Məhkəmə qərarları › İş №2-1(116)-371/2022

Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-371/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-371/2022 21.09.2022 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Vüqar Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi Məmmədova Aynur Əhəd qızının katibliyi ilə, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonunun Basqal Qəsəbəsində yerləşən və 1994-cü ildən etibarən iddiaçının xüsusi mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh ƏMDK yanında DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İsmayıllı rayonunun Basqal Qəsəbəsində yerləşən və 1994-cü ildən etibarən iddiaçının xüsusi mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(116)-371/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üçüncü şəxs qismində məhkəmə icraatına zəruri cəlb edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi – hüquq varisi: “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 9 saylı Qəbələ Ərazi İdarəsi ilə əvəz edilmişdir. İşin qısa mahiyyəti ondan ibarətdir ki, iddiaçı, A526765 nömrəli plan-ölçü sənədində qeyd edilmiş İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində yerləşən 2500 kv.m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan sözügedən plan-ölçü sənədində qeyd edilmiş torpaq sahəsinin yaşayış məntəqəsi torpaqlarından kənarda yerləşdiyini bildirərək müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı, tələb hüququnu, iddia etdiyi torpaq sahəsinin X2 filialının 19 noyabr 2014-cü il tarixli 880 saylı arayışı ilə onun mülkiyyətinə verilməli olması ilə əsaslandırmış, cavabdeh orqan iddia tələbinə etirazını – “Şahdağ Milli Parkı”-nın ərazisində yerləşməsi və torpaq sahəsinin sənəd üzrə verilmiş koordinatlarına görə yerləşdiyi ərazinin kateqoriyasının xüsusi qorunan ərazilərin torpaqlarına aid olmaqla uqodiyası kolluq, mülkiyyət növü dövlət olması ilə əsaslandırmışdır. Üçüncü şəxs iddia tələbinə münasibət bildirməmişdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - A526765 nömrəli plan-ölçü sənədindən görünür ki, iddiaçının adının qeyd olunduğu İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisində 2500 kv.m həyətyanı torpaq sahəsinin kadastr göstəriciləri X2 filialının 19 noyabr 2014-cü il tarixli 880 saylı arayışı əsasında tərtib edilmişdir. - cavabdeh orqanın xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, A526765 nömrəli plan ölçü sənədində qeyd edilmiş 0.25 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarının sərhədləri xaricində, “Şahdağ Milli Parkı”-nın ərazisində yerləşir və torpaq sahəsinin sənəd üzrə verilmiş koordinatlarına görə yerləşdiyi ərazinin kateqoriyası xüsusi qorunan ərazilərin torpaqlarına aid olmaqla uqodiyası kolluq, mülkiyyət növü dövlətdir. İddia olunan torpaq sahəsi iddiaçının adına tərtib edilmiş, A526765 nömrəli plan ölçü sənədində qeyd edilmiş 0.25 ha torpaq sahəsi ilə üst-üstə düşür. - İsmayıllı rayon XDS Rəyasət heyətinin xx.xx.1994-cü il tarixli 06 saylı iclas protokolundan çıxarışdan görünür ki, Basqal inzibati ərazi bölgüsü üzrə icra hakimiyyəti nümayəndəsinin ərazidə daimi yaşayan fəhlə, qulluqçu və digər vətəndaşlara həyətyanı torpaq sahəsi verilməsi barədə vəsatəti qəbul edilmiş, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu və 78-ci maddələrinə uyğun olaraq XDS-nin xüsusi torpaq fondu hesabına adları qeyd olunmuş vətəndaşlara torpaq sahəsi həyətyanı sahə üçün xüsusi mülkiyyətə verilməsi qərara alınmışdır: - İddiaçı – 025 ha Əsaslandırma hissəsi: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndəsi şifahi məhkəmə baxışı iclasında iştirak etməmiş və bunun üzrlü səbəblərinə dair məlumat verməmişlər. Tərəflərə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi) xəbərdar edildiyindən, məhkəmə hazırki işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab edir. Məhkəmə tərəfindən iddiaçının 10 saylı Cəzaçəkmə Müəssisəsində olması nəzərə alınaraq, dinlənilmə hüququnun təmin edilməsi üçün ona xx.xx.2022-ci il tarixdə keçiriləcək şifahi məhkəmə baxışı iclasınadək izahatını yazılı formada məhkəməyə təqdim etməsi təklif edilmiş, lakin idiaçı yazılı izahatını məhkəməyə təqdim etməmişdir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh müraciəti təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında onun mülkiyyət hüququnun qeydə alınmasının cavabdehə həvalə edilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər (İPM-in 34.1-ci maddəsinin birinci cümləsi). İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Lakin, iddia əsassızdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir. “Torpaq islahatı haqqında” AR Qanunun 6-cı maddəsinə əsasən, dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, bu torpaqlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Torpaq Məcəlləsi: Maddə 24. Xüsusi qorunan ərazilərin torpaqları və onların tərkibi

1. Xüsusi qorunan ərazilərin torpaqları — xüsusi təbiəti mühafizə, elmi, tarixmədəniyyət, estetik, turizm və rekreasiya, sağlamlaşdırma və digər qiymətli əhəmiyyətə malik olan, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanları tərəfindən təsərrüfat istifadəsindən və mülki dövriyyədən tamamilə və ya qismən çıxarılan və üzərində xüsusi hüquqi rejim müəyyən edilən torpaqlardır.

2. Xüsusi qorunan ərazilərin torpaqlarına aşağıdakılar aid edilir: təbiəti mühafizə təyinatlı torpaqlar; təbii qoruq təyinatlı torpaqlar; sağlamlaşdırma təyinatlı torpaqlar; turizm və rekreasiya təyinatlı torpaqlar; tarix-mədəniyyət təyinatlı torpaqlar;

3. Torpaqların xüsusi qorunan ərazilərin torpaqlarına aid edilməsi, onların istifadəsi və mühafizəsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 23-cü maddəsinin məzmununa görə, daşınmaz əmlakın dövlət reyestri orqanı dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdirlər. Cavabdeh orqan tərəfindən iddia olunan torpaq sahəsinə dair mütəxəssis rəyi təqdim edilməsinə baxmayaraq, həmin rəyin mötəbərliyinin yoxlanılması, yəni - A 526765 №-li “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilmiş 2500 kv.m torpaq sahəsinin xüsusiyyətlərinin öyrənilməsi və iddia olunan torpaq sahəsi ilə, iddiaçının adına tərtib edilmiş, A 526765 №-li torpaq sahəsinin planı və ölçüsündə qeyd olunmuş, 2500 kv.m torpaq sahəsi üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə Məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixdə, 2-1(116)-1543/2021 nömrəli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Lakin, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin mütəxəssis rəyinin təqdim edilməsi zərurəti ilə əsaslandırılmaqla ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1382 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna daxil olan Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Komitənin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi yaradıldığından və Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021 -ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1 Nizamnaməsi”nin 1.3-cü bəndinə əsasən publik hüquqi şəxsin bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirməsi müəyyən edildiyindən, yuxarıda qeyd edilmiş sualların cavablandırılması üçün İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nə sorğu verilməsi, o cümlədən alınmış mütəxəssis rəyi əsasında yenidən məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilməsi zərurəti aradan qalxmışdır (müvafiq ekspertiza tədqiqatı da, cavabdehin verdiyi mütəxəssis rəyi əsasında aparılacağı üçün). Belə ki, hər bir halda verilmiş sorğunun icrası cavabdeh orqanın mütəxəssisləri tərəfindən icra ediləcəyindən, məhkəmə, sözügedən torpaq sahəsi ilə bağlı cavabdeh orqanın xx.xx.2021-ci il tarixli məktubuna əlavə edilmiş mütəxəssis rəyində və etiraz məktubunda qeyd edilmiş məlumatlarla kifayətlənir. Cavabdeh orqanın təqdim etdiyi mütəxəssis rəyindən göründüyü kimi iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsi “Şahdağ Milli Parkı”-nın ərazisində yerləşməklə Dövlət mülkiyyətində olan xüsusi qorunan ərazilərin torpaqlarına aiddir. Buna görə də cavabdeh orqan haqlı olaraq həmin torpaq sahəsi üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Belə ki, yuxarıda istinad olunan, “Torpaq islahatı haqqında” AR Qanunun 6-cı maddəsində sözügedən torpaq sahələrinin dövlət mülkiyyətində saxlanılması birmənalı olaraq təsbit edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6.bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci il tarixli Qərarı:

1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.

2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyatına alınmasından imtina edilən maraqlı şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq məhkəməyə müraciət edə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər. Torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün ərizənin baxılmamış saxlanılmasına və ya hüquqların dövlət qeydiyyatının dayandırılmasına səbəb olan hallar aradan qaldırıldıqda, qeydiyyat orqanı müvafiq qərar qəbul etməkdə haqlıdır. İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

17. fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 52.məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. 108.1. Prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. 108.2. Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X1 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “İsmayıllı rayonunun Basqal Qəsəbəsində yerləşən və 1994-cü ildən etibarən xüsusi mülkiyyətinə verilmiş 0,25 ha torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilmir. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Şəki İnzibati Məhkəməsi (Şəki şəhəri, S.Mümtaz küçəsi, 318) vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüqar Musayev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar