Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-371/2020 07.08.2020 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cabbarov İlqar Hidayət oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinə qarşı “1971- 1975, 1978-1981-ci illərdə X7 adına kolxozda işlədiyi 6 il 8 ay müddətin, 01 yanvar 1992-ci il tarixdən 01.05.2003-cü il tarixədək Balakən rayonu X3 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və 04.03.2019cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı xx.xx.1955-ci il tarixdə Balakən rayon Şərif kəndində anadan olmuşdur. Hazırda həmin kənddə yaşayır. O, 1971-ci ildən 1975-ci ilədək və 1978-ci ildən 1982-ci ilədək Şərif kəndində yerləşən M.Ə.Sabir adına kolxozda, 21.01.1981-ci ildən 07.09.2001ci ilədək Balakən rayon Meliorasiya müəssisəsində işləmişdir. 04.03.2019-cu ildə 64 yaşı tamam olduğundan sənədlərini yaşa görə əmək pensiyası təyin olunması üçün Fondun Balakən rayon şöbəsinə təqdim etmişdir. Lakin onun kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilmədiyinə və Melorasiya müəssisəsində işlədiyi 01.01.1992-ci ildən 21.10.2001-ci il tarixədək olan dövr əmək kitabçasında qeyd edilməsinə baxmayaraq cəmi 26 ay əmək haqqı aldığına görə ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. Bildirmişlər ki, kolxozda işlədiyi illər əmək kitabçası olmadığına görə Meliorasiya müəssisəsində isə 1992-ci ildən 2001 ci ilədək ona cəmi 2 il 2 ay əmək haqqı yazıldığından həmin müddəti tam il olaraq sığorta stajına daxil etməmişlər. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona bildirmişlər ki, siz əmək kitabçasına əsasən Meliorasiya müəssisəsində 13 il 1 ay, kolxozda 7 il, hərbidə 2 il 20 gün olmaqla cəmi 22 il 2 ay sığorta stajına maliksiniz. Ümumi iş stajınız 25 il olmadığına görə sizə yaşa görə əmək pensiyası təyin edilməsi qanunauyğun deyil. O, Meliorasiya müəssisəsində 1992-ci ildən 2001-ci ilədək ardıcıl işləmişdir, lakin onlara əmək haqqı ödənərkən 3-4 ayda bir dəfə ödənilirdi. Məhkəmənin 07.08.2020-ci il tarixli iclasında iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1971-1975, 1978-1981-ci illərdə X7 adına kolxozda işlədiyi 6 il 8 ay müddətin, 01 yanvar 1992-ci il tarixdən 01.05.2003-cü il tarixədək Balakən rayonu X1 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və 04.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin etirazında bildirmişdir ki, İddiaçı “M.Ə.Sabir” adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Ona görədə həmin illərin sığorta stajına daxil edilməsi qanunauyğun olmamışdır. Belə ki, “Əmək pensiyasları haqqında” Azərbaycan Respublikası qanuna əsasən iş stajları əmək kitabçasına əsasən müəyyən edilir. Eyni zamanda onuda bildiririk ki, onun X1 işlədiyi illər əmək kitabçasında qeyd olunmasına baxmayaraq işdən çıxma əmri tapılmamış, ancaq həmin illərdə əmək haqqı alması barədə məlumatlar qeyd edilmişdir. Belə ki, 01.01.1992-ci ildən 01.05.2003-cü il tarixədək İddiaçı cəmi 37 ayda: 1992-ci ildə - 9 ayda, 1993-cü ildə - 3 ay, 1994-cü ildə - 1 ay, 1995-ci ildə - 4 ay, 1996-cı ildə - 4 ay, 1997-ci ildə - 2 ay, 1998-ci ildə - 3 ay, 2001-ci ildə- 2 ay, 2002-ci ildə - 6 ay, 2003-cü ildə - 3 ay əmək haqqı yazılmışdır Bildiririk ki, 01.01.1992-ci ildən sonrakı dövrdə işçinin yalnız əmək haqqı aldığı aylar sığorta stajına daxil edilir. Çünki həmin aylarda onun hesabına sığorta haqları ödənilir. Beləliklə İddiaçı təqdim etdiyi sənədlərə əsasən iş stajları aşağıdakı kimi olmuşdur: X1 21.01.1981-01.01.1992-ci ilədək olan dövr 10 il 11 ay 10 günmübahisələndirilmir. Həmin idarədə 01.01.1992-ci ildən 01.05.2003-cü ilədək əmək haqqı aldığı aylar -3 il 1 ay: mübahisələndirilmir. Hərbi xidmət dövrü - 2 il 23 gün mübahisələndirilmir. Həmin idarədə 01.01.1992-ci ildən 01.05.2003-cü ilədək əmək haqqı olmayan illər - 7 il 9 ay mübahisələndirilir. Kolxozdaki iş stajı - 6 il 8 ay mübahisələndirilir. Cəmi mübahisələndirilməyən - 16 il 1 ay 3 gün. Cəmi mübahisələndirilən - 14 il 3 ay olmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq ƏƏSMN-nin yanında DSMF-nin Balakən rayon şöbəsi Sizdən xahiş edirki, İddiaçı iddiasını əsassız hesab edərək təmin olunmaması barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasında iddiaçı tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını xahiş etdi. İşdə olan Balakən rayon Dövlət Arxivinin 26.10.2018-ci il tarixli 370 nömrəli arxiv arayışından görünür ki, Balakən rayonu X2 əmr kitablarına əsasən 21.01.1981-ci il tarixli 174 nömrəli əmr ilə İddiaçı 21 yanvar 1981-ci il tarixdən etibarən Təs №78 olan K 700 A markalı əsas traktorçu kimi işə qəbul edilmişdir. İşdə olan Balakən rayon Dövlət Arxivinin 26.10.2018-ci il tarixli 370 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1971-1975, 1978-1982-ci illərdə X7 adına kolxozda işləmişdir. İşdə olan Balakən rayon Dövlət Arxivinin 26.10.2018-ci il tarixli 370 nömrəli arxiv arayışından görünür ki,İddiaçı 1981-1996 və 2000-2001-ci illərdə Balakən rayonu X1 əmək haqqı almışdır. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara DSMF-nin Balakən rayon şöbəsinin 18.11.2019-cu il tarixli 27/279 nömrəli imtina məktubu, ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, AZE seriyalı 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surəti, DSMF-nin Balakən rayon şöbəsinin 26.02.2020-ci il tarixli **********6 nömrəli məktubu və ona əlavə edilmiş arayış, DSMF-nin Balakən rayon şöbəsinin 14.02.2020-ci il tarixli ********** nömrəli məktubu, 2240 nömrəli attestatın təsdiqlənmiş surəti, 21.02.2020-ci il tarixli Aktlar, DSMF-nin Balakən rayon şöbəsinin 25.06.2020-ci il tarixli **********3 nömrəli məktubu, H3 seriyalı ******* nömrəli hərbi biletin surəti aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (AR İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İddia həmçinin əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1971-1975, 1978- 1981-ci illərdə X7 adına kolxozda işlədiyi 6 il 8 ay müddət, 01 yanvar 1992-ci il tarixdən 01.05.2003-cü il tarixədək Balakən rayonu X1 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddət Balakən rayon Dövlət Arxivinin 26.10.2018-ci il tarixli 370 nömrəli arxiv arayışı və Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin 21.02.2020-ci il tarixli aktları ilə öz təsdiqini tapır. İş materiallarında olan DSMF-nin Balakən rayon şöbəsinin 26.02.2020-ci il tarixli **********6 nömrəli məktubundan görünür ki, İddiaçı 1971-1975 və 1978-1982-ci illərdə M.Ə.Sabir adına kolxozda işlədiyi illər əmək kitabçasında qeyd edilməmişdir. Ona görə də həmin illərin sığorta stajına daxil edilməsi qanuna uyğun olunmamışdır. Təsərrüfatlatlararası Meliorasiya müəssisəsində işləməsi barədə əmək kitabçasında qeyd edilməsinə baxılmayaraq işdən çıxma əmri tapılmamış, ancaq həmin illərdə əmək haqqı alması barədə məlumatlar qeyd edilmişdir. Göründüyü kimi iddiaçının tələbində qeyd olunan müddət onun sosial sığorta stajına daxil ediləcəyi təqdirdə onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə nəzərdə tutulmuş 25 il sığorta stajı tamamlanacaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə üzvlərin üzvlük kitabçaları nəzərə alınır. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaların”nın 3.1.1-ci bəndinə əsasən isə Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşin hallarından müəyyən edilir ki, cavabdehin mübahisələndirdiyi dövr (01.01.1992ci il tarixdən 01.05.2003-cü il tarixədək olan dövr) “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrə təsadüf edir. Müvafiq olaraq həmin dövrün iddiaçıya pensiya hüququ verən sosial sığorta stajına daxil edilməli olub olmadığına da məhz həmin Qanunun tələblərinə əsasən qiymət verilməlidir. Çünki mübahisə həll edilərkən münasibətlərin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları rəhbər tutulmalıdır (İPM-in 1.2-ci maddəsi və MPM-in 217.2-ci maddəsi). Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimləmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. 01 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının əmək kitabçasında göstərilmiş 01.01.1992-ci il tarixdən 01.01.2002-ci il tarixədək işlədiyi dövr pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməlidir. Bu zaman həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 46.3-cü maddəsinə əsasən maraqlı şəxsdən işdə olan sənədin məzmununun həqiqiliyi barədə sübut tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci və 2-ci abzaslarına əsasən məhkəmə şikayətə baxılmasının nəticələri barədə qətnamə çıxarır. Məhkəmə şikayətin əsaslı olduğunu müəyyənləşdirdikdə şikayət edilən qərarları və hərəkətləri qanunsuz hesab edir, vətəndaşlar barəsində tətbiq edilən məsuliyyət tədbirlərini ləğv edir, onların pozulmuş hüquq və azadlıqlarını bərpa edir, habelə dövlət orqanlarının və yerli özünüidarə orqanlarının müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin vətəndaşların hüquq və azadlıqlarını pozan qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə bağlı onların məsuliyyətini müəyyənləşdirir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehin üzərinə iddiaçının 1971-1975, 1978-1981-ci illərdə X7 adına kolxozda işlədiyi 6 il 8 ay müddətin, 01 yanvar 1992-ci il tarixdən 01.05.2003-cü il tarixədək Balakən rayonu X3 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və 04.03.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Balakən rayon şöbəsinin üzərinə İddiaçı 1971-1975, 1978-1981-ci illərdə X7 adına kolxozda işlədiyi 6 il 8 ay müddətin, 01 yanvar 1992-ci il tarixdən 01.05.2003-cü il tarixədək Balakən rayonu X3 işlədiyi, cavabdeh tərəfindən mübahisələndirilən 7 il 9 ay müddətin sosial sığorta stajına daxil edilməsi və 04.03.2019cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəli qoyulur. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, Salman Mümtaz küçəsi 1) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2-1(116)-371/2020
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-371/2020
07.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver