xx.1995-ci il tarixli 54 nömrəli əmrlə işdən işdən azad olunduğu, yenidən xx.xx.1995-ci il tarixli 67 nömrəli əmrlə işə bərpa olunduğu müəyyən edilərək həmin dövrdə iddiaçının əmək fəaliyyəti öz təsdiqini tapmışdır. Yuxarıda qeyd olunana əsasən iddiaçının ümumi sığorta stajl cəmi (3 il 9 ay 28 gün+8 ay 3 gün+2 il+03 ay 14 gün+08 ay 25 gün+06 ay 10 gün+11 il 11 ay 4 gün+02 ay 10 gün+3 il 21 gün+10 ay ) 24 il 25 gün təşkil edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cəmi 24 il 25 gün gün sosial sığorta stajına malik olmuşdur.İddiaçı tələb olunan 25 il sığorta stajına malik olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməli deyildir. Həmçinin,məhkəmə qeyd edir ki, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilməsi üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır ki, iddiaçının da həmin tarixə pensiya kapitalı qeydə alınmamışdır. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən pensiyanın hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fəxri Hacızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar