Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-370/2025 07.04.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacızadə Fəxri Hümmət oğlunun sədrliyi, məhkəmə iclas katibi Bazarov Maqomed Omaroviçin katibliyi ilə İddiaçı cavabdeh “Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” X2rşı “ümumi xəstəlikdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq,məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi xəstəlikdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əsasən iddiaçı 2015-ci ilin avqust ayında avtoqəza nəticəsində aldığı xəsarətlərə görə Bakı Baş Səhiyyə idarəsinin “Klinik tibbi mərkəzı”ndə müalicə olunmuş və həmin tibb müəssisənin verdiyi ambulator, stasionar xəstənin tibb kartasından 6604 saylı çıxarışa və İsmayıllı RMX-nin Həkim Məsləhət Komissiyasının rəyinə əsasən ona müalicədən sonra “Kəllənin və üz sümüklərinin sınığının nəticələri, sol gicgah sümüyünün kəllə əsasından keçən, sol almacıq sümüyünün qövsünün yerdəyişməmiş sınığından sonrakı vəziyyət, Postkontuzion sindrom, posttravmatik ensefalopatiya, kəskin təzahür edən astenevrotik sindrom, soltərəflı hemoparez (F07.2) və Kəllə daxili travmaların nəticələri, sağ gicgah nahiyyəsinin intirazparenenumatozu, sol gicgah payının epidural hemotomasından sonrakı vəziyyət” diaqnozu verilmişdir. Aldığı travmalardan sonrakı vəziyyətin getdikcə kəskinləşmişdir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Həkim Məsləhət Komissiyası tərəfindən 2022-ci ilin iyun və noyabr aylarında, habelə 2023-cü ilin yanvar ayında müayinə olunaraq əlillik dərəcəsinin müəyyən olunması üçün Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiziya Komissiyasına edektron göndəriş verilmişdir. Hər üç halda Azərbaycan Respublikası ƏƏSM Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) müayinədən keçirilmiş, sənədlər araşdırılmış və iddiaçıya əlilliyin təyinindən imtina verilmişdir. Cavabdeh orqan iddia tələbinə etirazını aşağıdakı kimi əsaslandırmışdır: İddiaçının əlillik vəziyyətinə X1 Xəstəxanasını xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Dəqiqləşdirilməmiş ensefalopatiya, Posttravmatik ensefalopatiya Əsas diaqnoz T90.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş açıq kəllə beyin travması.Beyin əzilməsindən sonrakı vəziyyət.postravmatik ensefalopatiya.(2015). və Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. O cümlədən qeyd edirik ki, tərəfimizdən vətəndaşın sağlamlıq vəziyyəti qiymətləndirilərkən müəyyən olunmuşdur ki, İsmayıllı rayon sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti ilkin olaraq xx.xx.2016-ci il tarixində Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti tamamlandıqdan sonra vətəndaşın müraciəti əsasında 4 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış, əlillik təyinatı üçün əsaslı ağırlaşmaların köməkçi funksional diaqnostik metodlarla dəqiqləşdirilməməsi, diaqnozda qeyd edilmiş ağırlaşmayla aktiv sürücülük vəsiqəsinin olmasının mümkünsüzlüyü əsas gətirilərək aydınlaşdırılması məqsədi ilə tibb müəssisəsinə geri qaytarılmışdır. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Müayinəyə gələrkən baş beyin travması aldığını, özünü 2015-ci ildən xəstə hesab etdiyini bildirmiş, başağrıları, başgicəllənmədən şikayət etmiş, qəbul etdiyi dərmanlar barəsində məlumat verə bilməmişdir. Təqdim etdiyi X3 xx.xx.2015-xx.xx.2015-ci il tarixli çıxarışında diaqnoz “Müştərək kəllə beyin travması. Baş beynin sağ gicgah payının intraparenximatoz hemotoması. Sağ gicgah payının epidural hemotoması. Sol ənsə payının yüngül dərəcəli əzilməsi. Sol gicgah sümüyünün kəllə əsasına keçən sınığı. Sol almacıq qövsünün yerdəyişməmiş sınığı.” olmuş, Respublika Klinik Xəstəxanasının xx.xx.2016-cı il tarixli Baş beyin KT müayinəsində “Sağ gicgah payında kortiko-subkortikal nahiyyədə ~5,5x4,8x2,5 sm ölçülərində posttravmatik ensefalomalazik qlioz sahəsi aşkar edilməsi, sol almacıq qövsündə köhnə xətli sınıq izlənildiyi” qeyd edilmişdir. Ak.M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2021-ci il tarixli 30599 nömrəli rəyində diaqnoz “Keçirilmiş açıq kəllə beyin travması, posttravmatik ensefalopatiya. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Qıcolma sindromu ilə. Nevrozabənzər sindrom. Asteno nevrotik hal” qeyd edilmiş, EEQ-orta strukturların disfunksiyası şəklində göstərilmişdir. Obyektiv müayinə zamanı kəllə beyin sinirləri tərəfindən əlillik təyinatina əsas verə biləcək patologiya, nevroloji defisit aşkar edilməmiş, qıcolma sindromunu təsdiq edəcək anamnestik olaraq məlumatlar verilməmiş və instrumental müayinələr təqdim edilməmişdir. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən Tibbi-sosial ekspert komissiyası tərəfindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qəbul edilmişdir. Göründüyü kimi, vətəndaşın müraciətləri üzrə qiymətləndirmə aparılarkən hazırki sağlamlıq vəziyyəti müvafiq tibbi müəssisəsi tərəfindən rəsmiləşdirilmiş diaqnoza uyğun olmadığından həmçinin orqanizm funksiyalarının pozulması əlilliyin müəyyən edilməsi üçün yetərli səviyyədə olmadığından onun barəsində əlillik təyin etmək mümkün olmamışdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişdir:
1. Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 7048 nömrəli Ambulator xəstənin tibbi vərəqinin surəti.
2. Bakı Baş Səhiyyə İdarəsinin ‘Klinik tibbi mərkəzi”n ambulator, stasionar xəstənin tibb Kartasından 6604 saylı çıxarışın surəti.
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası publik hüquqi şəxsin 30599 saylı məsləhət vərəqi AXTV surəti və xəstəlik tarixindən çıxarış - iki əd.
4. Cavabdehin iyul 2023-cü il tarixli imtina qərarının surəti.
5. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1360/2023 nömrəli qərarının surəti.
6. İsmayıllı rayon mərkəzi xəstəxanasının forma 88 göndərişinin surəti.
7. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli 313 nömrəli rəy.
Əsaslandırma hissəsi:
İddiaçının nail olmaq istədiyi hüquqi nəticəyə uyğun olaraq hazırki iddia məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyulmasını məhkəmədən tələb tələb edir. İddiaçı cavabdeh inzibati orqanın bu qərarının İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçı hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. Belə ki, o müayinədən keçməklə ona münasibətdə əlillik səbəbinin “Azərbaycan Respublikasının müdafiəsi ilə əlaqədar əlillik” olaraq dəyişiklik edilməsi ilə bağlı inzibati akt qəbul olunmasını tələb etsə də müraciəti təmin edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırkı iddia tələbinə əsasən iddiaçının hüquqi marağı əlilliyin müəyyən edilməsindən ibarətdir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olduğu kimi, mahiyyət etibarilə də əsaslıdır.Məhkəmə iş hallarına qiymət verərək aşağıdakı normaları işin faktiki hallarına tərbiq edərək hesab edir ki,iddia təmin edilməlidir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.3. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra– Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra– Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə- “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra– Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra– göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” : 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur.
3. Orqanizmin funksiyalarının pozulması faizləri 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İşin hallarından müəyyən edilir ki, İddiaçı barəsində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-cı il tarixdə tərtib etdiyi göndərişə cavabdeh inzibati orqan tərəfindən baxılmış və “göndərişin natamam doldurulması” səbəbi ilə imtina edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1360/2023 nömrəli qərarına əsasən iddia qismən təmin edilmiş,cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin üzərinə xx.xx.1968-ci il tarixdə doğulmuş İddiaçı barəsində İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-cı il tarixdə tərtib etdiyi göndərişə məhkəmənin bu qərarda ifadə olunan hüquqi mövqeyi nəzərə almaqla yenidən baxmaq öhdəliyi qoyulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən həmin göndərişə yenidən baxılmış,lakin əliliyin təyinindən “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə imtina edilmişdir. Məhkəmə iddiaçının mövcud sağlamlıq vəziyyətinin yoxlanılması məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin etmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsi xx.xx.2025-ci il tarixli 313 nömrəli rəyindən görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir ki, 1-4. Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert İ Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində i tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: T90.5 Kəllədaxili travmalarm nəticələri. Keçirilmiş açıq kəllə beyin travması. Beyin əzilməsindən sonrakı vəziyyət. Posttravmatik ensefalopatiya(2015); Ağırlaşmalar: F07.0 Üzvi mənşəli pozuntu. G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında müəyyən edilsə də, şəxsin əyani müayinəsi zamanı diaqnoz nəzərə alınmaqla hazırda əlillik təyinatına əsas verən patofunk onal pozuntular müəyyən olunmadığından, ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın hərhansı bir bəndini aid etmək mümkün olmadı. Müvafiq iş materiallarından və iddiaçının sağlamlıq vəziyyətinə dair təqdim edilmiş tibbi vərəqəyə əsasən müəyyən edilir ki, qəza nəticəsində sol əzələ gücü 3,5-4 baldır.Ekspert rəyinə əsasən də göndəriş də qoyulmuş diaqnoz öz təsdiqini tapmışdır.Cavabdehin imtinası isə həmin diaqnozun əlillik təyinatına əsas verməməsindən ibarətdir. Qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın (həmin vaxt qüvvə olmuş redaskiyasına əsasən) Başın travmalarının nəticələri T90. 6.1.4. psixi təzahür edən pozuntularla baş beynin əzilməsi, kontuziyası; Orqanizmin funksiyalarının pozulması faizi 65-80; göstərilmişdir.Həmin diaqnoza əsasən xəstəyə OFP-nin 65-80 dərəcəsi və Orqanizmin funksiyalarının pozulması müddəti- 2 il əlilliyin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.10-cu bəndinə əsasən orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. Hazırkı iş üzrə iddiaçının sağlamlıq vəziyyətinin aid olduğu OFP-nın məhdudlaşması halı istinad olunan “Meyar”lara əlavənin (həmin dövrdə qüvvədə olmuş redaskiyasında) 6.1.4-cü bəndində nəzərdə tutulmaqla konkret faiz dərəcəsi müəyyən edilməmiş, 65-80% aralığında təsbit edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının OFP-nin 65-80% aralığında konkret olaraq hansı faiz dərəcəsinə aid olmasının müəyyən edilməsi inzibati orqanın qiymətləndirmə azadlığına aiddir. Buna görə də, məhkəmə, iddiaçının övladının OFP-nin İ dərəcə məhdudlaşması halının müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə hüquqi məsələlənin həll edilməsini məqbul hesab edir. Məhkəmə işin hallarına və yuxarıdakı normalara əsaslanaraq hesab edir ki,iddia təmin edilməli, 03 aprel 2022-ci il tarixindən (xxxxxxx0003 nömrəli forma 88 göndərişi əsasında) iddiaçıya 2 il müddətində İİ dərəcə əlilliyin (orqanizm funksiyalarının pozulmasının 65-80 faiz müəyyən edilməsi) təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən, məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. “Dövlət rüsumu haqqında” Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar.
Nəticəvi hissə:
Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia təmin edilir. İddiaçı 03 aprel 2022-ci il tarixindən 2 il müddətində İİ dərəcə əlilliyinin (orqanizm funksiyalarının pozulmasının 65-80 faiz) müəyyən edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi vasitəsi ilə (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Fəxri Hacızadə.