Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 2-1(116)-3712/2025 08.10.2025 ŞƏKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Lətif oğlunun sədrliyi, Bəkirov Fərhad Məmmədrəsul oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan iddiaçı – İddiaçı (yaşayış yeri: Yevlax şəhəri, C.Mustafayev küçəsi, ev 106A, mənzil 34) cavabdeh – Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə (yerləşdiyi yer: Yevlax şəhəri, Q.Quliyev küçəsi, 8A) qarşı «mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Şəki şəhəri, S.Mümtaz küçəsi 318) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə : İddiaçı İİ qrup Çernobıl əlilidir. Yevlax Şəhər İcra Hakimiyyəti başçısının 27 dekabr 2011-ci il tarixli 269 nömrəli sərəncamı ilə Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilmiş Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106A nömrəli 36 mənzilli yaşayış binasının 34 nömrəli mənzili mənzil növbəsinə dayanmış və mənzilə ən ciddi ehtiyacı olan şəxs kimi ona (İddiaçı) verilmişdir. Həmin sərəncamda mənzilə daimi yaşamaq hüququ verən orderin verilməsi də nəzərdə tutulmuşdur. İddiaçı sözügedən sərəncam əsasında ona ayrılmış mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin (bundan sonra – DƏDKR) 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh 29 iyul 2025-ci il tarixli məktubla məsələnin həllindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, ŞİH-in 27 dekabr 2011-ci il tarixli sərəncamı 1 oktyabr 2009-cu il tarixdən sonra verildiyindən, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.11-ci maddəsinin təsir dairəsinə düşmür, eləcə də adıçəkilən Məcəllədə mənzilə dair order verilməsi nəzərdə tutulmur. İddiaçı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi» tələbi ilə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi vermişdir. İddiaçının mövqeyi belədir ki, o, mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınması ilə bağlı cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də, qurum 29 iyul 2025-ci il tarixli məktubla məsələnin həllindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassız sayılır. Şəxsə mənzil ayrılması icra hakimiyyəti orqanının səlahiyyət sferasına aiddir. Sənədləşmə ilə bağlı qüsurlar və pozuntular şəxsin təqsirindən irəli gəlmədiyi hallarda, onun ziyanına təfsir oluna bilməz. Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli 80 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının regionlarının 2009 – 2013-cü illərdə sosialiqtisadi inkişafı Dövlət Proqramı»nda əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində Qarabağ əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Sözügedən Proqramın icrasının təmin edilməsi məqsədilə ƏƏSMN tərəfindən Qarabağ əlilləri, şəhid ailələri və imtiyazlı şəxslər üçün Yevlax şəhərində 2010-cu ildə inşası başa çatmış 36 mənzilli bina tikilmişdir. Mənzil ona həmin Proqramın icrası üzrə əlil kimi verilmişdir. Cavabdeh icra hakimiyyəti orqanı tərəfindən verilmiş orderin məzmununa uyğun davranmağa borcludur və həmin orderi məzmun baxımından təftiş və qüvvədə olduğu müddətdə həmin orderin icrasından imtina edə bilməz. Mənzilin reyestrdə qeydiyyatına münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsi tətbiq olunmalıdır. Cavabdeh iddiaya etiraz edir. Cavabdehin mövqeyi belədir ki, iddiaçının ona Yevlax ŞİH başçısının 27 dekabr 2011-ci il tarixli 269 nömrəli sərəncamı və müvafiq order ilə ayrılmış mənzil barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsinə dair müraciətinə Ərazi İdarəsində baxılmış, lakin 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsində mənzillərə dair order verilməsi nəzərdə tutulmamışdır. Qeyd olunan səbəbdən həmin mənzil üzərində mülkiyyət hüququnun dövlıət reyestrində qeydiyyat alınması mümkün olmamışdır. İddia tələbi hər hansı mötəbər sübuta əsaslanmır. İddianın təmin olunmaması xahiş edilir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırma hissəsi : Məhkəmə İPM-in 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddianın mümkünlüyü: İddia mümkün iddiadır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi iddiaçının müvafiq müraciətinə baxılaraq qaldırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılmalıdır. İnzibati mübahisənin ərazi aidiyyəti: İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Yevlax rayonu Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, hazırkı inzibati mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədardır və həmin əmlak Yevlax şəhərinin ərazisində yerləşir. Belə olan halda, məhkəmənin mövqeyinə görə hazırkı işə daşınmaz əmlakın olduğu yer üzrə müvafiq məhkəmə kimi Şəki İnzibati Məhkəməsində baxılması İPM-in aidiyyətlə bağlı müddəalarına (8.1.1-ci maddəsinə) uyğundur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmənin qənaətinə görə cavabdehin iddiaçıya Yevlax ŞİH başçısının 27 dekabr 2011-ci il tarixli 269 nömrəli qərarı ilə ayrılmış Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106A saylı evin 34 nömrəli mənzili üzərində mülkiyyət hüququnun reyestrdə qeydiyyata alınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan haldır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.1) qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; - (8.0.11) Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. «İnzibati icraat haqqında» Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və icra hakimiyyəti orqanı tərəfindən ona məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları bu əsaslar sırasında nəzərdə tutmuşdur. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının müraciəti üzrə imtina ilə bağlı mövqeyi ilə razılaşmır və qurumun dəlillərini əsassız sayır. Bununla əlaqədar məhkəmə ilk növbədə diqqətə çəkir ki, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsində dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin İcraiyyə Komitəsi tərəfindən vətəndaşa order verilməsi və bu orderin yaşayış sahəsinə köçmək üçün yeganə əsas olduğu nəzərdə tutulurdu. Nəzərə alınmalıdır ki, nəinki hazırkı iddiaçıya, ümumiyyətlə istənilən şəxsə icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsinin (mənzilin) ayrılması və bununla bağlı sənədləşmənin aparılması həmin qurumun səlahiyyət dairəsinə aiddir. Sənədləşmə ilə bağlı qüsurlar, yol verilən prosedur pozuntular şəxsin təqsirkar davranışından irəli gəlmədiyi hallarda onun ziyanına təfsir oluna bilməz. İş materiallarından görünür ki, Yevlax ŞİH başçısının 27 dekabr 2011-ci il tarixli 269 nömrəli sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ən ciddi ehtiyacı olan Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin yaşayış yeri üzrə mənzil növbəliyinə dair tərtib edilmiş siyahıya uyğun olaraq Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106A saylı binadan müvafiq şəxslərə ayrı-ayrı mənzillərin, o cümlədən hazırkı İddiaçı həmin binadan 34 saylı mənzilin ayrılması, eləcə də mənzillərə daimi yaşamaq hüququ verən orderlərin verilməsi qərara alınmışdır. Qeyd olunmalıdır ki, Yevlax ŞİH başçısının 27 dekabr 2011-ci il tarixli 269 nömrəli sərəncamında hazırkı iddiaçıya mənzil ayrılmasının hər hansı tələblə və ya müqavilənin bağlanması ilə, yaxud öhdəliklə şərtləndirilməsini ehtiva edən müddəa yoxdur. Bundan başqa, iddiaçıya mənzil qeyri-şərtsiz ayrılmış və bu baxımdan iddiaçıda mənzilin onun mülkiyyətinə verilməsinə dair qanuni gözləntilər yaranmışdır. Belə olan halda, iddiaçının etimad hüququ nəzərə alınmalı və qorunmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir. Hüquqi müəyyənlik prinsipi baxımından, yerli icra hakimiyyəti orqanının mənzilin iddiaçının mülkiyyətinə deyil, daimi istifadəsinə ayırmaq niyyətinin olduğu hallarda, həmin orqan bu niyyəti barədə ən azı iddiaçıya məlumat verməli və iradəsini mənzilin ayılması haqqında inzibati aktda əks etdirməli, eləcə də həmin inzibati aktda (sərəncamda) qanunvericiliyin tələblərindən irəli gələn müvafiq müddəalar, o cümlədən mülkiyyətçi ilə sosial kirayə müqaviləsinin bağlanması ilə bağlı müddəa nəzərdə tutulmalı idi. Hazırkı mübahisəyə münasibətdə hüquqi müəyyənlik prinsipindən irəli gələn həmin tələblərə əməl olunduğu müəyyən olunmur. Cavabdeh inzibati orqan tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, İddiaçı ayrılmış mənzilin də yerləşdiyi bina əlil və şəhid ailələrinin mənzil ehtiyaclarının və mənzil şəraitininin yaxşılaşdırılması məqsədilə inşa edilmişdir və onların sosial müdafiəsinin gücləndirilməsinə yönələn tədbir kimi qiymətləndirilməlidir. Çernobıl əlili kimi qeydiyyatda olmuş iddiaçının da aid olduğu vətəndaşların sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin başlıca prinsiplərindəndir və Yevlax ŞİH başçısının 27 dekabr 2011-ci il tarixli 269 nömrəli sərəncamı məhz həmin məqsədlərə xidmət edir. Cavabdeh inzibati orqan da sözügedən 27 dekabr 2011-ci il tarixli sərəncamın məzmununa uyğun davranmağa borcludur və sərəncamı məzmun baxımından təftiş edə, eləcə də, qüvvədə olduğu müddətdə onun icrasından imtina edə bilməz. Hazırkı mübahisəyə münasibətdə qeyd edilən sərəncamın ləğv edilmədiyi, geri çağırılmadığı, etibarsız sayılmadığı və qüvvədə olduğu nəzərə alınmalı, həmin sərəncam iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Bu baxımdan məhkəmənin qənaətinə görə həmin mənzilin qeydiyyata alınmasına münasibətdə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.1-ci maddəsi tətbiq olunmalı və Yexlax ŞİH başçısının 27 dekabr 2011-ci il tarixli 269 nömrəli sərəncamı istinad olunmuş maddədə nəzərdə tutulan əsas qismində qəbul edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, inzibati orqan DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsi İddiaçı müraciəti üzrə mənzil üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina etməkdə haqlı olmamışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X1 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları» təsdiq edilmişdir. Qaydaların 4-cü bəndinə görə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 gün müddətində icra edilir. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. Məhkəmə həmçinin qeyd edir ki, mənzilə hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı halda, mövcud qanunvericilik bu barədə reyestrdən çıxarışın verilməsini və mənzilin texniki pasportunun tərtib edilməsini birmənalı şəkildə nəzərdə tutur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106A nömrəli evin 34 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh DƏDKR 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsaslanaraq və İPM-in 69, 81.1, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilir. İddiaçı Yevlax şəhəri, C.Mustafayev küçəsi, 106A nömrəli evin 34 nömrəli mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin üzərinə qoyulur. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şəki İnzibati Məhkəməsi (ünvan: ünvan 2egiyasına (ünvan: Şəki şəhəri, S.Mümtaz küçəsi 318) şikayət verilə bilər. X3
Məhkəmə qərarları › İş №2-1(116)-3712/2025
Şəki İnzibati Məhkəməsi Qərar — İş №2-1(116)-3712/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver